Dmitri Yablonski: Gözəl təbiət qoynunda təşkil edilən festival üçün Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır

 

Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir. Belə gözəl təbiət qoynunda, açıq havada təşkil edilən festival üçün Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır. Burada gündə iki konsert olur fərqli musiqi əsərləri səsləndirilir. Ona görə Qəbələdəki bu festival haqqında hələ çox danışılacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski deyib.

Tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirən Dmitri Yablonski əlavə edib ki, musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ festivalının builki proqramı çox zəngindir. Musiqisevərlər 7 gün davam edəcək festivalda bir çox dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar.

Onun sözlərinə görə, dünyanın məşhur musiqiçiləri Qəbələyə gəliblər. Hər gün kamera musiqisi zalında açıq səma altında təşkil olunan konsertlərdə tamaşaçı izdihamı yaşanır. Bu il festivalın iştirakçıları qonaqları arasında daha məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar var.

 

Palitra.- 2015.- 28 iyul.- S. 13.