“Bu sənəti sevərək
gəlmişəm, sevə-sevə çalışıram”
“Bütün
çətinliklərə, gərginliklərə,
çatışmazlıqlara rəğmən şagirdlərimlə
təmasda olmaq, bir şey anlatmaq, izah etmək , bir 45 dəqiqə
ərzində 25-30 cüt gözün sənə dikilməsi,
müxtəlif ailələrdən müxtəlif xarakterli
şəxsiyyətlərlə ünsiyyət, o kiçicik
ürəklərində böyük və saf sevgilərini
görmək, ülviliyin, təmizliyin ən yüksək zirvəsini
hiss etmək həm inanılmaz zövq, həm mənən
saflaşmaq deməkdir”
Layihə çərçivəsində növbəti müsahibimiz Bakı şəhəri 188 saylı tam orta məktəbin riyaziyyat müəllimi Ruhiyyə İbrahimovadır:
- Təhsil sahəsi elə bir sahədir ki, oradakı uğurların da, uğursuzluqların da üzə çıxması zaman alır. Nəticə bir zamandan sonra özünü göstərir. Ona görə də buradakı islahatlar və dəyişikliklərin tələsik olması və ya ləngiməsi eyni dərəcədə təhlükəli ola bilər. Düşünürəm ki, Azərbaycanda digər sahələrə baxanda təhsildəki inkişaf nisbətən ləngiyir. Bunu da mən ilk növbədə kadr hazırlığındakı çatışmazlıqlarda görürəm. Təhsilin inkişafı ilk növbədə müəllimin çiyinlərində olan bir yükdür. Müəllim isə bu yükü daşıyacaq gücdə, iradədə və təminatda olmalıdır.
- Ölkə
başçısı tərəfindən təsdiqlənən
Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası təhsilin inkişafına hansı töhfələr
verə bilər?
- Bu gün ölkədə prioritet istiqamətlərdən biri də insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Strategiyada da nəzərdə tutulur ki, Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində ölkə başçısının sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Düşünürəm ki, bu strategiyanın həyata keçirilməsi təhsil sahəsindəki bir çox boşluqları doldura bilər. Biz nəhayət ki, Avropa və Qərb təhsilinə inteqrasiyanı işdə görə bilərik.
- Müəllimlərin
əməkhaqqının artırılmasına münasibətiniz
necədir?
- Təbii ki, bu çoxdan gözlədiyimiz qərar idi. Artıq uzun illər idi ki, müəllimlərin əməkhaqlarında artım yox idi və ya cüzi artım var idi. Bunu nəzərə alsaq bu xəbərə sevinməmək olmazdı. Ümid edirik ki, bu artımların davamı olacaq və müəllim nüfuzuna təsir edən önəmli faktorlardan biri olan əməkhaqqı məsələsi də öz həllini tapacaq.
- Strategiyada
öz əksini tapan məsələlərdən
biri də 12 illik təhsilə
keçidlə bağlıdır. Bu sistemə
keçid təhsilin inkişafında
hansı rol oynaya bilər?
- Mən düşünürəm ki, bu, ilk növbədə şagirdlərin məktəbdən yayınaraq hazırlıqlara üz tutmasının qarşısını alacaq ki, bu da şagird və valideyn məmnuniyyətini təmin edəcək. Şagirdlərin pərakəndə halda əksəriyyətinin statusu bəlli olmayan, müxtəlif yerlərdə və evlərdə, hansı şəraitdə keçirildiyi məlum olmayan, nəticəyə heç bir zəmanətin verilmədiyi, qiymətlərin bazar tərəfindən tənzimləndiyi kurslarda təhsil alması valideynlərə çox baha başa gəldiyini, şagirdlərin sağlamlığı və təhlükəsizliyi baxımından nə qədər zərərli olduğunu əksəriyyətimiz anlayırıq. Məhz bu çətinliklərin aradan qalxması, məktəbin öz lazım olan funksiyasını yerinə yetirməsi üçün 12 illik təhsilə keçidin zəruriliyinin meydana çıxdığını düşünürəm.
- Müəllimlərin
Sınaq qiymətləndirməsini necə dəyərləndirirsiniz?
- Mən düşünürəm ki, hər bir normal dövlətdə olduğu kimi, Azərbaycanda da müəllimlərin attestasiyası gözləniləndir və olmalıdır. Qeyd etdiyim kimi, təhsil elə bir sahədir ki, orada professionallara başqa sahələrdən daha çox ehtiyac var. Çünki bizim məhsulumuz hər hansı bina və ya maşın deyil, birbaşa insandır. Bir insanın təhsili onun taleyini və dolayısı ilə cəmiyyətin baxışını dəyişməyə qadirdir. Bu səbəbdən təlim və tərbiyə işi həssaslıqla yanaşılması tələb olunan bir işdir. Bu işə məsul olan kadrların düzgün seçilməsi və yerində olması məsələsində heç bir güzəştə getmək olmaz.
- Uşaqların təhsil səviyyəsini necə dəyərləndirirsiniz, onların təhsilə olan marağı sizi qane edirmi?
- Bu gün uşaqlarımızın təhsil səviyyəsi onların potensiallarından qat-qat aşağıdır. Bunu hər il TQDK-nın açıqlamalarından da görmək mümkündür. Hər dəfə o açıqlamaları eşidəndə mən şəxsən çox təəssüf hissi keçirirəm .Çünki birbaşa şagirdlə işləyən, hər gün siniflə təmasda olan bir müəllim kimi mən 100 faiz əminəm ki , o şagirdlər bu nəticələrdən qat-qat artığına qadirdirlər. Bu gün, həqiqətən, potensialı olan, zəki, bacarıqlı nəsil var, qarşımızda sadəcə bayaq da qeyd etdiyim kimi bəzi problemlər, sistemsizlik, dərsliklər və qəbul proqramı arasındakı uyğunsuzluq, şagirdlərin çarəsiz və pərakəndə bunker müəllim axtarışına çıxmaları boşuna zaman itkisi və keyfiyyətin aşağı olmasına gətirib çıxarır.
- Bu
gün orta məktəblərdəki
riyaziyyat fənni dərslikləri ilə
bağlı vəziyyət necədir? Hansı problemlər var və onların aradan
qaldırılmasını istərdiniz?
- Dərslik problemi mövcuddur. Əlbəttə, bu sahədə müəyyən problemlər mövcuddur, amma unutmayaq ki, ən asan iş tənqid etməkdir. Bu dərsliklərin hansı çətinliklər bahasına başa gəldiyini anlamayan və ya alternativ dərslik ortaya qoymayan, səmərəli təklif verməyən insanlar yaxşı olar ki, nəyisə qaralamaq yerinə sussunlar. Bir riyaziyyat müəllimi olaraq isə mən məzmun xətti əsasında yazılmış dərslikləri daha çox bəyənirəm.
- Hazırda gənclər
bu fənni yetərincə mənimsəyə
bilirmi, yoxsa sadəcə
yaxşı qiymət almaq məqsədilə
oxuyurlar?
- Riyaziyyat elə bir fəndir ki, onu sevməmək mümkün deyil. Boşuna elmlərin şahı deyilməyib. Nəzərə alsaq ki, bu fənni ən ağıllılar ən tez qavrayırlarvə riyaziyyatı qavrayan şagirdin başqa fənləri qavramaqda problemi olmur deməli bu həm də bir göstəricidir. Mən şəxsən sinifdə riyaziyyatı əla oxuyan şagirdlərin özlərinə daha inamlı, mübariz, əzmli olduqlarını müşahidə edirəm. Deməli, bu fənn həm də güclü, iradəli şəxsiyyət tipinin formalaşmasına yardım edir. Ona görə də kiminsə qiymət xətrinə çətin bir riyazi məsələ üzərində baş sındıra biləcəyini təxmin etmirəm. Bu bir zövqalma, mənəvi qidadır ki, onu bir dadan bir də dadmaq istəyir.
- Bugünkü
gənc müəllimlərin fəaliyyəti ilə
bağlı nə deyərdiniz? Yəni, bu
gün məzun olaraq
məktəbə çalışmağa gələn müəllimlərin
tədris səviyyəsi sizi qane edirmi?
- Ümumiyyətlə, qane edir. Gənclər daha savadlı və həvəsli olurlar. Ən əsası onlar yaşlı nəsillə müqayisədə yeni texnologiyalarla işləməyi bacarırlar ki, bunsuz yetişməkdə olan gənc nəsillə ayaqlaşmaq mümkün olmazdı. Bu səbəbdən mən imtahanla işə başlayan gənc müəllimlərin məktəblərdə daha çox dəstək görmələrini, irəli çəkilmələrini və şərait yaradılmalarını istəyərdim. Çünki, bəzən onlar savadlı olsalar da, bitirdikləri ali məktəb onları tam mütəxəssis kimi yetişdirmir. Ali məktəblərdəki kadr hazırlığındakı boşluqlar və sonra düşdüyü mühitdə yetərincə dəstəyin olmaması gənclərdə ruh düşkünlüyü, ən pis halda isə palaza bürün, ellə sürün düşüncəsi yaradır ki, düşünürəm ki, bu da çox təhlükəli nüanslardan biridir.
- Yeri
gəlmişkən, bu gün
ölkədə məktəblərdə çalışan
qadın müəllimlərin sayı üstünlük
təşkil edir. Müəllimlik peşəsini
həqiqətən sevirsinizmi?
- Tam səmimi deyirəm ki, bu sənəti sevərək gəlmişəm, sevə-sevə çalışıram. Bütün çətinliklərə, gərginliklərə, çatışmazlıqlara rəğmən şagirdlərimlə təmasda olmaq, bir şey anlatmaq, izah etmək , bir 45 dəqiqə ərzində 25-30 cüt gözün sənə dikilməsi, müxtəlif ailələrdən müxtəlif xarakterli şəxsiyyətlərlə ünsiyyət, o kiçicik ürəklərində böyük və saf sevgilərini görmək, ülviliyin, təmizliyin ən yüksək zirvəsini hiss etmək həm inanılmaz zövq, həm mənən saflaşmaq deməkdir.
- Şagirdlərin təhsil səviyyəsinin daha da artırılması istiqamətdə hansı tədbirlər həyata keçirmək olar?
- Bu çox ağrılı, uzun, həssas və kifayət qədər təcrübə tələb edən işdir. Mən düşünürəm ki, hər əlinə qələm alan, hər özünə alim deyən tənqid və təklif edəndə diqqətli olmalıdır. Təhsil sahəsində hansı tədbirlər həyata keçirmək olar deyərkən, burada hər hansı fərdin, şəxsin deyil, böyük, yaradıcı komissiyaların, ekspertlərin işi nəzərdə tutulmalıdır. Bu sahədə hər hansı süzgəcdən keçirilməmiş, təcrübələrə dayanmayan, nəticəsi əvvəlcədən müəyyən olunmayan heç bir riskli addım atmaq olmaz.
- Müəllimlər
üçün təşkil olunan kurslar onların fəaliyyətində
hansı rol oynayır?
- Müəllimlər üçün
təşkil olunmuş kurslar
ilk növbədə müəllimlərin
öz peşə fəaliyyəti üçün önəmlidir. Ona görə də bu kurslarda iştirak etməkdə
müəllimlər özləri daha çox maraqlı olmalıdırlar. Nəzərə
alsaq ki, artıq indiki kurslar keyfiyyət
baxımından əvvəlki kurslardan çox fərqlənir, deməli, bu fürsəti qaçırmaq olmaz. Amma bir
şeyi də bilmək lazımdır ki, müəllimlərin bu
sahəyə marağını nəzərə alıb bundan istifadə edən işbazlarda
mövcuddur. Hər hansı işbazlara aldanmadan
sığortalanmaq üçün
yaxşı olardı ki, kurs
keçmək istəyən müəllimlər birbaşa Təhsil Nazirliyi
və Təhsil Problemləri İnstitutuna
müraciət etsinlər. Bu onlara həm keyfiyyət, həm də kəmiyyət
baxımından daha çox
şey qazandıra bilər.
Nigar Abdullayeva
Palitra.-2015.-24 fevral.-S.11.