YARAT Müasir İncəsənət
Mərkəzində mühazirə
YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Mərkəzinin kurator-direktoru və "Sotheby's"nin əməkdaşı Suad Qarayeva "İnkişafda olan incəsənət bazarları, yaxud incəsənət bazarını necə qurmalı" mövzusunda mühazirəsini təqdim edib.
Təqdimat YARAT Müasir İncəsənət Mərkəzində reallaşıb.
İncəsənət əsrlər boyu kübarlığın, zövqün ifadəsi sayılıb və yüksək dəyərləndirilib. Son zamanlar əsərlərin qiymətində artımın baş verməsi isə incəsənətin yalnız əvvəlki mahiyyətdə deyil, mühüm investisiya və gəlir mənbəyi kimi qiymətləndirilməsinə səbəb olub. Hər halda incəsənət bazarı mərkəzi tənzimlənmədən kənarda qaldığı və əsərlərin real dəyərinin müəyyən edilməsi o qədər asan olmadığı üçün, o, alğı-satqısı daim həyata keçirilmiş digər əmtəələrdən hədsiz dərəcədə fərqlənir. Qloballaşma şəraitində sərhədlər itir və beynəlxalq incəsənət səhnəsi genişlənərək yeni əraziləri əhatə edir. Bununla belə, konkret bazarın uğurlu inkişafının əsasında dayanan strategiyalar sabit və möhkəm bazar münasibətləri üçün çox vacibdir.
Bu mühazirədə Suad Qarayeva yeni coğrafi məkanlarda incəsənət bazarının yaradılması mərhələlərindən və bu haqda düşüncələrindən bəhs edib. Mühazirədə qlobal bazara çıxışın problem və üstünlükləri, auksion evlərinin dəyər yaradılması prosesində əsas iştirakçı kimi rolu, müasir incəsənət sahəsində qiymətləndirmə və brendləşmənin strategiyaları nəzərdən keçirilib.
Suad Qarayeva müasir incəsənət əsərlərinin Qafqaz və Orta Asiyadan yeni satışlarının təşəbbüskarı və "Sotheby's" hərrac evində Rusiya və Şərqi Avropa ölkələrinin müasir incəsənəti üzrə mütəxəssisi kimi mühazirəsində bu ərazilərin incəsənət bazarının araşdırılmasına xüsusi diqqət yetirib.
Palitra.- 2015.- 17 iyul.- S. 13.