Təbrizlidən borc alan səyyah: “Mənim ölkəmdə belə insanlar yoxdur”

Tarix: 08.07.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər

Şirift ölçüsü:

 

İtalyan səyyahı Cemelli Karerinin “Səfərnamə” əsərindən tərcümə

 

(Əvvəli ötən saylarımızda)

Təbrizin içində çoxlu sayda məqbərələr vardır. Onların dairəvişəkilli günbəzləri çox zərif mavi və qara kaşılarla örtülmüş, ərəb hərfləri və müxtəlif həndəsi fiqurlarla bəzədilmişdir.

Geri qayıdarkən qəribə paltar geymiş və uzun məxməri papaq qoymuş bir atlı gördüm. Onun papağının sağ və sol tərəfindən üzüm budaqları sallanırdı, papağın başına isə əlvan ipək dəsmal bağlamışdı. Məlum oldu ki, bu, carçıdır və onun vəzifəsi çeşidli malların qiymətləri, hökumətin müxtəlif qərarları, mötəbər insanların vəfatı və s. qəbildən olan hər cür yeni xəbərləri xalqa çatdırmaqdır.

Cibim yavaş-yavaş boşaldığı və səfərimi davam etdirmək üçün yaxşı bir ata ehtiyacım olduğundan bir adam axtarırdım ki, ondan borc alım, İsfahana çatandan sonra geri qaytarım. Xoşbəxtlikdən işim gətirdi və 1 nəfər böyük ehtiram və mehribanlıqla mənə 70 qızıl sikkə borc verdi. Mən güman eləmirəm ki, öz ölkəmizdə bu cür insanlar tapılsın ki, insana belə ehtiram və köməklik göstərsin.

Birinci günü qərara gəldim ki, şahın (vali=hakim-tərcüməçi) evinə baxmağa gedim. Elə düşünürdüm ki, xüsusi bəzədilmiş qeyri-adi böyük və tarixi bir mülklə qarşılaşacam. Ancaq zahirən sadə və yoxsul bir bina ilə qarşılaşanda heyrət və təəccüb məni bürüdü. Bina küçədən uzun bir dəhlizlə başlayır və o, 3 böyük zala açılırdı. Dəhlizin və zalların divarları hər cür bəzəkdən uzaq idi və içəridə qiyməli əşyalar gözə dəymirdi. Dəhlizin və zalların döşəməsinə bəzi yerlərdə yumru mərmər daşlar sağlam bir şəkildə xüsusi qayda ilə döşənmişdi. Onlar müqəddəs hesab edildiyindən heç kim onları ayaqlamırdı. Onları, hətta səhvən ayaqlayanın cəzası ağır idi. Mən bu qaydanı bildiyim üçün çalışırdım ki, o daşları ayaqlamayım. Ətrafda iki ayrı bağ mövcud idi. Bağlarda müxtəlif meyvə ağacları və gül kolları, xüsusən də cürbəcür rəngli, çeşidli qızılgüllər əkilmişdi. Bağın ortasında xüsusən yayda istirahət etməkdən ötrü düzəldilmiş yumru eyvan diqqəti cəlb edirdi. Bağbana və gözətçiyə az miqdarda pul verdikdən sonra mənə bağın yaxınlığındakı Osmanlı məscidinə girmək icazəsi verdilər. Bu məscid Təbrizin ən gözəl məscidlərindən biridir. Bu məscidin fasadı və əzəmətli girişi İran memarlığı, mozaika və kaşı sənətinin diqqətəlayiq bir nümunəsidir. Burada qiymətli mavi, bənövşəyi, və qara rəngli kaşılar ilə işlənmiş 8 pillə məscidin zinətli qapısına gedir. Məscidin iki tərəfində bürclər yerləşir. Onların yuxarı hissəsi türk əmmaməsi şəklində olub, daxildən eyni ilə böyük qapının içərisi kimi əlvan və nəfis kaşılarla işlənmişdir. Dolanbac şəkilli nərdivan bürclərin içərisindən onların üzərində yerləşən kiçik eyvana qalxır. Bu eyvan müəzzizin yeridir; müəzziz buradan azan verir. Sağ tərəfdəki bürc hələ sağlamdır, ancaq sol tərəfdəki bürcün yarısı ildırım düşməsi nəticəsində xarab olmuş və uçmuşdur. Məscidin daxili başdan-başa əlvan rəngli kaşılarla işlənmişdir. Çoxsaylı həndəsi xətlər ona xüsusi yaraşıq verir. Bundan başqa, daxili divarların mərmər daşları üzərindəki Quran ayələrinin və duaların zərif oymaları məscidə xüsusi dəyər verir. Divarların aşağı hissələrindəki ərəbcə yazılar həndəsi fiqurlara bənzəyir. Onlar mavi və qızılı rənglərlə işlənmişdir. Divarların üzü 2 qədəm qalınlıqda, 4 qədəm hündürlükdə və 12 qədəm uzunluqda olan böyük monolit mərmərdən hazırlanmışdır. Onların aşağı və yuxarı kaşı işləmələrində zərif gül və oyma işləmələri həyata keçirilmişdir. Diametri 34 qədəm olan orta günbəz daxildən rəngarəng kaşılarla, qızılı, lacivərd və s. mozaiklərlə və çox nəfis rəsmlərlə bəzədilmişdir. Hündür və əzəmətli günbəzin ağırlığını daxili hissədə aşağıdan mərmər daşlara bərkidilmiş 12, xaricdə isə 16 möhkəm sütun saxlayır. Divarların aşağı hissəsində ayaqqabıların qoyulması üçün boyhaboy kiçik taxçalar tikilmişdir. Üç tərəfdən bu mühiti tağlar əhatə edir. Qarşı tərəfdə isə başqa bir hündür tağ yerləşir. O, məscidin ikinci hissəsinə, yəni daxilinə açılır. Bu hissə birinci hissədən balacadır. Ancaq sənət, bəzək, gözəllik və işləmələr baxımından ondan üstündür. Bu hissənin döşəməsinə və şəffaf mərmərlər döşənmişdir. Divarların səthi başdan-başa 8 qədəm hündürlüyündə nəfis mərmərlə örtülmüşdür. Bu hissənin günbəzi qeyri-adi rəsm və şəkillərlə süslənmiş, onun bənövşəyi rəngli mətnlərində sonsuz sayda güllər və xətlər bir-birinin daxilindəki qızılı həndəsi şəkillərlə bəzədilmişdir. Böyük günbəzin xaricinin yaşıl kaşılar içərisində yerləşdirilmiş və qırmızı güllərlə örtülməsi uzaqdan ona qeyri-adi gözəllik bağışlayır. Məscidin içərisində sol tərəfdə qoz ağacından hazırlanmış nəfis işləməli uca bir minbər yerləşir. Künclərdən birində 14 pillədən ibarət bir nərdivan var. O, məscidin tağına doğru yuxarı gedir. Tavanın cənub hissəsində 2 parça zərif mərmər yerləşdirilmişdir. Günəşin işığı onlara düşəndə bu mərmərlər parıldayır və məscidin daxilində səhər mənzərəsi yaranır. Bu cür mərmər Təbrizin 1 mənzilliyində mayenin daşlaşması nəticəsində yaranır. Belə mərmər mədəndən çıxarılandan sonra daşlaşmağa başlayır, onu müəyyən alətlərlə kəsmək mümkündür, ancaq sonradan o, daşlaşır və möhkəm olur. Bu qəbildən olan mərmər çox bahadır. İranda, belə mərmərdən, adətən, məscidlərin, qəbirlərin bəzədilməsində və başqa müxtəlif inşaat işlərində istifadə edilir. Xüsusən İsfahanda belə mərmər çox bahadır və çətin tapılır. Bu məscidin qarşı tərəfində böyük şeyxin malikanəsi-“Şeyx imam” yerləşir. Malikanə rəngbərəng daşlardan tikilmiş bir sənət əsəri olub, incə bir gözəlliyə sahibdir.

Təbrizdə daha iki məbəd gördüm. Onları ensiz bir küçə bir-birindən ayırır. Solda yerləşən məbəd daha balacadır. O, dördküncdür. Bu binanın 2 böyük qapısı və 30 kiçik hücrəsi var. Yəqin ki, nə zamansa günbəzi olmuş tavanı uçmuşdur. Birinci binaya bənzəyən sağdakı məbəd At meydanı adı ilə məşhur olan meydanda yerləşir. Onun yaxınlığında bir binanın xarabalıqları və iki hündür daş sütun görünür. Sanki onlar üçkünc bir sütunu saxlamış və bu iki binanı bir-biri ilə birləşdirmişlər. Bu iki binanın xarici əlvan daşlarla işlənmişdir. Binaların qədim olduğu nəzərə çarpır. Qeyd olunan iki məbəddən təqribən 2 tir məsafədə uzaqdan böyük qədim bir bina görünür. Bu binanın girişində də müqəddəs mərmər parçalarından ibarət bir hissə vardır. Guya həzrət Mehdinin (ə) onda ayaq izləri mövcuddur. Girişdən müxtəlif ağacların və rəngarəng güllərin olduğu geniş və ürəkaçan bir bağa daxil oluruq. Bağın sonunda “Əli şahın binası” adlı hündür binanın xarabalıqları vardır.

Bir az aralıda möhkəm bişmiş kərpiclə əhatə olunmuş meydan yerləşir. Dini bayramlar və xalq mərasimləri orada keçirilir.

Məni çox mehribanlıqla qarşılayan fransız missionerlər Təbrizin küçə və meydanlarında həmişə məni bacarıqlı cibgirlərdən qoruyur və mənə tapşırırdılar ki, əşya və ciblərimdən muğayat olum. Onlar həm də mənə dövlətdən maaş almayan yol nəzarətçiləri və məmurların əlinə düşməməyi tövsiyə edirdilər. Belələri həm yerlilər və həm də xarici qonaqlar üçün dərdi-sər və problemlər yaradır, hər bir bəhanə ilə onları cərimələyirlər. Bir dəfə də heç bir əsas və qanuni sənəd olmadan məndən 5 abbası aldılar. Halbuki mən çox ehtiyatla İsfahana gedəcək bir karvanı gözləyirdim ki, onunla birlikdə yola çıxam. Belə karvanlar, adətən, mal satmaq üçün bir şəhərdən o biri şəhərə səfər edən tacirlərə məxsus olur. Onlar öz səfərlərində hər cür ehtiyat tədbirlərinə riayət edirlər.

Avqust ayının kinci günü missioner keşişlərdən 3 nəfəri Ərzuruma tərəf yola düşdü. Onlar bir neçə müddət qabaq adi və kəsə yolla Bağdada getmişdilər. Kirmanşahdan keçmiş, Vavilyonun 4 mənzilliyinə yetişmişlər. Lakin yerli xan, yaxud şah onlara sərhədi keçməyə icazə verməmiş və onlar məcburən geri qayıtmışdılar. Onlardan biri portuqaliyalı idi. Yolda yol nəzarətçilərindən, yaxud da yolkəsənlərdən biri onun üstündə olan 80 qızıl sikkənin hamısını əlindən almış və onu yol yoldaşları ilə birlikdə Təbrizə əliboş yola salmışdı. Onlar məcbur olub Ərzurum-İstanbul yolu ilə Bağdada gedirdilər.

Təbriz regionunda duz mədənləri çoxdur. Şəhərin əksər məntəqələrində zülal çeşmələr mövcuddur. Onlar küçə və həyətlərdən keçirlər. Bəzən onların suyundan istifadə etmək üçün bir neçə pillə düşmək lazım olur.

Təbrizin zərbxanaları İrəvanın zərbxanalarına bənzəyir. Mən bir zərbxanaya girəndə orada abbası vurulurdu. Kapusen missionerlərinin monastrı meydanın yaxınlığında yerləşir. Burada hər gün axşam Günəş batanda zurna, təbil və surun qarışıq asta və həzin səsi gəlir. Sanki qulaqları dəng eləyən bu səs dükanların bağlanması üçün bazar əhlinə xəbərdarlıq edirdi. Bunun ardınca gecə gözətçiləri bazara daxil olur və bir ağızdan uca səslə azan verməyə başlayırlar. Bunun əksinə olaraq Türkiyədə azan məscidlərin minarələrindən verilməli idi.

Gecədən saat yarım keçmiş küçə və bazarda gözətçi dolaşır. Bu saatdan sonra çıraq və ya fanarsız küçəyə çıxan adam gözətçilər tərəfindən tutulur və zindana salınır.

Səhərə yaxın həmin təbilçi öz təbilini çalmaqla gecənin bitdiyini xəbər verir. Bu saatdan sonra artıq gözətçilər bazar və dükanların mallarının mühafizəsinə görə məsuliyyət daşımırlar, yəni hər kəs öz malına göz-qulaq olmalıdır. Üçüncü gün padro Jorj Vandom ilə birlikdə Azərbaycanın sabiq hökumət naibi (naib üs-səltənə-tərcüməçi) Mirzə Sadiq tərəfindən tikdirilmiş bir bazara baxmağa getdik. Üstü bişmiş kərpiclərdən tikilmiş günbəzlərlə örtülmüş bu bazar bir neçə karvansaray və çoxsaylı dükanlardan ibarət idi. Bu bazarın qonşuluğunda bişmiş kərpicdən günbəzi olan geniş yeraltı anbar yerləşir. Anbarın böyründə isə ona bitişik hovuz var. Qışda hovuzun buzunu parçalayır, anbara yığır və yaya saxlayırlar. Yayda bu buzlardan istifadə edilir. Təbrizdə qış o qədər sərt keçir ki, adıgedən hovuzdakı buzun qalınlığı nəzərəçarpacaq dərəcədə qalın olur.

Bazarın kənarında iranlı müsəlman uşaqların təlim-tərbiyəsi üçün məscidə aid olan mədrəsə tikilmişdir. Məscid və mədrəsədən bir az aralı Mirzə Sadiqin qardaşı Mirzə İbrahimin adını daşıyan karvansaray və buzxana inşa edilmişdir.

Sonra birlikdə qapısının üstü rəngarəng kiçik bişmiş kərpiclərlə bəzədilmiş bir məscidi görməyə getdik. Məscidin qarşısında gözəl bir bağ vardı. Kiçik, gözəl məscidin hər iki bürcü yuxarıda qeyd olunan bişmiş kərpiclərlə bəzədilmişdi. Məscidin yanında yerləşən divan binasının 2 bürcü ilə məscidin bürcləri bir harmoniya təşkil edirdi. Bağın havasını sərinlətmək üçün məscid və divanxananın qarşısında böyük çeşmə axırdı. Yaxınlıqda eyni cah-cəlala sahib başqa bir gözəl kiçik məscid də mövcud idi.

 

(ardı var)

 

Tərcüməçi:

Şəmsi Pənahoğlu

AMEA Şərqşünaslıq İnstitutu

 

Palitra.- 2015.- 9 iyul.- S. 7.