Yeni dövrün
qəhrəmanları- könüllülər
Mənəfli Fatimə: “Bakı-2015” “könüllülər ailəsi” öz işinin öhdəsindən layiqincə gəldi”
Səməndərlı Şəhla: “İllər sonra Avropa Oyunları dəfələrlə təşkil olunan zaman fəxrlə ilk tədbirin bir parçası olduğumuzu deyəcəyik”
Murad Zülfüqarlı: “Könüllülük bizdə özünəinamı artırdı və bizə dəyərli təcrübə qazandırdı”
Avropa Oyunlarının başa çatmasından bir həftə keçsə də, hələ də bu böyük idman tədbiri nəinki ölkə mətbuatının, dünya mediasının da gündəmindədir. Bu dəfə bir qədər “Bakı-2015”lə bağlı fərqli bir müsahibə edərək Oyunlar müddətində arxa planda qalan əsas qəhrəmanlarımızla söhbət aparacağıq. Bunlar “Bakı-2015” ilk Avropa Oyunları açılış və bağlanış mərasimlərinin könüllüləridir.
Mənəfli Fatimə Fərhad qızı öz təəssüratlarını bizimlə bölüşərək dedi: “Nəzərə alsaq ki, çox gənc ölkəyik, ilk Avropa Oyunları kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ölkənin dünyada və regionda yerini daha da möhkəmlədib inkişaf etdirəcək. Bu inkişaf təbii ki, gənclərə də öz təsirini göstərir. Bir gənc üçün mədəniyyət mübadiləsi, iş təcrübəsi və xarici dil bacarıqlarının inkişafından daha artıq qazanc nə ola bilər ki? Bütün bunları Avropa Oyunları çərçivəsində əldə edə bildik.
-Könüllülük fəaliyyəti haqqında da söz açardınız. Çətin deyildi ki? “Üzərinizə düşən işin - vəzifələrinizin öhdəsindən uğurla gəldiniz” deyə bilərikmi?
-İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan öz işini federasiyalar, işçi heyət və könüllülərlə əməkdaşlıq çərçivəsində qurdu. Könüllülük fəaliyyəti kənardan çox sadə səslənə və görünə bilər, amma həqiqətən çox məsuliyyətli və çətin fəaliyyətdir. Təsəvvür edin ki, 17 günlük qısa bir zaman çərçivəsində bütün Avropanın, hətta dünyanın diqqət mərkəzindəsiniz və işinizi elə qurmalısınız ki, ən kiçik bir səhv belə olmamalıdır. Bu işdə, uğurlu təşkilatçılıqda könüllülərin rolu əvəzedilməz oldu. Mənə elə gəlir ki, “Bakı-2015” “könüllülər ailəsi” öz işinin öhdəsindən layiqincə gəldi. Çünki biz birlikdə güclüyük.
-Maraqlıdır, hansı yaddaqalan hadisələrlə üzləşdiniz?
-Mənim fəaliyyət göstərdiyim sahə Mərasimlər Komandası olduğuna görə, Avropa Oyunlarının bədii hissəsi bizim öhdəmizə düşürdü. Deyərdim ki, açılış və bağlanış mərasiminə hazırlıq mərhələsi çoxlu maraqlı hadisələrlə yadda qaldı. Xüsusən də xarici xoreoqrafların Azərbaycan dilində verdiyi təlimatlar çox gülməli səslənirdi. Axı onlar dilimizi yaxşı bilmirdilər. Uzun davam edən məşqlər, yorğun saatlar keçirsək də açılış mərasimi anbaan göz önündədir. Möhtəşəm açılış mərasimi ilə dünyaya möcüzəni nümayiş etdirdik. Bir könüllü kimi o gecə keçirdiyim sevinc, həyəcan, qürur hissini heç bir zaman unutmayacağam.
-Necə düşünürsünüz, könüllülük fəaliyyətiniz gələcəkdə sizin ictimai aktivliyinizə təkan olacaqmı?
-Mənə elə gəlir ki, könüllülük fəaliyyəti biz gənclər üçün gələcəyə açılan bir pəncərədir. Müasir dövrdə gənclərin ictimai aktivliyi çox vacib faktorlardan biridir və Azərbaycanda gənclərin inkişafına, sosiallaşmasına yetərincə diqqət ayrılır. Avropa Oyunlarındakı könüllülük fəaliyyətimiz biz gənclərin Avropaya inteqrasiyasına, inkişafına, dövlətin ayrılmaz bir hissəsi olmasına təkan verir. İrəlidə ölkəmizin ev sahibliyi edəcəyi bir çox irimiqyaslı layihələr olacaq və gənclər mütləq o tədbirlərdə könüllü kimi fəaliyyət göstərməli, ölkənin gənclər üçün yaratdığı şəraitdən faydalanmalıdırlar.
Açılış və bağlanış mərasimlərinin könüllülər komandasında yer alan daha bir aktiv gəncimiz isə Səməndərlı Şəhla İnqilab qızıdır. O da düşünür ki, könüllülük fəaliyyəti gələcəkdə gənclərin aktivliyi və cəmiyyətə aktiv inteqrasiya olmaları üçün stimul oldu: “Avropa oyunları çox böyük və möhtəşəm bir tədbir idi. Bu Oyunların ilk dəfə Azərbaycanda keçirilməsi isə ayrı bir qürurverici hiss idi. Elə indi de bundan qürur hissi keçiririk. İnkişafda olan ölkəmiz Avropa Oyunlarını ən yaxşı şəkildə həyata keçirdi. Bizim zəngin təbiətimiz, mədəniyyətimiz var, bir sözlə, qədim Azərbaycan artıq turistlərin marağına səbəb olub. Misal üçün mərasim könüllüsü olaraq deyə bilərəm ki, ilk açılış günündən tarixi atribut və əsərlərimizlə, Nizamimiz, xalçalarımız, narımız, Qobustanımız, "Sarı gəlin"imizlə bütün dünyanın marağına səbəb olmuşuq. Bu qədər tarixi bir yerə yığıb, necə bir sehrli şou düzəldildiyini hər kəs maraqla və təəccüblə izlədi. Belə tədbirlər ölkəmizə turist axınının çoxalmasına səbəb olacaq və deyərdim ki, bu kimi beynəlxalq idman tədbirləri iqtisadiyyata da yararlı olur. Oyunlara gəldikdə isə artıq Azərbaycan 14-ü qızıl, 11-i gümüş, 14-ü bürünc olmaqla, 39 medal qazandı və idmançılarımız tarix yazdılar. Avropa ölkələri arasında 2-ci yeri tutmaq fantastik bir göstərici idi. Bu, bizim xalqın ümumi bir uğurudur. Ümid edirəm, belə uğurlarımızın ardı-arası kəsilməz.
–Bəs siz necə oldu ki, könüllü kimi fəaliyyət göstərmək qərarına gəldiniz?
-Könüllülük fəaliyyəti haqqında ilk dəfə təhsil aldığım yerdən məlumat aldım. Düzünü desəm, heç tərəddüd etmədən könüllü olmağı qərara aldım. Çünki ölkəm üçün bunu etmək məni çox sevindirirdi. Bu fəaliyyət çox maraqlı və gənclərin özlərinə nələrsə qata bildiyi, təcrübələrlə dolu fəaliyyətdir. Ümumilikdə müxtəlif sahələrdə minlərlə könüllü fəaliyyət göstərirdi. Mən özüm mərasim könüllüsü olmağı qərara aldım. Qeydiyyatdan keçmək üçün getdiyim yerdə yüzlərlə gənc var idi. Yoxlanış kastinqindən keçdik, uğurlu alındı. Beləcə, hər kəs artıq səbirsizliklə dəvət mesajını gözləyirdi. Dəvət də olundum. Hələ ilk gündən orada olan atmosfer çox xoşuma gəldi. Burada yaxşı insanlar tanıdım, dostluqlar qurdum. Biz bir ailə kimi idik və əllərimizi birləşdirərək bu işin öhdəsindən layiqincə gəlməyə söz verdik. Əslində işimizin heç bir çətinliyi yox idi, sadəcə yay ayları olduğu üçün hava çox isti idi, bəzən olurdu, məşqlərimiz uzun çəkirdi. Amma hər kəs necə məsuliyyətli bir iş gördüyünün fərqinə varırdı.
-Sizin üçün yaddaqalan hansı məqamlar, olaylar oldu?
-Düzünü desəm,
maraqlı və yaddaqalan hadisələr çox oldu. Danışmaqla bitməz. Mərasim
könüllüsü olaraq
bilirdim ki, gördüyümüz iş
çox maraqlıdır.
Mən və tapdığım yeni dostlar bu
günlər üçün
çox darıxacağımızı
bilirik. Bu iki tədbirdə-açılış
və bağlanış
mərasimlərində iştirakçı
kimi fəaliyyət göstərmək mənim
üçün ən
yadda qalan hadisələrdən olacaq.
İllər sonra Avropa Oyunları dəfələrlə
təşkil olunan zaman fəxrlə ilk tədbirin bir parçası olduğumuzu
deyəcəyik.
-Yəqin razılaşarsınız
ki, ictimai işlərdə aktiv fəaliyyət göstərməniz
üçün də
könüllülük fəaliyyətiniz
yaxşı təcrübə
oldu...
-Əlbəttə ki,
bu, mənim üçün yaxşı
bir təcrübədir. Düşünürəm ki, hər uğur
insanı yeni bir uğura aparır. Ölkəmizdə gənclərin hər
sahədə özünü
göstərməsi üçün
yetərincə şərait
yaradılıb. Təhsil
müəssisələrində ATGTİ, debat klublar, departamentlər bir daha sübut edir ki, ölkədə
gənclər karyera qurmaq üçün ilk addımlarını bu orqanlardan atırlar. Müxtəlif seminarlar təşkil
olunur ki, bunların da müsbət təsiri olur. Könüllülük
fəaliyyəti elə
bir sahədir ki, hər bir
gəncə özünün
nəyə qadir ola biləcəyini
görməsinə imkan
yaratdı. Bir növ hər
kəs özünü
kəşf etdi.
Bu, ölkədə gənclərə yaradılan
şəraitin ən yaxşı nümunələrindən
biri idi. Əminəm ki, heç kim
bu fəaliyyətə
qoşulduğu üçün
peşman deyil.
Daha bir mərasimlərin könüllüsü olan
gəncimiz Murad Zülfüqarlıdır ki,
o da hər şeyin yüksək səviyyədə təşkil
olunduğunu deyir: “Mən Avropa Oyunlarının Vətənimdə
keçirilməsini ilk gündən
müsbət qarşıladım
və uğurlu təşkilatçılığımız
da bizi qürurlandırdı.
Azərbaycanda Avropa Oyunlarının
keçirilməsi Azərbaycan
xalqı üçün
şərəfdir. Avropa Oyunları
Vətənimizi bütün
dünyaya tanıtdı.
Bu beynəlxalq idman tədbiri həm də Qonaqpərvər olmağımızı
və mədəniyyətimizin
zəngin olduğunu göstərdi. Könüllülük
fəaliyyətimə gəldikdə
isə şəxsən
mənim üçün
bu iş böyük təcrübə
oldu. Bu mərasimlərdə
bizdən çox şey asılı idi. Bunun üçün də biz məharətlə
çalışaraq Vətənimizi
yüksək səviyyədə
təmsil etdik. Deyərdim ki, bu bizdə
yaxşı da alındı. Könüllülüyə yazılmaq mənim
şəxsi təşəbbüsum
idi. Birincisi, bu, Bakıda
keçirilən ilk Avropa
Oyunları idi və burada iştirak etmək mənim üçün böyük şərəf
idi. İkincisi, düşünürəm ki, gələcəkdə
mən böyük Olimpiya tarixinin kiçik bir hissəsi olaraq qalacağam.
Onu da deyim ki, könüllülüyə
başlayanda məni peşəkar mütəxəssislər
qarşıladılar və
mən orada çoxlu dostlar qazandım. Ümid edirəm ki,
onlarla əlaqəmi davam edəcəyəm.
Ayrıca Şəmsi Gülverdı
və Aqşin Hüseyniyə təşəkkür
etmək istərdim.
Bu insanlar ən
çətin məqamlarda
yanımızda olublar
və bizi dəstəkləyiblər. Qısası, Azərbaycan
çox yüksək
səviyyədə Oyunlara
start verdi və bu, möhtəşəm və unudulmaz idi”.
Murad Zülfüqarlı deyir ki, könüllülükdə
qazandığı təcrübə
gündəlik həyatında
ona lazım olacaq: “Könüllülük
bizə- gənclərə,
özünəinamı artırdı
və bizə dəyərli təcrübə
qazandırdı. Azərbaycanda gənclər üçün
yaradılan yüksək
şəraiti də qeyd etmək istərdim. Gənclər Azərbaycanda həm
fiziki, həm də digər istiqamətlərdə inkişaf
etdirilirlər. Bunun ucun
bütün şəraitlər
yaradılıb.
“Bakı-2015”
ilk Avropa Oyunlarının
açılış və
bağlanış mərasimləri
komandasının əməkdaşı
Aqşin Hüseyni də üzərinə düşən işin öhdəsindən uğurla
gəldiyini düşünür:
“Bağlanış mərasimi
də gözlədiyimiz
kimi uğurlu alındı. Ümumiyyətlə, ilk Avropa Oyunları
bizlər üçün
böyük bir təcrübə oldu.
Ölkəmiz gələcəkdə də bu təcrübədən
istifadə edib, bu kimi tədbirləri
yüksək səviyyədə
həyata keçirəcək.
Bildiyimiz
qədərilə də
hazırda 2019-cu ildə
keçiriləcək ikinci
Avropa Oyunlarının
keçirilməsinə müraciətlərin
qəbulu davam edir. Bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Around The Rings ” saytına bildirib. Bunu yaxın zamanlarda
hamımız biləcəyik.
Mən bu işdə əməyi keçən hər kəsə, başda Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Oyunların Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyeva olmaqla, hər kəsə öz təşəkkürümü bildirirəm”.
Tural Tağıyev
Palitra.-2015.- 4 iyul.- S. 6.