“Fəlsəfədə milli düşüncə milli məfkurəli intellektual cəmiyyətin qurulmasına yardım etməlidir”

 

Faiq Xudanlı: “Fəlsəfənin cəmiyyətin tərəqqisində rolu haqqında nə qədər yazılsa da, hələ də istənilən nəticəni

ala bilməmişik”

 

Hər bir sivilizasiyanın, eləcə də hər bir cəmiyyətin inkişafında fəlsəfi düşüncənin, azad fikir yaradıcılığının önəmli rolunu nəzərə alaraq, layihə çərçivəsində Azərbaycanda fəlsəfə və bu sahədəki kadrların fəaliyyəti məsələlərinə toxunmağı lazım bildik. Qeyd etmək lazımdır ki, vacib ictimai elmlərdən biri olan fəlsəfəyə göstərilən hazırkı münasibət və maraq, əslində, düşündürücüdür. Eyni zamanda ictimai elmlər və konkret olaraq fəlsəfə sahəsində lazımi kriteriyalara cavab verə biləcək savadlı kadrların, peşəkar elm adamlarının formalaşması baxımından bu mövzunu müzakirə etməyə dəyər.

Qeyd edək ki, sözügedən mövzu ilə bağlı olaraq sosial fəlsəfə üzrə aspirant, gənc tədqiqatçı Faiq Xudanlı bizə fikirlərini bildirdi. F.Xudanlı öncə fəlsəfə ilə bağlı keçirilən tədbirlərlə bağlı fikirlərini bölüşdü: “Ölkəmizdə də fəlsəfə günü ilə bağlı müxtəlif tədbirlər, konfranslar təşkil olunur. Son dövrlərdə, ümumiyyətlə, ictimai elmlərə maraq nəzərəçarpacaq dərəcədə artmaqdadır. Buna görə də dövlət və nüfuzlu elm təşkilatları səviyyəsində fəlsəfə ilə bağlı beynəlxalq elmi konfranslar keçirilir. Ancaq təəssüflə onu da bildirirəm ki, fəlsəfənin önəmi, cəmiyyətin tərəqqisində rolu haqqında nə qədər yazılsa da, deyilsə də, hələki istənilən nəticəni ala bilməmişik. Azərbaycan gündən-günə inkişaf edir, bütün sahələrdə irəliləyiş göz qabağındadır. Lakin bütün bunlarla yanaşı, cəmiyyətimizdə bəzən bazar iqtisadiyyatının özündə daşıdığı neqativ xüsusiyyətlər daha qabarıq gözə çarpır. Hər şeyi bazar münasibətləri ilə ölçmək o qədər də effektli deyil, əksinə, bazar münasibətlərinin qurulması zamanı ilkin kapitalizmdə olduğu kimi onun bəsit formada tətbiqi heç də cəmiyyətə fayda verə bilməz. Məhz bu mənada ictimai elmlərin, fəlsəfənin üzərinə böyük yük düşür. Prezident İlham Əliyev keçid dövrünün ölkəmizdə başa çatdığını elan etdikdən sonra düşüncə tərzimizdə də köklü dəyişikliklər zamanının çatdığını hesab etmək olar. İndi qarşımızda ən böyük əngəl məhz budur. İqtisadisosial sahələrdə köklü dəyişikliklər etməyə çalışsaq da, idarəetmə formalarını, rəhbərlik üsulunu yeniləşdirməyə təşəbbüs göstərsək də, çox vaxt bütün bunların tam reallaşmasında və bununla bağlı təşəbbüslərdə müəyyən çətinliklərlə üzləşmiş oluruq, bəzən isə hətta əks-effektlərlə də qarşılaşırıq. Professor Səlahəddin Xəlilovun qeyd etdiyi kimi, bunun əsas səbəbi məhz düşüncə tərzindədir. Belə ki, sağlam düşüncə tərzini formalaşdırmaq vəzifəsi isə fəlsəfəyə, əsl filosoflara məxsusdur. Cəmiyyət bu müdrik insanların arxasınca getməli, eynilə fəlsəfə gediləcək yolu, yeni düşüncə tərzini, vaxtilə ümummilli liderimizin miras qoyduğu azərbaycançılıq ideologiyasının mahiyyətini cəmiyyətə təqdim etməlidir”.

F.Xudanlı inkar etmir ki, Azərbaycanda fəlsəfə sahəsi dünya fəlsəfi prosesləri ilə əlaqədədir: “Dediyim kimi, etiraf olunmalıdır ki, son zamanlar Azərbaycan fəlsəfi mühitində, ictimai həyatında bir canlanma, bir oyanış hiss olunmaqdadır. Sözsüz, dünya fəlsəfi fikrinin, Qərb sosial-fəlsəfi cərəyanlarının ölkəmizdə yayılması Azərbaycan fəlsəfi fikrinə, ədəbiyyatına təsirsiz ötüşmür. Bəzi hallarda bayağı ideyaların, təhrif olunmuş, sonacan dərk edilməmiş Qərb fəlsəfi cərəyanlarının bir cox hallarda milli-mənəvi dəyərlərimizi tapdalayaraq önə çıxması, şüurumuza calanan dəyərlər adekvat reaksiya doğurur. Burada fəlsəfə, onun mahiyyəti və sair haqqında geniş danışmaq niyyətim yoxdur, lakin indiki zamanda fəlsəfəni sanki bir qədər ucuzlaşdırıb yeri gəldi-gəlmədi, fəlsəfə sözünü ortaya ataraq guya hansısa öz yeni fəlsəfi ideyalarını irəli sürürlər. Bəzən isə onu reallığa bağlayaraq buxovlamaq cəhdləri sezilməkdədir. Ancaq unutmaq olmaz ki, əsl fəlsəfə həmişə indi anladığımız reallıqdan uzaq olacaq - bunu istəsək də, istəməsək də. Bu, bir həqiqətdir. Eyni zamanda fəlsəfəni əlçatmaz zirvəyə qoymaq da olmaz. Belə ki, fəlsəfə özü, özü üçün mövcud ola bilməz o, məhz insana, onun daxili aləminə, cəmiyyətə, onun daha mükəmməl, daha sağlam inkişaf etməsinə xidmət etməlidir. İnsan, cəmiyyət, Dostoyevskinin dili ilə desək, “Ən çox nədən qorxur?... insanlar ən çox atacaqları yeni addımdan, söyləyəcəkləri yeni sözdən qorxurlar”. Filosoflar isə o insanlardandır ki, yeni addımları atmaqdan, yeni söz deməkdən çəkinmirlər. Onların ideyaları bəşəriyyəti irəliyə aparır, cəmiyyəti onu gözləyən təhlükələrdən xəbərdar edir, yeni sual, yeni fikir ortaya qoyur. Bu mənada hamının ardınca behiştə getməkdənsə, hamının qabağında cəhənnəmə getməyi üstün tuturlar”.

Gənc tədqiqatçı daha sonra belə düşünür: “İndi cəmiyyətimizdə Qərb mədəniyyətinin, düşüncə tərzinin bayağı, köhnə kapitalist meyillərin sosial həyatın bütün sferalarına yeri gəldi-gəlmədi sirayət etməsi və hər şeyin qarşısına “postatmaqla məsuliyyəti azaltmaq, guyayeni cəmiyyət”də hər şeyə icazə verilə biləcəyinə işarə etmək ən azı mənəvi korluqdur. Aydındır ki, yeni cəmiyyət qurmaqdayıq, cəmiyyətimiz yeniləşir, ancaq bu yeniləşmə qloballaşma, inteqrasiya adı altında milli-mənəvi dəyərlərimiz, əsrlərin süzgəcindən çıxmış etik-əxlaqi prinsiplərin dəyişilməsi hesabına ola bilməz. Bunu fəlsəfə adı altında etmək isə daha təhlükəlidir. Heç bir zaman fəlsəfə xalqların adət-ənənəsinə, onun milli şüuruna əks mövqedə dayanmayıb, tam əksinə, fəlsəfə məhz millətlərin əxlaqi dəyərləri, adət-ənənələri ilə vəhdət təşkil edib, ondan yararlanıb. Fəlsəfə xalqların, millətlərin düşüncə tərzində, dünyagörüşündə, həyatında mühüm rol oynayır, lakin onu adi şüura endirmək olmaz. Eyni zamanda qondarma, real həyatı özündə əks etdirməyən, özündə heç bir fəlsəfi yük daşımayan müxtəlif istiqamətləri fəlsəfi cərəyan kimi cəmiyyətə sırımaq da yaramaz. Əbülhəsən Abbasovun sözləri ilə desək, gerçəkliyin kəsərli idraki, silahı rolunu daşımayan, uydurma sxolastik mülahizələrin, yersiz stereotiplərin şərhi ilə səsləşən “fəlsəfə” yeniləşən cəmiyyətin həyat fəlsəfəsi ola bilməz. Bunun üçün yeni cəmiyyətin qurulmasında fəlsəfənin rolundan danışarkən hörmətli akademik R.Mehdiyevin qeyd etdiyi kimi, biz daim irəliyə, gələcəyə baxmalıyıq, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. R.Mehdiyev qeyd edir: “Millətin tarixi keçmişi onun gələcəyə doğru uğurla addımlaması üçün həm zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir”. Yeni söz demək xatirinə söz demək, mülahizə yürütmək heçnovatorluq deyil. Bayağı, bəzən də milli-mənəvi dəyərlərimizə zidd olan yazıları adi məişət dilində sanki yeni bir söz deyirmiş kimi təqdim etmək təqdirəlayiq hal deyil. Yaxud keçmiş, bəzən elə Avropanın, Qərb intellektualları tərəfindən rədd edilən, cəmiyyətin harmoniyasının pozulmasına bir növ xidmət edən “dəyərlərin” yayılmasını arzuolunan hal kimi qiymətləndirmək olmaz.

İctimai rəydə bəzən belə bir fikir formalaşdırılmağa çalışılır ki, hansısa bir ədəbiyyat oxunaqlıdırsa və ya hansısa bir proqram baxımlıdırsa, deməli, bu cür ədəbiyyat və proqramların yaşamağa haqqı var. Düzdür, belə ədəbiyyat mövcud olubolacaq. Lakin belə ədəbiyyatın fəlsəfi fikrin daşıyıcısı kimi təqdim edilməsi absurddur. Belə ki, kütlə hər zaman yüngül, adi şüur səviyyəsində ədəbiyyata daha çox üstünlük verir. Çünki kütlə qeyri-etik situasiyalara daha çox meyillidir. Bu kimi meyilləri fəlsəfi fikir kimi təqdim etmək ən azı qəbahətdir. Fəlsəfə kütləvilik xatirinə adi şüur səviyyəsinə enməməli, əksinə, kütləni öz arxası ilə aparmalıdır. Fəlsəfə müdrik olmalı və cəmiyyətin harmoniyasının qorunub saxlanılmasına xidmət etməlidir. Digər bir alimimiz Fərman İsmayılov belə bildirir: “Müdriklik fəlsəfə üçün söz deyil, ilahiləşmə məktəbidir. Müdrikliyin itirilməsi cəmiyyətin sivilizasiyadan barbarlığa doğru dönüşüdür. Ona görə də biz fəlsəfəyə biganə münasibətin təhlükəli nəticələr verə biləcəyi qənaətindəyik”.

Bu baxımdan milli fəlsəfi düşüncə tərzimizi elə formalaşdırmalıyıq ki, o ülvi, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, həm də yeni, intellektual cəmiyyətin qurulmasına yardım etmiş olsun.

İlkin AĞAYEV

Palitra.-2015.-21 fevral.-S.11.