“Bakı-2015“in
xoşbəxt anları
fotolarda
"Kiçik QalArt" qalereyasında birinci Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılıb. Sərgi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") və birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Azərbaycan Coca-Cola Bottlers" şirkətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib.
Açılış mərasimində çıxış edən "Arts Council Azerbaijan"ın rəhbəri Dadaş Məmmədov və "Coca-Cola" şirkətinin nümayəndəsi Qabil Əhmədov sərgi barədə məlumat veriblər. Bildirilib ki, sərgidə iyunun 16-dan 30-dək keçirilmiş fotomüsabiqədə seçilmiş fotolar nümayiş olunur. Bu fotolar oyunlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları, o cümlədən insanların Oyunlar zamanı keçirdikləri sevinc anlarını, "Coca-Cola" brendindən istifadə, "Coca-Cola"nı içərkən sevinc və şadlığı, idmançıların və azarkeşlərin sevincini, qələbə anlarını və müxtəlif hissləri əks etdirir. Tədbirdə, həmçinin fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Birinci yeri "Qürurverici hisslər" fotosuna görə Rüstəm İsmayılov qazanıb. Fotoda paralimpiyaçı cüdoçu, "Bakı-2015"in qızıl medalçısı İlham Zəkiyevin ölkəmizin başçısı ilə qələbə sevincini bölüşdüyü an əks olunub. İkinci yerə birinci Avropa Oyunlarında yunan-Roma güləşi üzrə çempion Rəsul Çunayevin qələbə qazandıqdan sonra Prezident İlham Əliyevə əsgər salamı verdiyi məqamın təsvir olunduğu "Tapşırıq yerinə yetirildi" adlı fotoya görə Bakı Media Mərkəzinin əməkdaşı Vüqar İbadov layiq görülüb. Üçüncü yer isə 2 nəfər - "Əhsən qızlar" fotosuna görə Bəkir Dəlləkov və "Bakı-2015" fotosuna görə Mirsadıq Hüseynov layiq görülüblər. Qaliblərə diplomlar və xatirə hədiyyələr təqdim edilib. Müsabiqədə seçilmiş 50-ə yaxın fotonun nümayiş olunduğu sərgi iyulun 22-dək davam edəcək.
Azərbaycan.- 2015.- 17 iyul.- S. 15.