Dahinin istəyi, qələmin qüdrəti” kitabının təqdimatı

 

BDU-nun jurnalistika fakültəsinin “Mətbuat tarixi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının “Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimat “Kaspi” qəzeti və Mətbuat Şurasının dəstəyi ilə həyata keçirildi. Kitabda Q.Dünyaminqızının 1 il ərzində “Kaspi” qəzetində dərc olunan yazıları yer alıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd etdi ki, bu mövzu hamının marağındadır: “Kitabda 45 məqalə çap olunub. Bu məqalələrin tam əksəriyyəti “Kaspi” qəzetində işıq üzü görüb. Bu kitabda Azərbaycan jurnalistikasına yeni elmi baxış diqqəti cəlb edir. Kitabda toplanmış məqalələrdə Azərbaycan mətbuatına kənardan baxırsan. Azərbaycan cəmiyyətinin, mətbuatının inkişafı nədən ibarət olub deyə, insanı düşündürür. Azərbaycan xalqının inkişafında onun mətbuatı kifayət qədər rol oynayıb. Elə Azərbaycan xalqının, mətbuatının oynadığı rolla, səyi ilə biz Azərbaycan Xalq Cümhuriyyətini yarada bildik. Bu kitabda ayrı-ayrı insanlar, Azərbaycan mətbuatının, elə tarixinin dahiləri barədə maraqlı məlumatlar yer alıb”. Daha sonra isə Ə.Amaşov Q.Dünyaminqızını MŞ-nın xüsusi diplomu ilə təltif etdi.

Milli TeleviziyaRadio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirdi ki, kitabın bu gün təqdim olunması təsadüfi deyil: “Bir neçə gün öncə biz Respublika günümüzü qeyd etdik, qarşıdan isə bizim böyük bayramımız yaxınlaşır. Yəni, bayram bayrama qarışan bir ərəfədə çox bir dar macalda biz bu kitabı təqdim edirik”. S.Vəliyeva əlavə etdi ki, Q.Dünyaminqızı hər şeydən öncə jurnalistdir, tədqiqatçıdır, araşdırmaçıdır: “O artıq neçə illərdir ki, “Kaspi” qəzeti ilə əməkdaşlıq edir. O, arxiv materialları əsasında gözəl bir yazı ortaya qoyub. Mən hər zaman onun yazılarını “Kaspi”də gözləmişəm. Hər dəfə qəzeti açanda onun gülümsər təbəssümü ilə dərc olunan məqaləsini həvəslə oxuyaraq, münasibətimi də bildirmişəm. Ona görə də, bu kitabı o nəşr etdirəndə gördük ki, yazıların əksəriyyəti bizim qəzetimizdə dərc edilib. Biz onu BDU-nun Jurnalistika fakültəsinin müəllimi olmaqla yanaşı, həm də “Kaspiçi kimi tanıyırıq. Bu kitab böyük tarixi-informativ məlumat olmaqla yanaşı, eyni zamanda, tarixinə böyük sevgi ilə yazılıb. Azərbaycan tarixinin yaşadığı keşməkeşli hadisələr və tarixdə iz qoyanlar haqqında yazmaq, araşdırmaq, onu arxivdən tapmaq hər adamın işi deyil. Burada böyük ürək olmalıdır. Qələm iki cür yaza bilir, ya böyük sevgi ilə, ya da qərəzlə.... Bu qələmdə böyük sevginin olduğunu biz hiss etmişik”. Sona Vəliyevanın sözlərinə görə, kitabda hər şey olduğu kimi təsvir edilib. S.Vəliyeva həmçinin, kitabda Nəriman Nərimanov və digər şəxsiyyətlər haqqında oxuduğu maraqlı məlumatlardan da danışdı. O qeyd etdi ki, bu cür tarixə yanaşmaq baxımından kitab misilsiz əhəmiyyətə malikdir: “Bu onun özünün şəxsi keyfiyyətlərindən irəli gəlir. Bir gün biz Qərənfil xanımla söhbət edirdik. Bu əsnada o məndən soruşdu ki, Sona xanım, siz bilərsiniz, Qulu Məmmədlinin arxivi kimə qaldı? Bu sözə diqqət edin... Mən təəccübləndim ki, İlahi, şükür olsun Sənə ki, çevrəmdə bu cür adamlar var. O demir ki, kimin mülkü kimə qaldı... Mən dedim ki, bilmirəm, amma o böyük bir sərvətdir. Ona görə, sizə təşəkkür edirik”.

BDU-nun rektoru Abel Məhərrəmov bildirdi ki, kitab mətbuat tariximizi gənclərə tam aydın şəkildə çatdırır: “Mətbuatımız ölkə başçısının Sərəncamı ilə 140 illik yubileyə hazırlaşır. Bu böyük bayramdır. Hər bir xalqın tarixində mətbuatın özünəməxsus yeri var. Həsən bəy Zərdabi ilə başlayan “Əkinçi” artıq qol-qanad açıb. Bu gün isə artıq mətbuat hakimiyyətin 4-cü qoluna çevrilib. Kaş, o zamanlar bu belə olaydı. Əfsuslar olsun ki, bu belə olmayıb. Adından da görünür ki, H.B.Zərdabi nə qədər ehtiyatla bunu “Əkinçi” adlandırıb ki, kənardan olan böyükqardaşlarbuna təcavüz edə bilməsinlər. Ancaq, o ad altında o dövrdə çox sayda milli şüura söykənən məqalələr çıxıb. İllər boyunca bu genişlənərək digər qəzetlərə çevrilib”. Rektor qeyd etdi ki, kitab çox peşəkarlıqla işlənib: “Mən hər zaman elə “Kaspi” qəzetində onun məqalələrini izləmişəm. Buna görə Sona Vəliyevaya minnətdaram ki, ona belə gözəl imkan yaradıb. Bu kitab universitet üçün dərs vəsaiti olacaq”.

Kitabın müəllifi Q.Dünyaminqızı isə sonda hər kəsə və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevaya öz minnətdarlığını bildirdi: “Bu təkcə mənim uğurum yox, həm də “Kaspinin və kaspiçilərin uğurudur. Mən bu məqalələrlə başqa qəzetlərə də müraciət etmişəm. Lakin mənə deyiblər ki, onların nəvə və nəticələri var. Bizi onlarla üz-üzə qoyma... LakinKaspi” qəzetinə isə mən məqalələrimi necə vermişəmsə o cür də dərc edilib. 3 ildən çoxdur ki, bu qəzetlə əməkdaşlıq edirəm və bu çərçivədə 3 kitabım artıq işıq üzü görüb. Mən ömür imkan versə, hər zaman bu qəzetlə əməkdaşlıq edəcəyəm”.

Daha sonra isə BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, kafedra müdiri Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı kitab haqqında öz fikirlərini bildirdilər.

 

Nigar Abdullayeva

Palitra.-2015.-5 iyun.-S.7.