“Eşitmə və nitq qabiliyyəti zəif olan uşaqların inklüziv təhsil imkanları artırılmalıdır”

 

Həbib Kərimov: “Bu sahədə mövcud problemlərdən biri də mütəxəssislərin azlığıdır. Yeni innovativ metodlar hazırlamaq lazımdır. Eləcə də kurikulumun hazırlanmasında inklüzivlik nəzərə alınmalıdır”

Layihə çərçivəsində növbəti mövzumuz inklüziv təhsillə bağlıdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında yer alan strateji hədəf və tədbirlərdən biriinklüziv təhsillə bağlıdır.

Strategiyada xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişafinklüziv təlim proqramlarının hazırlanması, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi, məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi yer alıb. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Zəif eşidən və ağır nitqi problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda seminar keçirildi.

Tədbirdə çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirdi ki, cari ilin əvvəlindən institutda inklüziv təhsillə bağlı 3 tədbir keçirilib. İlk olaraq mart ayında belə bir tədbir təşkil olunub. Bu sahədə QHT-lərlə əməkdaşlığın böyük fayda verə biləcəyini deyən direktor qeyd etdi ki, növbəti tədbir ADPU-da gerçəkləşib. O da vurğulandı ki, bu tədbirlər ölkədə həyata keçirilən tədbir islahatlarında mühüm rol oynaya bilər: “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən Təhsil Nazirliyi tədbirlər planı təsdiq edilib. Onlardan biri də 12 illik təhsil standartlarıdır ki, burada inklüziv təhsil də öz əksini tapıb. Bu istiqamətdə elə bir mükəmməl sənəd hazırlanmalıdır ki, burada hər şey öz əksini tapsın. TPİ-də ayrı-ayrı sahələr üzrə işci qrupu var”.

Tədbirdə çıxış edən “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Rasimqızı bildirdi ki, birlik 2008-ci ildə ildə təsis olunub. Təşkilatın məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdir: “Təşkilatımız qarşısına qoyduğu məqsədlərə çatmaq üçün əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına, onlar üçün bərabər hüquqların və imkanların yaradılmasına dəstək verməkdir. Əlilliyi olan gənclərin ictimai fəallığının artırılmasına yardım etmək, əlilliyi olan şəxslərə müasir informasiyakommunikasiya texnologiyalarından istifadə etmələri üçün şəraitin yaradılmasına kömək etmək kimi vəzifələrin həyata keçirilməsinə nail olmağa çağırır. Təşkilatımız son iki ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi layihələr çərçivəsində Bakıda və digər şəhər və rayonlarda müxtəlif maarifləndirmə tədbirləri təşkil edib. “Zəif eşidən və ağır nitqi problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları” layihəsinin məqsədi müxtəlif təlim və seminarlar həyata keçirməklə müvafiq ixtisaslar üzrə aliorta ixtisas təhsili alan tələbələrin, reabilitasiya mərkəzlərində və məktəbəqədər təhsil müəssisələrində çalışan reabilitoloqların, pedoqaji işçilərin, habelə hədəf qrupuna daxil olan uşaqların valideynlərinin iştirakı ilə təlim və seminarların həyata keçirilməsini təşkil etməklə eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək verməkdən ibarətdir. DSK-nın rəsmi məlumatına görə, ölkə üzrə sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 62 mindən çox uşağın 1204 nəfərinin eşitmə qabiliyyəti tamamilə yoxdur, 3329 nəfəri zəif eşidir, 6152 nəfərinin nitq qabiliyyətində müəyyən problemləri var. Bu qəbildən olan şəxslərin reabilitasiyası və məktəbəqədər təhsili üçün zəruri şəraitə malik olan müasir reabilitasiya və təhsil müəssisələri ilə bağlı problemlər hələ də var. Hazırda ölkə üzrə xüsusi məktəbəqədər təhsil müəssisəsi kimi fəaliyyət göstərən Eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası mövcuddur ki, onun da maddi-texniki bazası köhnəlib və artıq istismar müddəti başa çatıb. Ümid edirəm ki, bu kimi tədbirlər bu istiqamətin həllində mühüm rol oynayacaq”.

İnsan Hüquqları üzrə Müvəkkilliyin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov bildirdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra sahələrdə islahatlar həyata keçirilib ki, bunlardan biri insan hüquq və azadlıqları ilə bağlıdır. Əlilliyi olan şəxslərə dəstək və bu sahədə tədbirlər də həyata keçirilir. Eşitmə və nitq problemi ilə bağlı son dövrlərdə müzakirələrə yer ayrılması təqdirəlayiqdir”.

Təhsil Nazirliyinin nümayəndəsi Həbib Kərimov isə bildirdi ki, bu gün təhsilə cəlb olunan uşaqlar hazırlıq səviyyəsinə baxdıqda onların hazırlıqsız olduqları görünür: “ Bu istiqamətdə ailədə də görülməlidir. Nitq olmayan yerdə təfəkkür imkansızdır. Ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Strategiyasında da yer alan mühüm məqamlardan biri məhz inklüziv təhsillə bağlıdır. Bu sahədə mövcud problemlərdən biri də mütəxəssislərin azlığıdır. Yeni innovativ metodlar hazırlamaq lazımdır. Eləcə də kurikulumun hazırlanmasında inklüzivlik nəzərə alınmalıdır. Burada maarifçilik mühümdür. Valideynsiz bunu həyata keçirə bilmərik. Çünki mütəxəssislərin dediyini evdə tətbiq edə bilsin”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova bildirdi ki, son vaxtlar ölkədə əlilliyi olan şəxslərə şamil edilən 40-dan çox layihə var. Zəif eşidən və ağır nitqi problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsinin vacib olduğunu deyən G.Hüseynova qeyd etdi ki, bu sahədə dünyada bir sıra tədbirlər həyata keçirilir:Bunlardan biri kimi dünyada mövcud olan belə bir praktikadan yararlanmalıyıq. Təklif edərdim ki, proqramın icrası ilə bağlı komitə yaradılsın”.

Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının aparıcı mütəxəssisi, şöbə müdiri Murad Şıxəliyev “Ağır dərəcəli eşitmə zəifliyi olan uşaqların inklüziv təhsil imkanlarının artırılmasında koxliyar implantasiya(daxili qulağın protezləşdirilməsi) əməliyyatının rolu və əhəmiyyəti” ilə bağlı çıxış edərək bildirdi ki, bu gün dünyada 12 faiz eşitmə azlığından əziyyət çəkənlər var: “Beləliklə, dünyada hər 1000 nəfərdən 1 körpə eşitmir. Səhiyyə Nazirliyinin məlumatına görə, hər il 180 min körpə dünyaya gəlir ki, onun 300 nəfəri eşitmə qabiliyyəti məhdud olur. Bu problemin kökündə isə vərəm əleyhinə antibiotiklərdən istifadə, yüksək səs kimi amillər yer alır. Bu gün dünyada eşitmə problemi olan uşaqlarda koxliyar implantasiya həyata keçirilir ki, dünyada ilk dəfə olaraq 1985-86-cı ildə Almaniyada reallaşdırılıb. 1991-ci ildə SSRİ məkanında tətbiq olunub. Bu gün dünyada 300 mindən artıq insan implantasiya daşıyıcısıdır. 2010-cu ildə Azərbaycanda da həyata keçirilib. Bu gün dünyada ən son model tətbiq edilir. Həmin implantasiya uşaqlarda 6-7 yaşa qədər olmalıdır. Sonradan qazanılmışlarda isə yaş həddi yoxdur. Dünyada eşitmə qabiliyyəti ilə bağlı problem ilk olaraq doğum evində xüsusi aparat vasitəsilə müəyyən edilir. Həmin implantasiya keçmiş insanlar ildə bir dəfə müayinədən keçirlər. Ümid edirəm ki, bu sahədə mövcud problemin həlli dövlət səviyyəsində həyata keçiriləcək. Bu gün azərbaycanlı uşaqlar var ki, xarici ölkələrdə implantasiya olurlar. Əgər bizdə tətbiq olunarsa, xaricə getməyə ehtiyac qalmayacaq”.

Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqlarda inklüziv təhsilin mövcud çətinlikləri, səbəbləri və həlli yolları, eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqlar üçün tədris proqramlarının və dərs vəsaitlərinin hazırkı vəziyyəti, məktəbəqədər inklüziv təhsilin reallıqları və perspektivləri geniş müzakirə olundu və təkliflər səsləndi.

 

Nigar Abdullayeva

Palitra.-2015.-18 iyun.-S.11.