Uşaqlarda olan xüsusi istedad erkən yaşda aşkarlanmalıdır

 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda keçirilən növbəti pedaqoji innovasiyalar seminarında müzakirə mövzusu “İstedadlı uşaqlarla işin istiqamətləri” olub

 

Layihə çərçivəsində təqdim etdiyimiz yazıda istedadlı uşaqlarla məsələsinə toxunacağıq. Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" xüsusi əhəmiyyətə malik tarixi bir sənəddir.

Bu proqram ümumtəhsil məktəblərimizdəki istedad və qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, şəxsiyyət kimi formalaşmalarına, düzgün peşə seçmələrinə şərait yaradır.

Prezidentin fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələyə xüsusi önəm verilmişdir. Konsepsiyada qeyd edilmişdir ki, 2013-2020-ci illərdə ölkədə dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatının yaxşılaşdırılması ilə yanaşı, müxtəlif mülkiyyət formasına (bələdiyyə, icma, özəl, ailə bağçaları) aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək. Adı çəkilən sənəddə təhsil proqramları və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsi, şagirdlərin idrak fəallığını ləngidən “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin gerçəkləşdirilməsi məqsədilə sistemli tədbirlər görülməsi də nəzərdə tutulub. Eyni zamanda, konsepsiyada tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunması, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılması da öz aydın ifadəsini tapıb. Şagirdlərin uğurlarının obyektiv qiymətləndirilməsinə imkan verən sistemin formalaşdırılması üçün məktəbdaxili qiymətləndirmə sahəsində aparılan islahat tədbirlərinin davam etdirilməsi də şübhəsiz ki, istedadlı uşaqların üzə çıxarılmasına, inkişafına, gələcəkdə mühüm uğurlar qazanmalarına müsbət təsir göstərəcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda isə bildirilir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Təhsilin əsas məqsədlərindən biri istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının inkişaf etdirilməsi və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir. Qeyd etmək lazımdır ki, cəmiyyət müasir problemlərin həllini məhz bu uşaqlardan gözləyir. Bu səbəbdən də belə uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişaflarının təmin edilməsi təlimin prioritet məqsədlərindəndir. İstedadın sistemləşmiş keyfiyyətlər kimi başa düşülməsi istedadlı uşaqların şəxsiyyət keyfiyyətlərinin inkişafını təlim-tərbiyənin əsas məqsədi kimi nəzərdə tutur. Xüsusi daxili motivasiya istedadın sistemləşmə tərkiblərindən biri olduğundan, onun dəstəklənməsi və inkişaf etdirilməsi şəxsiyyətin inkişafının mərkəzi problemlərindən biridir. Müəllimin istedadlı uşaqlarla işi mürəkkəb və heç vaxt bitməyən prosesdir. Bu müəllimdən şəxsiyyət kimi yüksəlməyi, istedadların psixoloji durumu və təlimi sahəsində daim yeniləşən biliklər əldə etməyi, psixoloqlarla, digər müəllimlərlə, inzibati işçilərlə, valideynlərlə əməkdaşlığı nəzərdə tutur. O, müəllim peşəkarlığının daima yüksəlməsini, çevikliyi, bu gün hələ yaradıcı tapıntı və güclü tərəfi bildiyindən imtinaetmə bacarığını tələb edir. Hər bir uşaq məktəbdə elə təhsil almalıdır ki, onun üçün mümkün olan maksimal inkişaf səviyyəsinə çata bilsin. Elə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda keçirilən növbəti pedaqoji innovasiyalar seminarında müzakirə mövzusu “İstedadlı uşaqlarla işin istiqamətləri” olub. Tədbiri institutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açbı. O, çıxışında hər bir cəmiyyətin istedadlıları onun milli sərvəti, inkişafının strateji ehtiyatlarıdır deyərək İstedadlı uşaqlarla işin istiqamətlərinə dair Azərbaycanda görülən işləri qeyd edib. Bildirib ki, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” mühüm bir addım olubonun icrası ilə bağlı Təhsil Nazirliyi və digər qurumlar tərəfindən zəruri başlanğıcların təməli qoyulub. Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə institutda qarşıda duran mühüm və məsuliyyətli vəzifələr barədə geniş məlumat verib. “Dövlət Proqramı tərəfindən əsası qoyulmuş mütərəqqi başlanğıcların mütəşəkkil, səmərəli və elmi əsaslarla inkişaf etdirilməsi üçün elmi və tətbiqi tədqiqatlar davam etdirilməli, təcrübə meydançaları yaradılmalı, bu işdə beynəlxalq təşkilatlar və milli qurumlarla əməkdaşlıq intensivləşdirilməlidir”- deyə Qulu Novruzov çıxışında qeyd edib. İştirakçılara xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə görəcəyi işlərdə uğurlar diləyib. Seminar-məşğələ formatında keçirilən tədbir ARTPİ-nin İstedadlı uşaqlarla şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elxan Bəylərov tərəfindən aparılıb. Elxan Bəylərov öncə ARTPİ-nin inklüziv təhsil şöbəsinin böyük elmi işçisi Fərid Süleymanovla birlikdə institut və UYCEP arasındakı əməkdaşlıq çərçivəsində Türkiyənin Antalya şəhərində baş tutmuş seminar-konfransda iştirak barədə məlumat verib.

Türkiyənin Beynəlxalq Xüsusi İstedada Malik Uşaqların Təhsili Proqramları (Uluslararası Üstün Yetenekli Çocukların Eğitimi Proqramları (UYCEP)) təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Üstün Zekalı ve Yetenekli Çocukların Eğitiminde Farklılık Zirvesi” seminar-konfransında iştirak edən əməkdaşlar ARTPİ-də səfərləri barədə geniş hesabat məruzə ilə çıxış ediblər. “İstedadlı uşaqlarla işin istiqamətləri” mövzusunda keçirilən seminar məşğələdə E.Bəylərov beynəlxalq təcrübələrdən danışaraq istedadlı uşaqlarla işin təşkilində xaricdə mövcud olan təhsil mərkəzləri və məktəbləri barədə məlumat verib. O, həmçinin istedadlı uşaqların təhsilinin psixolojipedaqoji problemlərindən də danışıb.

Məlumat üçün bildirib ki, UYCEP xüsusi istedada malik uşaqların (XİMU) təhsili ilə məşğul olan məktəblər, universitetlər, QHT-lər ilə birgə əməkdaşlıq çərçivəsində müəyyən dərnəklərdə təlimlər təşkil edir. Bu təşkilatın əsas məqsədi uşaqlarda olan xüsusi istedadı erkən yaşdan aşkarlayaraq onların sosial, əqli və akademik ehtiyaclarını qarşılamaqdır. Uşaqların istedad potensialını aşkarlayıb onları cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişdirmək məqsədi ilə bu təşkilat müxtəlif proqramları icra edir. Bu proqramlar çərçivəsində ibtidaiorta təhsil alan uşaqların maraq və istedadına uyğun differensiallaşdırılmış təlimdən istifadə edərək təlim verilir.

Təqdimatdan sonra seminar-təlim iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparıblar. Mövcud təhsil müəssisələrində xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə gələcəkdə aparılacaq tədbirlər və görüləcək işlər haqqında rəy və təkliflərini bildirdilər. "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Proqram (2006-2010-cu illər)" çərçivəsində pilot məktəb kimi seçilmiş Lənkəran şəhər 6 saylı tam orta məktəb-liseyin direktoru Akif Xalıqov bu sahədə gördüyü işlər barədə iştirakçalara məlumat verib. ARTPİ-də keçirilmiş seminar-treninqdə institutun direktor müavinləri, elmi məsləhətçiləri, institutun əməkdaşları, ümumtəhsil məktəblərinin müəllimləri, istedadlı şagird və valideynlər iştirak ediblər.

 

Anar Miriyev

Palitra.-2015.-12 iyun.-S.11.