Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin dəstəyi
ilə simpozium keçirilib
Yunanıstan Korfu adasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Avstraliya hökuməti, Sülh Naminə Kembric Fondunun dəstəyi ilə Andreas Papandreu Fondu tərəfindən 16-cı Simi Simpoziumu təşkil olunub. 1998-ci ildən Yunanıstanın Simi adasında, ölkənin sabiq Baş naziri Gerorgi Papandreunun rəhbərliyi ilə keçirilən simpoziumda hər il dünyanın aparıcı siyasətçiləri, Nobel mükafatı laureatları, sahibkarlar, diplomatlar, alimlər bir araya gələrək beynəlxalq ictimaiyyəti narahat edən vacib məsələləri müzakirə edir.
16-cı Simi Simpoziumunda ərəb dünyasında baş verən geosiyasi və ictimai dəyişikliklər, Yaxın Şərqdəki humanitar böhran, Balkanlardakı münaqişələr və regionun gələcəyi, Şərqi Aralıq dənizində regional inkişaf və sabitliyin bərpası, Avropa İttifaqının qonşuluq siyasətinin perspektivləri, eləcə də gündəmdə olan digər önəmli mövzular müzakirə olunub.
Simpoziumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzini Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Bosniya və Hersoqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Ərəb Liqasının sabiq Baş Katibi və Misirin sabiq Xarici İşlər naziri Əmr Musa təmsil edib. Simpoziumda bir sıra tanınmış ictimai-siyasi xadimlər – amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Jozef Stiqlits, Yunanıstanın sabiq Baş naziri Georgi Papandreu, ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun sabiq xüsusi müşaviri Mark Mediş, Böyük Britaniya Leyboristlər Partiyasının sabiq lideri Ed Milibənd iştirak edib. Simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Amr Musa və Petar Stoyanov paytaxt Afinada Yunanıstan Prezidenti Prokopis Pavlopoulos, sabiq Xarici İşlər naziri, parlamentin üzvü Dora Bakoyannis, sabiq Baş nazir Kostas Karamanlis ilə görüşlər keçirib.
Nigar
Palitra.- 2015.- 28 iyul.- S. 10.