Təbrizdən Quma səfər

 

İtalyan səyyah Cemelli Karerinin “Səfərnamə” əsəri Səfəvilərin tarixini öyrənmək üçün qiymətli mənbədir

 

Axşamçağı monastra qayıdarkən öyrəndim ki, yüzbaşı gürcü Təbrizə yetişmişdir. Molaşi ilə birlikdə tələm-tələsik yüzbaşının qaldığı evin qapısına getdik. Yarım saatdan sonra yüzbaşı evdən çıxdı. O, çoxusu silahsız olan 12 nəfər müşayiətçisi ilə ata mindilər və yola düşməyə hazır oldular. Adətən, yüzbaşılar belə səfərlərdə şah xəzinəsindən 100 əsgərin qoruma xərcini alırlar, lakin onlar məsrəflərin azaldılması və özlərinə bir şey qalmasından ötrü özləri ilə yalnız müəyyən miqdar silahlı mühafiz götürürlər. Xülasə, bütün gecəni iki dağ silsiləsi arasındakı daşlı yolla yol getdik. 7 saatdan sonra Təbrizin 20 milliyindəki Şah Səfi zamanından qalma Şəbli karvansarayına yetişdik. Karvansarayın binası çox gözəl və möhkəm idi. Eyni zamanda təqribən 100 müsafir öz adamları ilə burada istirahət edə bilərdi. Təbriz və İsfahan, eləcə də Urmiya və İsfahan arasında məsafə böyük olduğundan belə böyük təchizatlı karvansaraylara dəfələrlə çox ehtiyac var. Bu regionda yol nəzarətçiləri hər ata görə 1 abbası haqq alırlar. Ancaq biz möhtərəm yüzbaşı ilə birlikdə olduğumuza görə bizdən bir şey almadılar.

Əvvəl uca bir dağa qalxdıq, sonra içərisində vəhşi ördəklərin olduğu böyük gölün yerləşdiyi səhraya doğru aşağı endik. Burada yol iki tərəfə ayrılır. Biri üzüyuxarı Ərdəbilə tərəf gedir. Göl bu yolun sağ tərəfində yerləşir. Adıgedən yol Ərdəbildən Qəzvinə, oradan da İsfahana uzanır. Gölün sağ tərəfindən keçən və düz olan ikinci yol isə Qum, Kaşan və İsfahana gedir.

Biz ikinci yolu tutduq və məhsuldar kəndlərin arası ilə 10 mil qət etdikdən sonra günorta radələrində Hacı Ağa qəsəbəsinə çatdıq. Bu qəsəbədə də yaxşı bir karvansaray var. Mən və Məlaşi bir türkün evində mənzil tutduq. Bu fəsildə İranda gecələr çox soyuq olur. Halbuki gündüzlər hava isti və demək olar ki, bu fəsildə İtaliyada olduğu kimidir.

Bütün şənbə gününü bu qəsəbədə istirahət etdik. Yola çıxmaq üçün axşamın sərinini gözləyirdik. Bu arada mənim atım yaxşı cilovlanmadığından çölə doğru götürüldü. Mən, az qala, ondan ümidimi tamamilə itirmişdim. Xoşbəxtlikdən atlılardan biri sürətlə şığıyaraq onu tutub gətirdi. Axşamayaxın yola çıxdıq. Çoxlu eniş-yoxuşdan keçdik. Birdən güclü yağış yağmağa başladı və bir neçə saat davam elədi. Hava elə qaraldı ki, yolu azdıq. Axırda yolu tanıyan bir bələdçinin köməyi ilə “Gilək” adlı bir karvansaraya yetişdik.

Yolda atımla birgə bir çalaya düşmüşdüm. Bütün bədənim və əşyalarım islanmış, hətta tapançalarımdan biri sınmışdı. “Gilək” karvansarayında bir az dincəldikdən sonra yolumuza davam etdik və 2 mil yol getdikdən sonra daşdan inşa edilmiş “Tutlar” karansarayına çatdıq. Bu karvansaray əvvəl gördüyümüz karvansarayların əksinə olaraq bişmiş kərpicdən deyil, tamamilə daşdan tikilmişdi.

İranın bütün yollarında yaxşı və təchizatlı karvansaraylar tikilmişdir. Onlar bir-birindən təqribən 4 mil məsafədə yerləşir. 8 mil yol getdikdən sonra Qara çəmən qəsəbəsinə yetişdik. Bütün gecəni əyri-üyrü, enişli-yoxuşlu yollardan keçdik. Yolun kənarları əkin sahələri və bağlarla örtülmüşdü. Şübhəsiz ki, məhsuldarlıq baxımından Türkiyə-İran sərhədindən bura qədər heç bir yer bu məntəqə ilə müqayisə oluna bilməz. Xüsusən bu fəsildə ərazinin belə yamyaşıl olması təəccüb doğururdu. Burada həyat məsrəflərinin səviyyəsi çox aşağıdır. Hər kəs 30 peşiz (sasanilərdən qalma nazik və balaca bürünc və ya mis sikkə, xırda pul, dramın 60-da biri-tərcüməçi) xərcləməklə rifahlı bir həyata sahib ola bilər. Ancaq yer bir az bərkdir. Yeri şumlamaq üçün kotana ən azından 4 öküz bağlamaq lazımdır. Bir oğlan uşağı kotanı dartan qabaqdakı öküzlərdən birinə minir və əlindəki çubuqla onları idarə edir.

Yüzbaşı səmimiyyətlə məndən xahiş etdi ki, şam yeməyini onunla birlikdə yeyim. Bu dəvətə təəccübləndim. Çünki iranlılar katoliklərlə birlikdə yemək yeməkdən qaçınırlar. Onlara görə, katoliklərin əlinin dəyməsi yeməyi murdarlayır. Ancaq yadıma düşdü ki, yüzbaşı əvvəllər xristian olmuş, sonradan islamı qəbul etmişdir. Ona görə də islam inanclarına o qədər də bağlı deyildir. Şam yeyərkən yüzbaşı özünün bir gürcü şahzadəsinin oğlu olduğunu söylədi. Düşmənlərinin fitnəsi üzündən son vaxtlara qədər Təbrizdə zindanda əl-ayağı və boğazı zəncirdə saxlanılırmış. Padşahın lütfü ilə əfv olub və onun hüzuruna müşərrəf olmaq və 14 il bundan qabaq paytaxta gedib və orada zərbxana işlərinə baxan qardaşını görmək üçün İsfahana gedir. Ancaq başqalarının dediyinə görə, yüzbaşının zindana salınması və zəncirə vurulmasının səbəbi bir neçə erməni qəsəbəsində bulaşdığı sui-istifadə, pozğunluq, zülm və rüşvət olmuşdur. Yüzbaşı ilə bir çox şeylər, o cümlədən, hətta şah haqqında söhbət etdik. Yüzbaşı dedi ki, indiki şah çox güclüdür, hətta asanlıqla Türkiyənin bir çox şəhərlərini ələ keçirə bilər. Ancaq əfsuslar olsun ki, bu fürsətdən istifadə etmir və hərəmxanasında eyş-işrətlə məşğuldur.

Axşamayaxın yenidən atlara mindik və 7 saat ərzində çoxsaylı məhsuldar, abad və sıx əhalili kəndlərdən, o cümlədən Yüzbaşı adlı yaşayış məskənindən keçdikdən və 21 mil yol qət etdikdən sonra şam yemək və istirahət etməkdən ötrü bir dərənin ortasında yerləşən bir türkmən kəndində atlardan endik. Yüzbaşı mənə olan ehtiram və hörmətini davam etdirirdi. Bu dəfə də o, məni yeməyə dəvət etdi. Qaşıq əvəzinə öz əlləri ilə mənim və Malaşinin boşqabına düyü qoydu. Bu hərəkət İranda tamamilə təbii və ədəbli hesab olunur. Halbuki, əksinə, Avropada bu hərəkət böyük ədəbsizlik və görgüsüzlük sayılır. İran yeməyi bir böyük qab düyüdən-plovdan və bir böyük qab ətdən təşkil olunur. Süfrə başında daha böyük və nüfuzlu şəxs başqalarının qabına yemək qoyur. Yeməkdən sonra yüzbaşı özünün əl ağacını yuxarı qaldırdı və xidmətçi onun əllərini yuması üçün isti su gətirdi. Belə bir şayiə yayılmışdı ki, guya, mən xristian dövlətlərindən birinin şahzadəsinin səfiriyəm və xəbər vermədən səyahətə çıxmışam. Buna görə də qəsəbənin bir neçə sakini mənim görüşümə gəlmişdi. İranlılar bu cür şeylərə tez inanırlar. Onlar əlində məktub olan hər kəsi səfir hesab edirlər. Əlində rəsmi kağız olan və İran padşahına hədiyyə aparan hər kəs İran sərhədinə daxil olduqdan sonra əyalətlərin hakim və ya xanları tərəfindən qəbul edilir və onlara hər cür ehtiram və iltifat göstərilir və şah xəzinəsinin hesabına mərkəzə yola salınır. Buna görə də xarici tacirlərin çoxu bu hiyləyə əl atırlar ki, çapovulçulardan (yolkəsən-tərcüməçi) canlarını qurtarsın, gömrük və yol nəzarəti rüsumlarından azad olsunlar.

Burada xəbər gəldi ki, ehtiyatı əldən verməyək, öz əşya və mallarımızdan muğayat olaq. Çünki Miyanə şəhərinin əhalisi şahın onlara qoyduğu vergilərdən təngə gəlib və əlacsızlıqdan şəhəri tərk edərək yollarda qaçaqçılıq və yol kəsməklə məşğuldur.

Əlbəttə, bizə də hücum edə bilərdilər. Çünki, əvvəl də deyildiyi kimi, yüzbaşının adamlarından bəziləri silahsız idi.

Günün qalan hissəsini bir iranlının evində keçirdik. Axşamayaxın yola çıxdıq. Günəş batandan 1 saat sonra şiddətli yağış başladı. Hava elə qaraldı ki, yolu azmamaq üçün bələdçi və fanara ehtiyac oldu. 3 saat yol getdikdən sonra yüzbaşının istəyi ilə kiçik bir çayın kənarında dayandıq. Günəşin çıxmağına 2 saat qalmış öz yolumuza davam etdik, məhsuldar dağ, çöl və dərələrdən keçdik, 5 saat müddətində 15 mil yol getdikdən sonra Miyanə qəsəbəsinə çatdıq. Bataqlıq bir ərazidə yerləşən bu gül-çiçəkli qəsəbə viranədən başqa bir şey deyil. Bir kimsə gözə dəymir. Biz burada yalnız 2 nəfər yol nəzarətçisi ilə rastlaşdıq. Onlar da yüzbaşının qorxusundan bizdən bir şey istəmədilər.

Miyanədə bir yeni və bir viranə karvansaray gördük. Miyanə yamyaşıl bir düzdə yerləşdiyi üçün onun bir gün yenə də abad və sıx əhalili bir qəsəbəyə çevriləcəyinə şübhə yoxdur.

Bu qəsəbənin 4 milliyində böyük Miyanə çayının sonu ensiz və dərin olan 4 qolundan at üzərində keçdik. Ancaq qışda buradan at üstündə keçmək məsləhət görülmür. Qışda buradan dəvə üstündə keçilməlidir. Qədimdə burada çayın üzərində 30 tağlı körpü inşa edilmişdir. Hazırda ondan 6 tağ qalmışdır. Daha sonra Kaplankuh adlı bir dağa çatdıq. İsfahana qədər bu ucalıqda dağ görmədik. Onun ətəkləri uzun idi və tədricən Qızılüzən çayına qədər uzanırdı. Qızılüzən çayının üzərindəki 3 tağlı gözəl körpü yenicə inşa olunmuşdu. Bu çaydan suvarma məqsədi ilə çoxlu sayda kanallar çəkilmişdir. Qızılüzən çayı Gilan vilayətindən keçdikdən sonra Qəzvin (Xəzər) dənizinə tökülür.

Dövlətin bu dağın ətrafındakı qəsəbələrdən heç bir gəliri yoxdur. Çünki bu ərazilərin hamısı Ərdəbil məscidinin vəqf əraziləridir. Bu məsciddə İranın bir çox şahları və böyükləri, o cümlədən Şeyx Səfi basdırılmışdır. Şeyx Səfi müqəddəs bir şəxsiyyət olmuşdur. İranlılar dəstə-dəstə onun qəbrini ziyarətə gəlirlər. Adıgedən məscidin ildə 80 min qızıl lirə gəliri olur. Bu gəlir yoxsul kimsələr, ətrafda yaşayanlar və məscidə baxan və onu qoruyan ruhanilər arasında bölünür.

Yuxarıda qeyd etdiyim körpünün yaxınlığında böyük bir təpənin üzərində bir qala görünür. Yüzbaşının sözlərinə görə, bu bənzərsiz qalanın banisi bir vaxt qala şəhərin və bu regionun sahibi olmuş bir qadındır. 11 saat ərzində dayanmadan tikandan başqa bir şeyin olmadığı ucsuz-bucaqsız səhrada 33 mil yol qət etdik və günortaya az qalmış bir təpənin üzərində yerləşən Sən Malava-yəqin ki, Camalabad karvansarayına çatdıq. Karvansarayın 7 gözəl bürcü öz gözəlliyi ilə onu uzaqdan möhkəm bir qalaya bənzədirdi. Təpənin ətrafında çoxlu kəklik vardı. Onların rəngi Avropa kəkliklərinin rəngindən bir az fərqlənirdi.

Bu yolun yolçularının təhlükəsizliyi heç cür təmin olunmur. Yolçular ya oğru və ya yolkəsənlərə, ya da əyalətdən-əyalətə şah fərmanlarını aparan çaparla rast gəlirlər. Onların at və malları şəxsi ehtiyacların qarşılanması üçün ya hökumətin, yaxud da şahzadələrin qərarı ilə əllərindən alınır və qala qəsb edilir. Bu at və mallar 2-3 gündən sonra qaytarılsa da, yolçular yollarda səfil-sərgərdan olurlar.

(ardi var)

 

Tərcüməçi:

Səmsi Pənahoglu

AMEA Şərqşünaslıq İnstitutu

 

Palitra.- 2015.- 23 iyul.- S. 7.