«Əkinçi» qəzeti və mətbuat məsələləri

 

Milli mətbuatımızın ilk nümunəsi kimi mətbuat tariximizdə xüsusi yeri olan «Əkinçi» qəzeti fəaliyyəti dövründə tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımızla bağlı bir sıra dərin məzmunlu məqalələr çap etməklə yanaşı, tibbə, iqlimşünaslığa, təbiət və heyvanat aləminə, kənd təsərrüfatı və əkinçilik işlərinə, xarici ölkələrin coğrafi, iqtisadi göstəricilərinə, təlim-tərbiyə və əxlaq məsələlərinə geniş yer verdiyi kimi, bu qəzetdə jurnalistika, naşirlik və qəzetçilik məsələləri də xüsusi yer tutmuşdur. «Əkinçi»nin ayrı-ayrı sayları nəzərdən keçirilərkən müasir dövrdə mətbuat sahəsində çalışanların bu qiymətli xəzinədən çox şeyləri öyrənə biləcəyi səviyyədə materiallar diqqəti cəlb edir və bu əvəzsiz mənbənin böyük bir mətbuat məktəbi kimi bundan sonra da zaman-zaman xalqımıza xidmət edəcəyinə şübhə qalmır.

Qəzetin ilk saylarından milli mətbuatımızın əsasını qoymaqla çox çətin və şərəfli bir işə başladığını etiraf edən H. Zərdabi bu ağırlığı və zəhməti qəbul etməklə kiməsə minnət vurmaq istəmir, yalnız qəzetin oxucularını bu ağır zəhmətdən xəbərdar etmək məqsədi ilə 21 avqust 1875-ci ildə çap olunan 3-cü sayında yazırdı:

«Bir aydır bizim qəzet çap olunur. Amma onu oxuyanların bu vaxtadək biz çəkdiyimiz zəhmətlərdən xəbəri yoxdur. Əlbəttə, bu işə girəndə o zəhmətləri biz qəbul etmişik. Ona binaən indi onları izah etməyi lazım bilmirik».

«Əkinçi»nin nəşrə başlamasında ən böyük çətinliyi xalqın böyük kütləsinin avamlığında və nadanlığında görən naşir çox incə mətləbə toxunaraq, o vaxtlar xalqın gözünün açılmasından, millətin irəli gedəcəyindən ehtiyat edənlərin qəzetin işinə mane olacaqlarını da qeyd etməklə yenə bu işi davam etdirəcəyini bildirirdi. Bu vəziyyət «Əkinçi»nin 3 mart 1877-ci il tarixli 5-ci sayında belə təsvir olunurdu:

«Bir tayfa ziyadə avam olduğundan onun üçün qəzet çıxarmaq ziyadə çətin olur. O səbəbə ki, xalqın gözünü açan və milləti irəli salan sözü danışmaq olmaz».

Ümumiyyətlə, «Əkinçi»nin nəşrinə bəzi aşağı məmurlar tərəfindən də həqarətlə baxılması, ona yersiz kinayələr edilməsi naşiri heç də ruhdan salmır, əksinə, o, özünəməxsus incə yumor hissi ilə həmin tənəli sözləri də qəzet səhifələrinə çıxarmaqla ayıq oxucularına öz mətləbini və vəziyyətini anlada bilirdi. Qəzetin 1876-cı il 9 avqust tarixli 15-ci sayında çap olunan aşağıdakı material bu baxımdan çox xarakterikdir:

«Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-birilə belə söhbət edirlər:

Sual:-Əmi, eşitmisənmi ki, Badkubədə bir ildir filankəs «Əkinçi» ismində bir qəzet çıxardır, təzə xəbərlər yazır, hikmət ilə hər bir şeyi aşkar edir?

Cavab: - Filankəs Şirvan vilayətinin Zərdab qəryəsinin sakini filankəsin oğlu , filankəsin nəvəsi deyilmi? Mən elə bilirdim o qəzeti İvan və Karapet çıxardır. Pəs onu filankəs çıxardır imiş. Mən onun ata-babasını tanıyıram, qoy getsin, ev buzovundan öküz olmaz».

Eyni zamanda qəzetin naşiri dünyanın başqa ölkələrindən fərqli olaraq «Əkinçi»nin hansı şəraitdə nəşrə başlamasını, hətta ona kömək edə biləcək bir adamın olmamasına baxmayaraq, bu böyük işi icra etdiyini qəzetin 3-cü sayında göstərirdi:

«Dünyada hər qəzeti beş və ya on adam inşa edir. Onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm. Hətta bizim müsəlman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin, ya hərflərini düzsün».

«Əkinçi»də qəzet əməkdaşlarının və qəzetin vəzifəsi dəqiq müəyyənləşdirilir, qəzetdə hansı problemlərin əks olunacağı, xüsusilə qəzetin xalqın dərdi-sərinin, xalqın problemlərinin güzgüsünə çevrilməsi zərurəti mühüm vəzifə kimi qarşıya qoyulurdu:

«Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xü­lasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görər kimi görsün» («Əkinçi», 18 dekabr 1875, ¹ 11).

Qəzetdə çap olunan məqalələrin məzmunlu olması, yaxşını və yamanı, həqiqəti olduğu kimi göstərməsi və xalqın öz dərdinə əlac tapmasında qəzetin rolu «Əkinçi»nin 7-ci sayında (14 aprel 1876-cı il) çox sadə dillə təsvir edilirdi:

«Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi göstərsin, ta xalq öz nikü bədindən xəbərdar olub, onun əlacının dalıncan olsun».

«Əkinçi»nin fəaliyyəti dövründə ixtisaslı jurnalistlərin və ya yerli müxbirlərin az olmasına baxmayaraq, qəzetin nəşri bütün səylərini qəzetdə çoxlu yeni xəbərlərin, informasiyaların çap olunmasına yönəldir və bu tədbirdə qəzetin oxucularının çox olması ilə yanaşı, qəzeti nəşr edənlərin də işinin nisbətən asanlaşdığını qeyd edirdi. Ümumiyyətlə, ayrı-ayrı yerlərdən alınan və çap olunan xəbərlərin qəzetin ümumi işinə müsbət təsir etməsi bir neçə məqalədə öz əksini tapmışdır. Qəzet özünün 12 may 1877-ci il tarixli 10-cu sayında yazırdı:

«Məlumdur ki, təzə xəbər çox olduqcan qəzet çıxardanların işi yaxşı olur. Bu halda ki, bizim rus dövləti osmanlı ilə cəng başlayıb, təzə xəbər artıb. Qəzet oxuyan çoxalıb».

«Əkinçi»də dünya elmlərindən xəbərdar olanların qəzetlə əlaqə saxlaması, maraqlı mövzularda mübahisələrə yer verilməsi, ümumiyyətlə qəzetin xalqın tribunasına çevrilməsi uğrunda çox mübarizə aparılsa da dövrün nadanlığı və millətin cəhalət pərdəsi altında olması böyük elm və mətbuat fədaisi olan H.B.Zərdabinin ürəyinə köz basır, o, öz təəssüf hisslərini yalnız yenə yazmaqla ifadə edirdi. H.B.Zərdabi qəzetin 11-ci sayında (18 dekabr 1875-ci il) yazırdı:

«Hər bir qəzetin ümdə mətləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız «Əkinçi» qəzetində yazılan mətləblər barəsində mübahisə başlasalar çox şad olarıq. Amma çifayda qəbiristanlıqdan səs gəlməyən kimi, bizim xalqdan bir səda gəlməyir. Qəzeti oxuyanlar o mətləblərə bir cavab yazmayırlar».

«Əkinçi» qəzetində məqalələrin məzmunu, xalqla əlaqələrinin möhkəm olması, həyat həqiqətlərinin real verilməsi və s. məsələlər öz əksini tapmaqla yanaşı, qəzetin çapı üçün ortaya çıxan problemlər, qəzetin müştəri məsələsi, digər məsələlər də dolğun əks etdirilirdi. Qəzetin 1 yanvar 1876-cı il tarixli 12-ci sayında -«6 ay yoxdur ki, bizim «Əkinçi» çap olunur. Amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur» -yazan naşir elə həmin sayda «iki aydır bizim qəzeti gələn il çap olunmaqdan ötrü elan basdırırıq. Amma buçağacan ancaq 40 adam onu gələn il almağı xahiş edir»-deyə narahatlığını da bildirir. Bu narahatlıq yenə həmin il qəzetin 16-cı sayında (1876-cı il 23 avqust) təkrar olunur:

«Hər bir qəzetin varlığının əvvəlinci şərti müştəridir. Gərək müştəri olsun ki, qəzet çap olunsun».

«Əkinçi» qəzetinin 6 dekabr 1876-cı il tarixli 23-cü sayında çap olunan bir məqalə də bu gün mətbuat sahəsində çalışanlar üçün örnək ola biləcək qədər maraqlıdır:

«Bizim müsəlman tayfası ingilis tayfasından nə qədər geri qaldığını «Əkinçi» qəzetinə və London şəhərində çap olunan «Tayms» qəzetinə baxmaqla bilmək olar. «Tayms» hər gün iki dəfə, «Əkinçi» iki həftədə bir dəfə çıxır. «Tayms» hər dəfə iki vərəq üstündə, «Əkinçi» yarım vərəq üstündə çap olunur. «Tayms»ın hər vilayətdə müxbiri var ki, təzə xəbərləri yazıb məlum edir. Onun hər fəslini bir neçə adam yazır. Amma «Əkinçi»ni yazan bir adam olduğuna bəzi vaxtda hətta Badkubədə vaqe olan işlərdən bixəbər olur. «Tayms» qəzetini ingilisin qeyri şəhərlərində oxuyanlar qəzetin dəmiryolu ilə onlara bir gündə yetişməyi çox bilib xahiş edirlər ki, qəzet onlara dəxi tez yetişsin... Amma «Əkinçi» qəzetini bir həftəyə güc ilə düzüb çap edəndən sonra, palçıqlı yollar ilə öküz arabasında bir aya gedib müştəriyə yetişəndən sonra müştəri bir cüzi işi olanda qəzeti kənara qoyub bikar olanda ona baxıb, ya heç baxmır. «Tayms» elannamə çap etməkdən hər gündə iki yüz manatdan ziyadə alır. Amma «Əkinçi» iki ilin müddətində bir manat da almayıb. «Tayms»ın 100 mindən ziyadə müştərisi var, «Əkinçi» 300 müştəriyə həsrət çəkir».

Milli mətbuatımızın ilk nümunəsi olan «Əkinçi» qəzetindəki yuxarıdakı fikirləri və mətbuat tariximizin yaradıcılarından biri kimi şöhrətlənən H. Zərdabinin ürək ağrısı ilə yazdığı «pəs bizə diqqət edənlər, bu qəzetin kəsirini görəndə gülməyin, gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur»-cümlələrini oxuyandan sonra müstəqil Azərbaycanımızda yüzlərlə qəzet və jurnalın nəşri üçün geniş meydan açılması qəlbimizi iftixar hissi ilə doldurur və möhtərəm Prezidentimiz İlham Əliyevin «Azərbaycan milli mətbuatın yaradılmasının 140 illiyi haqqında» müvafiq fərmanında göstərildiyi kimi, mətbuat azadlğına, söz azadlığına ölkəmizdə heç bir məhdudiyyətin qoyulmaması mətbuat işçilərini öz şərəfli vəzifələrini daha məsuliyyətlə yerinə yetirməyə ruhlandırır.

 

«Əkinçi»

(Azərbaycan milli mətbuatının 140 illiyinə)

 

Söz, sənət mülkündə şəfəqdi, dandı,

Haqq oldu həmişə məsləki, andı,

Zülmətdə nur kimi alışdı, yandı-

Alovdu, atəşdi, qordu «Əkinçi».

 

Qəvvastək dəryadan ləl tapan oldu,

Yollar ayrılanda yol tapan oldu,

Neçə dilbilməzlə dil tapan oldu,

Onlardan sorğular sordu «Əkinçi».

 

Sorağı ellərdən ellərə çatdı,

Həm doğma, həm də yad dillərə çatdı.

Qələmin gücüylə dünya yaratdı,

Sözlərdən bir qala qurdu «Əkinçi».

 

Ayağı sayalı oldu quş kimi,

Düzə, ədalətə, haqqa tuş kimi.

Yazağzı müjdəli qaranquş kimi

Dolandı Vətəni, yurdu «Əkinçi».

 

Qələmlə ürəksiz yola çıxanı,

Hər zülmə biganə durub baxanı,

Haqqa, ədalətə qara yaxanı

Bu uzaq yollarda yordu «Əkinçi».

 

Tufanlar görsə də sozalmadı heç,

Nadan süfrəsindən duz almadı heç.

Sözünün kəsəri azalmadı heç,

Hədəfi çox sərrast vurdu «Əkinçi».

 

Bu gün də kövrəkdi, təzə, tərdi o.

Çox qələm əhlinə ulu yerdi o.

Zamanın hökmünə sinə gərdi o,

Durduğu zirvədə durdu «Əkinçi».

 

Şöhrəti azalmır, adı azalmır,

Sözünün kəsəri, dadı azalmır.

Yüz ildən artıqdı odu azalmır,

Sönməyən günəşdi, nurdu «Əkinçi».

 

Vaqif Məmmədov

Naxçıvan Dövlət Universitetinin “Qeyrət”nəşriyyatının direktoru,

Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Palitra.- 2015.- 16 iyul.- S. 13.