“Dərs zamanı şagirdlərə sərbəstlik verilməlidir”

 

Gülər Hüseynova: “İKT-dən istifadə edilməklə keçilən dərslər şagirdlər tərəfindən daha maraqla qarşılanır, təlim prosesi daha da rəngarəng olur. Fəal təlim metodutexnologiyalardan daha səmərəli istifadə etmək üçün müəllimlərin bu sahədə bilik və bacarıqları

olmalıdır”

 

Layihə çərçivəsində müsahibimiz təhsil üzrə ekspert Gülər Hüseynovadır. O, müsahibəsində təhsil sahəsindəki vəziyyəti dəyərləndirdi:

-Müasir təhsil, müasir zaman müəllimdən nə tələb edir?

- Daim inkişaf edən ölkəmizdə hər bir sahədə olduğu kimi təhsildə də inkişaf, yeniliklər özünü göstərir, təhsilimiz dünyanın ən inkişaf etmiş ölkələrinin təhsil sistemindən geri qalmır. Azərbaycanda müasir təlim metodlarının tətbiqi illərdir həyata keçirilir. Müasir təhsil insanın intellektual tələbatını ödəməklə bərabər, həm də hüquq və azadlıqların həyata keçirilməsi, bacarıq və vərdişlərin formalaşması üçün əsas vasitədir. Əvvəla qeyd etmək istərdim ki, müasir dövrün müəllimlərin qarşısına qoyduğu tələblər böyükdür. Umümi təhsil sistemində çalışan təhsilverənlər ixtisası üzrə dövrün tələbinə uyğun elmi-nəzəri biliklərə yiyələnməlidir. Elmi-texniki tərəqqinin həyatımızın bütün sahələrini əhatə etdiyi bir zamanda məktəblərdə tədris olunan dərslərin keyfiyyətini artırmaq üçün İKT-dən dərs prosesində istifadə etmək artıq zəruri bir məsələyə çevrilib. İKT-dən istifadə edilməklə keçilən dərslər şagirdlər tərəfindən daha da maraqla qarşılanır, təlim prosesi daha da rəngarəng olur. Fəal təlim metodutexnologiyalardan daha səmərəli istifadə etmək üçün müəllimlərin bu sahədə bilik və bacarıqları olmalıdır. Bu bacarıqları formalaşdırmaq üçün hər bir müəllim daim yeniliklərə həvəs göstərməli, bu sahədə keçirilən təlimlərdə, seminarlarda iştirak etməlidir. Yaxşı olardı ki, bu cür təlimlər Azərbaycanın bütün bölgələrində daha geniş şəkildə təşkil olunsunbu bacarıqlara əsaslanaraq dərs keçmək bütün müəllimlərdən zəruri bir hal kimi tələb olunsun. Hər bir müəllimin psixologiyapedaqogika elmlərini dərindən öyrənməsi də əsas şərtlərdəndir. Psixologiyanın təhsil, təlim və tərbiyə ilə sıx baglı olan xüsusi sahələri var. Bu cür biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün zəruridir. Psixologiya elmi ilk növbədə insanın şəxsiyyəti, fəaliyyəti, ünsiyyəti, idrak prosesləri ilə, münasibətlər sistemiiradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də eksperimental planda öyrənir. Əlbəttə ki, bütün bu tələblər nəzərə alınaraq müəllimin zəhməti daha da yüksək qiymətləndirilməlidir. Ulu öndərimizin müəllim haqqında çox dəyərli fikirlərini yada salmaq istərdim: "Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımiram. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”. Həqiqətən də müəllim əməyinin dəyəri ölçülməzdir.

-Dərs zamanı şagirdlərin fikrinin yayınmaması və şagirdlərin dərsə olan marağının artması üçün nə etmək lazımdır?

- Əlbətdə ki, bu məsuliyyət də müəllimin üzərindədir. Ən əsası müəllim hər bir şagirdə hörmətlə, öz tərəf müqabili kimi yanaşmalıdır, kiçik nailiyyət belə, müəllim tərəfindən qiymətləndirilməli, şagirdin hansısa uğursuzluğunu ona hiss etdirmədən, həvəsdən salmadan müsbət nəticə ilə əvəz etməyi bacarmaq lazımdır. Düşünürəm ki, şagirdlərə dərs zamanı sərbəstlik verilməlidir və o öz düşüncələrini, fikirlərini qorxmadan, çəkinmədən çatdırmalı, hər bir şagirddə sərbəst düşüncə, fikrini izah etmə bacarığı formalaşdırılmalıdır.

 

“Yaxşı olardı ki, bu cür təlimlər Azərbaycanın bütün bölgələrində daha geniş şəkildə təşkil olunsunbu bacarıqlara əsaslanaraq dərs keçmək bütün müəllimlərdən zəruri bir hal kimi tələb olunsun

 

Bundan əlavə şagirdin oyrənməyə olan həvəsinin artırılması, dərsin yorucu kecməməsi üçün dərsdə müxtəlif oyunlardan, internet resurslarından geniş istifadə etmək şərtdir. Uşaq kiçik yaşından telefon, kompüter oyunlarına həvəs göstərir. Bu müasir dövrün tələbidir, sadəcə olaraq şagirdlərimizi bu yeniliklərdən səmərəli istifadə etməyə yönəltməliyik. Dərsə olan marağı artırmaq, uğurlarının qiymətləndirildiyini hiss etdirmək və oxumağa olan məsuliyyəti gücləndirmək məqsədilə məktəb şagirdlərini müxtəlif bilik yarışlarına da cəlb etmək olar.

-Müəllim bacarıqlarının inkişafını artırmaq üçün kurslar təşkil olunur. Bu kurslar hansılardır? Bu kurslarda iştirak edərək nə kimi bacarıqlar əldə edilir?

- Bu sahədə fəaliyyət göstərən bir çox təşkilatları misal göstərmək olar, lakin mən iştirak etdiyim kursların mahiyyətindən danışa bilərəm. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu bu sahədə əvəzolunmaz işlər görür. Belə ki, burada müəllimlərə və müəllim olmağa hazırlaşanlara müasir təlim texnologiyaları ilə işləmək bacarığı, elektron dərslərin hazırlanması mexanizmləri, distant təhsilin keçirilməsi yolları, müasir tələblərə cavab verən dərslərin təşkil olunması və qurulması, şagirdlərin fəallığa cəlb olunmasının yolları, məntiqi təfəkkürün inkişafı, dərslərin inteqrasiya olunması və bir çox bacarıqlar formalaşdırılır. Bu da müəllimlərdə kompitensiyalılığın möhkəmlənməsinə gətirib çıxarır. Qeyd edim ki, bu təlimlərdə iştirak edən müəllimlər sertifikatla təmin olunur. Mən də bu kursların iştirakçsı kimi əldə etdiyim bütün bacarıqlara görə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun dəyərli müəllimlərinə təşəkkür edirəm. İştirakçısı olduğum digər kurs isə Zəfər kurslarıdır. Zəfər kursları bir çox sahədə fəaliyyət göstərdiyi kimi, müəllim və müəllim olmağa hazırlaşanlar üçünkurslar təşkil edir. Burada müəllimlər üçün zəruri hesab olunan kompüter bacarıqları, yeni dərs proqramlarının tətbiqi, müasir dərslərin təşkil olunma qaydaları, ixtisası üzrə biliklərin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi, məntiqi təfəkkürün inkişafı üzrə çox peşəkar şəkildə istiqamət verilir. Az öncə qeyd etdim ki, şagirdlərdə dərsə olan marağı artırmaq,oxumağa olan məsuliyyəti gücləndirmək məqsədilə məktəb şagirdlərini müxtəlif bilik yarışlarına da cəlb etmək olar. Bu sahədə də Zəfər kursları uğurlu addımlar atır. Bütün filiallarda hər həftə məktəb şagirdləri üçün bilik yarışı günü elan olunur, bilik yarışlarında seçilən əlaçı fəal şagirdlər təşkilat tərəfindən mükafatlandırılır, rəsmi internet səhifələrində qalib olan şagirdlərin adları elan olunur, kursun şərəf lövhələrində qaliblərin şəkli öz əksini tapır. Şagirdlərin inkişafı, oxumağa olan həvəsinin artması üçün atılmış bu həvəsləndirici addım da təqdirəlayiq bir addımdır.

-Müasir təhsil proqramı, yeni təlim forma və üsulları valideynlər tərəfindən necə qarşılanır?

- Müasir təlim metodlarının tətbiqinin illərdir həyata keçirilməsinə baxmayaraq, bəzən bu proqramın, xüsusilə də müasir qiymətləndirmənin valideynlər tərəfindən anlaşılmaması muəllimlər və valideynlər arasında anlaşılmazlıqlara səbəb olur. Yaxşı olar ki, dərs ilinin əvvəlində valideynlər kurikulumun müddəaları, interaktiv təlimlə keçirilən dərslərin üstünlükləri və qiymətləndirmə ilə bağlı ətraflı şəkildə təlimatlandırılsın.

- Valideyn və məktəb əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Valideyn məktəbin daimi iştirakçısına çevrilməlidir. Şagird mərkəzi subyekt olaraq daim valideyn və müəllimin əməkdaşlığı ilə nəzarət altında saxlanılmalı, onun problemləri birgə əməkdaşlıqla həll edilməli, hər iki tərəf onun təlim-tərbiyəsinin inkişafı üçün qarşılıqlı əmək sərf etməlidir. Əlbəttə ki, məktəbin və ailənin məqsədi birdir- gələcəyimiz olan övladlarımızı bilikli, bacarıqlı, əməksevər, vətənpərvər, humanist şəxsiyyət, ləyaqətli insanlar kimi yetişdirmək!

 

Anar Miriyev

Palitra.-2015.-4 iyun.-S.11.