“İndiki bəstəkarlar
klassik musiqi
janrına, vokal musiqisinə müraciət
etmirlər”
Müsahibimiz Respublika
İncəsənət Gimnaziyasının Musiqi
şöbəsinin vokal müəllimi Emma Zeynalovadır:
- Emma
xanım, tədrisimizdə vokal sənətinin
inkişafı haqqında nə düşünürsünüz?
- Bizim məktəb 11 illlik orta ixtisas
musiqi məktəbidir.
Bizim məktəb incəsənət
məktəbi olduğu
üçün nəinki
vokal, həmçinin
musiqinin bütün istiqamətləri tədris
edilir. Vokal sənətindən söhbət açırıqsa,
biz müəllim olaraq,
şagirdin ilk növbədə
səsinin inkişafına
diqqət edirik. Səsə uyğun əsərlər
seçirik və tədris proqramına əsasən, ildə iki dəfə əsərləri dəyişirik.
Vokal sənətinin
inkişafı üçün
bir çox müsabiqə və festivallar təşkil olunur. Bununla yanaşı, gimnaziyamızda
ənənəvi olaraq,
incəsənət xadimlərinin,
bəstəkarların, şairlərin
yaradıcılıq gecələri
keçirilir. Tədbirlərdə istedadlı uşaqlarımızın
çıxışları olur. Burada təkcə vokal
sənəti göstərilmir.
Həmçinin ifaçılıq, rəqs və başqa istiqamətlər
də nümayiş etdirilir. Əlbəttə
ki, yaradıcılıq
gecələri təşkil
olunduğu zaman sənətkarın nəinki
yaradıcılığı ilə tanış
oluruq, həmçinin
istedadlı uşaqlarımızın
qabiliyyət və bacarığından da agah oluruq.
-Vokal sənəti üzrə xaricdə təhsil alan gənclərimizin
sənətə addımlarını
bir müəllim kimi necə qiymətləndirirsiniz?
- Xaricdə təhsil almaq əlbəttə ki, gözəl addımdır. Bu yöndə gənclərimiz
gözəl addımlar
atırlar. Çox sevinirəm
ki, 2014-cü ildə şagirdim Əli Əliyev Sank-Peterburq Konservatoriyasının Vokal
fakültəsinə qəbul
olub. Hal-hazırda da onun tədris prosesini yaxından izləyirəm. İnternet vasitəsilə
əlaqə saxlayıram.
Sankt-Peterburq şəhərində
çıxış etdiyi
konsert proqramlarından
videokadrlar göndərir.
Əli, həmçinin mənə
bir qəzet göndərdi. Qəzetdə
onun haqqında yazılıb: “Gənc Müslüm Maqomayev Əli Əliyev öz səsi ilə hər kəsi heyran etdi”. Bu sözləri
oxumaq belə mənim üçün qürurvericidir.
-Bəstəkarların
vokal sənətinə
diqqətini necə dəyərləndirirsiniz? Bəstəkarın yaradıcılığında vokal musiqisi yer alırmı?
- Mən deməzdim ki, bu gün
yeni vokal musiqiləri bəstələnir.
Biz əsasən I-V sinif
proqramına Ağabacı
Rzayevanın, Oqtay Zülfüqarovun, Hökümə
Nəcəfovanın, Əfsər
Cavanşirovun və bir çox bəstəkarların əsərlərini
daxil edirik. Yuxarı sinif proqramına isə dünya və Azərbaycan klassiklərinin əsərləri
daxildir. Məsələn,
dünya klassiklərindən
Bethovenin, Şubertin, Çaykovskinin, Bramsın
və digərlərinin,
Azərbaycan klassiklərindən
isə Üzeyir Hacıbəyovun, Müslüm
Maqomayevin, Tofiq Quliyevin və başqa bəstəkarlarımızın
vokal əsərləri
tədris proqramında
yer alır. Ancaq təəssüflər olsun
ki, bu günün
bəstəkarları klassik
musiqi janrına, vokal musiqisinə müraciət etmirlər.
-Gənclərimizin
vokal sənətinə
münasibətini necə
görürsünüz?
- Bu suala cavab vermək
mənim üçün
bir az
çətindir. Düzü, bu
hal, bu vəziyyət
məni çox narahat edir. Gənclərimizin əksəriyyəti
estrada musiqisinə,
müasir musiqilərə
meyil edirlər. Klassik musiqiyə, vokal musiqisinə maraq çox azdır. Məsələn, elə şagirdlərimiz
var ki, ona
dəfələrlə deyirik
ki, sənin gözəl səsin var, sənədlərini Bakı Musiqi Akademiyasına ver. Lakin bu fikrə biganə
yanaşırlar. Bu da yəqin, indiki zamanla əlaqədardır.
- Pedaqoq olaraq, gənclərin təfəkkürü, müasir
həyatla ayaqlaşmaları
haqqında hansı fikirdəsiniz?
- İndiki dövrdə gənclərin tək fikri ali
məktəbə qəbul
olmaqdır. Daha sonra maddi cəhəti düşünürlər.
El şənliklərində
oxumaq və maddi cəhəti təmin etmək. Bu, əlbəttə, vacibdir. Ancaq təhsili daha
da genişləndirmək,
dünya universitetlərində
təhsil almaq daha vacibdir. Lakin əvvəlki dövrlərə
nəzər salsaq, gənclər ilk növbədə
təhsillərini düşünürdülər.
Konservatoriyanı bitirən tələbə
İtaliya, Fransa və dünyanın bir çox ölkələrində təhsil
almağı qarşına
məqsəd qoyurdu.
Çox
təəssüf ki, bu istək və
arzuları bu günün gəncliyində
görmürəm.
Qeyd edim ki, mənim dərs dediyim şagirdlərin hamısı
ixtisası üzrə
təhsillərini davam
etdiriblər. Bu baxımdan
da çox xoşbəxt müəlliməyəm.
-Sənət yolunda arzularınız...
- Arzum odur ki,
dərs dediyim şagirdlərimin hamısı
ali məktəblərə
qəbul olsunlar. Tanınmış ifaçı olsunlar
və mən də onlara baxıb, fəxr edim.
Xəyalə
GÜNƏŞ
Palitra.-2015.-11 iyun.-S.15.