Səmimiyyət
mücəssəməsi - şair Dünyamalı Kərəm...
Dünyamalı
Kərəm - 95
Hələ orta məktəbdə oxuduğum illərdən tanımışam və sevmişəm şair Dünyamalı Kərəmi. Ədəbiyyata sevdalı olmağım, müəllimlərimin də dəstəyi istər-istəməz məni bir istiqamətə yönləndirməyə başlamışdı. Bir tərəfdən də o zamankı “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetinin nüfuzu içində təlatümlü bir aləmin sevdalısı olmağın həyəcanlarını yaşadırdı mənə.
Doğrusu, ədəbiyyat dərslərində Azərbaycanın dünyaya bəxş etdiyi böyük şairləri tanıyır, sevir və sevə-sevə də yaddaşıma həkk etməyə çalışırdım.
Bununla yanaşı, o zamanlar qəzet səhifələrində adı tez-tez çəkilən, şeirləri çap olan yerli şairlərin də yaradıcılığını ardıcıl olaraq izləyirdik. Onlardan Dünyamalı Kərəm, Alxan Binnətoğlu, M.H.Bəxtiyarlı, Osman Əhmədoğlu, Arif Mustafayev, Ağabala Mahmudov, Mədəd Coşqun, Nizami Saraclı, Səadət Buta, Əlixan Düşgün və digərləri öz imzalarıyla tanınırdı.
Yadımda ən çox qalan və yaddaşıma həkk olan şairlərin hər birinin öz yeri, öz məqamı var. Hələ 15-16 yaşlarında kiçik cızma-qaralarımda gah bu, gah da digər şairlərə bənzəməyə çalıışar və onların yaradıcılığından bəhrələnərdim.
Ağlımada gəlməzdi ki, zaman gələcək, böyüyəcəm və günlərin birində onlarla görüşmək səadətinə qovuşacam.
Doğrusu, Dünyamalı Kərəmin şeirləri o vaxt daha oxunur, daha çox diqqət çəkirdi. Mən də istər-istəməz böyük sevinclə o şeirləri qəzet səhifələrindən kəsib götürər, həm əzbərləyir, həm də saxlanc yerlərdə “arxivimə” qoyardım.
Yaxşı yadımdadır, bir dəfə Rustavi şəhərində mötəbər bir görüşdə Dünyamalı Kərəmin şeirlərini əzbər söyləməliydim. Çox da yaxşı hazırlaşmışdım. Mənim çıxış növbəm gələndə kimsə dedi ki, şair Dünyamalı Kərəm də bu məclisdədir. Düzü, çox həyəcanlandım və şeirin bir neçə misrasını deyəndən sonra hər şeyi unutdum. Ortada qalmamaq üçün özümün bir şeirimlə birtəhər çıxışımı bitirdim. Heç kəsin gözünə görünmədən getdim.
Dünyamalı Kərəm doğrudan da Gürcüstan ədəbi mühitində ən sanballı şair kimi tanınır. Mən bunu bir az da özümü və poeziyanı dərk etdikcə gördüm. Tək mətbutda yox, el məclislərində aşıqların dilində onun şeirləri həmişə diqqət çəkib. Ona verilən dəyəri də hər zaman mətbuat səhifələrindən izləmişik. Uzun müddət mətbuat aləmində çalışıb, bir jurnalist, publisist kimi də öz halal haqqını alan ustad şairimiz Dünyamalı Kərəm öz səmimiliyi, təvazökarlığıyla da seçilib həmişə. Neçələrinin qolundan tutub. Qələm büdrəmələri olan təcrübəsizlərə yol göstərib.
Dünyamalı Kərəmin 60, 70, 80 illik yubileyləri ölkə miqyasında qeyd olunub. Neçə-neçə kitabları işıq üzü görüb şair Dünyamalı Kərəmin. O, öz yurdunu - doğma Borçalısını dünyanın hər yerindən əziz bilib. Doğma Qoçulu kəndinə söykəndiyi “Cavaleyi - Şam” zirvə qalasını ən müqəddəs məkan bilib. Aldığı adlar, qazandığı mükafatlar, yazdığı kitablar onun şəxsiyyətindən xəbər verir.
Bir gün eşitdim ki, qocaman şairin 90 yaşı tamam olur. Onu Bakıda “Borçalı” İctimai Cəmiyyəti də çox dəyərləndirib. Cəmiyyətin sədri, gözəl ziyalı Zəlimxan Məmmədli ona çox böyük dəyər verib. Bu, məni bir daha qürurlandırdı və mən orada olmadığıma təəssüfləndim. Sonra da bu gözəl şairimizin, ağsaqqal ustadımızın ziyarətinə getmək, onu uşaqlığımdan bəri məni yaradıcılığına heyran edən bir şairi ziyarət etmək istədim. Fəqət, bu, mümkün olmadı. Mən artıq Bakıya köçmüşdüm. Ailə, ev qayğıları da bir tərəfdən bu ziyarəti gerçəkləşdirməyə imkan vermirdi. Bu günlərdə yenə doğma Rustaviyə gəlmişdim. Eşitdim ki, ustad şairimiz, ağsaqqal dədəmiz Dünyamalı Kərəmin 95 illik yubileyinə hazırlıq görülür. Qəlbim göynədi. Bu dəfə nə olur-olsun onu ziyarət etməyi qarşıma məqsəd qoydum. İsmarıc göndərdim, ustadın doğma Qoçuluda olduğunu və özünün də, maşallah, çox gümrah ovqatda olduğunu eşitdim. Vaxt itirmədən doğmalar-doğması bir insanın, müdrik ağsaqqalın ocağında yollandım.
Şairi görər-görməz sevincimin dünyalarca olduğunu sezdim. Dünyamalı Kərəm! Bu, o idi, özü idi. Nə qədər sadə, mehriban. Nə qədər məsum! Bir uşaq səmimiyyəti ilə gülümsəyirdi Dünyamalı müəllim! Bəli, həm də müəllim. Bəlkə də onu bir ömür beləcə aydan-arı, sudan duru yaşadan şairliyi ilə bərabər, həm də müəllimliyi idi. Uzun zaman müəllim işləmişdi, məktəb müdiri olmuşdu. İnsan tərbiyəsinə ömür xərcləmişdi. Bəlkə də bu bir əsrin tək bircə addımlığına qədər gələn ömrünün hər anında bir səmimiyyət mücəssəməsi olmuşdu bu adam.
Amma bir az da kövrək idi. Bəlkə də bu görüşdən təsirlənmişdi. Bəlkə də haqqı-salamı yadırğayanlar düşmüşdü yadına. Bilmirəm. Bəlkə də bu yaxınlarda ömür-gün yoldaşını itirdiyinə görə kövrəlmişdi. Onun ömrünə bir dastan bağladığını, bir kitab şeir yazdığını söylədi. Kim inanar?
“Nə ola, qəbrimiz bir qazılaydı,
Bu sevgi tarixə “sirr” yazılaydı”.
Belə misalları Müsənbər hər gün
Özünün arzusu, diləyi saydı.
Nə üçün əhdində durmadın, ey yar?
Yay günü başıma sən yağdırdın qar.
Şamlar kimi söndü sevgilim mənim,
Bu nə qəza idi, ey Pərvərdigar?!
Bəlkə gözümlə görməsəydim mən də inanmazdım bu yaşda olan adamın bu qədər sərrast olmasına. Amma bu bir həqiqət idi.
“Cavaleyi-Şam”la daha çox dərdləşirəm, o zirvənin, o qalanın, o əzəmətin önündə mən də xəcalətliyəm, - dedi şair. Gəncliyimdə bu müqəddəs məkanın tar-mar edilməsinə mən də göz yummuşam. Onun sinəsinə çalın-çarpaz dağlar çəkib bürclərini sökən xəzinə hərislərinə “durun” deməmişəm. Amma zaman keçdikcə onun özünün bütövlükdə ən böyük bir xəzinə olduğunu görmüşəm.
İndi o da unudulub. O boyda əzəmət qalasını yazda yağışdan, qışda qardan savayı nə axtaran var, nə tapan. Amma o, demədi ki, mənim də sinəm xəzinədir. Məni də ələmək, süzmək lazımdır. Yaddaşı o qədər sağlamdır ki, Dünyamalı Kərəmin. Ona həsr olunan şeirləri həvəslə oxuyur. Haqqında yazılan məqalələrdən söz açır. Danışdıqca danışır Dünyamalı Kərəm. Nə yorulur, nə dincəlir. Arada qonaqların da qayğısına qalır. Bir sözünü iki etməyən gəlini var, masallah. Qulluğunda müntəzirdir.
İkimərtəbəli evinin pillələrini yeniyetmələr kimi enir, qalxır Dünyamalı Kərəm. Hər enib-qalxdıqca da qarşı tərəfdə zirvəsi buluddan nəm çəkən “Cavaleyi-Şam” qalası ilə göz-gözə gəlir və gahdan köks ötürür, gahdan da qürur hissi keçirir. Gəlinin hazırladığı nahar vaxtına təsadüf edən süfrə başında xatirələrini bircə-bircə çözələyir qocaman şair. Haqqında yazılan xatirələri, yubiley təbriklərini və ona həsr olunan şeirləri sıralayır bircə-bircə.
80 yaşında olarkən şair Osman Əhmədoğlunun ona ünvanladığı:
Çox yağılar göz dikəndə yurduna,
Çəkdin elə sözlərinin sırtına.
Diz çökdürüb eylədin bir fırtına,
Ellərimin əyilməyən yığvalı,
Səksənin mübarək, a Dünyamalı!
Sonra mən tədqiqatçı, tərcüməçi və şair Mirzə Məmmədoğlunun bayatılarından bəzilərini oxuyuram:
Bir hava çal, “Kərəmi” də,
Sızla, göynə “Kərəmi”də.
Hərdən bir də sən xatırla
Dünyamalı Kərəmi də.
Əzizinəm kərəm dilər,
Dara düşən kərəm dilər.
Borçalıya xoş günləri
Dünyamalı Kərəm dilər.
Əzizinəm Kərəmindir,
Eşq balası Kərəmindir.
Bu gün yenə söz meydanı
Dünyamalı Kərəmindir.
Sonra çap olunan kitablarını vərəqləyirik bir-bir. 1994-cü ildə Gəncə şəhərində “Gəncə” nəşriyyatında nəşr olunmuş “Borçalım mənim” kitabından tutmuş “Müsənbərsiz dünyam” kitabına qədər əsərlərini vərəqləyirik. D.Kərəmin 7 kitabı çap olunub.
Dünyamalı Kərəmlə sağollaşıb ömrünün 100 illiyində görüşmək ümidi ilə ayrılıram. Bizə yolboyu bələdçilik edən Qoçulu orta məktəbinin direktoru Vənnəhar xanıma təşəkkür etmək istəyirəm. Hətta geri dönüşdə bizi Qoçuludan mərkəzi yola qədər özü yola saldı.
95-in
ucalığında...
Şair Dünyamalı Kərəmi gördüm,
Tiflisin yolları yadıma düşdü.
Gizli saxladığım şeir dəftərim,
Sirli xəyalların oduna düşdü.
Bir cızma-qaranın arxasınca mən,
Şəhərin səmtinə qaçar - gedərdim.
O böyük şairə göstərmək üçün,
Quşdan qanad alıb uçar - gedərdim.
Durardım qapının çöl tərəfində,
Eh, onda düşüncəm necə dayazdı.
Gözlərdim, gözlərdim axşama qədər,
İçəri girməyə gücüm çatmazdı.
Evə qayıdardım, bir də gələrdim,
Axşamdan əzbərdə deyəcəyim söz,
Nəhayət, bir dəfə səslədi məni,
O xoş sima kişi, o gülümsər üz.
Baxdı boxçadakı ağnağazıma,
Mən sandım o günü böyük imtahan-
Qızım, çalış daha dərindən öyrən,
Yaşına baxanda... yaxşı yazırsan.
Yaşına baxanda... yaxşı yazırsan...
Başım gicəlləndi o anda sanki.
Sandım ki, Güllü yox - böyük şairdi,
O məsul katibin otağındakı.
O gündən üzümə bir günəş doğdu,
Dağıldı göyümnən çiskin, duman, çən.
Dünyamalı Kərəm bircə sözüylə,
Tutduğum cığırda tutdu əlimdən.
İndi 95-in ucalığında,
Yenə həminkidi - həməiki gerçək!
Gördüm Qoçuluda şair dədəni,
Durub Cavaleyi - Şam qalası tək.
Gəldim, Dünyamalı Kərəmi gördüm,
Necə də yaraşır bu doğma yurda,
Indi 95-in ucalığında,
Onun 100 yaşında gələrəm bir də!
Güllü
Tomarova,
Təzadlar.- 2015.- 14 iyul.-
S. 15.