Suğra Müqabilzadə: “Avropa Oyunları Azərbaycanda oxatmanın
inkişafına təkan verəcək”
Qədim zamanlarda oxatma ovçuluq və döyüşdə tətbiq olunsa da, orta əsrlərdə odlu silahların meydana gəlməsi ox və yayı arxa plana keçirdi. Buna baxmayaraq, XVIII əsrin əvvəllərində oxatma nəticə etibarı ilə idman növü kimi yayılmağa başladı və hazırda 140 ölkədə insanlar onunla məşğul olurlar. 1900-cü ildə Parisdə və 1920-ci ildə Antverpendə keçirilmiş Olimpiya Oyunları da daxil olmaqla, Olimpiya Oyunları tarixinin ilk illərində bir neçə dəfə oxatmaya proqramda yer verildikdən sonra bu idman növü 1972-ci il Münhen Olimpiya Oyunlarında yenidən təqdim olundu və həmin tarixdən etibarən Olimpiya proqramında yer aldı. İndi isə növbə Avropa Oyunlarınındır. İyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarında kamandan oxatma yarışlarının keçirilməsi idmanın bu növünə marağı daha da artırıb. “Bakı 2015” Avropa Oyunlarında Avropanın ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Bakı 2015” Avropa Oyunları oxatma üzrə yarışan idmançılara “Rio-2016” Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları yaradır. Ümumiyyətlə, kamandan oxatma Azərbaycanda yeni idman növü deyil. Tarixə nəzər salsaq görərik ki, bu idman növü Azərbaycanda 1969-cu ildən inkişaf etməyə başlayıb. Gözəl ənənələrimiz var. Azərbaycan idmançıları uzun illər SSRİ çempionatları və birinciliklərdə yaxşı nəticələr göstəriblər. Vaxtilə idmanın bu növü üzrə Azərbaycanda bir çox idmançı və beynəlxalq idman ustası hazırlanıb. Bəzi idmançılar SSRİ yığmasının heyətinə də daxil olub və beynəlxalq yarışlarda iştirak ediblər. O dövrdə buna nail olmaq o qədər də asan deyildi. Hazırda da kamandan oxatmada perspektivli gənc idmançılarınız çoxdur. Onlardan biri də Suğra Müqabilzadədir. 2014-cü ildə azərbaycanlı idmançı Suğra Müqabilzadə ilk dəfə Çində gənclər arasında Olimpiya Oyunlarında iştirak edib. Qoşa yarışlarda S.Müqabilzadə ilə yapon idmançısının cütlüyü 32 komanda arasında 8-ci yeri tutub. Bu, Kamandan Oxatma Federasiyası üçün böyük nailiyyətdir. S. Müqabilzadə kamandan oxatma idmanı ilə bağlı bu il Azərbaycanı Nankinq olimpiadasında təmsil edib. Bundan əlavə o, Bakıda keçirilən Federasiyalar Kuboku beynəlxalq turnirində 3-cü yerə layiq görülməklə ən böyük uğuruna imza atıb. Suğra İlk Avropa Oyunlarının 11 elçisindən biridir. 16 yaşlı Suğra Müqabilzadə “Bakı 2015” Avropa Oyunlarında Azərbaycanın böyük ümidlər bəslədiyi idmançılardan biridir.
- Necə oldu ki, bu
idman növünü
seçdiniz?
-2012- ci ildən
milli komandanın üzvüyəm. Bu idmana təsadüfən gəlmişəm. Atamın təkidi
ilə idmanla məşğul olmağa
başlamışam. Bir çox
yarışlarda, o cümlədən
müxtəlif beynəlxalq
yarışlarda ölkəmi
təmsil etmişəm.
Bu çox qürurverici
hisdir ki, mən ölkəmi təmsil etmək üçün seçilmişəm.
-Bəzən bu idman növünü
oğlanlara şamil edirlər. Qadın olaraq bu idmanla məşğul olmaq sizin üçün
çətin deyilmi?
- Mən belə deməzdim. Məncə, oxatma qızlar
ucun daha yaxşıdır. Çünki bu idman növü
zərif bir idman növüdür.
Qızların bu idmanla məşğul olmasını
çox istərdim.
-Avropa Oyunlarından
nə gözləyirsiniz? Azərbaycanın
bu Oyunlarda uğurları yetərincə
ola bilərmi?
- Avropa Oyunlarının Bakıda, doğma yurdumuzda keçirilməsi
çox möhtəşəm
bir haldır. Ölkəmizin bu Oyunlarda birinci ev sahibi
olması mənə,
həqiqətən, böyük
sevinc və qurur hissini yaşadır.
Oyunların Bakıda olması
mənim fikrimcə, hər bir idmançıya
əlavə bir qüvvə və inam verəcək. Avropa Oyunları Azərbaycanda oxatmanın inkişafına
təkan verəcək.
Ölkəmizi təmsil edən
hər bir idmançı əlindən
gələn qədər
yüksək nəticə
göstərməyə çalışacaq
və inanıram ki, bayrağımızı
yüksəldəcəyik.
-Konkret olaraq oxatma üzrə
ölkəmizin qələbəsinə
inanırsınızmı?
- Oxatma elə bir idman növüdür
ki, hər şey bir saniyə
içində dəyişə
bilər. Mən inanıram ki,
oxatma idman növü lazımi nəticəni göstərəcək.
-Gələcəkdə
də bu idman növü üzrə fəaliyyətinizi
davam etdirmək niyyətiniz varmı?
- Əlbəttə. Əgər
hər şey yolunda gedərsə, bu idman növü
ilə bacardığım
qədər məşğul
olmaq istəyərdim. Gələcək planlarımın içində
oxatmanın ayrı yeri var. Çox istərdim ki, qızlarımız bu idman növü ilə məşğul olsun. Dediyim kimi, bu, çox zərif və incə idman növüdür.
-Rəqiblərinizi
güclü hesab edirsinizmi? Nəhayət, bu Oyunlarda bayrağımızın ucaldılacağına
əminsinizmi?
- Hər bir oxatan
mənim üçün
güclü rəqibdir.
Çünki yarış zamanı
hər şey mümkündür. Ən zəif
rəqib belə çox güclü nəticə göstərə
bilər. Əlbəttə, bu Oyunlarda bayrağımızı
ucaldacağımıza əminəm
və inanıram.
Necə deyərlər, inam qələbənin yarısıdır.
- Avropa Oyunlarının elçisi
olmaq sizdə hansı təəssüratlar,
hisslər oyadır?
- İdman elcisi olduğum üçün
çox sevinc və fəxr hissi keçirirəm. Bu Oyunları tanıtmaqda elçilərin arasında
mənim də rolumun olduğunu bilmək çox xoşdur.
Nigar Abdullayeva
Palitra.-2015.-3 iyun.-S.6.