Kamin Rəhmətov: “Rusiyada müəllimlərimdən çox səmimi münasibət görmüşəm”

 

“Hər zaman ali təhsilimi ölkədən kənarda davam etdirmək arzum olub”

 

Xaricdə təhsil alanlarla bağlı rubrikamızın budəfəki qonağı qonşu Rusiyada ali təhsilini davam etdirən Kamin Rəhmətovdur. Kamin Rəhmətov 673 balla ATU-ya qəbul olub orada oxusa da, yenidən ali təhsilini başqa ölkədə davam etdirmək qərarı verib. O, həmçinin ictimai aktivlik də göstərir, xeyli sayda diplom, sertifikat və digər mükafatlar əldə edib. Bu istedadlı, savadlı və bacarıqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Rəhmətov Kamin Kamal oğlu 18 iyul 1990-cı ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşam. İlk təhsilimi 1996-cı ildə Hişkədərə kəndindəki orta məktəbdə başlamışam. Orta məktəbdə təhsil aldığım illərdə həm tədrisdə, həm də rayon miqyasında olan ictimai tədbirlərdə aktiv olaraq iştirak etmişəm, hər il dərs əlaçısı olmuşam. Artıq 9-cu sinifdə oxuduğum dövrlərdən başlayaraq kimya fənnindən fənn olimpiadalarında iştirak etmişəm və ardıcıl olaraq 3 il (2005,2006,2007) Masallı rayon birinciliyinə və 2006-cı ildə Respublika Fənn Olimpiadasında 2-ci yerə layiq görülmüşəm. 2007-ci ildə Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə və “Fərqlənmə Attestatı” ilə bitirdim. Həmin il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Ali Tədris Müəssisələrinə qəbul imtahanında 673 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul oldum.

Tibb Universitetində təhsil aldığım dönəmdə də, həm ciddi şəkildə tədrislə məşğul olurdum, 5 il ərzində əla qiymətlərlə oxudum, həm də ictimai-administrativ vəzifələrin icrası ilə məşğul olurdum. Belə ki, öncə qrup nümayəndəsi və daha sonra bir neçə il kurs nümayəndəsi oldum, həm də 3-cü kursdan başlayaraq elmi mövzularda çalışmalara, konfranslara qatılırdım.

- Bildiyim qədərilə , konfranslara qatılmaqla yanaşı, xeyli sayda mükafat və diplomlar da almısınız.

- Bəli. Düzü, sadalasam çoxdur. Öncə ondan başlayım ki, 2009-cu ildə ATU-da elmi-praktik çalışmaya görə Sitologiya, Histologiya və Embriologiya kafedrası tərəfindən “Fəxri Tələbə” adına və eyni adlı təqaüdə layiq görülmüşəm. Həmçinin 2009-cu ildən başlamış olduğum elmi çalışmalarla ciddi sürətdə məşğul olmuşam. Belə ki, “Yemək borusu xərçənginin Azərbaycanda rast gəlinən patohistoloji formaları” adlı mövzu ilə ATU-nun Tələbə Elmi Cəmiyyətinin konfransında çıxışım professor-müəllim heyəti tərəfindən elmi və praktik əhəmiyyəti baxımından yüksək dəyərləndirildi və nəzəri təbabət bölməsində birincilik qazandım.

Daha sonrakı illərdə “Yemək borusu xərçənginin diaqnostikası və cərrahi müalicəsi” mövzusu ilə TEC konfransında cərrahi paneldə birincilik (2011) qazandım. Apardığım klinik çalışmaların nəticəsi olan “Kompression-distraksion aparatlarla aparılan osteosintezin nəticələri” mövzusu ilə Plenar Elmi iclas üçün (2011) seçilmiş azsaylı elmi çalışma kimi akademik-professor heyəti qarşısında çıxış etmişəm və bu çalışmam yekun olaraq birinciliklə dəyərləndirilmişdi. Bu elmi çalışma ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov tərəfindən universitet adından Respublika Elmi Konfransına və Dünya Tibb Tələbələri Konqresinə isə Azərbaycan adından namizəd kimi irəli sürülmüşdü.

Həmçinin, 6-8 may 2011-ci ildə Türkiyənin Samsun şəhəri Ondokuz Mayıs Universitetində keçirilən Dünya Tibb Tələbələri Konqresində ölkəmiz adından çıxış edərək cərrahi bölmədə birincilik “Qızıl Plaketi”ni qazandım.

29 Noyabr 2011-ci ildə XXII Respublika Elmi Konfransında eyni adlı elmi işimlə Tibb bölməsinin qalibi adını və Təhsil Nazirliyinin Sertifikatını qazandım. 2011-ci ilin elmi yekunlarına görə keçirilən elmi konfransda akademik-professor müəllim heyəti tərəfindən “İlin ən yaxşı elmi tədqiqatçısı” adına layiq görüldüm.

2012-ci ilin aprel ayında yenidən TEC konfransında cərrahi paneldə “Ətrafların odlu silah yaralanmaları” mövzusunda çıxışıma görə diplomla təltif olundum və ATU-nun I Cərrahi Xəstəliklər kafedrasının müdiri olmuş professor, Ə.e.x. Həsən Həsənovun xatirəsinə həsr olunmuş elmi-praktik konfransın jurnalında “Qida borusu transplantasiyası” ilə bağlı elmi işim çap olundu.

2013-cü ildə isə Beynəlxalq Cərrahi Konfransda iştirakçı oldum, həm də iki elmi məqaləm konfrans jurnalında çap olundu.

2014-cü ilin aprel ayında Hacettepe Universitetinin təşkil etdiyi 7-ci Beynəlxalq Konfransda dəvət əsasında çıxış edərək diplomla təltif olundum.

Hazırda da təhsil aldığım Rusiyanın Kursk Dövlət Tibb Universitetində (KQMU) elmi işlərimlə bağlı çalışmalarım davam edir və növbəti ildə təşkil ediləcək Ümumrusiya Gənc Tədqiqatçılar Konqresinə hazırlaşıram.

- Həqiqətən də bütün əldə etdikləriniz bir gənc üçün böyük uğurlar sayıla bilər. Bəs, necə oldu ki, Rusiyada ali təhsil almaq qərarına gəldiniz?

- Hər zaman ali təhsilimi ölkəmizdən kənarda davam etdirmək arzum olub, təəssüflər olsun, bu və ya digər səbəblərdən alınmırdı. Amma hərbi xidmətə getməmişdən öncə artıq bu barədə qərarı qətiləşdirmişdim. Müddətli həqiqi hərbi xidmətdən sonra , 2014-cü ildə Rusiya Federasiyasında oldum və belə alındı ki, Kursk Dövlət Tibb Universitetində təhsilimi davam etdirməli oldum. Bu işdə mənə ilk növbədə ailəm-anam Şəhla xanım (atam vaxtsız dünyasını dəyişib) və ələlxüsus Əməkdar müəllim olan Bəhlul babam və dostlarım həm mənəvi, həm də maddi dəstək oldular.

- Oxuduğunuz ali məktəb barədə də söz açardınız. Ümumiyyətlə Rusiyada təhsil, tədrisin səviyyəsi sizi qane edirmi?

-Oxuduğum Kursk Dövlət Tibb Universiteti Rusiyada ən çox xarici ölkə vətəndaşlarının təhsil aldığı ali təhsil müəssisələrindən biridir. Belə ki, bu universitetdə 50-dən artıq xarici ölkənin nümayəndəsi-3000-dən artıq tələbə təhsil alır. Təhsil və tədrisin səviyyəsi çalışmaq və öyrənmək istəyən hər bir kəs üçün qaneedicidir, həm də nəzəri tədris kifayət qədər dərin və beynəlxalq tibb ədəbiyyatına əsaslanaraq həyata keçirilir. Praktik hissəsində həm maket-mulyajlar, həm də klinikalarda müalicə alan xəstələrdən istifadə olunur. Ən maraqlı tərəfi də tələbələrə hələ erkən dönəmdən xəstələrlə sərbəst ünsiyyət qurmaq, onlarla davranış kodeksi öyrədilir və praktik vərdişlər qazanmaq imkanı verilir. Müqayisə üçün deyə bilərəm ki, Azərbaycan Tibb Universitetində yay istehsalat təcrübələri 3-cü kursdan başlayırsa, KDTU-da artıq 2-ci kursdan aktiv olaraq parktikada çalışmalısan və bu çalışmada məsuliyyət daşıdığın məqamlar var. Tikilən və istifadəyə veriləcək klinik xəstəxanalarla yanaşı, həm də əvvəldən mövcud olan klinikaların maddi təminatı yaxşı səviyyədədir. Tədrisdə iştirak edən professor-müəllim heyəti tələbələrlə daim ünsiyyətdədirlər, öyrənməkdə çətinlik çəkdiklərimiz məqamlarda və aydın olmayan manipulyasiyalarda kifayət qədər məlumat verirlər. Daha sonra bu dedikləri məqamları həm praktik, həm də nəzəri olaraq tələbədən tələb edirlər (tədris keyfiyyətinə nəzarət və effektivliyin əldə olunması üçün). Bir məqam da ondan ibarətdir ki, həm məqbul, həm də qiymətli imtahanlar bir neçə mərhələdə qəbul edilir. Məsələn, əgər məqbuldursa, klinik fənlərdə mütləq olaraq praktik vərdişlərdən, nəzəri hissədən, tibbi sənədləşmədən ayrı-ayrı imtahan verirsən və sənin məqbulun bu imtahanların nəticəsinə əsasən müəyyən olunur. Qiymətli imtahanlara buraxılışdan öncə, imtahan hazırlıq səviyyəsi yoxlanılır-elektron vəsaitlər vasitəsilə- və müəyyən edilmiş limiti keçən tələbələr imtahanda iştirak hüququ əldə edirlər və bu, heç də həmin şəxslərin imtahandan mütləq müvəffəq qiymət alacağı anlamına gəlmir. Bəzi predmetlər isə mərhələli şəkildə həm yazılı, həm də şifahi imtahan edilir.

Başqa bir məqam klinik fənlərin tədrisi zamanı demək olar ki, sənin təhkim olunduğun palatada xəstələrin ümumi vəziyyəti barədə hər gün məlumatlı olmalısan, lazım gəldikdə məruzə etməlisən, həmçinin xəstənin son diaqnozunun qoyulmasını anamnestik, laborator və instrumental göstəricilərə görə əsaslandırmağı və müalicə təyinatı verməyi bacarmalısan. Daha bir məqam-əgər dərsə hazırlıqsız gələn tələbə olarsa, dərsdə iştirak etməyinə baxmayaraq, o həmin dərsi yenidən işləməlidir və cavab verməlidir, əks təqdirdə yekun dərslərə buraxılmayacaq.

-Rusların həyat tərzi bizə o qədər də yad gəlmir. Mentalitetləri, yaşayış səviyyəsi haqqında nələri deyərdiniz?

-Haqlısınız. 200 ilə yaxın bir yerdə yaşamışıq. Şəhər əhalisi yerli insanlarla ünsiyyətdə olanda, məsələn hansısa bir yer haqqında soruşanda və ya yardım etməsini istəyərkən, daha çox şəxsi təcrübəmdə yardımsevər olmalarını görmüşəm və ya hansısa bir dövlət müəssisəsində də həmçinin bilmədiyin məqamı sənə səbirlə izah edir, aydınlaşdırır və mümkün həll yolunda yardımçı olurlar. Söz yox ki, burada da bəzi insanlarda laqeyd, səriştəsiz, qeyri-adekvat davranış müşahidə edirsən. Amma ümumi fonda bu, çox və gözəçarpacaq dərəcədə deyil. Daha çox mənə maraqlı gələn tərəfi klinikada kurasiya etdiyim xəstələrdə - bunlardan çoxu əyalətlərdən gəlib müalicə alanlardır- ünsiyyətcillik, maariflənmə səviyyəsi, öz xəstəliyi haqqında bir həkimlə diskussiya edəcək qədər dolğun məlumata malik olması, istifadə etdiyi dərman maddələrini ad və dozasına qədər bilməyi, hətta xəstəxanada belə, daim mütaliə etmələridir...Yaşadığım Kursk şəhəri sakit yaşam tərzi ilə digər şəhərlərdən fərqlənir, ekoloji təmiz şəhərdir, meşə massivi üstünlük təşkil edir və insanlar bu yerlərə aktiv istirahətə gedirlər. Rusların ümumi maddi təminatı qaneedici səviyyədədir, bunu gündəlik yaşamdan, geyim tərzindən, mənzil şəraitindən duymaq olur. Azərbaycan-Rusiya münasibətləri də yüksək səviyyədədir. Reallıq heç də bəzilərinin düşündüyü kimi deyil. Rəsmi mövqedən bir az uzaqlaşaq- gördüyüm qədərilə ruslar heç də bizi öz ölkəsinin vətəndaşından ayırmır. Məsələn, bizim qrupumuz xarici ölkə vətəndaşları olduğu üçün tədris prosesində ilk dərslərdə hər zaman müəllimlər hansı ölkədən olduğumuzla maraqlanırlar, Azərbaycandan olduğumu söyləyən zaman “Biz bir ölkəyik” cavabını eşitmişəm və real olaraq səmimi münasibət görmüşəm, şovinist davranışdan söhbət belə, gedə bilməz. Tam əksinə, klinikada hətta daha çox hallarda məni önə verdiklərini, klinik vərdiş qazanmaq üçün alınana qədər tərəddüdsüz, dəfələrlə üzərimdə israr etmələrini və lazımı tövsiyələrdə olduqlarını görürəm, mənə aydın olmayan məqamları izah etmələrini xahiş etdikdə çox ətraflı izahat verirlər. Ola bilər, bəzi insanlar provakasiya və digər məqsədlərə xidmət edən KİV-də antirus çıxışlar edirlər, lakin reallıq budur ki, bizim ölkənin insanı artıq illərdir ki, burada elm sahəsində, ayrı-ayrı rəsmi mövqelərdə çalışır, Rusiyanın mədəni həyatında aktiv iştirak edir, buna görə, ali səviyyədə təltif olunurlar, çoxsaylı insanlarımız əmək fəaliyyəti ilə məşğul olurlar.

(Ardı var)

 

Tural Tağıyev

 

Palitra.- 2015.- 24 iyul.- S. 5.