Beş dil bilən
tələbə
Naid Mahmudov:
“Savadlı və elmi olan
gənclər potensial işəgötürənlər
üçün faydalı ola bilərlər.”
Hazırda Bolonya təhsil sistemi dünya ölkələri üçün
bir nümunədir. Ona
görə də bir çox
ölkələr bu təhsil sisteminə qoşulur. 2005-ci ildə Azərbaycan da Bolonya sisteminə qoşularaq ölkəmizdə təhsilin
keyfiyyətini daha artırmaq, Avropa təhsilinə inteqrasiya
olunmaq üçün
yeni imkanlar əldə
etdi. Müsahibimiz Naid Mahmudovsa Bolonya Universitetinin Siyasi elmlər fakültəsində təhsil
alır. Qeyd edək ki,
1993-cü il təvəllüdlü N.Mahmudov ilk ali təhsili olaraq Sankt-Peterburq Dövlət Universitetinin
Beynəlxalq əlaqələr fakültəsini bitirib. Rus, ingilis, alman, türk (indi italyan dili öyrənir)
dillərini bilir.
Sankt-Peterburqda Azərbaycanın
Gənclər İttifaqında
sədr müavini,
Sankt-Peterburq Millətlər
Evində Gənclər
Şurasının sədri,
Sankt-Peterburq Qubernatoru
Gənclər kollegiyasının
üzvü olub. Boş vaxtlarında idmanla da məşğul olur.
-Maraqlıdır,
Bolonya təhsil sisteminin hansı özəlliyi və perspektivi var?
-Bolonya sisteminin başlanğıcı 1970-ci ilin
ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı
birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. Prosesin rəsmi başlanğıcı
isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə
Bolonya şəhərində
29 Avropa ölkəsinin
təhsil nazirlərinin
xüsusi konfransında
“Avropa Ali təhsil məkanı” bəyannaməsi
və ya Bolonya bəyannaməsi qəbul olunub. Bolonya sistemi digər ölkələr üçün
də açıqdır.
Bir çox ölkə üçün Bolonya sistemi çox perspektivli və uyğundur. Bu, bir beynəlxalq tələbə mübadiləsidir.
Müxtəlif ölkələrin bərabər hüquqlara malik tələbələri
beynəlxalq konfrans və seminarlarda iştirak edirlər.
- Xaricdə təhsil sizə əlavə nə verib?
-Xaricdə təhsil almağıma çox şadam. Birincisi, bu, mənim
üçün bir şansdır ki, Avropada güclü bilik alım. İtaliya çox gözəl ölkədir. Mən çalışıram
italyanlara Qarabağ həqiqətlərini, bizim
tariximizi, mədəniyyətimizi
tanıdım. Demək
lazımdır ki, xaricdə təhsil mənə çoxlu dost verib. İtaliya, Almaniya, Yaponiya, Avstriya, İsveç, Finlandiya, Gürcüstan, Rusiya, Qazaxıstan, Tacikistan və s. ölkələrdən dostlarım
var.
- Ölkəmizin
iqtisadi, mədəni və elmi potensialının
gücləndirilməsinə xaricdə təhsil alıb qayıdan gənclər nə kimi töhfə verirlər?
-Bilirəm ki, Azərbaycanda elm və təhsilə xüsusi diqqət yetirilir. Bizim xaricdə oxuyan gənclərimiz sonra Vətənimizə kömək
edirlər. İnanıram ki, inşallah, mən də ölkəmizin iqtisadi, mədəni və elmi potensialını gücləndirəcəm və
Azərbaycanın adını,
maraqlarını dünyada
tanıdacam.
Mənim təhsilim, əslində,
dünya siyasətinə
bağlıdır. Azərbaycan indi
dünyada fəal xarici siyasət aparır. Diplomatiya və əməkdaşlıq
bizim siyasətimizin mühüm xüsusiyyətidir.
Hesab edirəm ki, bilik, bacarıq və təcrübəm bu işləri həyata keçirməkdə
mənə kömək
edəcək.
- Xaricdəki gənclərimizin təhsil
sisteminin müasir tələblərə cavab
verən kadr bazasının gücləndirilməsi
baxımdan hansı rolu var?
-Gənclər ölkəmizin
gələcəyidir. Savadlı
və elmi olan gənclər potensial işəgötürənlər
üçün faydalı
ola bilərlər.
Əsasən xaricdə
təhsil alan
gənclər bu baxımdan daha potensiallıdır. Ona görə ki, onlar iki işlə
məşğuldur- həm
təhsil alırlar, həm xaricdə Azərbaycanı tanıdırlar,.
- Xarici ölkələrin ali məktəblərində
təhsil alacaq gənclərin seçimində
başlıca meyar nə olmalıdır?
- Birincisi, yaxşı ingilis dili səviyyəsi
olmalıdır. Digər dilləri
də bilmək daha yaxşı olardı. Vacibdir ki, onlar məktəbdə yaxşı
nailiyyətlər əldə
etsinlər. Mühüm meyarlardan
biri də aktivlik və məqsədyönlülükdür.
- Azərbaycanlı
tələbələr digər
ölkələrin tələbələrindən
hansı cəhətləri
ilə fərqlənir?
- Hər ölkənin tələbələri bir-birindən
fərqlənir. Azərbaycanlı tələbələr bacarıqlıdır.
Onların fəal həyat
mövqeyi və öyrənmək istəyi
var. Amma, təəssüf
ki, bizim xaricdə oxuyan tələbələrin sayı
hələ kifayət
qədər deyil.
İnanıram ki, bu vəziyyət dəyişəcək.
- Azərbaycan təhsilinin inkişafını
necə qiymətləndirirsiz?
-İndiki zamanda, Azərbaycan təhsili çox inkişaf edib. Bakıda və digər şəhərlərimizdə çoxlu müxtəlif universitetlər var. Əsəsən məşhur Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, ADA Universiteti və s. Azərbaycanlı tələbələr beynəlxalq konfranslarda iştirak edirlər və çalışırlar ki, ölkəmizi inkişaf etdirsinlər. Amma biz bu yolun başlanğıcındayıq. Bizim məqsədimiz dünyanın ən yaxşılarından biri olmaqdır.
- Sizcə, tələbə
üçün ən vacib
olan nədir?
-Tələbələr və gənclərə öyrənmək və oxumaq lazımdır. Yalnız ona görə yox ki, onları kimsə vadar edir, amma özü, öz gələcəyi və ölkənin gələcəyinə görə bu, vacibdir. Azərbaycanlı müəlliflərlə yanaşı, əcnəbi müəlliflərin də kitablarını oxumaq vacibdir. Bununla bərabər, xarici dilləri öyrənmək lazımdır. Həmçinin İKT biliklərini, ümumiyyətlə, bəşəriyyətin gələcəyi üçün dünyəvi elmlərə yiyələnməlidirlər.
- Sizlə birgə təhsil alan əcnəbi tələbələrin Azərbaycan haqqında məlumatı varmı?
-Əvvəl mən fikirləşirdim ki, İtaliyada və əsasən də Avropada Azərbaycan haqqında az adamın məlumatı var. Ona görə dövlət bayrağımızı, sazımızı və Nizami Gəncəvinin əsərlərini özümlə götürdüm. Amma bura gələndə gördüm ki, italyanlar bizim ölkəmizi tanıyırlar. Ölkəmizin tarixi, mədəniyyəti, eləcə də “Avroviziya” və İlk Avropa Oyunları ilə bağlı biliyə malikdirlər. Şəxsən mənim tələbə yoldaşlarım, italyanlar, almanlar, yaponlar və digərləri çox istəyirlər ki, Azərbaycana gəlsinlər. Mən hamısını Azərbaycana dəvət etmişəm. Özüm də buradakı adamları Azərbaycanla tanış edirəm. Azərbaycan-İtaliya əlaqələri qədim Romadan, Ağqoyunlu dövlətindən və Venesiya dövlətindən başlanıb. Aşıq sənətini, ədəbiyyatımızı çalışıram öyrədəm. İtalyanlar əsasən mətbəximizi xoşlayırlar.
- Azərbaycanın
İtaliyada tanınması üçün hansı işlər görürsüz?
-Çalışıram nə imkanım və gücüm varsa edəm. Məsələn, çox vaxt dərslərimiz Bolonyanın yaxınlığındakı Forli səhərində olur. İlk və yeganə azərbaycanlı tələbə burada mənəm. Universitetin, səhərin tədbirlərində iştirak edirəm. Orada Azərbaycan mədəniyyəti, tarixi haqda çıxışlar edirəm. Həmçinin tələbə yoldaşlarıma, müəllimlərə və digərlərinə Azərbaycanın xarici siyasətindən və Qarabağ problemindən danışıram.
- İtaliyada təhsil alan azərbaycanlı tələbələrin həmrəyliyi necədir? Birgə tədbirlər keçirirsizmi?
- Qeyd etdiyim kimi, Bolonya və ya Forlidə azərbaycanlı tələbə təkcə mənəm. Amma Romada və Venesiyada təhsil alan tələbələrimizlə çox güclü həmrəyliyimiz var. Onlar 20 Yanvar, Xocalı soyqırımı, Müstəqillik Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər əlamətdar günlərlə bağlı tədbirlər keçirirlər.
- Təhsilinizi bitirdikdən sonra planlarınız nədir?
- Xaricdə təhsilimi qurtarıb ictimai fəaliyyətimi, diaspor işini davam etdirmək fikrim var idi. Amma mən
özümü beynəlxalq
siyasətdə görürəm.
Dünyada Azərbaycanın adını yüksəltmək,
bizim vətəndaşlarımıza,
ehtiyacı olan insanlara kömək etmək perspektiv işlərimdir. Bununla yanaşı,
digər ölkələrlə
əlaqələrimi genişləndirəcəm.
Əsasən Qarabağ problemi
ilə bağlı Azərbaycanın haqlı
mövqeyini dünya ölkələrinə yayacam.
Fuad Hüseynzadə
Palitra.-2015.-20 fevral.-S.11.