“Təhsil və elmdə informasiya texnologiyalarından istifadə səviyyəsi artıb”

 

Vüsal Rüstəmov: “Akademik fəaliyyətlə məşğul olaraq tələbələrə elmi biliklərə yiyələnməsində kömək etmək istəyirəm”

 

Layihə çərçivəsində müsahibimiz xaricdə təhsil alan tələbə Vüsal Rüstəmovdur.

 

- Öncə aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.

- Mən - Vüsal Rüstəmov Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olmuşam. 2007-2011-ci illər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya ixtisası üzrə bakalavr, 2011-2014-cü illərdə Bakı Dövlət Universitetində iqtisadisosial coğrafiya istiqaməti üzrə magistr pilləsində təhsil almışam. Hazırda İstanbul Texniki Universitetində “Coğrafi İnformasiya Texnologiyaları (GIT)” istiqaməti üzrə doktorantura təhsili alıram. Bundan əlavə, 2012-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışmışam. Bu illər ərzində respublikamızda və xaricdə təşkil olunan konfransseminarlarda iştirak və çıxış etmişəm. Azərbaycanda və Türkiyədə məqalələrim və tezislərim çap olunub. 2014-cü ildə başqa bir dostumla birlikdə Azərbaycan Respublikanın Prezidenti yanında Gənclər Fondundan “Gənclərin coğrafi informasiya sistemləri barəsində maarifləndirilməsi” adlı layihə qazanmışıq və bu layihə çərçivəsində CİS sahəsində dünyanın lider şirkəti olan ESRI şirkətinin Türkiyə təmsilçiliyindən dəvət olunan təlimçinin iştirakı ilə Gəncə Dövlət Universitetində seminar təşkil edilib. Eyni zamanda Çində təhsil alan Kənan Bəşirovla birlikdə “academic-future.com” saytının qurucularından biriyəm.

-Təhsil aldığınız xarici ölkənin təhsili barəsində hansı fikirləriniz var?

- Hər ölkə təhsili özünəməxsus xüsusiyyətləriylə fərqlənir. Türkiyədə də təhsil sistemi özünəməxsusdur. Türkiyə tarixinin qədim olması onun təhsil sistemininbir növ formalaşmasına, öz keyfiyyəti ilə fərqlənməsinə səbəb olub. Türkiyədə təhsil sistemi bizdən fərqli olaraq daha çox Avropa təhsil sisteminə tərəf yönəlib. Bu cəhət, Avropadan, digər regionlardan gələn tələbələrin dərslərin, imtahanların və digər proseslərin gedişini çətinlik çəkmədən mənimsəməsinə imkan yaradır. Təhsil aldığım universitet timsalında izah etsəm, İTÜ Türkiyənin, əsasən də texniki sahə üzrə 2 universitetindən birisidir. Bakalavr təhsili 4 il (daha da arta bilər) davam edirçox sıx dərs cədvəlinə sahibdir. Bundan əlavə tələbələr hər semestr sonuna təxminən 1,5 ay qalmış ‘vize’ deyilən əsas imtahandan qabaq o imtahana girmək üçün 1-3 arası imtahana girir. Semestrin axırı isə final imtahan olur. Burada bir şeyə diqqət çəkmək istəyirəm, imtahanlar dərs qurtaran kimi başlayır. Yəni, belə deyim, payız semestri 12-15 dekabrda qurtarır, ardından imtahanlar başlayır və 30 dekabra qədər onlar da yekunlaşır. Beləliklə, tələbələr yanvar ayını tam olaraq istirahət və başqa işlərlə məşğul olur. Magistrdoktorantura təhsili də eyni cürdür, tək fərq dərs yükünün az olmasıdır (cəmi 7-8 dərs).

Türkiyə təhsil sisteminin ən çox xoşuma gələn tərəflərindən biri klassik, bizim bildiyimiz müəllim-tələbə münasibətlərindən başqa müəllim və tələbələr arasında dostluq münasibətlərinin olmasıdır. Magistrdoktorantura pillələrində bu münasibət daha mehriban olur. Tələbələr və müəllimlər arasında bu cür münasibətin olması tələbələrə onlarla daha rahat ünsiyyət qurmağa şərait yaradır. Bu halda, tələbələr öz ideya və fikirlərini çəkinmədən ifadə edə bilirlər və bu onların inkişafına təkan verir.

-Təhsil aldığınız xarici ölkənin təhsili ilə Azərbaycan təhsili arasında daha necə müqayisələr apara bilərsiniz?

- Kurikulum təhsil sisteminə keçdikdən sonra Azərbaycan təhsil sistemi də Türkiyə təhsil sisteminə bənzəməyə başlayıb, ancaq yenə də arada çox böyük fərqlər var. Öz ixtisas sahəm olan coğrafiya tədrisini müqayisə etsək; Türkiyə təhsil sistemində coğrafiya tədrisi daha çox lokal xarakter daşıyır, bundan fərqli olaraq bizim təhsil sistemində demək olar ki, bütün dünya ölkələrinin coğrafiyasını öyrənirik. Bu cəhətdən bizim təhsil sistemini üstün hesab edə bilərik, ancaq başqa bir kəskin fərq təhsil sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Daha dəqiq desək, coğrafiya tədrisində coğrafi informasiya sistemlərinin öyrədilməsi orta məktəb səviyyəsindən başlayaraq təlim- tədris prosesinin ayrılmaz bir parçası halını alıb. İki ölkənin təhsil sistemləri arasında nəzərəçarpan fərqlərdən biri də təhsilə yanaşma tərzində olan fərqdir, yəni təhsildə nəzəriyyənin, yoxsa təcrübənin daha üstün olması məsələsi. Ənənəvi təhsil sistemindən fərqli olaraq inkişaf etmiş ölkələrdə təcrübəyə əsaslanan və tələbələrdə sərbəst düşünmə və qərar vermə vərdişləri formalaşdıran təlim-tədris metodları tətbiq edilir. Türkiyədə də bu metodlardan uğurla istifadə edilib və özünəməxsus təhsil sistemi formalaşdırılıb. Azərbaycanda kurikulum sisteminə keçidlə başlayan bu mərhələ uğurla davam etdirilərək qısa zamanda öz bəhrəsini verəcək.

-Türkiyənin adət-ənənələri, ictimai psixologiyası ilə bağlı hansı maraqlı məqamları bölüşərdiniz?

- Türkiyənin adət-ənənələri haqqında bəlkə də mənim deyəcəklərimdən qat-qat artığını siz bilirsiniz. Türkiyə qardaş ölkədir. Yəni adət-ənənəsi, mədəniyyəti bizə çox bənzəyir. Üstəgəl islamtürk dövləti olması da bizim ölkə ilə çox sayda ortaq nöqtəsinin olmasına səbəb olub. Ümumi olaraq qiymətləndirsək, Türkiyə Osmanlı dövlətinin varisi olaraq çox zəngin mədəni mirasa sahibdirbu, özünü hər sahədə göstərir. Məhz buna görə Üç Böyük İmperiyanın paytaxtı olmuş İstanbul və Türkiyənin digər şəhərləri ilin müxtəlif vaxtlarında turist axınına ev sahibliyi edir.

İstanbulda şahid olduğumçox xoşuma gələn məqamlardan biri metroya tramvaylarda gedərkən bir anda yanındakı və ya qarşındakı insanın əlində olan musiqi aləti ilə çəkinmədən çalıb-oxumağa başlaması, insanların onu səbirlə dinləməsi və ifasını bitirdikdən sonra alqışlamasıdır. Bu, bəlkə onlarya digər ölkələrdən gələnlər üçün adi bir hal kimi görünə bilər, ancaq bizim üçün çox təqdirəlayiqdir.

-Təhsil aldığınız ixtisasın Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

-Bu gün dünya informasiya texnologiyalarının, kompüterlərin və xəbərləşmə sistemlərinin başgicəlləndirici inkişafı və təqib edilməsi artıq demək olar ki, qeyri-mümkün olan texnoloji yeniliklərin adiləşdiyi məkana çevrilib. Uzaq anlayışının yox olduğu, hər cür informasiyanın hər zaman olduğundan daha yaxın və əlçatan olduğu müasir dünyada informasiya texnologiyaları, iqtisadi, ictimai və mədəni sistemlərə birbaşa təsir edəcək mövqedədir. Bəşəriyyət yaradılan gündən ən böyük gücüstünlük vasitəsi olan, günü-gündən əhəmiyyəti artan informasiya inanılmaz bir sürətlə-hər il öncəki illə müqayisədə ən azı iki dəfə artmaqdadır. Belə geniş bir informasiya yığınını idarə etmək, analizsintez etmək və onun içərisindən lazımi informasiyanı əldə etmək günü-gündən çətinləşir. Təkcə onu demək kifayətdir ki, ən populyar video izləmə saytı olanyoutube.coma bir dəqiqə ərzində 100 saatlıq(21.04.2014) video yüklənir. Bununla yanaşı, informasiya əsasən yazı və şəkil formadadır və statistik məlumatlara əsasən bütün informasiyanın təqribən 80%-i məhz məkanla əlaqədar informasiyalardır. Təsadüfi deyil ki, yaxınlarımızla telefonda danışanda ilk verdiyimiz suallardan biri: “hardasan?” sualı olur, həmçinin gənclər arasında daha populyar olan sosial şəbəkələrdə səfər edilən coğrafi məkanın paylaşılması çox geniş yayılıb.

Yuxarıdakı misallar bir daha informasiyanın xüsusi ilə coğrafi informasiyanın əhəmiyyətini gözlər önünə sərir. Coğrafi informasiya sistemləri Yer kürəsindəki kompleks ictimai, iqtisadi, ekoloji və. problemlərin həllinə istiqamətlənmiş məkana əsaslanan qərar vermə proseslərində istifadəçilərə köməkçi olmaqla, böyük həcmli coğrafi məlumatların; toplanması, saxlanılması, işlənməsi, yönləndirilməsi, məkan analizi, sorğulanması və təqdim edilməsi funksiyalarını yerinə yetirən maddi təchizat, proqram təminatı, kadr, coğrafi məlumat və üsullar ilə bu məlumatların istifadəçiyə təqdim edilməsi funksiyalarını bütünlük içərisində reallaşdıran bir sistemdir. CİS bütün elm sahələri ilə bir kompleks şəkildə istifadə edilmə imkanına sahib bir sahədir. Belə ki, Humanitar elmlərdən texniki elmlərə, Yer elmlərindən tibb elmlərinə qədər ağlınıza gələ biləcək bütün sahələrdə istifadə edilə bilər. Məsələn, vərəm xəstəliyinin ölkə üzrə miqyasını müəyyənləşdirmək və müxtəlif analizlər aparmaq, ondan sonra da lazımi tədbirlərinin görülməsi CİS-nin köməkliyi ilə çox rahatdır. Bu misalların çoxaltmaq mümkündür. Məhz bu xüsusiyyətlərinə görə CİS çox vacib bir sahədir.

Yuxarıda da qeyd etdiyim kimi, ölkəmizdə coğrafi informasiya sistemlərinin təhsil səviyyəsi ürəkaçan deyil, belə ki, nəinki orta məktəb səviyyəsində heç ali təhsil pilləsində də, bu ixtisas kifayət qədər öyrənilmir. Bəzi ali təhsil müəssisələrində dərs olaraq tədris edilsə də müstəqil istiqamət və ya ixtisas olaraq coğrafi informasiya sistemləri mövcud deyil. Bu da ölkədə bu sahədə kadr çatışmazlıqlarının yaranmasına səbəb olur.

-Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Son dövrlərdə Azərbaycan təhsilində və elmində müşahidə olunan “gəncləşmə” prosesinin tərkib hissəsi olaraq informasiya texnologiyalarından istifadə səviyyəsi də artıb. Təhsil və elm sahələrində fəaliyyət göstərən insanların informasiya texnologiyaları ilə bağlı məlumatlara yiyələnməsi və onlardan istifadə etməsi müasir zamanın tələblərindən biri olmuşdur. Bu texnologiyaların ayrılmaz parçası olan coğrafi informasiya sistemlərinin də günü-gündən əhəmiyyəti artan bir sahə olaraq diqqətdən kənarda qalmaması, ortaali təhsil müəssisələrində keyfiyyətli təhsilinin təşkil edilməsi və gələcəkdə bu sahənin müstəqil bir ixtisas səhəsi olması istiqamətində işlər görülməlidir.

-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Gənc mütəxəssis kimi ölkəmizdə təhsil və elm sahəsinə qayğının daha da artırılması, yerli və beynəlxalq miqyaslı tədbirlərin sayının çoxaldılması, gənc tədqiqatçılar üçün mövcud imkanların yaxşılaşdırılması, onların daha faydalı çalışmalarına şərait yaradılmasının daha çox əhəmiyyətli olduğu qənaətindəyəm. Təhsil aldığım Türkiyədən nümunə göstərsək, burada elmi, texnoloji və təhsillə bağlı layihələri dəstəkləyən dövlət qurumu TUBİTAK çox uğurlu addımdır. Bu təcrübədən yararlanaraq buna bənzər qurumun Azərbaycanda da təşkil edilərək hər cür elmi, mədəni, texnoloji və təhsil layihələrinin bir mərkəzdə cəmlənməsi çox faydalı ola bilər.

-Xaricdə təhsil alan gənclərimizə nələri tövsiyə edərdiniz?

- Gənclərimizin xarici ölkələrdə təhsil almaları, orada olan elmi biliklərə yiyələnmələri və o bilikləri ölkəmizin inkişafı yolunda istifadə etmələri, əlbəttə ki, çox sevindirici haldır. Buna görə də dövlətimiz xaricdə təhsil alan gənclərə hər cür dəstəyi verərək onların gələcək inkişafına zəmin hazırlayır. Xaricdə təhsil alan tələbələrin bu imkanlardan istifadə etmələrini və lazımi elmi biliklərə yiyələnərək ölkə üçün faydalı vətəndaş olmalarını arzulayıram. Xaricdə oxuyan tələbələrə tövsiyə olaraq demək istədiyim əsas məsələlərdən biri: Heç vaxt Azərbaycanı təmsil etdiklərini unutmasınlar. Ölkəmizin zənginliklərini və gözəlliklərini getdikləri ölkələrdə tanıtsınlar.

-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

-Gələcəklə bağlı hələ ki, ilk planım doktorantura dövründə əlim çatan qaynaqlardan, sahəsində öz sözünü demiş müəllimlərin təcrübələrindən ən yaxşı şəkildə istifadə edərək ixtisasımı dərindən öyrənmək, bunlardan əlavə vaxtım olduqca Türkiyədə və xaricdə təşkil olunan konferansbaşqa tədbirlərdə iştirak etmək üçün cəhd etməkdir. Buraya oxumağa gələndə də bu fikirlə gəlmişdim- doktoranturanı qurtardıqdan sonra vətənə qayıdıb akademik fəaliyyətlə məşğul olaraq tələbələrə elmi biliklərə yiyələnməsində kömək etməkdir.

 

İlkin AĞAYEV

Palitra.-2015.-25 fevral.-S.11.