Bəxtiyar Vahabzadə
yaradıcılığı bədii fikrimizin
zənginləşməsində mühüm
rol oynayıb
Dünən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu
qurumun Gənc Alim və Mütəxəssislər
Şurası ilə birgə təşkil edilmiş, xalq
şairi, tanınmış dramaturq, ədəbiyyatşünas
və ictimai xadim, Dövlət mükafatları laureatı,
akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr
olunan “Milli dəyərlər və istiqlal uğrunda
mübarizələr” mövzusunda respublika konfransı
keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov B.Vahabzadənin milli ədəbi fikrin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından olan B.Vahabzadənin zəngin yaradıcılığından söz açan akademik bildirib ki, sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı B.Vahabzadənin yaradıcılığını öyrənməyin zəruriliyindən danışan R.Hüseynov azərbaycançılıq fəlsəfəsinin var olduğu müddətdə bu fəlsəfənin tərkib hissəsinə çevrilmiş B.Vahabzadənin də daim yaşayacağını vurğulayıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Xalq şairi B.Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezidentin 2015-ci il 14 yanvar tarixli Sərəncamı görkəmli ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin parlaq nümunəsidir. Vurğulanıb ki, dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Sonra alimlərin “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının Atatürkə münasibəti”, “1960-70-ci illər Azərbaycan nəsrində insan konsepsiyası və ədəbi tənqid”, “Müasir dramaturji mühitin janr tələbləri. Tragikomediya” mövzusunda məruzələri dinlənilib. Konfrans işini “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrinin keçmişi və bu günü”, “Müasir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemi” bölmələri üzrə davam etdirib.
Nigar
Palitra.-2015.-5 iyun.-S.7.