“Azərbaycan Multikulturalizmi”
fənni xarici tələbələrin Azərbaycana
marağını artırıb
8 xarici və 7 yerli universitetin tələbələrinin iştirakı
ilə beynəlxalq yay məktəbi layihəsinə start verilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsinə start verilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda beynəlxalq yay məktəbinin təhsilin inkişafında oynadığı rola, Bakı Slavyan Universitetində və dünyanın müxtəlif ölkələrinin ali məktəblərində tədris olunan Azərbaycan multikulturalizmi fənninin əhəmiyyətinə toxunacağıq. Öncə onu qeyd edək ki, iyulun 21-dən fəaliyyətə başlayan yay məktəbi avqustun 1-dək davam edəcək. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideyası və təşəbbüsü ilə keçirilən yay məktəbinə 8 xarici və 7 yerli universitetlərin tələbələri ilə yanaşı, azərbaycanlı və avropalı tanınmış elm adamları da qatılacaq.
Yay məktəbində yerli və xarici
alimlərin mühazirələri
dinləniləcək
Belarus Dövlət və Linqvistik universitetləri, Çexiyanın Praqa Karlov və Masarik universitetləri, Litvanın Pedaqoji və Vytautas Maqnus universitetləri, Tbilisi Dövlət Universiteti, Rusiyanın Ural Federal Universiteti və Rus Dili Dövlət İnstitutu, İtaliyanın La Sapienza və Neapol universitetləri, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Türkiyənin Ardahan və Sakarya universitetləri, Azərbaycan Diplomatiya Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Ali Neft Məktəbinin bütövlükdə 70 tələbəsinin qatılacağı yay məktəbində yerli və xarici alimlərin mühazirələri də dinləniləcək. Dünən Bakı Slavyan Universitetində qonaq olan yay məktəbinin üzvləri BSU-nun Azərbaycan Multikulturalizmi kafedrasının əməkdaşları ilə görüşüblər. Kafedranın rəhbəri, dosent Aytən Qəhrəman qonaqları salamlayaraq onlara universitetdə fəaliyyət göstərən Azərbaycan Multikulturalizmi kafedrası və burada tədris edilən “Azərbaycan Multikulturalizmi” fənni barədə ətraflı məlumat verib. Azərbaycanda formalaşan multikulturalizm mühitinin qədim tarixi köklərindən bəhs edən Aytən Qəhrəman bu ölkədə yaşayan millətlər və etnik qruplar, onların yaşayış tərzi, adət-ənənələri, dinləri və mədəniyyətləri barədə söhbət açıb. Görüşdə BSU-nun Tədris şöbəsinin müdiri Məmmədtağı Rzayev, Azərbaycan Multikulturalizmi kafedrasının dosentləri Rauf Hacı, Ziya Səmədli, müəllim Maya Cəfərquliyeva Azərbaycanda və dünyanın bir sıra tanınmış ali təhsil ocaqlarında tədris edilən “Azərbaycan Multikulturalizmi” fənni və multikulturalizmin inkişafı istiqamətində görülən işlərdən danışıblar. Bakı Slavyan Universiteti ilə tanışlıq çərçivəsində yay məktəbinin üzvləri universitetin Azərbaycan Multikulturalizmi kafedrası, Muzeyi, burada mövcud olan Çex, Polyak, Bolqar, Yunan, Rusiya, Ukrayna, Türkiyə, Belarus dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olublar. Onlara mərkəzlərin çoxşaxəli fəaliyyəti, mövcud maddi-texniki baza, zəngin kitabaxana barədə geniş məlumat verilib.
Nüfuzlu ali məktəblər “Azərbaycan
Multikulturalizmi” fənnini
tədris etmək üçün müraciət
edib
Qeyd edək ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənləri yaradılıb və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olunub. “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris edilməyə başlanılıb. “Multikulturalizmə Giriş”, “Azərbaycan Multikulturalizmi” fənləri Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində tədris olunmağa başlayıb. Xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə ona yaxın universitet təklifi müsbət qarşılayıb. Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm treninqlərə başlayıb. Treninq zamanı mütəxəssislər dinləyicilərə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərinin tədris proqramlarının əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə təmin edir və sonda imtahanda onların biliklərini yoxlayırlar. İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikat verilir. Treninqlərdə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki hazırkı tələbatı müəyyən dərəcədə qarşılaya bilib. Hazırda 7 xarici ölkə universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunur. Bu universitetlər aşağıdakılardır: Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti; İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti; Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası); Litva Pedaqoji Universiteti; Praqa Karlov Universiteti (Çexiya Respublikası); Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə “Azərbaycan Multikulturalizmi” fənninin tədris olunması ilə bağlı rəsmi müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Vürsburq Universiteti (Almaniya Federativ Respublikası), Frayburq Universiteti (İsveçrə Konfederasiyası), Sakarya Universiteti (Türkiyə Cümhuriyyəti), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna Respublikası) öz rəsmi müraciətlərini göndərib. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza Universiteti (İtaliya Respublikası), Auqsburq Universiteti (Almaniya Federativ Respublikası) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa Respublikası) ilə bu istiqamətdə danışıqlar aparır. Belarusda “Azərbaycan Multikulturalizmi” fənnini tədris edən Eleonora Hüseynovanın fikrincə, bu kurs gözləntiləri doğruldub: “Bu fənnin tədrisi tələbələrin Azərbaycana marağını daha da artırıb. Azərbaycan multikulturalizmi Belarus Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin 132 nəfər birinci kurs tələbəsinə tədris olunub. Həmin tələbələrin sırasında 14 ölkənin- Belarus, Rusiya, Çin, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Liviya, Mozambik, Nigeriya və Koreya Respublikasının vətəndaşları var. Bu kursun tədrisi tələbələrə “Azərbaycan Multikulturalizmi” siyasətini, onun xüsusiyyətlərini və səbəblərini elmi əsaslarla öyrənməyə imkan yaradıb. Arzulayardıq ki, gələcəkdə bu məşğələlərə Azərbaycandan digər nümayəndələr də dəvət edək, daha çox məlumatlar-bukletlər, videoçarxlar, müxtəlif əyani vəsaitlər əldə edək. İmtahanlar hələ qarşıda olsa da, fənnin tədrisi boyunca apardığımız monitorinqlər əsasında bu kursun tələbələr arasında xüsusi maraq doğurduğunu qeyd edə bilərik”.
Anar Miriyev
Palitra.- 2015.- 23 iyul.- S. 12.