“Gənc musiqiçi kimi musiqi dünyamıza töhfələr verməyi özümə borc bilirəm”

 

Müsahibimiz Azərbaycan Dövlət TeleviziyaRadiosunun Səsyazma Evinin Uşaq Musiqili Teatrının bədii rəhbəri, beynəlxalq müsabiqələr mükafatçısı, gənc bəstəkar Nigar Qarayevadır:

 

- Nigar xanim, yeni yaradılan Uşaq Teatrının fəaliyyəti hansı istiqamətlər üzərində qurulub?

- Bu gün dövlətimiz tərəfindən uşaqlara, körpələrə diqqət və qayğı göz qabağındadır. Dövlətimizin başçısı və xanımı tərəfindən Azərbaycanın gələcəyi olan bu günümüzün uşaqlarına xüsusi diqqət heç bir vətəndaşımızın diqqətindən yayınmır. Bizbu qayğıdan yararlanaraq, Azərbaycan TeleviziyaRadiosunun Səsyazma Evi nəzdində Uşaq Musiqili Teatrı yaratdıq. Uşaq musiqili teatrı yaratmaqda məqsədimiz, yeni gənc nəslə milli-mənəvi dəyərlərimizi aşılamaq, həmçinin onların ideologiyasına xidmət edən musiqili tamaşalar təşkil etməkdir. Ən əsası, istedadlı uşaqlarımızı Azərbaycanın hüdudlarından uzaqlarda tanıtmaqdır.

- Teatra uşaqların qəbulu, onların incəsənət sahəsində inkişafları üçün hansı işlər görülür?

- Musiqi kollektivində uşaqlara hərtərəfli şərait yaradılır. Burada onlar üçün yeniyaxud klassik bəstəkarların əsərləri təmənnasız olaraq yazılır və çəkilir.

- Bəstəkarlıq həyatınızda hansı işlərə imza atmağı düşünürsünüz?

- Uşaqlıq illərimdən musiqiyə olan həvəsim məni peşəkar musiqiçi etdi. Uşaq yaşlarımdan hər zaman dövlət tədbirlərində, ölkəmizin hüdudlarından kənarda, Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlərdə iştirak edirdim. Əlbəttə ki, gənc musiqiçi kimi musiqi dünyamıza töhfələr verməyi özümə borc bilirəm.

Bu yaxınlarda sözləri Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə məxsus “İlk Avropa Oyunları” və “Zəfər nəğməsi” mahnılarını yazdım. “İlk Avropa Oyunları” mahnısını solistlərdən Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Orxan Hüseynli, Mirələm Mirələmov, Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə ifa ediblər.

“Zəfər nəğməsi” mahnım isə tanınmış vokalçı Ramil Qasımovun ifasında səslənib. Bu mənim üçün böyük şərəf və qürurdur.

- Bu gün istər gənc, istərsə də professional bəstəkarlar arasında uşaq mahnıları yazılmır. Siz gənc bəstəkar kimi uşaq mahnıları bəstələməyi düşünürsünüzmü?

- Mən deməzdim ki, yazılmır. Bizim gənc nəsil musiqiçilərimizdə istedadlı bəstəkarlarımız var. Onların yaradıcılığında uşaq mahnıları yer alır. Lakin bu sahədə təbliğat bir az azdır. İnşallah, yaxın zamanda bu da öz həllini tapar. O ki qaldı mənim yaradıcılığımda uşaq mahnılarına, 10-a yaxın müxtəlif mövzuda uşaq mahnılarım var.

- İstedadlı və bacarıqlı gənc olaraq, dövlətimiz haqqında düşüncələrinizi bölüşərdiniz?

- Dövlətimiz güclüdüronun güclü rəhbəri var. Zənnimcə, hər bir gənc dövlətinə faydalı olmalıdır. Çünki dövlətimiz gənclərimizə bütün şəraiti yaradır. O cümlədən də mənə.

- Həyat yolunuzda etmək istədikləriniz və arzularınız...

- Arzular çoxdur . Hal-hazırda Xocalıya aid film üzərində çalışıram. Paralel olaraq, İtaliyada müəllimim Vays Greydirdən orkestrə aid dərslər alıram. Həmçinin mən Azərbaycan Dövlət TeleviziyaRadiosunun Musiqi kollektivlərində çalışdığım üçün fəxr edirəm. Fürsətdən istifadə edib, bu qayğı və diqqət üçün rəhbərliyə təşəkkürümü bildirirəm. Ona görə ki, burada bütün musiqi kollektivləri ilə birliyi sağlam və maraqlıdır.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-2 iyun.-S.13.