“Azərbaycanda Koreya kinosu festivalı” Lənkəranda
Dünən Lənkəran şəhərindəki Mədəniyyət sarayında “Azərbaycanda Koreya kinosu festivalı” başlayıb.
Festivalın açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Çoi Suk-İn və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva və SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova Azərbaycan-Koreya mədəniyyətlərarası əlaqələrdən, bu cür tədbirlərin hər iki ölkə xalqlarının dostluq əlaqələrinin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etməsindən, həmçinin nümayiş etdiriləcək filmlər vasitəsilə Azərbaycan tamaşaçısının Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını daha yaxından tanımalarına şərait yaratmasından danışıblar. Daha sonra tamaşaçılara 2001-ci ildə rejissor Song İl-gon tərəfindən lentə alınmış “Təkcə sən” bədii filmi təqdim olunub. Qeyd edək ki, Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə iyulun 6-dan avqustun 15-dək ölkənin 5 regionunda “Azərbaycanda Koreya kinosu festivalı”nın keçirilməsi planlaşdırılır.
Lənkəran şəhərində keçirilən Koreya kinosu festivalı iyulun 19-na kimi davam edəcək. Festival 20-29 iyulda Sumqayıtda, 31 iyul-6 avqustda Ağdaşda, 7-15 avqust tarixlərində isə Qəbələdə keçiriləcək. Festivalda 10 Koreya filmi nümayiş olunur. Bütün filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.
Palitra.- 2015.- 14 iyul.- S. 2.