Yazılışı eyni olsa da, semantikasında fərq var

 

Müasir Azərbaycan dilinin lüğət ehtiyatının zənginləşməsində, söz yaradıcılığının inkişafında moroloji yolla sözyaratma prosesi üstünlük təşkil edir və bu baxımdan digər yol və vasitələrdən əsaslı şəkildə fərqlənir. Dilimizdə işlənən sözlərin, leksik vahidlərin böyük bir qismi morfoloji yolla- sözdüzəldici şəkilçilərin vasitəsilə yaranmış, dilin lüğət fonduna daxil olunmuşdur.

Məlum olduğu kimi, Azərbaycan dilində istifadə olunan sözdüzəldici şəkilçilər əsasən, mənşəyinə (milli, Ərəb-fars, rus-Avropa), məhsuldarlığına (məhsuldar və qeyri-məhsuldar) və işlənmə yerinə (ön, iç və son şəkilçilər) görə təsnif olunur və qruplara ayrılır. Qeyd etdiyimiz sözdüzəldici şəkilçilər arasında elələri də olur ki, onlar sadaladığımız xüsusiyyətlərinin əksəriyyətini özündə bu və ya digər dərəcədə daşıya bilir. Bu cəhətdən qeyri-məhsuldar şəkilçilər mühüm əhəmiyyət kəsb edir və bunların sayı dilimizdə yüzlərlədir. Məsələn, -caq, -an, -xana, -daş, -bənd, -qar, -keş, -gin,-gil, -uc, -soy, -nüma, -saz, -gə, -dan,- inə, -aşı, -çim, -nik,-inik və s. Şəkilçi morfemlərin böyük əksəriyyəti bir-birilə omonimlik münasibətində olur. Belə şəkilçilər yazılış və deyilişcə eyniyyət təşkil etsə də, yaratdığı, ifadə etdikləri semantikalarına görə bir-birindən fərqlənirlər. Bu qəbildən olan bəzi qeyri-məhsuldar şəkilçilər bəzən mənşəyinə görə də fərqlənir və semantik fərq yaradır. Məsələn, müasir Azərbaycan dilimizdə işlənən azarkeş, dəmkeş, qəmkeş, zəhmətkeş, xətkeş , cəfakeş və s. kimi sözlərin tərkibindəki -keş budaq morfemi ilə “dabankeş” sözündəki -keş budaq morfemi eyni deyillər. Baxmayaraq ki, zahirən eyniyyət təşkil edirlər. Bu kimi fərqləri müəyyən etmək üçün bir neçə şəkilçi morfemin işlənməsinə və semantikasına nəzər salaq. -ılı,-ili,-ulu,-ülü. Tədqiqatçı A.Ağalarov “örtülü” sözünü əsas gətirməklə -ülü şəkilçisini ad düzəldən qeyri-məhsuldar şəkilçi kimi tədqiq edir. Lakin, əslində örtülü sözündə -ülü iki şəkilçinin sintezindən ibarətdir və iki sözdüzəldici şəkilçi kimi götürülməlidir. Prof. Q.Ş.Kazımov da örtülü sözündəki -ülü şəkilçisini iki şəkilçi kimi təqdim edir: -ü feildən isim; -lü isimdən sifət düzəldir. Örülü bazar dostluğu pozar(atalar sözü). Bu qayda ilə dilimizdə xeyli sayda söz əmələ gəlir. Məsələn: yazılı, küsülü, ütülü, ölçülü, çəkili və s. Lakin dildəki bütün -ılı,-ili,-ulu,-ülü şəkilçili sözlər bu qaydaya tabe olmur. Məsələn: süzülü, biçili, tikili və s. Verilən nümunələrdən göründüyü kimi, bu, bütün sözlərdə özünü doğrultmur. Müasir Azərbaycan ədəbi dilində "süzü, biçi, tiki, sökü, qazı, tökü, didi, taxı və s." isimlər olmadığı kimi, bunlara da dördvariantlı -lı şəkilçisini artırıb düzəltmə sifət əmələ gətirmək mümkün deyil. Ona görə də, bu sözlər -ıl,-il,-ul,-ül məchul növ şəkilçisinin və feildən sifət düzəldən -ı,-i,-u,-ü şəkilçisinin artırılması nəticəsində yaranır. Məsələn: süzmək-süzül(mək)-süzülü, biçmək-biçil(mək)-biçili, tikmək-tikil(mək)-tikili, sökmək-sökül(mək)-sökülü, qazmaq-qazıl(maq)-qazılı, tökmək-tökül(mək)-tökülü, didmək-didil(mək)-didili, taxmaq-taxıl(maq)-taxılı və s. Örtü və yazı kimi sözlərdə isə -ü,-ı feildən isim düzəldən şəkilçi kimi çıxış edir. Bu məqamda çaşqınlıq yaradan əsas cəhət feildən isim düzəldən -ı,-i,-u,-ü şəkilçisinin feildən sifət düzəldən -ı,-i,-u,-ü şəkilçisi ilə qarışıq salınmasıdır. Dilçilik ədəbiyyatlarında da əsasən, feildən sifət düzəldən -ı,-i,-u,-ü şəkilçisi haqqında münasibət bildirilməmişdir. Əslində bu şəkilçi feildən isim düzəldən şəkilçi ilə omonimlik münasibətindədir və eyni bir şəkilçinin feildən həm isim, həm sifət əmələ gətirməsi dilimizdə mövcuddur, bu hal da tamamilə dilimiz üçün təbii və qəbulolunandır.

Yazılı, küsülü, ütülü, ölçülü, çəkili kimi sözlərdə şəkilçi -ı,-i,-u,-ü+ lı,-li,-lu,-lü formasında olduğu halda, süzülü, biçili, tikili, sökülü və s. sözlərdə -ıl,-il,-ul,ül+ ı,-i,-u,-ü modelindədir.

-daş. Bir cür yazılan, ad düzəldən sözdüzəldici şəkilçidir. Sadaladığımız şəkilçilərdən fərqli olaraq dilimizdə məhsuldar olub, söz yaradıcılığında fəal iştirak edir. Şəkilçiyə dilimizin inkişafının bütün mərhələlərində rast gəlinir. Milli mənşəli -daş şəkilçisi qoşulduğu sözdə şəxs, əşya, mənsubluq, həmyerlilik anlayışları yaradır. Məsələn: soydaş, cığırdaş, vətəndaş, cəbhədaş, qələmdaş, sinifdaş, əməkdaş, silahdaş, məsləkdaş və s. Şəkilçi -da və -ş şəkilçisinin (sözünün) sintezi əsasında əmələ gəlmişdir. K.Q.Zaleqman, Ə.Dəmirçizadə, Ə.Rəcəbli, H.Mirzəzadə, Ə.Tanrıverdi, Q.Kazımov kimi dilçilərin tədqiqatlarında şəkilçinin mənbəyi, etimologiyası araşdırılmış, elmi, məntiqi faktlarla sübut olunmuşdur. Adları çəkilən dilçilərin linqvistik tətqiqatlarına əsasən, -daş şəkilçisinin yerlik hal şəkilçisi -da,-də və türk dillərində “dost”, “yoldaş” mənasını ifadə edən “eş” sözünün birləşməsindən yarandığını demək olar. Qeyd edək ki, “eş”sözü bu gün müasir türk dilində də işlənməkdədir. -daş. Bu şəkilçi milli mənşəli qeyri-məhsuldar söz-şəkilçi olub, feildən yeni mənalı söz əmələ gətirir. Omonimlik xüsusiyyətinə malik olan, feildən isim düzəldən -daş şəkilçisinin isim düzəldən, mənsubluq, şəxs, əşya, vasitə bildirən -daş şəkilçisi ilə heç bir əlaqəsi yoxdur. Oxşarlıq yalnız onların forması ilə bağlıdır. Hər iki şəkilçi arasında zahiri oxşarlıq hər nə qədərdirsə, onlar arasındakı semantik fərq də bir o qədərdir. Feildən isim düzəldən -daş şəkilçisi dış, dışaru, taş, taşra sözlərinin mənasının daralması, şəkilçiləşməsi, şəkildəyişməsi zəminində formalaşmışdır. Dilin tarixi inkişafının ilkin mərhələlərində belə müxtəlif şəkildə sözə rast gəlinir. Qədim türk yazısı abidələrinin, “Kitabi-Dədə Qorqud” dastanlarının və “Dastani-Əhməd Hərami” poemasının dilində də bir neçə dəfə işlənmişdir. Məsələn:“Ər atım yok üçün aşnukı eşim taşru etildi(Y 41)”-İgid adım olmadığı üçün yeddi əvvəlki dostum sürgün edildi.(4..,613), İç Oğuz, Daş Oğuz bəgləri Bayındır xanı söhbətinə dərilmişdir.( “Kitabi-Dədə Qorqud” dastanlarından), İç Oğuz, Daş Oğuz bəgləri yığnaq olmuşdı. (“Kitabi-Dədə Qorqud” dastanlarından). Birin-birin çığın taşra varınız. (“Dastani-Əhməd Hərami”dən). Müasir Azərbaycan dilində daş, dış, dışaru, taş sözlərinin şəkilçiləşmiş forması olan və feildən isim düzəldən -daş şəkilçisinə “çıxdaş” sözündə rast gəlinir.   -dış. Bu şəkilçi də qeyri-məhsuldar söz-şəkilçi olub, yuxarıdakı qəlib əsasında əmələ gəlmişdir. Dilin inkişafı ilə əlaqədar olaraq dış/tış sözünün mənası daralmış və şəkilçiləşmişdir. Məsələn: sağdış, soldış. Nümunələrdən də göründüyü kimi, şəkilçi öz kökündən hələ tam şəkildə təcrid olunmayıb, qoşulduğu sözdə eyni semantik çalar ifadə edir. “Dastani-Əhməd Hərami”nin dilində şəkilçinin -dıc formasına da rast gəlinir:

Bədəxşanın şahı həm anda gəldi,

Güyəgüyə də anda sağdıc oldı...

Güləfrux şah süvar oldı atına,

Bilə sağdıc həmmam niyyətinə.

-keş. Yuxarıda qeyd etdiyimiz kimi, müasir Azərbaycan dilində işlənən qeyri-məhsuldar şəkilçilərdən biri olub, əşya, alət, vasitə bildirir. “Dabankeş” sözündə rast gəlinir. Qeyd edək ki, “azarkeş”, “dəmkeş”,“qəmkeş”, “sərinkeş”,“zəhmətkeş” və s. kimi sözlərin tərkibindəki -keş şəkilçisi ilə “dabankeş” sözünün tərkibindəki  -keş şəkilçisi bir-birinin ekvivalenti deyillər. Bunlar yalnız deyiliş və yazılış etibarı ilə eyniyyət təşkil edir və omonimlik keyfiyyətinə malikdirlər.“Dabankeş” sözündəki -keş milli mənşəli şəkilçi olub, “keçmək” feli əsasında əmələ gəlmişdir. Dilin inkişafı ilə əlaqədar olaraq keç(mək) sözü öz ilkin şəklindən uzaqlaşmış, “keş” kimi sabitləşmişdir. Çox güman ki, bu, “keç” sözünün tələffüzü ilə əlaqədar olmuş, yazılışı da fonetik prinsip əsasında müəyyənləşmişdir. “Ç” samiti ilə bitən təkhecalı sözlərdən sonra,“d, t, z, s, m, n”(qaçsa-qaşsa, uçsa-uşsa, keçsə-keşsə, üç dəftər-üç dəfdər, keçdi-keşdi, qaçdı-qaşdı və s.) samitləri ilə başlayan şəkilçi və ya söz gəldikdə “ç” samiti “ş” kimi tələffüz olunur. Azərbaycan dilinin fonetik tərkibinə nəzər saldıqda, bədii mətnlər üzərində müşahidələr və linqvistik təhlillər apardıqda ç>ş, c>j kimi fonetik əvəzləmənlərin dilimiz üçün xarakterik bir hal, təbii bir proses olduğunu dərk etmək olur. Dilin inkişafının bütün tarixi mərhələlərində belə məqama rast gəlmək mümkündür. Məsələn , “başmaq” sözünün ehtimoloji cəhətdən “basmaq” felindən əmələ gəlməsi, “dustaq” sözünün “tutsaq”dan yaranması buna nümunə ola bilər. Məhz buna görə də, dabankeş sözündəki “keş” milli mənşəli qeyri-məhsuldar şəkilçidir. Dabankeş sözünün leksik mənası, ifadə etdiyi semantik çalar da keş budaq morfeminin keç(mək) zəminində yarandığını isbat edir.    

Bu şəkilçi istisna hal kimi feildən də isim əmələ gətirir.Məsələn: təpkeş.

 

İlkin Əsgər

 

Palitra.- 2015.- 29 iyul.- S. 15.