Milli rəqslərimizin təbliğata
ehtiyacı var
“Köçəri”ni
özününküləşdirməyə
çalışan ermənilərin
bu cəhdlərinin
qarşısını almağın yolu
təbliğatdan keçir
Azərbaycan rəqs sənətinin tarixi zərb musiqi alətlərinin tarixindən xeyli qədim hesab edilir. Belə ki, hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir-birinə vuraraq ahəngdar səs-sədaları altında rəqs ediblər.
Ümumiyyətlə, xalqımız uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaradıblar. Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli bir çox rəqslər olub. Kişi və qadınların tək, qoşa, kütləvi rəqslərini, habelə oynaq mahnı ilə müşayiət olunan rəqsləri göstərmək mümkündür. Həmin rəqslər öz xoreoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq verib. Alimlərin fikrincə, hələ ibtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çalaraq, ya da ağac və daşları bir-birinə vuraraq rəqs ediblər. Bu cəhətdən Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər səciyyəvidir. Buradakı qaya rəsmləri Azərbaycan xalqının zəngin incəsənət irsilə yanaşı, musiqi və rəqs mədəniyyətinin inkişaf tarixini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir.
Qədim və zəngin folklorumuz, şifahi və yazılı ədəbiyyatımız, musiqimiz, qədim xalq mahnılarımız müasir dövrümüzdə daha geniş təbliğata ehtiyacı olan sahələrdir ki, belə bir qeyri-maddi irsə milli rəqslərimiz də aiddir. Milli rəqslərimiz nəsildən-nəslə keçib və inkişaf edib. Bunların bəziləri dini mərasimlərlə bağlı olsa da sonralar yalnız şənlik mərasimlərində nümayiş olunub. Qədim dövrdən başlayaraq bu günümüzə gəlib çatan milli rəqslərimizi böyük sənətkarlarımız öz ifalarında yaşadıblar. Azərbaycanın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Böyükağa Məmmədov və digər sənətkarlarımız öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsləri eyni zamanda inkişaf etdiriblər. Milli rəqslərimizlə bağlı digər maraqlı bir fakt isə odur ki, Azərbaycan rəqslərinin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün olub. Bu kabinet xalq musiqisinin, eləcə də rəqslərin toplanması və nota yazılmasına aid iş planını sözügedən vaxtdan həyata keçirməyə başlayır. İlk toplunun çapı 1937-ci ilə aiddir. “Azərbaycan rəqs havaları” adlanan bu toplu Səid Rüstəmov tərəfindən hazırlanıb və bu məcmuəyə 30 rəqs daxil edilib ki, onlar ən məşhur rəqslərdir. Rəqslər sırasında qadın və kişi rəqsləri yer alıb. “Qazağı”, “Heyvagülü”, “Lalə”, “Qızılgül”, “İnnabı” ilə yanaşı, “Dərbəndi”, “Əsgərani”, “Qars” və digər milli rəqslərimiz də var ki, onlar Azərbaycanın coğrafi adlarını özündə daşıyırlar. Mövzusuna gör də rəqslər 6 yerə bölünür.
Heydər
Əliyev Fondu milli rəqslərimizin
xarici ölkələrdə təbliği
ilə
aktiv məşğul olur
Onu da qeyd edək ki, Azərbaycan milli rəqslərinin xarici ölkələrdə təbliği ilə Heydər Əliyev Fondu da aktiv məşğul olur. Məsələn, Fransanın paytaxtı Parisin “Saint-Sulpice” meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Azərbaycan şəhərciyi”ndə açıq havada Dövlət mahnı və Rəqs Ansamblı möhtəşəm konsert proqramı ilə çıxış edib. Tamaşaçılar Azərbaycan rəqslərini böyük maraq və heyranlıqla seyr ediblər. Ansamblın üzvlərinin ifa etdikləri “Yallı”, “Nəlbəki”, “Qazağı”, “Naz eləmə”, “Qarabağ” və digər milli rəqslərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Milli rəqs tariximizdə əvəzsiz xidmətləri olan sənətkarlarımız dövlət tərəfindən daim qiymətləndirilib. Belə sənətkarlarımızdan biri olan Əminə Dilbazi ulu öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülmüşdü və qeyd edilirdi ki, milli rəqs sənətimizin inkişafında, təbliğində və dünya şöhrəti qazanmasında Əminə xanımın xidmətləri böyükdür.
Bundan başqa, repertuarında milli rəqslərimizə böyük yer verən Roza Cəlilova milli mədəniyyət sahəsindəki uğurlarına görə, Xalq artisti, “Şərəf” ordeni və Prezident təqaüdünə layiq görülüb. Xalq artisti Roza Cəlilova deyir ki, ömrünün 60 ilini sevdiyi sənətə həsr edib: “Sənətdə hər kəs öz ölkəsinin mədəniyyətini, incəsənətini yüksək tutmalıdır. Milli rəqslərimiz yalnız xalqımızın özünə məxsusdur. Milli musiqimizi, adət-ənənələrimizi, folklorumuzu əks etdirən lirik rəqslər dünyada yerini tutmuş ən zəngin rəqslərdir. Mən çox istərdim ki, əvvəlki xalq rəqslərimiz yenidən bərpa olunsun, onları yenidən səhnədə görüm. Peşəkar rəqqas və rəqqasələr yaşlanırlar. Onların çoxu artıq həyatda deyil. Onlar dünyasını dəyişəndən sonra milli rəqs sənətinin aqibəti necə olacaq?”
Əməkdar artist, rəqqasə Aliyə Ramazanova bildirib ki, Azərbaycan milli rəqsləri dünyanın ən gözəl və incə rəqsləridir: “Bizi o vaxt qastrol səfərlərinə göndərirdilər, o ölkələrdə gözəl qarşılayırdılar. İndi hər cür şərait var, rəqs sənəti ilə ciddi məşğul olanlar çox azdır. Bizim vaxtımızda milli rəqslər üstünlük təşkil edirdi. Balet və başqa millətlərin rəqs hərəkətləri milliliyi üstələyib”.
Xalq artisti Afaq Məlikovanın sözlərinə görə, əcnəbilər bizim milli geyimlərdə, milli quruluşda olan rəqslərimizi izləməyi çox sevirlər: “Onlar heyrətə gəlirlər ki, 3 dəqiqə ərzində rəqs edən şəxs milli geyim dəstini necə tam dəyişə bilir və başqa geyimdə səhnəyə çıxır. Bu, məharət tələb edir”.
Xalq artisti Təranə Muradova da bildirir ki, bizim “Naz eləmə”, “Tərəkəmə” və s. çox yaxşı milli rəqslərimiz var: “Bu rəqslərimizi bizim peşəkar rəqqasələrimiz nümayiş etdiriblər. Milli rəqslərimiz toxunulmazdır”.
Bizim “Çobanlar”, “Qaytağı”, “Gəl-gəl” kimi rəqslərə öz möhürünü vuran mahir ifaçımız Kamil Dadaşovun milli rəqs tariximizdə xüsusi yeri var.
“Bu
rəqslərə Azərbaycan damğasını vurmaq və
bizə məxsus
olduğunu bütün
dünyaya göstərmək üçün onu yaşatmaq və təbliğ etmək hər birimizin borcudur”
Onu da qeyd edək ki, milli rəqslərimiz zamanı xüsusi geyimlərdən istifadə edilir. Belə ki, milli rəqslər üçün tikilən kostyumlar bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Milli rəqs kostyumlarını hazırlayan geyim ustası İradə Ağabəyovanın sözlərinə görə, səhnə paltarlarının hamısı əl ilə tikilir. Onların üzərində milli ornamentlər və simvollar nəqş edilir: “ Azərbaycanın hər bir bölgəsinin özünəməxsus ornamenti və mənası var. Ona görə də hər bir konkret rəqsin paltarı üçün fərqli elementlər seçilir”. Bu gün milli rəqslərimizi qorumaq və yaşatmaq mühüm amildir. Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva isə hesab edir ki, rəqs sənəti konkret olaraq azərbaycançılıq məfhumu ilə bağlıdır: “Bunları yaşatmaq və gələcək nəsillərə ötürmək çox əhəmiyyətlidir. Məlumdur ki, düşmənlərimiz olan ermənilər bizə sadəcə torpaq iddiası irəli sürmürlər. Eyni zamanda mədəniyyətimizə, tarixi abidələrimizə, mədəni sərvətimizə əl uzadırlar. Təbii ki, Qafqaz xalqlarının ortaq musiqisi, rəqsləri də olub. Amma bu rəqslərə Azərbaycan damğasını vurmaq və bizə məxsus olduğunu bütün dünya göstərmək üçün onu yaşatmaq və təbliğ etmək hər birimizin borcudur”.
Qeyd edək ki, bugünlərdə
Ermənistanın mədəniyyət naziri
tərəfindən Azərbaycanın qədim milli
rəqslərindən olan “Köçəri”nin
erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil
edilməsi üçün YUNESKO
qarşısında məsələ qaldırılması ilə
bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyi məlumat
yaymışdı. Burada qeyd
edilirdi ki, Azərbaycan
xalqına məxsus olan musiqi
əsərləri, folklor nümunələri
və digər qeyri-maddi mədəni irs nümunələri uzun
illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir
və erməni nümunələri kimi təqdim
olunur. Buna misal olaraq,
ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən
sünbül” və onlarca
digər xalq mahnılarını,
“Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”,
“Mirzəyi” rəqslərini, qədim musiqi
alətlərimizi (tar, balaban,
zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından
Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət
Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın
mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər
göstərirlər. Azərbaycanın qədim milli rəqslərindən olan
“Köçəri”nin ermənilər tərəfindən
özününküləşdirilməsi onların ilk cəhdi deyil. Belə cəhdlərdən
biri kimi
"Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal
göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan
təmsilçisi erməni nümunəsi kimi
təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Azərbaycan Respublikası Müəllif
Hüquqları Agentliyi dərhal
araşdırmalara başlayıb, “Köçəri” rəqsinin
Azərbaycan xalqına məxsus olması barədə agentlik tərəfindən geniş, tarixi əsaslara
söykənən və “Köçəri” sözünün
etimologiyasını açıqlayan arayış
hazırlanıb KİV-də yayılmış və bu barədə Ümumdünya
Əqli Mülkiyyət Təşkilatına məktub göndərilmişdi.
Bildirilib
ki, “Köçəri” rəqsi Azərbaycanda
çox məşhur olan
qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən
qədim tarixi daş
abidələrindən sayılan və eramızdan əvvəl
12-8-ci minillikləri əhatə edən Mezolit
dövrünə aid Qobustan
qayalarının üzərində də “Yallı” rəqsinin
təsvirləri verilib. Rəqs edənlər
bir-biri ilə əl-ələ tutaraq dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban
və nağaranın müşayiəti ilə ifa olunur, cəngavərliyi,
çevikliyi və cəsarəti ifadə
edir. Beləliklə, “Köçəri”
rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları
yoxdur. Sadəcə olaraq
ermənilər Azərbaycan musiqisindən həmişə bəhrələniblər
və indi də belədir. Beləliklə,
milli dəyərimiz olan
milli rəqslərimizin qoruyub
yaşatmaq üçün
onları unutmamalıyıq.
Nigar Abdullayeva
Palitra.-2015.-11 iyun.-S.12.