“Gənclərə lazımi fənni tədris
etdiyimiz zaman onlar öz elmi
potensiallarını ortaya qoya
bilirlər”
Qurban Kərimbəyli: “İlk
Avropa Oyunlarının təşkili gənclərin
iştirakı olmadan mümkün
deyil”
Gənclərin təhsilə
maraqlı olması onların perspektiv həyatında
əhəmiyyətli rol oynayır.
Yalnız güclü təhsil görmüş gənclər karyera
yolunda sürətli inkişafa
nail olurlar. Elə müsahibimiz Qurban Kərimbəyli
də belə gənclərimizdən biridir.
Qurban Kərimbəyli hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində
Əməliyyatlar üzrə baş direktorun icraçı köməkçisi vəzifəsində
çalışır.
- Öncə özünüz haqda məlumat vermənizi istərdik...
-Mən Bakı Dövlət Universitetində təhsil alaraq tarix və hüquq üzrə bakalavr və magistr dərəcəsi almışam. Eyni zamanda 2012-2014-cü illərdə Edmund Muskie təqaüd proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında Nyu-Mexiko Dövlət Universitetində İctimai İdarəçilik ixtisası üzrə magistr dərəcəsi almışam. Artıq 10 ildən çoxdur ki, ictimai sektorda peşəkar olaraq fəaliyyət göstərirəm. Belə ki, Gənclər və İdman Nazirliyində baş məsləhətçi, Avrasiya Fondunda, “Save the Children” (Uşaqların Xilası) beynəlxalq təşkilatında, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında proqram meneceri və layihə koordinatoru kimi vəzifələrdə çalışmışam. Eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetində “İşgüzar yazışmalar” fənnini tədris etmişəm. Peşəkar və akademik təcrübəm mənə ictimai xidmətlərin göstərilməsi, elmi-sosioloji və iqtisadi araşdırmaların aparılması, sosial yönümlü proqramların hazırlanması, idarə edilməsi, monitorinq və qiymətləndirməsinin aparılması kimi sahələrdə geniş təcrübə və bilik qazandırıb.
- Dövlət tərəfindən
təhsil sahəsində görülən işlər öz effektini verirmi?
-Bu gün Azərbaycanda dövlət tərəfindən və xüsusilə də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilin daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər və mühüm dövlət proqramları icra olunur. Təhsil Nazirliyi tərəfindən xaricdə təhsil almış və geniş təcrübəyə malik olan gənclər dövlət tərəfindən aparılan işlərin və proqramların icra olunmasına geniş cəlb olunurlar. Bildiyiniz kimi, təhsil sahəsində görülən işlər daim uzunmüddətli nəticələr və təsirlər verməsi üçün hesablanıb. Düşünürəm ki, artıq son dövrdə təhsildə olan bu yenilikləri və effektləri biz cəmiyyətdə hiss etməyə başlamışıq.
Şəxsən mənim üçün təhsil həyati əhəmiyyət kəsb edir və təhsil hər bir cəmiyyətin fundamental əsaslarını təşkil edir. Qeyd etməliyəm ki, özüm də uzun illərdir, gənclərin peşəkar və həyat bacarıqlarının artırılması ilə bağlı qeyri-formal təhsil proqramlarının, müxtəlif təlim və tədris layihələrinin birbaşa icra olunmasında iştirak etmişəm. Bu baxımdan, ABŞ-da magistratura təhsilimi başa vurduqdan sonra məhz mən bunu gənclər və tələbələrlə yenidən bölüşmək istədim. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universitetində “İşgüzar yazışmalar” fənnini tədris etmişəm. Azərbaycan Turizm və Menecment Universiteti istər öz yenilikçi kollektivi, istərsə də gənc mütəxəssislərə olan yanaşması ilə mənim diqqətimi cəlb etdi və məhz mən həmin universitetdə tələbələrə dərs vermək istədim. Tədris etdiyim “İşgüzar yazışmalar” fənni tam yeni bir fəndir, onun əsas məqsədi tələbələrin effektiv işgüzar yazışmalar və danışıqlar aparmaq qabiliyyətini artırmaq və onları ən müasir rəsmi və qeyri-rəsmi ünsiyyətin qurulması sahəsində tələb olunan bilik və bacarıqlar ilə təmin etməkdir. Həmçinin, bu fənn tələbələrin oxucuya öz fikirlərini aydın bir şəkildə çatdırmağın müasir yolları, tələb olunan bilik və bacarıqlar haqqında elmi və praktiki məlumatlar verir. Düşünürəm ki, bu gün biz təhsildə siz dediyiniz kimi, konkret nəticələri görmək istəyiriksə, belə yeni, bazarın hal-hazırkı iqtisadi-sosial tələblərinə cavab verən yeni müasir fənləri tələbələrə tədris etməliyik.
-Bir
gənc olaraq Bakı Avropa
Oyunları Əməliyyat Komitəsində
çalışmaqdan nə dərəcədə zövq alırsız?
-Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm irimiqyaslı beynəlxalq layihələr və dövlət proqramları icra olunur. Bu gün Azərbaycan sürətlə Avropanın iqtisadiyyat, turizm, mədəniyyət və idman mərkəzinə çevrilir. Avropa Oyunlarının təşkil olunması Avropa Milli Olimpiya Komitələrinin Ümumi Yığıncağının 2012-ci ilin dekabr ayının 8-də İtaliyanın Roma şəhərində verilən qərar nəticəsində yaradılıb və həmin yığıncaqda Oyunların keçirilməsi hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilib.
Sevindirici haldır ki, Azərbaycan dövləti tərəfindən Avropa Oyunlarının layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai sahədə fəaliyyət göstərən insanlar cəmləşib. Qeyd olunmalıdır ki, ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi tərəfindən daimi olaraq uğurlu işlər aparılır.
Fəxr edirəm ki, mən ilk Avropa Oyunlarını təşkil edən komandanın bir üzvüyəm. Bu çoxnövlü idman Oyunları hər 4 ildən bir keçirilərək Avropanın Milli Olimpiya Komitələrinin ən güclü idmançılarını bir araya gətirəcək. Xususilə qeyd olunmalıdır ki, çox qısa müddət ərzində Bakıda mövcud olan idman obyektləri yenidən qurulub, dünya standartlarına cavab verən ən müasir idman obyektləri tikilib və ictimai xidmət sahəsində ən müasir xidmətlər yaradılıb. Artıq Bakı bu il iyun ayının 12-28-də keçiriləcək 50 Avropa ölkəsindən gələcək 6000 idmançının iştirak edəcəyi bu tarixi və mötəbər yarışların ən yüksək səviyyədə keçirilməsi üçün hazırdır.
-İlk
Avropa Oyunlarının gənclərin
düşüncəsinə nə kimi təsiri
var?
-İlk Avropa Oyunları gənclərin düşüncəsinə hərtərəfli müsbət təsir göstərir. Birinci Avropa Oyunlarının təşkilinə qoşulan gənclər ilk gündən etibarən “Bakı-2015”-in dəyərlərinin təmsilçisinə çevrilirlər. Həmin altı dəyər gördüyümüz bütün fəaliyyətin mərkəzində dayanır və Əməliyyat Komitəsində çalışan gənclər bu dəyərləri həm iş mühitində, həm də öz şəxsi fəaliyyətlərində tətbiq edirlər. Avropa Oyunlarının Vahidlik, Mükəmməllik, Yenilik və Müsbət təsir kimi dəyərləri gənclərin həyatının və düşüncəsinin bir hissəsinə çevrilir.
Bu dəyərlər gənclərin yeni iş metodlarını öyrənmək, problemlərlə üzləşəndə onun birgə həlli yolunu tapmaq, yeni ideyaları qiymətləndirmək və başqaları ilə bu ideyanı paylaşmaq, cəmiyyət arasında idmana rəğbəti artırmaq, hər gün gördüyün işin zirvəsində olmaq məqsədilə öz həmyaşıdları və iş yoldaşları ilə əməkdaşlıq etmək istiqamətlərində gənclərin düşüncələrini formalaşdırır. Eyni zamanda gənclərin beynəlxalq mühitdə çalışması gənclərin beynəlxalq təcrübəni öyrənməsi və bilik mübadiləsinə geniş şəkildə cəlb olunmasına imkan yaradır. Belə ki, bu gün Əməliyyat Komitəsində gənc peşəkarlar 480-dən çox idman üzrə beynəlxalq mütəxəssislər ilə çalışırlar və həmin beynəlxalq mütəxəssislər arasında onların həmyaşıdları heç də az deyil.
-Gənclər bu Oyunların təbliği işində
lazımi aktivlik göstərirlərmi?
-Əlbəttə, xüsusi ilə qeyd olunmalıdır ki, ilk Avropa Oyunlarının təşkili gənclərin iştirakı olmadan mümkün deyil. Bu gün Azərbaycan dövlətində və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsində ilk Avropa Oyunlarının təşkil olunmasında gənclərin fəal iştirak etməsi üçün bütün lazımi şərait və imkanlar yaradılıb. Belə ki, istər yarışın iştirakçıları olan peşəkar idmançılar, istər Avropa Oyunlarının təşkil olunmasında böyük əzmkarlıq və maraq göstərən könüllülər, istərsə də Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının böyük əksəriyyəti gənclərdən ibarətdir. Bu gün ilk Avropa Oyunlarına 12 mindən çox könüllü cəlb olunub, Əməliyyat Komitəsində çalışan 2500-dən çox əməkdaşın əksəriyyətini gənclər təşkil edir. İlk Avropa Oyunlarında könüllülər “Alovqoruyanlar” adlandırılır və onlar bu çoxnövlü idman oyunlarında öz vəzifə və missiyalarını gözəl başa düşürlər. Anlayırlar ki, onlara miras qalan bu Oyunların dəyərləri və idman yarışlarının alovu gələcək nəsillərə çatdırılacaq.
-Gənclər öz elmi potensiallarını
tam ortaya qoya bilirlərmi?
-Düşünürəm ki,
gənclərə imkanlar
yaradıldığı zaman
və onlara ən müasir metodologiya ilə lazımi fənni tədris etdiyimiz zaman onlar öz
elmi potensiallarını
ortaya qoya bilirlər. Qeyd olunmalıdır ki, təhsil və tədris kompleks bir vasitədir,
bu, ömür boyu davam edən
öyrənim və öyrətim fəaliyyətdir.
Təhsilə yanaşma kompleks
olmalı, bütün
maraqlı tərəflər
təhsilin tədrisində
fəal iştiraka cəlb edilməlidir.
Bu zaman gənclər
də öz elmi potensialini ortaya qoya bilirlər.
Bu gün dövlət
tərəfindən xaricdə
təhsillə bağlı
uğurlu proqram icra olunur və
həmin gənclər
öz elmi potensialını ortaya qoyaraq müasir təhsil alıb, öz ölkələrinin
inkişaına xidmət
edirlər. Məsələn,
təkcə bu gün Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsində
yüzlərlə xaricdə
təhsil almış
potensiallı gənclər
çalışırlar və
onlar aldıqları elmi bilikləri real iş həyatına tətbiq edirlər.
Fuad Hüseynzadə
Palitra.-2015.-11 iyun.-S.11.