Təhsil və elm
adamlarının formalaşması
Layihə çərçivəsində
elmi kadrların yetişdirilməsində
təhsilin rolu mövzusuna
toxunmağı lazım bildik. Bu barədə tədqiqat aparmış Azərbaycan
Fəlsəfə və Sosial-Siyasi Elmlər
Assosiasiyasının İdarə Heyətinin sədri, professor, AMEA müxbir üzvü Səlahəddin Xəlilovun fikirlərini
bilmək maraqlıdır.
S.Xəlilov hesab edir ki, Azərbaycan elminin perspektivləri müasir gəncliyin elmi-tədqiqat işinə necə cəlb olunmasından, onlar üçün müvafiq elmi mühit yaradılmasından asılıdır. Üstün elmi-tədqiqat istiqamətlərinin düzgün seçilməsi, tələbə, doktorant və gənc alimlərin intellektual potensialının ölkəmiz üçün gərəkli olan problemlərə yönəldilməsi elm təşkilatçılarının, elmi-tədqiqat institutları və ali məktəb rəhbərlərinin başlıca vəzifələrindən biridir: “Yaxın keçmişdə kommunist ideologiyası cəmiyyətşünaslıq sahəsindəki tədqiqatları məhdudlaşdırdığından, cəmiyyətin obyektiv tədqiqinə yol verilmədiyindən bütün intellektual potensial əsasən təbiət elmləri və riyaziyyata yönəldilirdi. Ona görə də, cəmiyyətin, iqtisadiyyatın, təsərrüfatın elmi əsaslarla idarə olunması, menecmentin, tətbiqi sosiologiyanın bir elm kimi təşəkkül tapması ancaq kapitalist ölkələrinə xas bir hadisə idi. İndi ictimai elmlərin həqiqi bir elm kimi inkişafı üçün meydan açılıb. Həm də milli dövlət quruculuğu bu sahədəki tədqiqatların aktuallığını daha da artırır və intellektual potensialın daha çox bu sahəyə yönəldilməsini tələb edir. Bu gün cəmiyyətin öyrənilməsi sahəsində respublika alimlərinin tutduğu passiv mövqe, ictimai həyatdakı mənəvi durğunluğun elmə nüfuz etməsi alimlərin mütəşəkkil və məqsədyönlü fəaliyyətini çətinləşdirir. Elm hələ heç cür öz nüfuzunu yüksəltmək və ictimai həyata fəal müdaxilə etmək mövqeyini tuta bilmir. Halbuki belə bir şəraitdə respublikamızın cəmiyyətşünas alimləri təşəbbüsü öz üzərinə götürməli, qarşıda duran çətin vəzifənin yerinə yetirilməsində öz sözünü deməlidirlər”.
Respublikamızın sosial-iqtisadi və mənəvi həyatında uzun illərdən bəri yığılıb qalmış ciddi problemlərin sistemli şəkildə öyrənilməsi, keçid dövrünün xüsusiyyətlərinin aşkar edilməsi, bu sahədə kompleks tədqiqatlar aparılması bütün cəmiyyətşünas alimlərin: filosofların, sosioloqların, iqtisadçıların, tarixçilərin və başqalarının qarşılıqlı əməkdaşlığını və birgə fəaliyyətini tələb edir: “Bizim hamımızın bir ümumi tədqiqat obyektimiz var. Bu da ümumdünya kontekstində götürülmüş Azərbaycandır; onun tarixi, mədəniyyəti, dili, habelə sosial, iqtisadi, siyasi, ekoloji, demoqrafik problemləridir. Bu problemlərin müxtəlif müstəvilərdə, rakurslarda tədqiqi ilə məşğul olan alimlərimiz bir-birindən ayrı düşüb, bir-birini dinləmək, fikir mübadiləsi aparmaq imkanından məhrum olublar. Hərə öz şöbəsindən, kafedrasından, ən yaxşı halda isə öz institutundan kənarda fəaliyyət göstərən tədqiqatçılardan xəbərsizdir. Alim ziyalılarımız arasındakı pərakəndəlik, akademiyada, ali məktəblərdə və digər elmi müəssisələrdə çalışan alimlərin tədqiqatlarının əlaqələndirilməməsi, vahid elmi cəbhə yaradılmaması, elm adamlarının passiv həyat mövqeyi gənc alimlərin formalaşmasına pis təsir göstərir. Müasir dövrdə cəmiyyətşünaslığın əsas məqsədlərindən biri ictimai problemlərin öyrənilməsi sahəsində səyləri birləşdirməklə yanaşı, gənclərin intellektual tərbiyəsi üçün də şərait yaratmaq, onların müstəqil düşüncə və diskussiya mədəniyyətinə yiyələnməsinə nail olmaqdan ibarətdir”.
Alim qeyd edir ki, müstəqil Azərbaycanın hərtərəfli surətdə öyrənilməsi, kompleks tədqiqat proqramları yaradılması və bu işə gənc alimlərin cəlb edilməsi, istedadlı gənclərin intellektindən səmərəli istifadə olunması günün aktual problemlərindəndir: “Biz yolun hələ lap başlanğıcındayıq. Məqsəd ictimai həyatımızın aktual problemlərinin tədqiqi sahəsində fayda verə biləcək hər bir adamı, ixtisasından asılı olmayaraq, bu ümumxalq işinə cəlb etməkdir.
Bu gün xalqımızı, cəmiyyətimizi, respublikamızı narahat edən başlıca məsələləri elm süzgəcindən keçirmək, konkret praktik tövsiyələr hazırlamaq tələb olunur. Bu iş yalnız gəncliklə bağlı olmayıb, ümumxalq işidir. Əgər gənc nəsil belə çətin və mürəkkəb bir vəzifəni öz öhdəsinə götürürsə, deməli təkcə öz gənclik enerjisinə deyil, həm də dövlətin, bütün ziyalı ictimaiyyətinin köməkliyinə ümid bəsləyir.
Əslində buradakı «gənc» anlayışı tamamilə şərtidir. Gənc alim dedikdə biz elmi axtarış sahəsindəki gənclik təravətini hələ də itirməmiş, yaradıcılıq ehtirası hələ sönməmiş elm entuziastlarını nəzərdə tuturuq. Burada «gənclik» elmdə təcrübəsizlik kimi deyil, əksinə, elmi eqoizm ve konservatizm sahəsində «təcrübəsizlik» kimi başa düşülür. Yaşın kiçikliyi deyil, intellektual potensialın, həvəsin və enerjinin böyüklüyü əsas götürülür. Gənc alim formalizm və bürokratiya xəstəliyinə tutulmamış, yaradıcı potensialını hələ itirməmiş alimdir.
Qarşıda duran vəzifələr o qədər böyükdür ki, o qədər problemlər yığılıb qalıb ki, onları nisbətən qısa müddətdə həll etmək tükənməz enerji və fantaziya tələb edir. Burada soyuq ağılın, «normal» elmi tədqiqatın on ilə gördüyü işi yanar zəka bir ilə görməlidir. Burada daha kiçik müddət, daha böyük sürət mümkün deyil. Çünki elm poeziya deyil. Elmdə tək ilham, tək entuziazm heç nə edə bilməz. Burada təmkin, səbat ehtirasla, ilhamla birləşməlidir. İmpulsiv düşüncə, fəhm qığılcımları soyuq ağılın sərt skeptisizm sınağından keçməli və əksinə, səbirlə, inadla, damla-damla yığılan qalaq-qalaq elmi material assosiativ təfəkkürün, zəka şöləsinin işığında saf-çürük edilməli, yüksək nəzəri hazırlığı olan alimlərin köməyi ilə elmi konsepsiya səviyyəsinə qaldırılmalıdır”.
Tədqiqatçılar gənc, problemlər isə
qocadır: “İlk baxışda təzadlı
görünsə də, burada müəyyən
qanunauyğunluq var. Məsələ burasındadır ki,
o problemlər yığılıb
qalır ki, onlar elmin hər hansı sahəsində nüfuz sahibi olan adamlar tərəfindən
həll oluna bilmir, hakim təfəkkür tərzinin «normativ»lərindən
kənarda çıxır. Yaşlı nəsil həmin
təfəkkür tərzinə möhkəm surətdə
bağlı olduğundan yeni
həll yolu, yeni
baxış tələb edən belə problemlər
qarşısında aciz qalır. Gənc
tədqiqatçılar isə hakim təfəkkür
üslubuna, normal elmin ehkamlarına çox
da möhkəm
bağlanmadığına görə problemə bəzən
gözlənilməz mövqedən yanaşır, yeni metodlardan istifadə edir. Burada gəncliyə daha çox xas olan assosiativ
təfəkkür də öz müsbət
sözünü deyir.
Elm tarixindən buna çox misallar göstərmək
olar. Məsələn, XX əsrin
əvvəllərində bir sıra fiziki hadisələr Nyuton
mexanikası çərçivəsində izah
edilə bilməyəndə, dövrün
bütün görkəmli alimlərinin həll
edə bilmədiyi məsələni 25 yaşlı A.Eynşteyn həll elədi. Bir qədər sonra,
mikrohadisələr üçün klassik mexanika özünü doğrultmayanda
yeni kvant
mexanikasının əsas qanununu 26
yaşlı V.Heyzenberq kəşf elədi.
Şellinq ilk fəlsəfi
əsərini yazanda 20 yaşı var idi. Biz
siyahını davam etdirmək istəmirik.
Məqsədimiz budur ki,
xalqımızın taleyi ilə
bağlı olan ciddi
cəmiyyətşünaslıq problemlərinin həllinə
məhz gənc alimlərin təşəbbüs göstərməsi
heç kəsdə inamsızlıq
doğurmasın. Belə bir cəhət də
nəzərə alınmalıdır ki,
nəinki problemlər, elmin özü də getdikcə qocalır. Görkəmli
fizik Maks Delbryukun dediyi kimi, elm qocalır, cəmiyyət
isə cavan qalır. Elmin
nailiyyətləri üst-üstə toplanır, elmi informasiya
çoxalır, nəhəng elm
ağacı bar gətirdikcə
başı aşağı əyilir. Cəmiyyət isə
getdikcə yeniləşir, nəsillər bir-birini
əvəz edir. Hər yeni
alim nəsli qarşısında daha mürəkkəb, daha
ciddi problemlər durur.
Belə bir şəraitdə gərək
yeni nəslin tədqiqat imkanları da daim artsın”. Bəs, bu imkanları necə artırmaq olar? Bəlkə yeni nəslin
elmi tədqiqat imkanları genetik
yolla artır? Xeyr. Alim qeyd edir:
“Müşahidələr göstərir ki,
insanın intellektual imkanı çox ləng inkişaf
edir. Məsələn, yeni
erada bu sahədə nəzərəçarpacaq
təkamül hiss olunmur.
Qalileyin Aristotelə və ya
Eynşteynin Qalileyə nəzərən intellektual üstünlüyündən
danışmaq üçün heç bir əsas yoxdur. Bununla belə, Qaliley Aristotelə, Eynşteyn
isə Qalileyə düzəliş vermişdir.
Məsələ burasındadır ki, intellektual səviyyəsindən
asılı olmayaraq hər sonra gələn nəsil əvvəlki nəsildən
miras qalmış biliklərlə
yanaşı, həm də yeni biliklərə,
daha mükəmməl elmi
aparata və metodlara
yiyələnmiş olur. Bu da problemlərə daha dərin nüfuz eləmək
imkanı yaradır. Digər tərəfdən, qabaqcıl
ölkələrdə elmin sosial strukturu getdikcə təkmilləşir,
əmək bölgüsü güclənir,
alimlər kənar qayğılardan azad edilir və elmi mühitlə
əhatə olunurlar. Bir
sözlə, bioloji genetika
xüsusi rol oynamasa da, sosial-mənəvi
genetika inkişafın əsas hərəkətverici
qüvvəsi kimi çıxış edir. Deməli, elmin
inkişafına yönəlmiş dövlət siyasətindən,
sosial elm sisteminin nə dərəcədə səmərəli
təşkil olunmasından çox şey asılıdır. Elm
adamı ancaq öz
başını dolandırmaq haqqında düşünəndə
böyük elmdən danışmaq
çətin olur. Alimin
vətəndaşlıq mövqeyini fərdi
hadisə kimi başa
düşənlər səhv edirlər. Ayrıca bir alim nə qədər böyük qeyrət sahibi
olursa-olsun, heç bir böyük problemi həll edə bilməz. «Tək əldən
səs çıxmaz» hikməti eyni dərəcədə
elmə də aiddir. Adətən böyük kəşflərdən, dünya miqyaslı elmi
nailiyyətlərdən danışarkən gənclərin
yadına qeyrət hissini, milli
iftixar hissini də
salmağı unutmurlar. Lakin
unudurlar ki, elm sosial hadisədir. Bizim elmi sahədə geri qalmağımız gənclərimizin intellektual potensialının və ya qeyrət hissinin zəifliyinə
dəlalət etmir. Elm
meydanı güləş meydanı deyil.
Halbuki müasir
dövrdə hətta güləşdə və boksda da mübarizənin taleyi rinqdə deyil, bundan xeyli əvvəl - professional məşqçi məktəbinin
müntəzəm fəaliyyətində, kadrların
seçilməsi və tərbiyəsi prosesində həll olunur. Elm üçün
kadr hazırlığı nəinki aspiranturadan və ya ali məktəbdən, hətta lap orta məktəbdən,
bağçadan başlanır. Ona görə də, milli
elmi kadrların həqiqi yüksəlişini
görmək istəyənlər təhsil sistemində sağlam sosial-mənəvi mühit
yaradılması işindən başlamalıdırlar. Lakin burada çox
ciddi əks əlaqə də var. Təhsil sistemindəki vəziyyət də
öz növbəsində elmi
kadrların intellektual və mənəvi inkişaf səviyyəsindən asılıdır.
Ona görə də, təhsil siyasətinin
təməlində sağlam elmi mühit
yaradılması durmalıdır. Hər hansı bir sahədə atılan yeni
bir addım bir
bataqlıqdan başqa bataqlığa, bir xaosdan başqa
xaosa gətirib çıxarmasın deyə,
ciddi elmi prinsiplərə
əsaslanmalıdır. Hazırda elmi,
xüsusən ictimai elmləri təmsil edən
adamlardan böyük əzmkarlıq,
vətəndaşlıq və qeyrət tələb olunur”. Alimə görə, bu
qeyd edilənlər də hələ
azdır. Elmi işçilərin ciddi meyar əsasında, prinsipial
surətdə seçilməsi, sağlam
qüvvələrin səfərbər edilməsi, onlara qayğı göstərilməsi, elmin təşkilati strukturunun
təkmilləşdirilməsi daha böyük səriştə, daha
böyük vətəndaşlıq və
qeyrət tələb edir.
İlkin AĞAYEV
Palitra.-2015.-17 iyun.-S.11.