Cemelli Kareri:“Təbrizi görməkdən ötrü ürəyim gedirdi

 

Səfəvilər dövrünə aid qiymətli mənbə

 

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri Səfəvilər dövləti ilə bağlıdır. Cemelli Karerinin “Səfərnamə” əsəri bu dövrü öyrənmək üçün qiymətli mənbə hesab olunur. Əsərin dilimizə tərcüməsindən əsas məqamları oxucuların diqqətinə çatdırırıq.

I fəsil.

İrəvana səfərin davamı

İnsanın böyük zəhmətlərə və məşəqqətlərə dözərək bir sıra mərhələlərdən keçdikdən sonra öz arzusuna nail olması zamanı ilkin dəqiqələrdə keçirdiyi ləzzət hissi onun çəkdiyi bütün ağrı və acıların əvəzini çıxarır və növbəti məqsəd və arzularına çatmaq üçün yolunu davam etdirməkdən ötrü ona güc və qüvvət bağışlayır. İran torpağına daxil olarkən mən də belə bir ruhi hal keçirdimmüvafiq hislər yaşadım. Elə sevinirdim ki, hətta qarşıma qoyduğum yol qeydlərindəki bəzi xatirələri unutmaqdan başqa, zehnimdə Osmanlı torpağındakı səfərimin son anlarındakı ağır dəqiqələrdən, eləcə də çətin keçilən və təhlükəli yollardan əsər-əlamət belə qalmamışdı. Bir neçə dəqiqədən sonra çapar xəbər verdi ki, İranın bu ərazilərində, adətən, yolkəsənlər yolçulara hücum edir, onların mallarını talan edirlər, ona görə də əllər tətikdə ehtiyatla hərəkət etmək lazımdır. Mən onun dediklərinə əməl etməklə qalmadım, həm də onun özünün də diqqətli olmasını istədim. Fikrim bu idi ki, bu təhlükəli məntəqədən tez-tələsik və sağ-salamat ötüb keçək. Biz yola düşdük, 10 mil getdikdən sonra kiçik çadırlarda yaşayan kürdlərlə rastlaşdıq. Bu çadırların ortasında ağacdan dirək olur. Bu dirək sanki çətirin oxudur və çadır onun ətrafında qurulur. Kürdlər çadır qurmaqdaonu sökməkdə qeyri-adi məharətə sahibdirlər. Burada hər ata görə yolçulardan bir quruş bac aldılar. İran sərhədində gömrük qaydaları, baqajın açılması və yolçuların yoxlanması adəti yoxdur. Ancaq hər bir yolçu öz imkanına və şəninə görə məmurlara bir hədiyyə bağışlayır. Yemək yedikdən və atları rahatladıqdan sonra 28 millik kələ-kötür çınqıl yolu keçib birinci İran kəndi Talene yetişdik. Bu kənddə də türk məntəqələrində olduğu kimi, sakinlərdən birinin evində yerləşdik. Kəndin əhalisi xurafata inanan insanlardır. Karvanımızda xəstə bir at var idi. Yerli cahil bir falçı onu müalicə etməyə başladı. O, su dolu bir vedrə götürdü, sonra mənasız sözlər söylədi, dua oxuduonu iynəyə üfürdü, iynəni vedrəyə atdı. Vedrədəki suyu atın dövrəsinə tökdü. Ancaq at falçının başına toplaşmış və onun hərəkətlərini heyran-heyran izləyən və ona valeh olan avam camaatın gözləri qarşısında can verdi. Kəndin əhalisinin nəqliyyat vasitəsi, yəqin ki, palanlı öküzlər idi. Əhali onlarla malları, xüsusən də bir mənzil uzaqlıqda yerləşən mədəndən duz daşıyırdılar.

Mən bu kənddə qəşəng bir gül gördüm. Onun şaxəsi təqribən beş barmaq uzunluqda idi və üzərində 6 gözəl gül yerləşirdi. Onlardan 3-ü , 3-ü isə bənövşəyi rəngdə idi. Onlar xüsusi papaq kimi şaxənin üstündə yerləşmişdi. Bu gül bir italyan şahzadəsi üçün çox böyük dəyərli hədiyyə ola bilərdi.

Həftənin IV günü, 27 may 1694-cü ildə Günəş doğarkən yola düşdük. 24 mil yol qət etdikdən sonra ermənilərin “Eçmiadzin”, yəni “Tək oğlan”, türklərin isə “Üç müəzzin” adlandırdıqları kilsə qəsrinə çatdıq.

Erivan (İrəvan) düzü çox məhsuldar bir məntəqədir. Xüsusən üzüm və müxtəlif meyvələr, düyü, cürbəcür tərəvəzlər, dənli bitkilər və taxıl yetişdirilir. Məhsuldarlıq Araz çayının, eləcə də çeşmə və bulaqların bol suyundan istifadə ilə bağlıdır. Bu suların bir hissəsi suvarmadan sonra yenidən Araz çayına axır. İrəvanda torpağı şumlayandan, arıtlayandan və suvarandan sonra üstündə bir nəfərin oturduğubaşqa güclü birisinin kəndirlə çəkdiyi taxtanın vasitəsi ilə hamarlayırlar. İqlim fərqinə görə İrəvanda taxıl biçimi Türkiyədə yerin şumlanması zamanı ilə üst-üstə düşür.

İrəvan şəhəri bir təpənin üzərində qədim bir şəhərin yerində salınmışdır. O, 64``20 dərəcə coğrafi endə və 42``15 dərəcə coğrafi uzunluqda yerləşir. Şəhərin ortasından Zəngu çayı axır. Şəhərin 1 mil uzunluğunda olan dövrəsi iki hasarla və xəndəklə əhatə edilmişdir. Çox gülməlidir ki, onun gil divarları və bürcləri top mərmilərindən və güllələrdən daha çox yağış və küləyin təsirinə məruz qalır. Evlər və karvansaraylar kimi, binalar və imarətlər də şəhərin divarları və bürclərindən daha yaxşı və möhkəm deyillər. Güclü bir yağış onların hamısının xarab olmasına yetər. Şəhərin böyük dəmir darvazaları vardır. Topxanası olmayan silahlı əsgərlər şəhəri qorumaqla mükəlləfdirlər.

İtalyan səyyahı Cemelli Karerinin “Səfərnamə” əsəri ölkəmizin Səfəvilər dövrünün sonlarındakı ümumi vəziyyətini şərh edən maraqlı və qiymətli sənədlərdən biridir. O, müəllifin səfər boyu Culfa, Təbriz, Qum, İsfahan, Şiraz, Bəndərləngəh şəhərləri, eləcə də yolüstü kənd və məntəqələrlə bağlı müşahidə və mütaliələrinin qeydlərini ehtiva edir.

Cemelli Kareri 1694-cü ildə Şah Hüseyn Səfəvinin hakimiyyəti zamanında İrana gəlmiş, Şah Hüseynin tacqoyma mərasimində iştirak etmiş, burada gördüklərini və eşitdiklərini istedadlı bir rəssam kimi kağız üzərinə köçürmüşdür. Xoşbəxtlikdən bu səfərnamə alim dostlarımız doktor Abbas Naxçıvani və Əbdüləli Karəngin himməti ilə fars dilinə tərcümə edilmişdir. Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İncəsənət Baş İdarəsi II Mədəniyyət və İncəsənət Bayramı çərçivəsində bu qiymətli tərcümə əsərinin nəşr edilməsini, onun İran incəsənəti, mədəniyyəti və tarixinə maraq göstərən həmvətənlərimizə təqdim edilməsini özü üçün iftixar hesab edir.

Təhmasib Dövlətşahi

Şərqi Azərbaycan vilayəti Mədəniyyət və İncəsənət Baş İdarəsinin rəisi

Şəhərin ortasında balaca bir bazar gözə dəyir. Zəngi çayının kənarında təntənəliXan sarayıadlanan bəzəkli imarət şəhərin gözəl tikililərindən sayılır.

Şənbə günü, 29 may 1694-cü ildə səhər tezdən zərbxanaya tamaşa etməyə getdim. Burada ancaq gümüş mis sikkələr hazırlanırdı. Deyilənlərə görə, qızıl sikkələr ancaq şahların taxta çıxmaları münasibəti ilə vurular, camaata, şahın yaxınlarına saray əhlinə bağışlanırmış. Sikkə belə vurulurdu: Əridilmiş filizi şümş halına gətirir, sonra çəkicin zərbi ilə onu list şəklinə salır və müəyyən ölçülərdə kəsir, ətraflarını bir-bir qavara (yeyə) ilə hamarlayır, daha sonra onun üzərinə lazımi yazı və rəsmi qəlib və çəkiclə həkk edirdilər.

Bazar günü gəzinti üçün 3 böyük bulağın olduğu körpüyə tərəf getdik. Körpünün üzərindən Xan sarayı görünür. Şəhərin gəliri 200 min ekudan (qızıl sikkə) çoxdur. Zəngi çayı öz axarını İrəvanın 90 milliyində yerləşən Göyçə gölündən götürür və şəhərin ortasından keçdikdən sonra Araz çayına tökülür.

Birinci gün şəhərin özündən 20 dəfə böyük bir ərazini əhətə edən şəhərətrafı məntəqələri gəzməyə getdim. Burada yaxşı bir bazar var idi. Bazarda çoxsaylı tacirlər, sənətkarlar və fəhlələr işləyirdilər. Şəhərin əhəmiyyətli bir hissəsi davamlı İran-Türkiyə müharibələri nəticəsində viranəyə çevrilməkdə idi.

Şəhərin bu hissəsinin ətrafları da 20 mildən artıq bir məsafədə gil divarlarla hasara alınmışdı. İrəvanın məhsulları müxtəlif şərablardan, ləzzətli meyvələrdən, Təbriz ağacından, sərv və söyüdlərdən ibarətdir. Əhalinin əsas məşğuliyyətindən biri də ipəkqurdu yetişdirməkdir. Baramaçılıq məhsulları çoxsaylı karvanlarla daxili vilayətlərə və xarici ölkələrə daşınır. Ancaq karvanlar məmurlara yol ənamından başqa bir şey ödəmədiklərinə görə bu məhsulların ixracatından vilayətin xəzinəsinə bir fayda olmur.

İrəvana gələndən sonra Təbrizə getmək üçün bir neçə at kiraladım. Hər bir atın kirayəsi 10 abbasidir (italyan pulu ilə 7 lirə 10 sul). Ancaq yolun təhlükəli olduğunu bildiyimə görə, özümə o tərəfə gedəcək bir neçə yol yoldaşı axtarırdım. Fikrim yola tək çıxmamaq onlarla birlikdə hərəkət etmək idi. Axırda gördüm ki, özümə kifayət qədər yol yoldaşı tapa bilmirəm kəsalət məni basır. Belə qərara gəldim ki, III gün 1694-cü il iyunin 2-də bir nəfər gürcü ilə Təbrizə tərəf yola çıxım. Ancaq mənə bunu məsləhət bilmədilər. Dedilər ki, Ərzurumdan karvan gəlir. O, Təbrizə gedəcək. Tərslikdən həmin karvan yolkəsənlərin qorxusudan yarıyolda qalmışdı. Mən qorxurdum ki, zaman gəlib keçə mən Təbrizi görə bilməyəm. Təbrizi görməkdən ötrü ürəyim gedirdi. Əlacsızlıqdan III IV günləri jezoitlərin qonağı oldum. V gün öyrəndim ki, bir qrup yolçu Naxçıvana tərəf getməyə hazırlaşır. Mən də əlavə olaraq aldığım daha 2 atla onlara qoşuldumbiz Təbrizə tərəf hərəkət etdik. Əslində İran yolları Türkiyə yolları ilə müqayisədə dəfələrlə təhlükəsizdir.

Bu fəsli bitirməmişdən qabaq onu əlavə edim ki, İrəvanda qaldığım müddətdə Ararat (Ağrı-tərcüməçi) dağı səhərlər uzaqdan sonsuz dərəcədə saf, gözəl və əzəmətli görünürdü. Ancaq axşamlar Günəşin parıltısı ilə sulu çöllər və dağlardan duman yüksəlir və Ararat dağını bürüyürdü. Ararat dağı Qafqazın Toros zirvəsindən dəfələrlə ucadır. Bu regionda daima qeyri-adi bir soyuqluq olur. 1670-ci ildə Ararat dağındakı bir monastrdakı rahibi müalicə etmək üçün bura gələn hollandiyalı həkim yazır ki, onun dağın aşağısından monastrın yerləşdiyi hissəsinə qədər yolu qət etməsi üçün 7 gün lazım gəlmişdir. Hollandiyalı həkim hər gün təqribən 15 mil yol getmişdir. O, soyuqdan bəhs edərək yazır ki, yay fəsli olmasına baxmayaraq, mən və yoldaşlarım bir neçə dəfə az qalmışdı ki, soyuqdan tələf olaq. 20 il dağdakı monastrda yaşamış xəstə rahibin dilindən danışan hollandiyalı həkim yazır ki, Araratın yuxarı hissəsində, dağın ətəyində Nuh gəmisinin qalıqları qalmaqdadır. O hissədə qar, yağış, külək olmadığından, mülayim iqlim mövcuddur. Həm bu səbəbdən və həm də bura insan ayağı təsadüfən dəydiyindən gəminin qalıqları yaxşı qalmışdır. Ümumiyyətlə, bu ərazi dünyanın behiştidir.

Bir məsələ də mənə aydın oldu ki, ermənilər bu dağaMezezuzar”, yəni Gəmi dağı, iranlılar və türklər isə Ağrı dağı deyirlər. Bu dağın ətəkləri monastr və məbədlərlə doludur. Onlar dünya rahibləri və tərki-dünyaların məskənidir. Monastr və məbədlərin sakinləri soyuqdan və kifayət qədər yanacağın olmamasından əziyyət çəkirlər.

 

(Ardı var)

 

Tərcüməçi: Şəmsi Pənahoğlu

AMEA Şərqşünaslıq İnstitutu

Palitra $g 2015.- 4 iyul.- S. 7.