“Opera sənətindən
ayrı qala bilmirəm”
Afaq Abbasova: “Əsas
odur ki, səsini və istedadını nümayiş
etdirməyi bacarasan”
Müsahibimiz Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti, Respublikanın Əməkdar
artisti, Prezident təqaüdçüsü Afaq
Abbasovadır.
- Afaq xanım, operaya gəlişinizi necə xatırlayırsınız?
- Operaya gəlişim yaddaşdan silinməz bir andır. O günü xatırlamamaq,
yaddan çıxarmaq
qeyri-mümkündür. Ali
təhsilimi Bakı Musiqi Akademiyasında almışam. Professor Fidan Qasımovanın sinfini, rejissorluq üzrə respublikanın
birinci xanım rejissoru professor Gülcahan
Güləhmədovanın sinfini bitirdim. Mən təhsil aldığım
illərdə Azərbaycan
Dövlət Opera və
Balet Teatrına tez-tez tamaşalar izləməyə gedirdim.
Bir gün “Toska” tamaşasını izlədim.
Həmin
tamaşada Toska çox təsirləndirici
obrazdır. Bu obrazı izlədiyim zaman düşündüm
ki, mən də özümü bu səhnədə sınaya bilərəm.
Müəllimlərim mənə hər
zaman “Sən səhnə üçün
yaranmısan” deyərdilər.
Mən bir gün qərara
gəldim ki, səhnədə özümü
sınayım və Azərbaycan Dövlət
Opera və Balet Teatrının rəhbərliyinə
yaxınlaşdım. Teatrın rəhbəri Akif Məlikova ömür boyu minnətdaram ki, mənə bütün imkanları yaratdı. Akif müəllim baş
dirijor Cavanşir müəllimlə və truppa müdiri Tamara xanımla birgə məni dinlədilər.
Dinləmədən sonra mənə
partiya verdilər.
İlk rolum Cüzeppe Verdinin “Traviata” operasından Violetta baş rolu oldu.
Təbii
ki, mən bu tamaşaya həm vokal, həm rejissor işləri baxımından
çox hazırlaşdım.
Bu işdə də müəllimim Gülcahan Güləhmədovaya
minnətdaram ki, o obrazı yaşamağa mənə kömək etdi. Onun mənim üzərimdə
olan zəhməti danılmazdı. Teatrda
ilk rolum olmasına və yaşımın az olmasına
baxmayaraq, ilk tamaşam
çox uğurlu səviyyədə keçdi.
Baxmayaraq
ki, çox həyəcanlı idim,
ilk tamaşamı çox
uğurla ifa etdim. Uğurlu ifamdan sonra teatrın rəhbəri məni teatra solist kimi qəbul
etdi. Bununla da teatrda böyük rollar oynamağa başladım.
- Tərəf-müqabilləriniz haqqında nə deyə bilərsiniz?
- İlk tərəf
müqabillərim opera teatrının
solistləri olublar. Daha sonra
isə Moskvanın Böyük Teatrının
solistləri, Ukrayna,
Belarus opera teatrlarının solistləri ilə bir səhnəni paylaşmışam. İştirak etdiyim tamaşalarda respublikamızın, həmçinin
Rusiyanın, Almaniyanın
və digər ölkələrin görkəmli
dirijorları məni müşayiət ediblər.
- Opera sənəti sizi nə ilə cəzb etdi ki, siz bu
sənəti seçdiniz?
- Opera sənəti musiqinin ən sintetik janrıdır. Xor, solist ifası,
orkestr, rəqs bir yerdə cəmlənərək çətin,
maraqlı bir janrı yaradır. Düşünürəm ki, opera cəlb
etməyi tələb
etmir. O, gərək
insanın daxilində
olsun. Operaya meyillilik, operanı sevmək insanın iç dünyasına aid
olan bağlılıqdır.
Mənim
uşaqlıqdan operaya
çox marağım
olub. Mən kiçik yaşlarımda
müəlliməm Fidan
Qasımovanı efirdən
izləyib-dinləyəndə səsinə heyran olurdum. Həmişə
düşünürdüm ki, o səs insanda necə ola bilər?
Opera ifaçıları belə, mənə maraqlı gəlirdi.
Mən operanı sevirəm.
Sizin dediyiniz kimi, sanki burada bir
cazibə var idi ki, mən
bu gün opera sənətindən ayrı
qala bilmirəm.
Təbii ki, hər kəsin
öz dövrü
var. Zaman dəyişir. Təbii ki,
məndən qabaq çox möhtəşəm
ifaçılar olub və məndən sonra da olacaq.
Amma hər şeyin öz vaxtı var. Mən də operanı sevirəm və çalışıram
ki, bu sənətdə
öz sözümü
deyə bilim. Yaxşı
opera ifaçısı kimi
özümü göstərə
bilim.
- İfa etdiyiniz rollarda özünüzə
xas xüsusiyyətləri
görürsünüzmü?
- Bəli. İfa etdiyim müəyyən
rollarda bəzi xüsusiyyətlərimi görürəm.
Amma tam deməzdim. Bilirsiniz ki, hər
opera fərqlidir. Hər bir
rolun da öz xarakteri var. Çalışıram ki,
ifalarımda da fərqliliyi göstərim.
İfa etdiyim rollar da bir-birinə bənzəməsin. Adətən qadınların həyatı
bir-birinə oxşar olur. Amma fərqli oxşarlıqdır.
Bu fərqli oxşarlığı
da bənzətməmək
şərtilə fərdi
yaratmaq, yanaşmaq lazımdır.
Hər rolda öz xarakterimi
çox az
məqamda görə
bilirəm. Amma tam deməzdim ki,
bütünlüklə xarakterimi
görürəm.
- Sizin “Payatsi” operasında ifa etdiyiniz Nedda qadın obrazını canlandırdığınızı izlədim. Nedda kimi qadının
xüsusiyyətləri haqqında
hansı düşüncədəsiniz?
- Rol elə bir
aləmdir ki, gərək onu qavraya biləsən. Aktyor ifa edəcəyi
obrazın xasiyyətini,
xüsusiyyətini, kimliyini,
tamaşa zamanı rolun iç dünyasını anlayıb
dərk etməlidir. Obraz var ki, ikilidir.
Bunu göstərə bilmək
lazımdır. Əsas odur
ki, bunu yaşayasan. Aktyor da
tamaşaçıya bunu
çatdırmalıdır.
Məhz “Payatsi” operasındakı Nedda da əslində
bədbəxt bir qadın obrazıdır. O, hər
kəsi əyləndirir
və güldürürdü.
Lakin içində bədbəxt
insan yaşadırdı.
Bu obrazda da
mən ikili xarakteri canlandırdım.
Mən dramatik rolları çox sevirəm. Nedda da məhz bu
rollardan biridir.
- Necə düşünürsünüz,
dünya arenasına çıxdığınız zaman dünya klassiklərindən ifa etmək uğur gətirər, yoxsa milli klassiklərimizdən?
- İstər milli
operalardan, istərsə
də dünya klassiklərindən uğurlu
çıxış, sözsüz
ki, ifaçıdan asılıdır. Şərt deyil ki, milli, yaxud dünya
klassiklərindən ifa
edəsən. Bütün dünyada
musiqinin dili yoxdur. Hansı dildə oxusan,
hər kəs onu qavrayacaq. Bizim bəstəkarlarımızdan Üzeyir
Hacıbəyli, Fikrət
Əmirov elə operalar yazıblar ki, dünya operaları ilə eyni səviyyədədir.
Məsələn, Fikrət Əmirovun
“Sevil” operasının
adını qeyd edə bilərəm.
Bu, elə möhtəşəm
bir opera və möhtəşəm musiqidir
ki, dünyanın böyük bəstəkarlarının
əsərləri ilə
müqayisə etmək
olar. Düşünürəm ki, dünya
arenasında fərq etmir, hansı əsəri və kimin əsərini ifa edirsən. Əsas odur ki, səsini
və istedadını
nümayiş etdirməyi
bacarasan.
- Azərbaycan opera səhnəsində
arzu etdiyiniz rol varmı?
- Məndə elə bir xasiyyət var ki, arzu
etdiyim heç nəyə tələsmirəm.
Çünki hər bir şey öz zamanında olur. Sevdiyim operalar, əlbəttə ki, var. Lakin gənc olduğum üçün mənə
bəzi rolları ifa etmək hələ tezdir. Bir neçə müddətdən
sonra, əlbəttə
ki, həmin rolları ifa etmək qismət olar. Təbii ki, tələsmək
yox, mükəmməl
ifa və mükəmməl obraz göstərmək lazımdır.
Fərq etməz, böyük, yaxud kiçik rollarda.
Xəyalə GÜNƏŞ
Palitra.-2015.- 8 iyul.- S. 13.