Suğra Müqabilzadə: “Avropa Oyunları Azərbaycanda oxatmanın inkişafına təkan verəcək”

 

Qədim zamanlarda oxatma ovçuluq və döyüşdə tətbiq olunsa da, orta əsrlərdə odlu silahların meydana gəlməsi ox və yayı arxa plana keçirdi. Buna baxmayaraq, XVIII əsrin əvvəllərində oxatma nəticə etibarı ilə idman növü kimi yayılmağa başladı və hazırda 140 ölkədə insanlar onunla məşğul olurlar. 1900-cü ildə Parisdə və 1920-ci ildə Antverpendə keçirilmiş Olimpiya Oyunları da daxil olmaqla, Olimpiya Oyunları tarixinin ilk illərində bir neçə dəfə oxatmaya proqramda yer verildikdən sonra bu idman növü 1972-ci il Münhen Olimpiya Oyunlarında yenidən təqdim olundu və həmin tarixdən etibarən Olimpiya proqramında yer aldı. İndi isə növbə Avropa Oyunlarınındır. İyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarında kamandan oxatma yarışlarının keçirilməsi idmanın bu növünə marağı daha da artırıb. “Bakı 2015” Avropa Oyunlarında Avropanın ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Bakı 2015” Avropa Oyunları oxatma üzrə yarışan idmançılara “Rio-2016” Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları yaradır. Ümumiyyətlə, kamandan oxatma Azərbaycanda yeni idman növü deyil. Tarixə nəzər salsaq görərik ki, bu idman növü Azərbaycanda 1969-cu ildən inkişaf etməyə başlayıb. Gözəl ənənələrimiz var. Azərbaycan idmançıları uzun illər SSRİ çempionatları və birinciliklərdə yaxşı nəticələr göstəriblər. Vaxtilə idmanın bu növü üzrə Azərbaycanda bir çox idmançı və beynəlxalq idman ustası hazırlanıb. Bəzi idmançılar SSRİ yığmasının heyətinə də daxil olub və beynəlxalq yarışlarda iştirak ediblər. O dövrdə buna nail olmaq o qədər də asan deyildi. Hazırda da kamandan oxatmada perspektivli gənc idmançılarınız çoxdur. Onlardan biriSuğra Müqabilzadədir. 2014-cü ildə azərbaycanlı idmançı Suğra Müqabilzadə ilk dəfə Çində gənclər arasında Olimpiya Oyunlarında iştirak edib. Qoşa yarışlarda S.Müqabilzadə ilə yapon idmançısının cütlüyü 32 komanda arasında 8-ci yeri tutub. Bu, Kamandan Oxatma Federasiyası üçün böyük nailiyyətdir. S. Müqabilzadə kamandan oxatma idmanı ilə bağlı bu il Azərbaycanı Nankinq olimpiadasında təmsil edib. Bundan əlavə o, Bakıda keçirilən Federasiyalar Kuboku beynəlxalq turnirində 3-cü yerə layiq görülməklə ən böyük uğuruna imza atıb. Suğra İlk Avropa Oyunlarının 11 elçisindən biridir. 16 yaşlı Suğra Müqabilzadə “Bakı 2015” Avropa Oyunlarında Azərbaycanın böyük ümidlər bəslədiyi idmançılardan biridir.

 

- Necə oldu ki, bu idman növünü seçdiniz?

-2012- ci ildən milli komandanın üzvüyəm. Bu idmana təsadüfən gəlmişəm. Atamın təkidi ilə idmanla məşğul olmağa başlamışam. Bir çox yarışlarda, o cümlədən müxtəlif beynəlxalq yarışlarda ölkəmi təmsil etmişəm. Bu çox qürurverici hisdir ki, mən ölkəmi təmsil etmək üçün seçilmişəm.

-Bəzən bu idman növünü oğlanlara şamil edirlər. Qadın olaraq bu idmanla məşğul olmaq sizin üçün çətin deyilmi?

- Mən belə deməzdim. Məncə, oxatma qızlar ucun daha yaxşıdır. Çünki bu idman növü zərif bir idman növüdür. Qızların bu idmanla məşğul olmasını çox istərdim.

-Avropa Oyunlarından gözləyirsiniz? Azərbaycanın bu Oyunlarda uğurları yetərincə ola bilərmi?

- Avropa Oyunlarının Bakıda, doğma yurdumuzda keçirilməsi çox möhtəşəm bir haldır. Ölkəmizin bu Oyunlarda birinci ev sahibi olması mənə, həqiqətən, böyük sevinc qurur hissini yaşadır. Oyunların Bakıda olması mənim fikrimcə, hər bir idmançıya əlavə bir qüvvə inam verəcək. Avropa Oyunları Azərbaycanda oxatmanın inkişafına təkan verəcək. Ölkəmizi təmsil edən hər bir idmançı əlindən gələn qədər yüksək nəticə göstərməyə çalışacaq inanıram ki, bayrağımızı yüksəldəcəyik.

-Konkret olaraq oxatma üzrə ölkəmizin qələbəsinə inanırsınızmı?

- Oxatma elə bir idman növüdür ki, hər şey bir saniyə içində dəyişə bilər. Mən inanıram ki, oxatma idman növü lazımi nəticəni göstərəcək.

-Gələcəkdə bu idman növü üzrə fəaliyyətinizi davam etdirmək niyyətiniz varmı?

- Əlbəttə. Əgər hər şey yolunda gedərsə, bu idman növü ilə bacardığım qədər məşğul olmaq istəyərdim. Gələcək planlarımın içində oxatmanın ayrı yeri var. Çox istərdim ki, qızlarımız bu idman növü ilə məşğul olsun. Dediyim kimi, bu, çox zərif incə idman növüdür.

-Rəqiblərinizi güclü hesab edirsinizmi? Nəhayət, bu Oyunlarda bayrağımızın ucaldılacağına əminsinizmi?

- Hər bir oxatan mənim üçün güclü rəqibdir. Çünki yarış zamanı hər şey mümkündür. Ən zəif rəqib belə çox güclü nəticə göstərə bilər. Əlbəttə, bu Oyunlarda bayrağımızı ucaldacağımıza əminəm inanıram. Necə deyərlər, inam qələbənin yarısıdır.

- Avropa Oyunlarının elçisi olmaq sizdə hansı təəssüratlar, hisslər oyadır?

- İdman elcisi olduğum üçün çox sevinc fəxr hissi keçirirəm. Bu Oyunları tanıtmaqda elçilərin arasında mənim rolumun olduğunu bilmək çox xoşdur.

 

Nigar Abdullayeva

Palitra.-2015.-3 iyun.-S.6.