“Xaricdə təhsil gənclərin öz ölkəsi üçün
peşəkar kadr kimi yetişməsinə səbəb olur”
Orxan Rəhimzadə: “İlk Avropa Oyunlarının könüllü gəncləri göstərdilər ki, heç bir təmənna güdmədən öz ölkələrini sevirlər”
Layihə çərçivəsində Azərbaycan Texnologiya Universitetinin tələbəsi Orxan Rəhimzadə ilə müsahibəni təqdim edirik:
-Öncə özünüz
haqda məlumat vermənizi istərdik.
-Mən, Rəhimzadə Orxan hal-hazırda Azərbaycan Texnologiya Universitetinin Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin 4-cü kurs tələbəsiyəm. Həmçinin Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) İdarə Heyətinin üzvüyəm .
-Dediniz ki, AGAT-ın İdarə Heyətinin üzvüsüz.
AGAT gənclərin elmi inkişafına necə dəstək olur?
-Bəli, 2012-ci ildən AGAT-da ilk olaraq könüllü olaraq fəaliyyətə başlamışam. Sonrakı illərdə aktiv fəaliyyətim nəticəsində təşkilatın İdarə Heyətinə üzv kimi seçilmişəm. AGAT-da həm yerli, həm də beynəlxalq layihələrdə koordinatorluq fəaliyyətim olub. Keçən il sentyabrda “Azərbaijan Land Of Tolerance” adlı ilk fərdi layihəmi həyata keçirdim. Həmçinin iki ilə yaxındır çalışdığımız Dünyada Sülh Şəbəkəsi kimi tanınan “Peace One Day“ şəbəkəsi ilə birlikdə 18-22 sentyabrda 14 ölkədən 20 gəncin iştirakı ilə “Gənclərin Beynəlxalq Sülh Forumu”nu həyata keçirdik. Bu forumun koordinatorluq vəzifəsini icra etmişdim. Bildiyiniz kimi, AGAT Avropa təşkilatları olan AMSED, JEF, Peace One Day, GEYC və digər beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq edir. Bu təşkilatların təqdim etdiyi proqramlarda və layihələrində fəal təmsil və iştirak etmələrində istər mən, istərsə də təşkilata üzv olan könüllülərin elmi biliklərinin artmasında böyük imkanlar yaradır. Buna misal olaraq mən və təşkilatın dörd uzvü 01-11 avqust tarixində AGAT-ın üzv olduğu AMSED təşkilatı Fransanın Paris şəhərində Erasmus proqramı çərçivəsində beş ölkənin (Moldova, İsveçrə, Ukrayna, Türkiyə, Azərbaycan) iştirakı nəzərdə tutulub. Bu səfər nəticəsində ölkəmiz Azərbaycanın tanıtımında, həmçinin öz biliklərimizin artırılmasında bizə böyük kömək olacaq.
-Gənclərin məlumat və bilik mənbələrinə
çıxış imkanları
nə dərəcədə
asandır?
-Ölkəmizdə gənclərin məlumat və bilik mənbələrinə yiyələnməsi üçün hər cür imkanlar vardır. Yaşadığımız dövrdə məlumat və bilik mənbələrinin əldə edilməsində bizə əsas yardımçı olan vasitə internetdir. Hal-hazırda Azərbaycan əhalisinin internetə çıxışı 70%-dən artıqdır və bu onu da göstərir ki, ölkəmizin ən ucqar kəndində belə, internetə çıxışı mümkündür. Bu da gənclərin məlumat və bilik mənbələrinə çıxış imkanları əldə etməsinə böyük kömək olur. Bundan əlavə, indi Azərbaycanın hər bir regionunda gənclər mərkəzləri açılır. Bu mərkəzlərdə gənclər üçün öz məlumat və bilik imkanlarını artırmaqdan ötru hər cür şərait yaradılıb.
-Vətəndaş cəmiyyəti
bu baxımdan lazımi addımlar atırmı?
-Vətəndaş cəmiyyəti-cəmiyyətin inkşafının müəyyən pilləsində formalaşan insanların birliyi olub, özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və s. münasibətlərin məcmusu olub. Bu gün vətəndaş cəmiyyətində çalışan insanların böyük hissəsini gənclər təşkil edir. Bu, gözəl nəticədir. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə istər dövlət tərəfindən, istərsə də digər donor qurumlar tərəfindən maliyyə imkanları yaradılır. Bu maliyyə hesabına il ərzində istər Bakıda, istərsə də regionlarda gənclərin bilik və bacarıqlarını artırmaqdan ötrü seminarlar, forumlar, görüşlər keçirilir. Bu da gənclərin inkişafında böyük imkanlar yaradır .
-Gənclərimiz bilik və bacarıqlarını
istədikləri şəkildə
ortaya qoya bilirlərmi?
-Gənclərin bilik və bacarıqlarını istədikləri şəkildə ortaya qoymaq üçün hər cür imkanlar mövcuddur. Çünki indi hər bir gəncin öz bilik və bacarığını artırmaq üçün istər dövlət hesabına, istərsə də öz hesabına dünyanın ən yüksək universitetlərində biliklərə yiyələnmək imkanları vardır. İndiki gənclərin bu imkanlardan istifadəetmə hüququ çox sadə və rahatdır. Nəzər yetirsək, bu imkanlardan daha çox şəhər gəncləri istifadə edirlər. Çox istərdim ki, region gəncləri daha da aktiv olsunlar. Son illərdə Gənclər və İdman Nazirliyi tərəfindən hər il Gənclər Günündə regionun bir şəhərinin Gənclər Paytaxtı seçilməsi və il ərzində həmin regionda gənclərə silsiləli tədbirlərin keçirilməsi gənclərin bilik və bacarıqlarının artmasına böyuk dəstək olur.
- Tələbə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi
üçün nələr
edilməlidir?
-Son 10 ilə nəzər salsaq, Azərbaycanda gənclərə dövlət tərəfindən xüsusi diqqət var. Buna misal olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkçlçrdç təhsili üzrə Dövlət Proqramı"nın tətbiqini demək olar . Xüsusi qabiliyyəti və intellektual səviyyəsi olan gənclər dövlətin dəstəyi ilə dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Bu proqram çərçivəsində xaricdə təhsil gənclərin intellektual səviyyələrinin, dünya göruşlərinin formalaşmasında və həmçinin öz ölkəsi üçün peşəkar kadr kimi yetişməsinə səbəb olur. Bundan əlavə xaricdə təhsil alan hər bir gənc təhsil aldığı universitetdə Azərbaycanın səfiri funksiyasını yerinə yetirir. Ölkəsinin mədəniyyətinin, tarixinin tanımasına böyük dəstək olur. Bir Azərbaycan gənci olaraq xaricdə təhsil proqramının müddətinin daha da artırılmasını, bu proqram vasitəsi ilə daha çox gənclərin yararlamasını arzu edərdim. Çünki bu proqram həm ölkəmizin tanınmasında, diasporumuzun güclənməsində və ölkəmiz üçün intellektual səviyyəsi güclu olan kadrların yetişməsində böyük imkanlar yaradır. Bundan başqa ölkəmizdə gənclər və tələbələrin intellektual səviyyələrinin artmasında, onları həyata keçirmək üçün müəyyən fondlar mövcuddur. Bunlar Prezident yanında Gənclər Fondu, Bilik Fondu və digər qurumlardır. Bu fondlar minlərlə gəncə öz bilik və intellektual səviyyələrinin artmasında böyük təkan verir. Bu cür fondların və qurumların gənclərə dəstəyi çox olsa, ölkəmizdə bilikli, intellektual gənclərin sayı çox olacaq.
-Ölkəmizdə keçirilən
ilk Avropa Oyunları gənclərin düşüncəsinə
necə təsir göstərib?
-İlk Avropa Oyunları ölkəmizə, eləcə də gənclərə böyük imkanlar yaratdı. Avropa Oyunları vasitəsi ilə ölkəmiz öz tarixini, mədəniyyətini, regionun ən inkişaf etmiş ölkəsi olduğunu dünyaya göstərdi. Avropa Oyunlarında iyirmi mindən artıq Azərbaycan gənci könüllü fəaliyyət göstərdi. Könüllülük Azərbaycan gəncinə nə qazandırdı? Gənclərimiz dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərlə birlikdə çalışdılar. Bu da onların bilik və bacarıqları, dünyagörüşünün artmasına böyük kömək oldu. Özlərinə istər xarici, istərsə də yerli dostlar qazandılar. Gənclərimiz göstərdilər ki, heç bir təmənna güdmədən öz ölkələrini sevirlər.
- Perspektivdə hansı layihələr gözlənilir?
- Hal-hazırda “Peace One Day” şəbəkəsi ilə 21 sentyabr beynəlxalq Sülh günü ilə əlaqədar “Play For Peace“ (Sülh üçün oyna) kampaniyasını həyata keçirmək istəyirəm. Bu kampaniya iki istiqamətdə həyata keçiriləcək. Birinci, Azərbaycanı dünya çapında tanıdan məşhur insanların (ombudsman, fond və QHT rəhbərləri, elm adamları, iqtisadçılar, futbolçular, jurnalistlər, müğənnilərin) iştirakı ilə videoçarxların hazırlanması nəzərdə tutulub. Hazırlanmış videolar sosial şəbəkələrdə hər il dünya top trendinə düşən #PeaceDay həştəqi ilə yayımlanacaq. Bu da Azərbaycanın sülh və tolerant bir ölkə kimi tanınmasına bir təkan olacaq. Kampaniya çərçivəsində 10-15 yaşarası məktəbli şagirdlərin iştirakı ilə “Play For Peace” (Sülh üçün oyna ) devizi altında futbol turnirinin həyata keçirilməsi nəzərdə tutulub. Bu turnir məktəblilər arasında qarşılıqlı hörmət və sülh mədəniyyətinin formalaşmasına kömək edəcək.
Fuad Hüseynzadə
Palitra.- 2015.- 17 iyul.- S. 11.