Azərbaycan-İran elmi əlaqələri
genişlənir
“Azərbaycan-İran elmi əlaqələri bir neçə istiqamət üzrə genişlənir”. Bu sözləri qəzetimizə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı institutlarında bir neçə il əvvəl dissertant kimi elmi fəaliyyətə başlayanlardan bir çoxu dissertasiya müdafiə edərək fəlsəfə doktoru diplomu alıblar. Bu ilin axırınadək daha 4 nəfər iranlı dissertant elmi-tədqiqat işini dissertasiya müdafiəsinə çıxaracaq. Bu, elmi dərəcəli mütəxəssislərin hazırlanmasında son illərin ən yaxşı göstəricilərindən biridir.
Bundan başqa, Azərbaycan və İran alimləri qarşılıqlı olaraq hər iki ölkədə keçirilən elmi konfranslarda iştirakçı olur və elmi məruzələrlə çıxış edirlər. Bu ilin birinci yarısında AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələri üzrə keçirilmiş beynəlxalq elmi konfransda İran İslam Respublikasının müxtəlif ali məktəblərindən və elmi mərkəzlərindən 16 nəfər elm adamı məruzəçi qismində təmsil olunub. Eyni zamanda, Azərbaycan alimlərinin də ən müxtəlif elm sahələri istiqamətində İranın universitetlərində təşkil olunmuş konfranslarda elmi məruzələri dinlənilib. Bu proses davam etməkdədir. Bu yaxınlarda Ərdəbil şəhərində keçiriləcək beynəlxalq elmi konfransda iştirak etmək üçün Akademiya alimlərinin məruzələri qəbul edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli həmçinin bildirib ki, bu il Bakıda qüdrətli sənətkar Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr edilmiş birgə elmi konfransın keçirilməsi də nəzərdə tutulur. Bundan başqa, Akademiyada dünya ədəbiyyatının görkəmli klassiklərindən biri olan, böyük İran şairi və mütəfəkkiri Şeyx Sədi Şirazinin ədəbi irsi və ənənələrinə həsr olunmuş beynəlxalq elmi konfransın da keçirilməsi üçün hazırlıq işləri aparılır. Məlum olduğu kimi, Şeyx Sədi Şirazinin əsərlərindən Şərq ölkələrində, o cümlədən Azərbaycanda dərslik kimi istifadə olunub. Bundan başqa, maarifçi-didaktik ədəbiyyatın yaranması və inkişafına da “Gülüstan” və “Bustan” kimi əsərlər böyük yol açıb. Bütün bunların qarşılıqlı və sürətlə öyrənilməsinə ehtiyac var. Nəzərdə tutulan elmi konfrans bu sahədə ilk böyük addım olacaq. Konfransda hər iki ölkənin tanınmış alimlərinin dinlənilməsi ilə yanaşı, Şeyx Sədi Şirazi haqqında sənədli film də nümayiş etdiriləcək. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan-İran elmi əlaqələrinin inkişaf etdirilməsi bundan sonra da ardıcıl olaraq davam etdiriləcək.
Nigar
Palitra.- 2015.- 31 iyul.- S. 5.