Jurnalistika ixtisasına daha çox oğlanlar meyil edirlər

 

Dövlətimizin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biri ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbuludur. Bu iş isə artıq uzun illərdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilir. Cari ildə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanlar davam edir.

Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib

TQDK-nın mətbuat xidmətindən aldığımız məlumata görə, iyul ayının 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Bu mərhələdə 2015-ci ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunacaq. Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 253 nəfərini oğlanlar, 88 nəfərini qızlar təşkil edir. 317 abituriyent Azərbaycan, 24 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir.“Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir. Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndiriləcəkdir.İnşa yazı (esse) 2-4 səhifə (ən azı 300 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (150 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Bir sıra kənd təsərrüfatı ixtisaslarına seçimdə ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə biləcək

Qeyd edək ki, TQDK tərəfindən ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün bu gündən etibarən ixtisas seçimi başlayır. İxtisas seçimi avqustun 11-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri üzrə və V ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlər TQDK-nın müəyyən etdiyi tələbləri ödədikləri halda, imtahanında iştirak etdikləri hər iki qrupun ixtisaslarını seçə bilərlər. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

TQDK-nın mətbuat xidmətindən aldığımız məlumata görə, I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə müsabiqədə ümumi balı 300-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Riyaziyyat", "Fizika" və "Kompüter elmləri" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 300-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, bir sıra kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Buraya Aqromühəndislik, Torpaqşünaslıq və aqrokimya, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Meşəçilik, Aqronomluq, Zootexniklik, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə) daxildir.

Jurnalistika ixtisası müsabiqəsində ana dili və ədəbiyyat fənlərindən ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər

II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Sosiologiya", "Beynəlxalq münasibətlər", "Dünya iqtisadiyyatı", "İqtisadiyyat" və "Turizm və otelçilik" ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. "Yer quruluşu, torpaq və şəhər kadastrı" ixtisası üzrə ödənişli əsaslarla ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Jurnalistika" ixtisasının müsabiqəsində ana dili və ədəbiyyat fənlərinin hər biri üzrə ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Psixologiya”, “Kimya”, “Biologiya” və “Ekologiya” ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə attestat qiyməti "5" olan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bir sıra kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər ki, buraya Baytarlıq, Ekologiya, Su bioehtiyatları və akvabitkilər, Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə) daxildir.

 

Nigar Abdullayeva

 

Palitra.- 2015.- 30 iyul.- S. 11.