Viza almağın mürəkkəbliyi ölkəmizə gəlişi çətinləşdirir

 

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev ölkədə turizmin inkişafı istiqamətində mövcud problemləri qeyd edib. Ölkə başçısı bildirib ki, bütün başqa məsələlər öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək: “İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib.

Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompüterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək”.

Elektron viza sistemi yerli turizm şirkətləri üçün bir üstünlükdür

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun fikrincə, elektron viza sisteminin tətbiqi yerli turizm şirkətləri üçün bir üstünlükdür: “Azərbaycanda elektron viza sisteminin tətbiqi ölkəyə gələn turistlərin sayına öz təsirini göstərir. Turizm şirkətləri bu sistem tətbiq olunduqdan sonra turist gətirməkdə daha çox maraqlıdır. Çünki bu onların işində bir rahatlıq yaradıb. Əvvəlki qaydalar belə idi ki, şirkətlər öz turistlərini göndərirdilər səfirliyə, orada həm vaxt itkisi, həm sənədlər baxımından müəyyən qədər problemlər yaranırdı. Dünya təcrübəsi onu göstərir ki, hazırda bizim tətbiq etdiyimiz elektron viza sistemi turistlərə ölkəyə gəlmək üçün gözəl şərait yaradır. Turist heç bir səfirliyə getmədən vaxt itkisinə məruz qalmadan öz vizasını alır. Mənim rəhbərlik etdiyim «Xəzər Travel»in xətti ilə bu sistemindən tətbiqindən sonra ölkəyə gələn turistlərin sayında 50-60 faiz artım olub». Assosiasiya sədri deyir ki, bu vaxta qədər turizm şirkəti elektron viza vermək üçün akkreditasiyadan keçmək məqsədilə Mədəniyyət Turizm Nazirliyinə müraciət edirdi nazirlik həmin turizm şirkətinə yeni qəbul edilmiş sənəddə göstərilən qaydalara uyğun olaraq icazə verirdi. Amma bu qaydaların Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi bir daha sübut edir ki, dövlət bu sektorun inkişafında Azərbaycanın yeni bir istiqamət kimi bütün dünyada tanınmasında maraqlıdır bu istiqamətdə lazımi dəstəyi verir. Nahid Bağırov onu da əlavə etdi ki, turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında bir ildən yox, yaxşı olardı ki, iki ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malik olsunlar. Çünki gəlmə turizmlə məşğul olmaq üçün turizm şirkəti həm daxili, həm xarici bazarda özünü göstərməlidir: «Bəzi hallarda turizm şirkətləri bir il, ilyarım fəaliyyət göstərir, sonra işi bacara bilmədiyinə görə fəaliyyətini dayandırır. Ona görə ki, turizm şirkətlərinin əksəriyyəti öz marketinq siyasətlərini düzgün qura bilmirlər. Bu baxımdan da onun özünü göstərməsi üçün mənim fikrimcə, minimum iki il vaxt lazımdır. Düşünürəm ki, bu qaydalar turizm şirkətlərinə dövlət tərəfindən verilən şansdır, onlar bundan istifadə edib özlərini təsdiq etməlidirlər».

Regionlarda 3 ulduzlu 5 ulduzlu otellər olmalıdır

Turizm Menecment Universitetinin prorektoru Eldar Aslanov ölkə rəhbərinin səsləndirdiyi iradların düzgün olduğunu onların Azərbaycanda turizmin inkişafına maneə törətdiyini söyləyib. O, bu məsələlərin mətbuat səviyyəsində dəfələrlə qaldırıldığını, ancaq problemin bu günə qədər həllini tapmadığını deyir: “Beynəlxalq ekspertlərlə, ölkəmizə gələn xarici qonaqlarla söhbətlərdə qeyd olunurdu ki, viza almağın mürəkkəbliyi Azərbaycana gəlişi çətinləşdirir. Halbuki informasiya texnologiyalarının inkişaf səviyyəsi bu sahədə qısa zamanda dönüş yaratmağımız üçün əlverişli imkanlar açır. Ölkəmiz dünya miqyaslı tədbirlərə ev sahibliyi edir bu, Odlar Yurduna marağı ildən-ilə artırır. Amma viza məsələsi maraq sahiblərinin Azərbaycana səyahət etməsi üçün maneəyə çevrilir. Təbii ki, bunun qarşısını almaq lazımdır”.

E. Aslanov ölkə başçısının toxunduğu digər məsələ, otellərin qiymətlərinin bahalığı ilə bağlı fikirlərin çox doğru olduğunu bildirdi. Prorektor deyir ki, son 10 ildə Azərbaycanda otellərin orada insanları yerləşdirmə yerlərinin sayı da artıb: “Ölkədə 535-dən çox otel var. Bu Azərbaycan turizmin inkişafının göstəricisidir. Amma bununla da işi bitmiş hesab etmək olmaz. Ona görə ki, ölkədə böyük daxili turizm var vətəndaşlarımız 5 ulduzlu otellərdə istirahət edə bilməz, çünki onların öz standartları var. Biz bunu təmin etmədikdə, qonşu ölkələrə üz tuturlar ki, bu da ölkə iqtisadiyyatına mənfi təsir edir. Regionlarda daha münasib qiymətlərə otellər açılması zamanı rəqabət artacaq. Digər tərəfdən ölkənin turizm infrastrukturu genişlənəcək. Paytaxtda 4 5 ulduzlu otellər olacaqsa, regionlarda 3 ulduzlu 5 ulduzlu otellər olmalıdır”.

 

Nigar Abdullayeva

 

Palitra.- 2015.- 16 iyul.- S. 5.