Qazanılmış etimad - Tarixin sınağı: “Bakı-2015” I Avropa Oyunları

 

Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur.”

Cənab Prezident İlham Əliyevin bu təbrik nitqini eşidəndə sevincimin həddi–hüdudu ölçüyə gəlməzdi. Bu, uşaqlıqda müxtəlif ölkələrdə keçirilən Olimpiya Oyunlarına baxarkən arzuladığım “belə bir Oyunlar bizim ölkəmizdə də keçirilsinarzumun çin olacağı xəbəri idi.

Qeyd edim ki, 2012-ci il dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu Oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edilib. Bəli artıq növbə bizimdir!

Azərbaycan bu etimada, bu diqqətə layiq bir ölkəyə çevrilib. Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar I Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasını şərtləndirən başlıca faktorlar idi. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatdı və respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşdı. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazandılar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu Olimpiadada Azərbaycan komandası 10-cu pillədə qərarlaşdı ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləri idi. Vurğulamaq yerinə düşər ki, ölkəmizin idmançıları və idman təsərrüfatı məhz 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinin dəyişməsindən sonra MOK-un yeni Prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də, bu sahədə müasir infrastruktur qurulmasına start verilib. Ölkənin idman təsərrüfatının yenilənməsi ilə bağlı iki istiqamət müəyyənləşdirilmişdi. Bunlardan biri mövcud idman qurğularının müasir dünya standartları səviyyəsində yenidən qurulması, digəri isə yeni idman obyektlərinin inşa edilməsi idi. 1997-ci ildən bəri hər iki istiqamətdə böyük həcmli layihələr reallaşdırılıb. Ölkəmizdəki mövcud imkanlar istənilən səviyyəli beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə imkan verir. 2015-ci il iyun ayının 12-dən 28-nə kimi keçiriləcək bu mötəbər idman bayramı Avropa tarixinə Azərbaycan adı ilə yazıldı. Bu hadisənin əvəzedilməz əhəmiyyətini diqqətə çatdırmaq üçün bir müqayisəni nəzərinizə çatdırmaq istəyirəm. Əgər bu gün soruşulsa ki, “ilk Olimpiya Oyunları harada keçirilib?” uşaqdan-böyüyə təbii ki, “Yunanıstanda – Afinada” deyə cavab verərik. Baxmayaraq ki, min illər əvvələ təsadüf edən bir hadisədən söhbət gedir. İndi isə təsəvvür edin ki, yüz illər sonra, min illər sonra sual veriləndə “ilk Avropa Oyunları harada keçirilib?”, “Azərbaycanda - Bakıda” deyə cavab veriləcək. Dünyanın müxtəlif yerlərində, ölkələrdə, müxtəlif millətlərin dilindən “Azərbaycan, Bakı” sözləri eşidiləcək. Əsrlər keçəndən sonra da Azərbaycan adı Avropanın idman tarixində səslənəcək. Bəlkə də ölkəmizin adını unudulmayacaq tarixə yazmaq üçün illərlə çalışıb nail ola bilməzdik. Gəl ki, dövlətin gücü, Prezident İlham Əliyevin iradəsi və strateji qərarı ilə buna cəmi 16 gün ərzində nail olduq. Zaman, əsr, texnologiya, Avropa Oyunlarının məkanı dəyişəcək, amma ilk Oyunların təşkilatçısı, həmin Oyunlara ev sahibliyi edən Azərbaycanın birinciliyi dəyişməyəcək. Yaşından, dinindən, irqindən, siyasi mövqeyindən, ölkəmizə sevgisindən asılı olmayaraq, dünyanın idman arenasında hər kəsin yadında Azərbaycan ilk Avropa Oyunlarının təşkilatçısı kimi qalacaq. Budur fəxr edəcəyimiz an, şərəf duyacağımız məqam!

Digər tərəfdən, bildirmək istərdim ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm siyasi əhəmiyyəti var. Belə ki, dünya və qitə miqyaslı mötəbər idman tədbirlərinin hər-hansı ölkədə keçirilməsinə qərar verilərkən, mütləq həmin ölkənin siyasi, ictimai, sosial, mədəni və digər sahələrindəki vəziyyəti araşdırılır. Bu baxımdan, yarışların Azərbaycanda keçirilməsi bir daha ölkəmizin müasir, demokratik və təhlükəsiz bir ölkə olduğunu təsdiqlədi.

Hazırda isə “Bakı- 2015” ilk Avropa Oyunları sona çatıb və artıq paytaxtımız növbəti beynəlxalq idman tədbirlərinə hazırlaşmağa başlayır. Dünyanın nəhəng dövlətləri belə möhtəşəm oyunların təşkilinə uzun illər hazırlıq vaxtı istəyirlər. Azərbaycanda isə hazırlıq işləri qısa zamanda elə sürətlə aparıldı ki, bütün dünya buna heyranlığını gizlədə bilmədi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki hazırlıq işləri ilə tanış olduqdan sonra aprelin 26-da Avropa Oyunlarının məşəlinin alovlandırıldığı tədbirdə deyib: “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini verib, işə tam sadiqliyini nümayiş etdirib”. O, hətta bildirib ki, bu hazırlıqların vaxtından tez başa vurmaqla Azərbaycan bir rekorda imza atmış oldu.

Artıq yarım əsrdən də çox tarixi olan Asiya, Panamerika Oyunlarından fərqli olaraq, zəngin idman ənənələri ilə fəxr edə biləcək qitəmizdə Avropa Oyunları həyata yenicə vəsiqə alır və məhz bu səbəbdən onun təşkili hüququnun idman ölkəsi kimi nümunə göstərilən, həyatın bütün sahələrində sürətli inkişaf sayəsində qitəmizin hüdudlarından kənarda da adı böyük hörmətlə çəkilən Azərbaycan Respublikasına verilməsi bizim üçün ikiqat əlamətdar hadisədir. Təsadüfi deyil ki, ölkəmizin vətəndaşları Bakıya göstərilən yüksək etimada görə qürur hissi duyurlar. Başqa cür ola da bilməz. Bakıda Avropa Oyunları on yeddi gün davam etdi, 20 növ üzrə yarışlarda medallar uğrunda kəskin rəqabət aparan 6 mindən çox iştirakçıda, onların məşqçilərində, müxtəlif beynəlxalq idman federasiyalarının rəhbərlərində, fəxri qonaqlarda Vətənimiz, onun qədim tarixi, zəngin ənənələri, təbii sərvətləri, qonaqpərvərliyi, Azərbaycanda Olimpiya dəyərlərinin təşviqi üçün görülən böyük işlər, dostluq, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət etməsi üçün həyata keçirilən tədbirlər haqqında təəssüratı daha da artırdı. Avropa Oyunları kimi çox məsul yarışda əsas məqsəd ən güclülərin müəyyənləşdirilməsi ilə yanaşı, xalqlar arasında əməkdaşlığın daha da inkişaf etdirilib möhkəmləndirilməsi, sülh və əmin-amanlığın təşviqi oldu. Xatırladım ki, bu həm də bir dostluq və sülhə çağırış tədbiri idi.

Bildiyimiz kimi, respublikamız idmanın ayrı-ayrı sahələrinə aid müxtəlif dünyaAvropa çempionatlarına ev sahibliyi edib. Artıq Olimpiya Oyunları səviyyəsində bir yarışlara ev sahibliyi etmək xüsusi məharət tələb edir. Gərək ki, ölkənin bütün ictimaiyyəti gücünü bir yerə qoysun, Oyunlara öz töhfəsini versin. Eyni zamanda, hesab edirəm ki, “Bakı-2015” ilk Avropa Oyunları ölkənin bütün sahələrinə öz müsbət təsirini verəcək. Qeyd edə bilərəm ki, sözügedən Oyunların təşkili üçün 20 min nəfərə yaxın könüllü cəlb olunmuşdu. Bu, böyük təcrübə deməkdir. Qurulmuş sistemdə işləmək, düzgün məlumat mübadiləsinin aparılması, əcnəbilərlə ünsiyyət, dil biliklərinin artırılması və s. kimi vacib vərdişlər məhz könüllülərimizin qazanacağı əsas əhəmiyyətli biliklər olacaq. Eyni zamanda bu bilik və bacarıqlar gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi edəcəyimiz təqdirdə çox vacib baza rolunu oynamış olacaq.

Bildiyimiz kimi, ölkəmiz yalnız regionda deyil, dünyada idman ölkəsi kimi tanınır. Demək olar ki, bütün rayon və şəhərlərdə olimpiya-idman kompleksləri inşa olunub, istifadəyə verilib. İdmanın müxtəlif sahələri gənclərimiz arasında geniş vüsət alır. Məhz məlum Oyunlar bitibbundan sonra bu proses daha sürətlə inkişaf edəcək, bu isə öz növbəsinə sağlam gələcək nəslimizin təmin olunmasına gətirib çıxaracaq.

Qısası, bu yarışlarda uduzan olmadı, dostluq qalib gəldi, mükafatçılarla yanaşı məğlublar da Avropa Oyunları kimi böyük bayramın iştirakçısı olmaları ilə qürur duydular.

 

Şəmsi Gülverdi |

 “Bakı-2015” I Avropa Oyunları Açılış Bağlanış Mərasimləri koordinatoru

 Palitra $g 2015.- 3 iyul.- S.7.