“Xaricdə təhsil alan
hər bir tələbəyə Azərbaycanın
kiçik bir lobbisi kimi baxmaq
lazımdır”
Lalə Əhmədzadə:
“Digər ölkələrdə əldə olunan
elm və biliklərin gənc dövlətimizdə
tətbiq olunması öz müsbət nəticəsini
göstərəcək”
Hazırda Finlandiya təhsil sistemi effektiv və dinamikliyinə görə dünyada əksər ölkələr üçün nümunədir. Tələbələrimizin
bu ölkədə də təhsil
alması çox müsbət haldır. Bu tələbələrin öyrəndiklərini
sonradan gəlib Azərbaycanda tətbiq etməsi
ölkəmizin ümumi inkişafına
xidmət edir. Elə müsahibimiz
Lalə Əhmədzadə də belə tələbələrdən
biridir. Qeyd edək ki, L.Əhmədzadə
1994-cü ildə Bakıda anadan olub. 2010-cu ildə Nizami rayonu 12 saylı orta məktəbi
bitirib, 620 balla
Bakı Dövlət Universitetinin Beynəlxalq
münasibətlər fakültəsinə daxil
olub. 2014-cü ildə bakalavr
təhsilini fərqlənmə diplomu ilə
başa vurub və Litva Təhsil Nazirliyinin
təqaüd proqramını qazanaraq
buranın ən liberal universitetlərindən
olan Vytautas Magnus Universitetinin beynəlxalq
münasibətlər departamentinin magistr pilləsinə daxil
olub. Hal-hazırda təhsilini Şərqi
Finlandiya Universitetində davam
etdirir.
-İstədiyiniz
təhsilə tam yiyələnə bilibsizmi?
- Təbii ki, təhsil aldığım bu illər ərzində müəyyən biliyə yiyələnmişəm. Məzunu olduğum Bakı Dövlət Universiteti bu baxımdan mənə çox şey qazandırıb. Belə ki, təhsil aldığım müddətdə İsmayıl Musa, Sevinc Ruintən, Bəxtiyar Aslanbəyli, Afət Güləliyeva, Əlimusa İbrahimov, Mehman Kərimov kimi bir sıra dəyərli professor və müəyyən sahələrdə öz sözünü demiş ekspertlərdən mühazirə dinləmək şansı əldə etdim. Ancaq istədiyim səviyyədə təhsilə sahib olmaq üçün bunun kifayət etmədiyini və daha artığını əldə etməli olduğunu düşünürdüm. Bu düşüncəm xaricdə təhsil almağım üçün bir növ lokomotiv rolunu oynadı. Əlbəttə, bunu da qeyd etməliyəm ki, istədiyim səviyyədə təhsilə sahib olmaq üçün bir neçə il kifayət etmir. Fikrimcə, bu, insanın ömrünün sonuna qədər davam etdirməli olduğu bir prosesdir. Necə ki, Peyğəmbərimiz də buyurub: “Beşikdən məzara qədər elm öyrənin”. Bu kəlamın doğruluğunu və elmin sərhəd və ölçü tanımadığını uzaq diyar Finlandiyada daha yaxşı başa düşürəm.
-Xaricdə təhsil sizə əlavə nə verib?
- Bir il ərzində iki müxtəlif ölkənin təhsil sistemindən bəhrələndiyim və fərqli mədəniyyətlərlə tanış olduğum üçün özümü şanslı hiss edirəm. Bildiyiniz kimi, bu gün də qızlar xaricdə təhsil almaq istəyərkən bir sıra stereotiplər və ailə tərəfindən problemlərlə qarşılaşırlar. Bundan fərqli olaraq, xaricdə təhsil almaq üçün atdığım hər bir addımda ən böyük dəstəkçim ailəm olub və buna görə də onlara daim minnətdaram.
Hələ xaricdəki təhsilimin birinci ilində olmağıma baxmayaraq, artıq bir sıra müsbət nəticələr əldə etdiyimi düşünürəm. Öz sahəmdə daha da ixtisaslaşmaqla yanaşı, dil öyrənməyə olan marağımdan irəli gələrək, bir sıra xarici dil dərslərində də iştirak edirəm. Birillik təcrübə mənə onu göstərdi ki, multikulturalizm, gender bərabərliyi kimi mövzular haqqında fikir bildirmək qabiliyyətinə malik olmadan bir Avropa gənci ilə diskussiyaya qoşulmaq və fikir mübadiləsi aparmaq mümkün deyil. Bunu müşahidə etməyim bu mövzulara olan marağımın daha da artmasına və ixtisas fənləri ilə yanaşı, qeyd etdiyim mövzularla bağlı fənləri seçməyimə səbəb oldu. Bununla yanaşı, xaricdə təhsil müstəqil şəkildə problemi aradan qaldırmaq bacarığını əldə etməyimə və yeni əhatə dairəsi tanımağıma öz təsirini göstərdi. Həmçinin xaricdə təhsil almaq Avropanın bir sıra ölkələrində təcrübə qazanmaq şansı da verir. Belə ki, Budapeşt və Praqadakı tədqiqat mərkəzlərində çalışmaqla bağlı artıq təkliflər almışam. İxtisasım üzrə təcrübi bilikləri artırmağımda böyük rol oynaya biləcək bu təklifləri növbəti ildə dəyərləndirməyi nəzərdə tuturam.
-Universiteti bitirdikdən sonra təhsilinizi davam etdirmək fikriniz varmı?
-Öncə də qeyd etdiyim kimi,
təhsil insanın ömrünün sonuna kimi üzərində işləməli olduğu
uzunmüddətli bir prosesdir. Bu baxımdan,
magistr təhsilimi başa vurduqdan sonra daha çox
təcrübə qazanmaq
üçün bir sıra aktual və Azərbaycanda bir o qədər də araşdırılmayan
məsələlərlə bağlı tədqiqat aparmağı planlaşdırıram.
Bu sahədə əldə edəcəyim
təcrübənin gələcəkdə
cəmiyyətə daha
çox xeyir verəcəyini və həmçinin doktorantura
mərhələsinə başlamağım
üçün bir zəmin olacağını
düşünürəm. Hal-hazırda isə
əsas qayəm mövcud olan fürsətlərdən maksimum
şəkildə istifadə
edib, harada olmağımdan asılı
olmayaraq, daim cəmiyyətimiz üçün
faydalı işlər
görməkdir.
-Bir gələcək diplomat kimi
Azərbaycanı hansı
ölkədə və
təkşilatda təmsil
etmək istərdiniz?
-Ölkəmizin tanınmasına
daha çox ehtiyac duyulan dövlətlərdə, orqan
və ya təşkilatlarda fəaliyyət
göstərmək istərdim.
Avropada yaşadığım bu müddət ərzində
müşahidə etdim
ki, Finlandiya ilə müqayisədə,
Litvada ölkəmiz haqqında daha çox məlumatlıdırlar.
Bu, əlbəttə ki, Litvada fəaliyyət
göstərən səfirliyimizin
Azərbaycanın tanınması
ilə bağlı həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Zənnimcə,
Finlandiyada Azərbaycanın
daha az
tanınması səfirliyimizin
olmaması və burada təhsil alan tələbələrin
az olması ilə bağlıdır.
Finlərin dünyanın ən
yaxşı təhsil
sisteminə sahib olmalarına
baxmayaraq, Azərbaycan
haqqında cüzi məlumata belə, malik olmamaları ilə qarşılaşmağım
məni bir vətəndaş kimi məyus edir. Məhz bu səbəbdən,
Finlandiya və bu kimi dövlətlərdə
ölkəmizin zəngin
mədəni irsini, adət-ənənələrini təbliğ etmək, Azərbaycanın haqq səsinin çatdırılmasına
ehtiyac duyulan orqan və beynəlxalq
təşkilatlarda ölkəmizin
milli mənafeyini müdafiə etmək, bir sözlə, Azərbaycanı müsbət
şəkildə təmsil
etmək vətəndaşlıq
borcumdan əlavə, həm də gələcəyin diplomatı
kimi əsas məqsədimdir.
-Gənclərin xaricdə təhsil alması ölkəmiz üçün hansı perspektiv vəd edir?
-Digər ölkələrdə əldə olunan elm və biliklərin gənc dövlətimizdə tətbiq olunması, əlbəttə ki, gec və ya tez öz müsbət nəticəsini göstərəcək. Ancaq bunun üçün əvvəlcə gənclərimizin ölkəyə qayıtdıqdan sonra öyrəndiklərini düzgün şəkildə istifadə etmələri üçün hər cür imkanlarla təmin olunmaları vacibdir. Bu imkanların ölkəmizdə mövcudluğu xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdıb fəaliyyət göstərməsində bir növ stimul rolunu oynaya bilər. Bunun nəticəsində, xaricdə təhsil almış mütəxəssislərin mövcudluğu yeni nəsli xaricdə təhsil almağa deyil, eyni təhsili öz ölkəmizdə əldə etməyə meyilləndirəcək. Bu da, təbii ki, xaricdə təhsil alan gənclərimizin fəaliyyəti ilə təhsil sistemində bir sıra dəyişikliklərin mərhələli şəkildə həyata keçirilməsinin nəticəsində mümkün ola bilər. Əlbəttə, Qərb təhsil sisteminin tam olaraq köçürülməsi deyil, müsbət tərəflərinin tətbiqi daha effektli nəticə verə bilər. Bununla yanaşı, xaricdə təhsil təkcə təhsil sistemində dəyişiklik deyil, eyni zamanda siyasi baxımdan ölkəmiz üçün perspektiv vəd edir. Buna görə də xaricdə təhsil alan hər bir tələbəyə Azərbaycanın kiçik bir lobbisi kimi baxmaq lazımdır. İnformasiya savaşında məğlub olmamaq və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün xaricdəki “kiçik lobbilərimizə” daim ehtiyac var.
-Öyrəndiyiniz
sahə ilə bağlı Azərbaycanda nə etmək istərdiniz?
-Universitetdə təhsil aldığım illərdə tez-tez rastlaşdığım problem bəzi sahələr üzrə ana dilimizdə olan kitabların çatışmazlığı, tərcümə olunan kitabların anlaşıqlı olmaması və müxtəlif dillərdən etdiyimiz tərcümələrin isə vaxt itkisinə səbəb olması idi. Buna görə də Azərbaycana qayıtdıqdan sonra elmi fəaliyyətimi davam etdirib öz dilimizdə olan nəşrlərin sayının artmasında bir rol oynamaq və məzunu olduğum Bakı Dövlət Universitetində bir müddət işləyib əldə etdiyim təcrübəni digər gənclərlə bölüşmək istərdim. Eyni zamanda elmi fəaliyyətlə yanaşı, ixtisasımla bağlı digər sahələrdə də çalışmağı planlaşdırıram.
- Azərbaycan həqiqətlərinin
yayılması istiqamətində hansı işlər görürsünüz?
-Gördüyüm qədərilə, burada təhsil alan digər beynəlxalq tələbələrin əksəriyyətinin müxtəlif erməni lobbisinin təsiri altında yazılmış və əsl həqiqətlərin təhrif olunduğu ədəbiyyatlardan istifadə etmələri onların səhv məlumatlanmasına səbəb olub. Məqsədimiz onları bir araya gətirib, erməni vəhşilikləri haqqında həqiqətləri çatdırmaqdır. Bundan başqa, lobbiçilik fəaliyyətimizi universitetdən kənar digər yerlərdə də həyata keçirməyi düşünürük. Bildiyimiz kimi, ölkənin mədəniyyətinin və tarixinin tanıdılmasının effektiv vasitələrindən biri yerli məktəblərdə ölkənin təbliğatına yer verməkdir. Bununla bağlı olaraq, növbəti həftələrdə Beynəlxalq Tələbə Təşkilatının yerli məktəblərdə təşkil etdiyi mədəniyyət günlərində iştirak edib, öz tariximiz və zəngin mədəniyyətimiz ilə bağlı olan məlumatları çatdırmaq və dilimizə olan marağın yaranmasına kömək olacaq təqdimatların keçirilməsini nəzərdə tuturuq. Bundan əlavə, mədəniyyətimizin geniş kütləyə çatdırılması üçün mədəni irsimizin ən gözəl nümunələrindən biri olan və adət-ənənələrimizin təcəssüm olunduğu Novruz festivalını beynəlxalq tələbələrlə birgə qeyd etməyi planlaşdırırıq.
Ümid edirəm ki, görəcəyimiz hər bir işdə ölkəmizin tanıdılması üçün müəyyən qədər müsbət nəticə əldə etmiş olacağıq.
Fuad Hüseynzadə
Palitra.-2015.-26 fevral.-S.11.