Qəbələdə İtaliya Simfonik Orkestrinin növbəti möhtəşəm konserti

 

Avstriyalı musiqiçi: “Paytaxtdan uzaqda bu qədər insanın klassik musiqiyə olan marağı məni heyran etdi

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində İtaliya Simfonik Orkestrinin növbəti möhtəşəm konserti olub.

Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, Xalq artisti Rauf Abdullayevin idarə etdiyi konsertdə bəstəkarlar- G.Verdi, L.Bethoven, F.Şopen, P.Sarasaten S.Rahmaninovun əsərləri səsləndirilib.

Ümumilikdə 800-ə yaxın tamaşaçının iştirak etdiyi gecədə İtaliya Simfonik Orkestri ilə yanaşı, Azərbaycan musiqiçiləri Nərmin Nəcəfli (piano), Kamran Omarlı (violin), Toğrul Hüseynli (piano), gürcüstanlı Elisso Bolkvadzenin (piano) çıxışı da maraqla qarşılanıb. Qeyd edək ki, 30 ildən çoxdur fəaliyyət göstərən İtaliya Simfonik Orkestri dünyanın ən möhtəşəm musiqi kollektivlərindəndir. Qeyd edək ki, Qəbələ Festivalının iştirakçısı olan AvstriyanınVayner Akademiyakamera orkestrinin üzvü, tanınmış violin ifaçısı Pavel Serbin Festivalın çox yüksək səviyyədə təşkil olunduğunu deyib: “Bu qədər mətbuat nümayəndələrinin, yüksək səviyyəli musiqiçilərin iştirakı fərqli musiqi janrlarına müraciət olunması tədbirin əhəmiyyətini artırır. Auditoriya bizi çox isti səmimi qarşıladı. Bu günlərdə dünya şöhrətli musiqiçilər öz ifaları ilə festivala xüsusi ovqat gətirirlər”. P.Serbin bildirib ki, festival çərçivəsində Avstriya musiqiçilərinin gözəl ifası hamının ürəyincə oldu: “Paytaxtdan uzaq bölgədə bu qədər insanın klassik musiqiyə olan marağı məni heyran etdi. Mən bunu öz ölkəmdə mütləq qeyd edəcəyəm. Burada dəyərli musiqiçilər bir araya gəlib. Bu baxımdan festivalı yüksək qiymətləndirirəm burada olmaqdan çox məmnunam. Adətən belə festivallar böyük şəhərlərdə keçirilir. Amma bu cür gözəl bir yerdə, təbiət qoynunda, sakit bir şəhərdə klassik musiqi dinləməyin ayrı gözəlliyi var. Bu musiqi bayramının təşəbbüskarına təşkilatçılara minnətdaram”.

 

Cavidan

 

Palitra.- 2015.- 28 iyul.- S. 13.