“Azərbaycan gənci bütün fəaliyyətini müsbət mənada dövlətinə xidmət etməkdə görməlidir”

 

Gülnar Əmiraslanova: “Azərbaycan gəncləri  birinci Avropa Oyunlarında fəal iştirak etdilər”

Hazırda ölkədə gənclərin ictimai fəallığının yüksəlməsini dövlətin gənclər siyasətinin müsbət effekti kimi qiymətləndirmək olar. Bu, dövlət əhəmiyyətli tədbirlərdə gənclər tərəfindən atılan addımlarda da müşahidə olunur. Bu kimi məsələlərdə gənclərin ictimai təşəbbüskarlıqla çıxış etməsi dövlətin bu sektora inam və etibarını daha da artırır. Öz növbəsində gənclərimiz də dövlət naminə inamla çalışırlar. Elə müsahibimiz Gülnar Əmiraslanova da YAP Gənclər Birliyinin üzvü olaraq dövlətə qəlbən bağlanıb.

-Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?

-Bilirsiniz, müasir Azərbaycan gənci ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətindəki uğurlu islahatlardan öz töhfəsini alıb. Belə ki, 23 il bundan əvvəlin gəncləri zamanın yarıtmaz və uğursuz siyasətçiləri ucbatından ölkədəki xaos və iqtisadi böhrana görə nəinki özü, ümumən ailəsinin gələcəyi barədə ümidsiz idilər. Lakin hal-hazırda müasir Azərbaycan gənci ölkəsindəki sabitlik və əmin-amanlıqdan, ölkə başçımız İlham Əliyevin sayəsində bərqərar olmuş vəziyyətdən kifayət qədər özlərindəki potensialı istifadə edərək istər elm sahəsində, istərsə də informasiya və yüksək texnologiyalar sahəsində və eyni zamanda vətəndaş cəmiyyətində günümüzün iqtisadi və siyasi vəziyyətini olduğu kimi, yəni yüksək səviyyədə olduğunu ortaya qoya bilirlər. Yəni qeyd etdiyim dövrlə müqayisədə Azərbaycanda hal-hazırda həm söz, həm fikir, eyni zamanda müasir texnologiyalara uyğun olaraq internet azadlığı vardır. “Güc birlikdədir” devizi ilə desək, gənclər həmrəy olmalı və müstəqil, demokratik Azərbaycanın bütövlüyü uğrunda sıx birləşməli, dövlətçiliyimiz, azərbaycançılıq ideyaları uğrunda həmrəy olmalıdır. Birlik və bərabərlik güclü gəncliyin tərəqqisidir. Birlik və bərabərlik inkişaf və tərəqqini, gücü tərənnüm edir, vəhdəti isə böyük uğurlara stimuldur. Azərbaycan gənci bütün fəaliyyətini müsbət mənada dövlətinə xidmət etməkdə görməlidir. Bəzi neqativ qruplaşmalara, Azərbaycan əleyhinə olan bədnam təşkilatlara qoşulmamalıdır. Prezidentimiz öz çıxışlarının birində bildirib ki, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdirsə, onu etsin. Biz gənclər də bundan nəticə çıxararaq daxili və ictimai sabitliyin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın azad olunmasında həmrəy olmağı başlıca məqsədimiz bilməliyik. Eyni zamanda bu siyasətə qarşı çıxanlara öz sağlam mövqeyimizi bildirməkdən çəkinməməliyik.

- Gənclərimiz “Bakı-2015”-də lazımi ictimai aktivlik göstərdilərmi?

- Birinci Avropa Oyunlarının başa çatmasından artıq bir xeyli müddət keçsə də, hələ də bu barədə istər xarici kütləvi informasiya vasitələri, istərsə də yerli mətbuatda silsilə məqalələr dərc edilir, haqlı olaraq bu yarışlar Olimpiya Oyunlarına bərabər bir tədbir kimi xarakterizə edilir. Birinci Avropa Oyunları bir tərəfdən Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti, zəngin tarixi-mədəni irsini dünyaya sübut etdisə, digər tərəfdən idmançılarımızın daha yüksək nailiyyətlər əldə edə bilmək imkanlarını üzə çıxardı. Elə yarışların nəticələrinə əsasən Azərbaycan idmançılarının 50 ölkə arasında ikinci yeri tutması deyilənləri təsdiqləyir. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Azərbaycan gəncləri birinci Avropa Oyunlarında fəal iştirak etdilər. Bu, istər Avropa Oyunlarına hazırlıq prosesində, istərsə də Oyunların keçiriləcəyi günlərdə ən müxtəlif işləri reallaşdırmaqdan ibarət idi. Bizim gənclərimiz üçün bu Oyunların təcrübə qazanmaq baxımından olduqca böyük əhəmiyyəti var idi. İdmançılarımız birinci Avropa Oyunlarında sözün əsl mənasında tarix yazmağa nail oldular. Onlar yarışlarda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazandılar. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi. Tam qətiyyətlə demək olar ki, Azərbaycan “Bakı-2015” sınağından uğurla çıxdı. “Bakı-2015” Avropa Oyunları “Avropa Mayakı”na çevrildi və Odlar Yurdu Azərbaycan Günəş kimi dünyaya işıq saçdı. Göstəricilər ölkədə idmana göstərilən diqqət, dəstək və qayğının bariz nümunəsidir. Əlbəttə, ölkə başçısı İlham Əliyevin gənclərə göstərdiyi etimad və inam onlarda qələbə, zəfər çalmaq əzmini yaratmışdı. İdmançılarımızın qalib olması Azərbaycan xalqının qalibiyyəti idi. Üçrəngli bayrağımızın zirvələrdə dalğalanması Azərbaycan xalqının, dövlətinin uğuru idi. İlk Avropa Oyunları idmançılar da daxil olmaqla ölkəmizə gələn minlərlə qonağa Azərbaycandakı güclü iqtisadi inkişaf, müxtəlif sahələrdə əldə edilən uğurlar və ideal tolerantlıq mühitinin şahidi olmalarına imkan yaratdı. Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilatı Komitəsinin sədri Mehriban Əliyevanın xidmətləri olduqca məsuliyyətli və təqdirəlayiq idi. Belə bir idman və dostluq bayramında Azərbaycan mifologiyasında personajlardan biri olan sehrli “Simurq” quşu əfsanəsindən göstərilən obrazlar möcüzəli şəkildə yeni həyatın və dirçəlişin qədim rəmzi olaraq ilahi gözəlliyin simvolu kimi, "həyat ağacının" bəxş etdiyi sülh, əmin-amanlıq, qardaşlığın Odlar Yurdu Azərbaycanda olduğunu, xalqımızın regionda sabit, dinc yaşam tərzinin göstəricisi olaraq dünyada və Avropa xalqları təfəkküründə simvolik bir obraz yaratdı. Gələcək nəsillər Azərbaycan tarixinin həmin günü ilə qürur duyaraq, iftixar hissi keçirəcək.

-Azərbaycan gəncləri öz üzərinə düşən məsuliyyəti anlayırmı?

-Gənclərin üzərinə düşən ən ümdə məsuliyyət vətəndaşlıq borcunu yerinə yetirmək, Vətənə olan ülvi məhəbbəti dolğun şəkildə nümayiş etdirməkdir. Milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir. Bunu gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, ölkənin inkişafında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır. Prezident İlham Əliyevin söylədiyi “Vətənpərvərlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Vətən sevgisi, Vətənə və xalqa olan bağlılıq - inkişafı bu amillər stimullaşdırır. Ona görə, gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdırlar” sözləri bu zərurətin göstəricisidir. Bu səbəbdən də həyata keçirilən layihə və inkişaf strategiyalarının əsas ideyası gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək olmaq və bunun üçün “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələrək ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini gənclər arasında təbliğ etmək təşkil edir.

- Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiniz?

-Gənclərdə mənəvi-əxlaqi inkişaf elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın. Hər bir gəns fikirləşməlidir ki, onun bugünkü fəaliyyətindən millətin gələcəyi asılıdır. Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru, mənəvi-əxlaqi vəziyyət belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hislərdən uzaq olurlar. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun, mənəvi-əxlaqi vəziyyətin formalaşdırılmasıdır. Mənəvi-əxlaqi vəziyyət və milli mənlik şüurunun milli dəyərlərə söykənərək formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2015.- 9 iyul.- S. 6.