“Azərbaycan “Bakı-2015”
sınağından uğurla
çıxacaq”
Gülnar Əmiraslanova: “Gənclərimiz
üçün Oyunların təcrübə qazanmaq
baxımından olduqca böyük əhəmiyyəti var”
YAP Gənclər
Birliyinin üzvü, ictimai fəal Gülnar
Əmiraslanovanın ilk Avropa
Oyunları ilə bağlı müsahibəsini təqdim edirik.
-İlk
Avropa Oyunları bir gənc
olaraq sizi nə dərəcədə
sevindirir?
-Əlbəttə, ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi böyük hadisə olmaqla yanaşı, Azərbaycan tarixində möhtəşəm gün olaraq xalqımızın yaddaşında qalacaq və Avropa tarixinə qızıl hərflərlə yazılacaq. Olduqca qürurverici və sevindirici haldır. Azərbaycan vətəndaşı olaraq dövlətimin beynəlxalq səviyyədə yüksəlişi böyük iftixar, fəxrdir. “Bakı-2015” Avropa Oyunları “Avropa Mayakı”na çevriləcək və Odlar Yurdu Azərbaycan günəş kimi dünyaya işıq saçacaq. Ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Bu il ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinin Azərbaycana həvalə edilməsi isə görülən işlərə verilən ən yüksək qiymətin bariz nümunəsidir. Şübhəsiz ki, sözügedən beynəlxalq yarışın Azərbaycanda baş tutması ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə də xidmət göstərir. Bildiyimiz kimi, Avropa Oyunları Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulub. Komitəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edir. Sevindirici və olduqca qürurvericidir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı möhtəşəm günlər Azərbaycanın sosial-siyasi, iqtisadi, tarixi, mədəni, idman və bütün sahələrdə inkişafı Avropa ölkələrinə əyani sübut olmaqla yanaşı, güclü, inkişaf edən Azərbaycan dövlətinin varlığı özünü bir daha təsdiq edəcək. Ən əsası, Avropa Oyunlarının Bakıda keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə stimul olacaq. Stimul olaraq Azərbaycanın informasiya siyasətinin, güc strukturunun və ən əsası, möhtəşəm Oyunlara ev sahibliyi etməsi regionda liderlik mövqeyinə, sosial-siyasi, iqtisadi gücə, məğrur, qüdrətli, mübariz insan resurslarına malik olması münaqişənin sülh yolu ilə həllinə təkanverici ən böyük qüvvə olacaq. Göstəricilər Ermənistan dövlətinin regionda həm siyasi, həm də mənəvi məğlubiyyəti, uydurma erməni iddialarının fiaskoya uğraması üçün real faktlardır.
-Ümumiyyətlə,
bu Oyunların ölkəmiz üçün nə kimi
əhəmiyyəti var?
- Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Bu gün idmançılarımızın beynəlxalq yarışlarda fəal iştirakının təmin olunması Prezident İlham Əliyevin Azərbaycan idmanına verdiyi töhfənin təməl prinsipini təşkil edir. Ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Bu işə Azərbaycanın bütün regionları cəlb olunub. Ölkəmizin hər yerində Olimpiya idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib istifadəyə verilir. Bu idman obyektləri dünya standartlarına cavab verməklə, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Bir sözlə, Azərbaycan dünya aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olub. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi ölkəmizdə mövcud vəziyyətin təzahürüdür. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət sayılır. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxacaq və dünyaya göstərəcək ki, müstəqil, dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir.
-İlk
Avropa Oyunlarının Azərbaycanda
idmanın inkişafı baxımından nə kimi rolu var?
- Müstəqil Azərbaycanda idmana, Olimpiya hərəkatına xüsusi diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Azərbaycan gəncləri birinci Avropa Oyunlarında fəal iştirak edəcəklər. Bu, istər ilk Avropa Oyunlarına hazırlıq prosesində, istərsə də Oyunların keçiriləcəyi günlərdə ən müxtəlif işləri reallaşdırmaqdan ibarətdir. Bizim gənclərimiz üçün bu Oyunların təcrübə qazanmaq baxımından da olduqca böyük əhəmiyyəti var.
-Ölkədə
bu Oyunların təbliği necə gedir?
-Ölkədə bu Oyunların təbliği yüksək səviyyədə həyata keçirilir. Birinci Avropa Oyunları zamanı ölkəmizə gələcək turistləri yüksək səviyyədə qarşılamaq üçün bölgələrdə də hazırlıq işləri görülür. İlk növbədə, abadlıq-quruculuq işlərinə xüsusi fikir verilir. Əksər yerlərdə, əsasən şəhərin girişində, eləcə də istirahət parkları və əhalinin daha çox toplaşdığı yerlərdə birinci Avropa Oyunlarının loqosu və təbliğat lövhələri quraşdırılıb. Azərbaycanın bütün regionlarında birinci Avropa Oyunları məşəlinin qarşılanma mərasimi və möhtəşəm Alov festivalı keçirilir. Qədim Azərbaycan torpağında, Azərbaycan xalqı böyük sevinc coşqusu ilə ilk Avropa Oyunlarının çırağı, məşəlini qarşılayır. Qədim Gəncə torpağında da keçirilən fləşmob birinci Avropa Oyunları tarixində özünəməxsusluğu və möhtəşəmliyi ilə Avropa və Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. “Bakı-2015”-in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər. Aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.
-Siz
ictimai fəal olaraq ilk Avropa Oyunları ilə
bağlı hansı təbliğati işlər görürsüz?
-Öncə bildirim ki, respublikada keçiriləcək
birinci Avropa
Oyunlarında göstərdiyim əzmkarlıq, dəstək mənim
üçün olduqca
qürurverici və ən əsası vətəndaşlıq
borcudur. Kiçik olsa da göstərdiyim vətəndaşlıq
borcundan dolayı qürur
hissi keçirirəm. Sosial
şəbəkələrdə, mediada birinci Avropa Oyunları
haqqında məlumatların dərc olunması bir gənc olaraq göstərdiyim
dəstək və vətəndaşlıq borcumun
bariz nümunəsidir. Müəyyən
televiziya proqramlarında, xüsusən
AzTv-də yayımlanan “Əsas məsələ” verilişində
Avropa Oyunları Könüllüləri
ilə iştirak, Oyunlara
hazırlıq prosesi, dövlətin güc strukturunun
Oyunların sistem və hazırlıq
prosesinə yüksək səviyyədə hazır
olması, Oyunlar ərəfəsində
və ya hazırlıq prosesində
dövlətin yüksək standartlara cavab verən qayda-qanun, nizam-intizam və s. proseslərdə
əzmkarlıq, qətiyyət göstərməsindən
dolayı Azərbaycan gənci olaraq qürur hissi keçirirəm.
Fuad Hüseynzadə
Palitra.-2015.-4 iyun.-S.7.