“Artıq alimlərimiz dünyanın bir
sıra elmi mərkəzlərinin fəal tədqiqatçılarına
çevrilib”
Professor Rəna
Mustafayeva: “İnanıram ki, BANM-in məzunları dünya
elmində öz sözlərini layiqincə deyəcəklər”
Rəna Mustafayeva 1955-ci ildə
Bakı şəhərində anadan olub. O, 1977-ci ildə Bakı Dövlət Universitetinin Kimya
fakültəsini bitirdikdən sonra indiki «Olefin Elmi-Tədqiqat
və İstehsalat Mərkəzi» ASC-də əmək fəaliyyətinə
başlayıb. Uzun illər mühəndis, kiçik elmi
işçi, elmi işçi vəzifələrində
çalışıb. Həmin institutda
çalışdığı illərdə (1977-1995-ci illər)
o dövrün ən aktual problemlərindən olan pksilolun və
p-viniltoluolun toluolun (p-ksilolun) metanolla iki mərhələli
prosesdə alkilləşməsi, stirolla etilbenzolun birgə
alınması prosesləri üçün seolitlər əsasında
effektiv katalizatorların işlənib-hazırlanması, eləcə
də pirokondensatın və digər texniki aromatik
konsentratın emalı üçün polifunksional
katalizatorların yaradılması problemi ilə məşğul
olub. 1995-1997-ci illərdə Respublika İncəsənət
Gimnaziyasında kimya müəllimi, 1997-2013-cü illərdə
isə Azərbaycan Tibb Universitetinin «Ümumi və toksikoloji
kimya» kafedrasında assistent, dosent və nəhayət, professor
vəzifələrində çalışıb. Bu illər ərzində apardığı elmi-tədqiqatlar
nəticəsində və gərgin əməyi sayəsində
kimya elmləri doktoru elmi dərəcəsi, professor elmi
adı alıb. 2013-cü ilin sentyabr ayında BANM-də
“Ali təhsildən sonrakı təhsil(doktorantura)”
şöbəsinin rəisi vəzifəsinə təyin olunub
və hazırda həmin şöbənin rəhbəridir.
Layihə
çərçivəsində növbəti müsahibimiz
Bakı Ali Neft Məktəbinin “Ali təhsildən sonrakı təhsil(doktorantura)” şöbəsinin rəisi,
kimya elmləri doktoru, professor Rəna Mustafayevadır:
- Rəna xanım, elmi fəaliyyətinizdə
ən yaddaqalan hadisə nə olub?
- Elmi fəaliyyətimdə
ən yadda- qalan hadisələr elmi konfransda ilk
çıxışım, elmi axtarışlarımda əldə
etdiyim ilk müsbət nəticə, eləcə də namizədlik
və doktorluq dissertasiyalarımın müdafiələri
olub. Bununla yanaşı, 2012-ci ildə 20 illik elmi-tədqiqatlarımın
nəticəsi olan “Seolittərkibli katalizatorlar alkilləşmə
proseslərində” adlı monoqrafiyamın Almaniyada Alman Milli
kitabxanası tərəfindən «Lambert Asademis Publishing» nəşriyyatında
nəşr olunması və həmin kitabxana tərəfindən
bu nəşrin Almaniyanın kitab kataloquna daxil edilməsi mənim
üçün elmi fəaliyyətimin unudulmayan səhifələrindən
biridir.
- Sizdə
təbiət elmlərinə maraq və kimya ixtisası üzrə
təhsil almaq fikri necə yarandı?
- Təbiət
elmlərinə maraq məndə hələ uşaqlıq illərimdə
ailəmdə yaranmışdı. Atam Mehdi
Mustafayev təbiətə bağlı bir insan olduğundan
bizim ailədə həmişə təbiətə və təbiət
elmlərinə, xüsusən də kimya, biologiya fənlərinə
xüsusi maraq olub. Məndə isə
kimyaya maraq hələ orta məktəb illərimdən
dünyada tanınmış kimyaçı alimlərin elmi
işlərinin nəticələrinə həsr olunmuş bir
filmə baxandan sonra yaranıb. Həmin
filmdə verilən kadrlarda kimyanın bir elm kimi nə qədər
maraqlı, nə qədər rəngarəng olduğu, onun
insan həyatında nə qədər əhəmiyyətli
yer tutduğu məni özünə cəlb etmişdi. Artıq orta məktəbi bitirəndə heç
düşünmədən sənədlərimi Bakı
Dövlət Universitetinin Kimya fakültəsinə verdim və
qəbul olundum. Hesab edirəm ki, bu, mənim
ən düzgün seçimimdir.
-Bir qadın üçün kimya
üzrə mütəxəssis olmanın çətin tərəfləri
hansılardır? Elm adamı nələri
gözə almalıdır?
- Bir
qadın- ana üçün Azərbaycan elminin prioritet sahələrindən
biri olan kimya sahəsində çalışmağın həm
çətin və əziyyətli, həm də maraqlı və
mənalı tərəfləri var. Əlbəttə, tədqiqatçı
qadın üçün ən mühüm məsələlərdən
biri də həyat yoldaşı, ana və elmi iş - bu 3 vəzifəni
birini digərindən kənarda qoymamaqla həyatı boyu davam
etdirməkdir. Kimya sahəsində praktikada tətbiq
olunan proseslərlə məşğul olan tədqiqatçıların
isə çətinlikləri daha çoxdur. Mənim məşğul olduğum neft-kimya sahəsində
kimyəvi proseslərin sənayedə tətbiqinə dair
tövsiyələr vermək üçün fasiləsiz
şəraitdə təcrübələr aparılmalı,
optimal rejim seçilməlidir. Bir
qadın, eyni zamanda ana üçün bu işlərin nə
qədər çətin olduğunu kimyaçılar
çox yaxşı bilir. Çətinliklərdən
çox danışıb bu sahədə tədqiqatla məşğul
olmaq istəyən gəncləri qorxutmaq istəməzdim.
Əldə etdiyimiz nəticələr elm aləmində
qəbul olunanda, təklif etdiyimiz hər hansı bir yenilik
patentlə təsdiqini tapanda bu çətinliklərin
hamısı xoş bir xatirəyə çevrilir.
-Əməyinizin bəhrəsini
ən çox harada görürsünüz?
- Hesab
edirəm ki, bu gün mənim BANM kimi yeni yaradılmış
bir tədris müəssisəsində belə bir məsuliyyətli
vəzifədə çalışmağım özü elə
illər uzunu sərf etdiyim gərgin əməyimin bəhrəsidir.
Bundan başqa, Respublikamızda kimya və
neft-kimyası elminin inkişafı üçün
çalışan və onu yüksək səviyyəyə
çatdıran tanınmış alimlərimizlə
çiyin-çiyinə çalışmağım da əməyimin
bəhrəsidir.
-İşinizdə və həyatınızda
qarşınıza qoyduğunuz məqsədlər və hədəflər? Kimlər sizə dəstəkdirlər
və çətin işin öhdəsindən gəlməyi
necə bacarırsınız, bunda sizə nə və yaxud kim kömək olur?
- Əmək
fəaliyyətimdə əsas məqsədim tələbələrdə,
hətta ilk kurslardan elmi düşüncə
formalaşdırmağa nail olmaq, onlarda elmi axtarışlara
maraq oyatmaq, neft-kimya sahəsi üzrə yüksəkixtisaslı
kadrlar hazırlamasında yaxından iştirak etmək, bununla
da neft-kimya sahəsində olan problemlərin həllinə elmi
yanaşmanı təmin etməklə, Azərbaycanımızda
elmi dünya standartlarına çatdırmaqdır.
Bu çətin işlərin həyata keçirilməsində
mənə ilk növbədə ailəm, sonra isə işlədiyim
kollektivlərin üzvləri daima dəstək olublar. Elm, təhsil
bizim ailədə çox önəmli sayılırdı və
hələ məktəb illərimizdən bacım və
qardaşımla aramızda intellektual rəqabət var idi.
Biz valideynlərimizi çox tez itirdik və həm
bacım, həm də qardaşım mənə daima dəstək
olublar. Həyat yoldaşım da ziyalı
ailəsində anadan olmuşdu, fizika elmləri namizədi idi,
ona görə həmişə məni başa
düşürdü, çətin günlərimdə mənə
dəstək olurdu. Böyüdükcə
övladlarım da elmi fəaliyyətimin mənim həyatımın
bir hissəsi olduğunu və mənim üçün nə
qədər mühüm olduğunu anladılar.
Böyük oğlumun da elm sahəsində hələlik az da olsa müəyyən xidmətləri var,
iqtisad elmləri namizədidir.
- Necə
düşünürsünüz, yaxın zamanda Azərbaycanda
elmin dünya səviyyəsinə çıxması
üçün nələr edilməlidir?
- Hələ
keçmiş sovetlər dönəmində də ulu öndər
Heydər Əliyev Azərbaycan elmini inkişaf etdirmək məqsədilə
milli elmi kadrların hazırlanması üçün azərbaycanlı
gənclərin Rusiyada və digər xarici ölkələrdə
təhsil almalarını təmin etməklə və
xüsusilə xarici elmi təcrübənin öyrənilməsi,
dünya alimləri ilə təcrübə mübadilələrinin
aparılması məsələlərinə diqqət
göstərməklə bu sahədə ilk addımlar atıb
və bununla da Azərbaycan gəncliyinin nəyə qadir
olduğunu göstərib. Bu gün həmin
kadrlar elm, sənaye və iqtisadiyyatımızın müxtəlif
sahələrində dövlət quruculuğumuzu möhkəmləndirmək
naminə səylə çalışırlar. Dövlətimiz müstəqillik qazandıqdan sonra
da elm sahəsində müəyyən nailiyyətlərimiz
olub. Artıq Azərbaycan alimi
dünyanın bir sıra elmi mərkəzlərinin fəal tədqiqatçısına
çevrilib. Hesab edirəm ki, magistr və
doktorantların hazırlığı, əsasən təhsilinin
və elminin maddi-texniki bazası, kadr potensialı güclü
olan və xarici ölkələrin aparıcı universitetləri
ilə mübadilə aparmaq imkanlarına malik olan universitetlərə
həvalə olunmalıdır. Bu,
universitetlərarası rəqabətin və universitetlərimizdə
çalışan yüksəkixtisaslı kadr
potensialının güclənməsinə gətirib
çıxara bilər. Belə yüksəkixtisaslı
kadrlar sayəsində Azərbaycan elminin dünya səviyyəsinə
çıxmasına doğru daha bir addım
atılmış olardı. Azərbaycan Prezidenti
İlham Əliyevin imzaladığı elmi tədqiqatların
prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə
uyğun müəyyənləşdirilməsinə, biliklərə
əsaslanan yeni tipli iqtisadiyyatın
formalaşdırılmasına, elm sahəsində idarəetmə
sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi
tədqiqat müəssisələrinin və
bütövlükdə elmin maliyyələşdirilmə
mexanizmlərinin təkmilləşdirilməsinə, yüksəkixtisaslı
kadrların hazırlanmasına, elmin, təhsilin və
istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının
yaxşılaşdırılmasına, Azərbaycan elminin beynəlxalq
elm məkanına inteqrasiyasına dair həyata keçiriləcək
tədbirlərin məqsəd, prinsip və
yanaşmalarını özündə cəmləşdirən
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”na dair sərəncam Azərbaycanda
elmin inkişafına daima dövlət
qayğısının olmasını göstərir. Biz alimlərin üzərinə düşən əsas
vəzifə isə bu sərəncamdan irəli gələn vəzifələri
layiqincə həyata keçirməkdir. Bu
sərəncamdan irəli gələn vəzifələrdən
birinin elmi müəssisələrlə tədris müəssisələri
arasında sıx səmərəli əməkdaşlıq
olmasıdır. Bunu isə yalnız elmi təbliğ
etməklə təmin etmək olmaz. Tədris
prosesində elə pedaqoji metodikalar tətbiq etmək
lazımdır ki, onun köməkliyi ilə gənclərdə
elmi-tədqiqatlara vərdişi aşılamaq mümkün
olsun. Sözsüz ki, bu prosesdə ilkin
akademik hazırlıq mühüm şərtdir. Tədris prosesi elə aparılmalıdır ki,
akademik hazırlıqla elmi tədqiqat bacarığı
harmonik olaraq əlaqələndirilsin. Burada
alimlərimizin rolu böyükdür. Onlar elmi
axtarışların perspektivliyini düzgün müəyyən
edir, qarşıya məqsəd qoyur, tədqiqatçılar
qrupu formalaşdırır və nəhayət, bu qruplarla
iş qurur. Yeri gəlmişkən, hazırda bu
yanaşma BANM-də tətbiq olunur. Bu
yaxınlarda biz 9 transmilli kompaniyanın iştirakı ilə
tələbələrimizin elmi konfransını keçirdik.
Bu konfransda tələbələrimiz öz elmi
axtarışları haqqında çıxışlar etdilər,
həmin mövzular ətrafında müzakirələr
aparıldı. Əlbəttə, bu məsələlərin
həllində maliyyələşmə də müəyyən
rol oynayır. Ancaq elmlə məşğul
olmaq özü bir zövqdür, elə bir zövqdür ki, o
pul qazanmaqla deyil, elmi məsələlərin müvəffəq
həllindən alınır. Burada ən
önəmli məsələ odur ki, istedadlı alim, həm də
yaxşı müəllim olsun. İndi deyəcəyim
fikir ola bilər ki, bir alim qadının fikridir, mən belə
hesab edirəm ki, əgər müəllim - pedaqoq alim
qadındırsa, o öz tələbələrində
özünün gələcəyini, yetişdirmələrini
görür, əgər müəllim - pedaqoq alim kişidirsə,
onların bəziləri istedadlı gəncləri özlərinin
gələcək rəqibləri olaraq görürlər. Təbii ki, bu mənim subyektiv fikrimdir.
- Bakı Ali Neft Məktəbinin
Ali təhsildən sonrakı təhsil şöbəsinin
(doktorantura) üzərinə hansı öhdəliklər
düşür və əsas işiniz nədən ibarətdir?
- Şöbənin işinə rəhbərlik edirəm
və onun bütün fəaliyyəti üçün
cavabdehəm.
Magistratura və doktorantura səviyyəsində
təhsilin təşkili istiqamətində müvafiq
elmi-metodiki xidmətin vəziyyətini, bu istiqamətdə
beynəlxalq təcrübəni öyrənərək, təhlil
edir və bu işin yaxşılaşdırılması
üçün təkliflər hazırlayıb rəhbərliyə
təqdim edirəm. Gənclərdə elmə
marağı artırmaq və təlim-tərbiyənin keyfiyyətini
yaxşılaşdırmaq, eləcə də pedaqoji kadrlara
köməklik məqsədilə elmi-nəzəri, elmi-praktik
konfranslarda, seminarlarda, keçirilən müşavirələrdə
iştirak edirəm. Magistratura və
doktorantura səviyyələrində təhsilin təşkili
sahəsində pedaqoji rəyi öyrənmək məqsədilə
sosioloji sorğular aparır və müvafiq təkliflər
veririk.
-Azərbaycan gəncliyinə elm və
təhsil sahəsində uğur qazanmaları
üçün tövsiyələriniz?
- Gənclərimizə
nə arzu edə bilərəm? Hər şeydən əvvəl
gənclər öz arzu və istəklərini daha dəqiq
müəyyənləşdirməli, daima oxumalı,
araşdırmalar aparmalı, məşğul olmaq istədikləri
sahə üzrə qabaqcıl ölkələrdə
aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmalıdırlar. Bütün bunlara
nail olmaq üçün isə mütləq xarici dil bilməlidirlər.
Nəzərə almaq lazımdır ki, həyatda
o insanlar uğur qazanırlar ki, onlar öz arzu və istəklərinə
uyğun işlə məşğul olurlar. Gənclər
unutmamalıdırlar ki, əgər biz bu gün elmimizi
ümumdünya səviyyəsinə çıxarmaq istəyiriksə,
onlar mütləq ali təhsil
ocaqlarımızda elmi-tədqiqat işlərinin əhatə
etdiyi mövzuların genişləndirilməsində və bu
işlərin həyata keçirilməsində yaxından
iştirak etməlidirlər. Demək olar ki, bütün ali təhsil müəssisələrində fəaliyyət
göstərən tələbə elmi cəmiyyətlərinə
(TEC) üzv olmaqla, onlar elmin müxtəlif sahələrində
ilk uğurlarını qazana bilərlər. Həqiqətən,
yalnız elmi dərk etmiş insanı yetişmiş bir şəxs
hesab etmək olar. Yalnız səbir və
inadla bilik və bacarıqlara yiyələnmək gənclərə
cəmiyyətdə layiqli yer tutmalarına kömək edə
bilər. Hal-hazırda BANM-də təhsil alan
tələbələr qəbul imtahanlarında ən yüksək
nəticə göstərmiş gənclərdir. Onların yüksək səviyyəli təhsil
almaları üçün BANM-də hər cür tədris
şəraiti yaradılıb, burada peşəkar
professor-müəllim heyəti çalışır və tədricən
elmi-tədqiqat işlərinin aparılması
üçün laboratoriyalar yaradılır. Mən inanıram ki, BANM-in gələcək məzunları
dünya elmində öz sözlərini layiqincə deyəcəklər.
Nigar Abdullayeva
Palitra.-2015.-3 iyun.-S.11.