“Kitabi-Dədə Qorqudsazsöz işığında”

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan “Kitabi-Dədə Qorqudsazsöz işığında” mövzusunda tədbir keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bu il “Kitabi-Dədə Qorqud” dastanının alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılmasının və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin tamam olduğunu xatırladıb. Akademik bu mühüm və əlamətdar hadisə münasibətilə yanvarda Bakıda keçirilən beynəlxalq kollokviumun əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, dastanının araşdırılması, ilboyu təbliğatının aparılması ilə bağlı kollokviumun fəaliyyət proqramı müəyyənləşdirilib və buna əsasən silsilə tədbirlər keçiriləcək. Bugünkü tədbiri də həmin fəaliyyət proqramının başlanğıcı hesab etmək olar. Qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.

İ.Həbibbəyli dastanda Azərbaycanla bağlı adı çəkilən coğrafi məkanlardan da söz açıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında fərman, 1999-cu il fevralın 21-də isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” sərəncam imzalayıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla ölkəmizdə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Ötən ay Bakıda dünyanın məşhur qorqudşünas alimlərinin iştirakı ilə “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumunun keçirildiyini xatırladan natiq bu cür tədbirlərin daha geniş müstəvidə, regionlarda da təşkil ediləcəyini söyləyib. H.Abdulla qeyd edib ki, Bilik Fondu bu sahədə layihələrin həyata keçirilməsində əməkdaşlığa hazırdır. Fond “Kitabi-Dədə Qorqudun ideyalarını yaşatmaq, tədqiq və təbliğ etmək istiqamətində mühüm işlər görməyi planlaşdırır. Milli sərvətimiz olan bu qədim sənət abidəsini yaşatmalı və qorumalıyıq. O, bugünkü tədbirin Beynəlxalq Ana Dili Günü ərəfəsində keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Sonra Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin “Kitabi-Dədə Qorqud”: dilimiz, düşüncəmiz”, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın “Kitabi-Dədə Qorqudun musiqi dünyası” mövzularında məruzələri dinlənilib. Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan xalqının qədim tarixi, milli etnik mənşəyi, qədim türk dövlətçiliyi, milli-mənəvi, əxlaqi dəyərlərimiz barədə əraflı məlumat verilib. Bu qədim və möhtəşəm sənət abidəsi həm də xalqımızın tarixini əks etdirən qiymətli ədəbi-bədii salnamədir. Məruzələrdə dastanda adı çəkilən ən qədim simli çalğı alətlərindən biri - qopuz barədə də söz açılıb. Tədbir bədii hissə ilə davam edib.

 

Nigar Abdullayeva

Palitra.-2015.-21 fevral.-S.5.