Marneulidə Aşıq Göycənin anım tədbiri keçirilib
Borçalıda azərbaycanlıların kompakt yaşadığı Marneulidə Gürcüstan Aşıqlar Birliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə XX əsr Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Göycənin anım tədbiri keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə ustad aşığın şerləri, deyişmələr, dastan, onun haqqında yazılan xatirələr və ustada ithaf edilən "Haqdan pay olan Göycə" adlı kitabının təqdimatı da keçirilib. Tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq görkəmli ustad aşığın yaradıcılığından söhbət açıb. Sonra Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu, şairlərdən Səadət Buta, Güllü Tomarova, Nizami Saraclı, Əlixan Yəhyaoğlu, Türkiyənin İzmit şəhərindən gələn Yıldıray Aydəmir, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, iş adamı Hüseyn Artıqoğlu, “Salam” Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbli, ziyalılardan Vəzir Vəliyev, Zahid Nəsibov və başqaları çıxış edərək ustad sənətkarın Borçalı aşıq məktəbində xüsusi yeri olduğunu, onun həm Borçalıda, həm də Azərbaycan və Türkiyədə tanındığını bildiriblər. Tədbirdə qeyd olunub ki, məşhur Borçalı şairi Ağacanın şagirdi olmuş Aşıq Göycə 40-dək şagird yetişdirib və hazırda onun şagirdləri Borçalıda yazıb-yaradırlar. Tədbirdə Borçalı aşıqlarından aşıq Ziyəddin Keşıli, Əfqan Şamilov, Məsim Rəcəbli, Aşıq Ayaz aşığın şeirlərini saz havalarının üstündə oxuyublar. Tədbirdə çıxış edən "Region Press" qəzetinin redaktoru Binnət Əlioğlu Aşıq Göycənin "Elm və təhsil" nəşriyyatında nəşr olunan kitabının məziyyətləri haqqında məlumat verib. Aşıq Göycə 8 yaşında ikən "çiçək" xəstəliyindən gözlərinin nurunu itirib, lakin özünün xüsusi istedadı sayəsində yanında çalınan aşıq havalarını, qoşma və dastanları əzbərləyib, bədahətən şeirlər deməyi bacarıb. O, 18 pərdəli sazı ilə 90-dək saz havalarını dəqiq çalıb, bir çox aşıqların bilmədiyi və indi unudulan "Fəxri", "Qürbəti", "Şah İsmayılı" kimi havaları, həmçinin Borçalı aşıq məktəbinə məxsus havacatları, 70-dək xalq dastanlarını əzbər bilib və məclislərdə əsl sənətkara məxsus ustalıqla çalıb. Görkəmli ustad aşıq 1996-cı ildə vəfat edib və Marneulinin Qaçağan kəndində torpağa tapşırılıb. Tədbirdə Aşıq Göycənin oğlu Aşıq Şahbaz təqdimatı keçirilən "Haqdan pay olan Göycə" kitabının nəşr olunmasında dəstək verdiyinə görə, Bakıda yaşayan əslən Borçalıdan olan Mahal Tükənliyə və kitabın tərtibçisi Musa Nəbioğluna və ön sözün müəllifi Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaquba təşəkkür edib.
Palitra.- 2015.- 31 iyul.- S. 13.