“Müəllim yaradıcı və təşkilatçı
olmalıdır ki, fəal təlimin
formalarından düzgün istifadə edə
bilsin”
Ülviyyə Eyvazova: “Tədris
prosesində fənlərarası inteqrasiya dərslərin
canlı və maraqlı keçməsinə, şagirdlərin
tədqiqatçılıq meyillərinin güclənməsinə
zəmin yaradır”
Layihə çərçivəsində
müsahibimiz Qaradag rayonu Lökbatan qəsəbəsi
F.Rəfiyev adina 166 nömrəli məktəbin
fizika müəllimi Ülviyyə
Eyvazovadır. O, müsahibəyə tədris prosesində tətbiq
edilən yeniliklər barədə məlumat verməklə
başladı:
- Yeni kurikulumlarda milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, təlim prosesində interaktivlik ön plana çəkilir. İnteqrasiya zamanı şagirdlərdə tədqiqatçılıq, tənqidi yanaşma, səmərəli ünsiyyət, problemin həlli, informasiyaların idarə olunması kimi bacarıqlar formalaşır. Tədris prosesində fənlərarası inteqrasiya dərslərin canlı və maraqlı keçməsinə, şagirdlərin tədqiqatçılıq meyillərinin güclənməsinə zəmin yaradır. Bu baxımdan 166 nömrəli məktəb-liseydə fizikanın tədrisi ilə məşğul olan bir müəllim kimi tədris prosesində xüsusilə də fizika fənninin tədrisində fəal təlimdən istifadə edilməsi, şagird fəallığının artırılmasına, məntiqi təfəkkürün inkişaf etdirilməsinə, yaradıcılıq qabiliyyətinin formalaşmasına və bütövlükdə təlimin keyfiyyətinin yaxşılaşmasına şərait yaradaraq təhsildə demokratikləşdirmə, fərdiləşdirmə, inteqrasiya prinsiplərini həyata keçirməyə çalışıram. Pedaqoji fəaliyyətə başladığım dövrdən daim axtarışdayam. Fikrimcə, müəllim yaradici və təşkilatçı olmalıdır ki, fəal təlimin forma və üsullarından düzgün istifadə edə bilsin. Fizika fənni digər təbiət fənləri ilə yanaşı, ədəbiyyatla əlaqəli tədrisi daha maraqlıdır. Məsələn, fizika fənnini 6-cı siniflərdə tədris edərkən onlarda bu fənnə maraq oyatmaq üçün belə misralardan istifadə edirəm:
Fizikadır bu aləmin
xassələrin öyrənən
Cisimlərin ölçüsünü ,
sürətini söyləyən
Bizləri çox bilikli
və elmli şəxs eyləyən
Fizikadır bizə yoldaş,
bizə sirdaş əsl fənn
Bu misralar fizika fənninin bizə nə qədər yaxın oldugunu və lazımlı fənn olduğunu göstərir. Tədris prosesində bütün elmləri, ictimai-siyasi həyatın ən mühüm məsələlərini, cəmiyyəti düşündürən və narahat edən məsələlərin cavabını özündə cəmləşdirən İslam dininin müqəddəs kitabı olan “Qurani -Kərim“dən çox sayda nümunələr göstərmək olar. Odur ki, mən bəzi mövzuların tədrisi zamanı “Qurani -Kərim”in müxtəlif ayələrinə müraciət edirəm. Yerin hərəkətini və atmosferin onunla birlikdə eyni sürətlə hərəkət etdiyini göstərən ayədə “Dağlara baxıb onu donmuş zənn edirsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedirlər. Bu hər şeyi bacarıqla edən Allahın gördüyü işdir. Həqiqətəndə də O,etdiyiniz əməllərdən xəbərdardır” kimi ifadələr bu mövzuya məsuliyyəti daha da artırır. Tədris prosesində müxtəlif motivasiyalardan istifadə edirəm. Belə tapşırıqların yerinə yetirilməsi tədrisi emosianallaşdırır, bilik və bacarıqları formalaşdırır. Maraqlı tədqiqat sualları isə şagirdlərin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirir. Fizika gecələrini keçirməklə, divar qəzetlərinin hazırlanması, bilik yarışlarının təşkili şagirdlərin estetik qabiliyyətini formalaşdırır.
-Yeniliklər
öyrənmək üçün təşkil
edilən təlimlərə qatılırsınızmı?
-Bəli, yeniliklərdən bəhrələnmək üçün fəal təlim metodları üzrə keçirilən seminar, treninq və kurslarda iştirak edərək, peşəkarlıq səviyyəmi artırmağa səy göstərirəm. Bu baxımdan Təhsil Problemləri İnstitutunda təşkil edilən "Elektron məktəb üçün elektron müəllim" kursu böyük əhəmiyyət kəsb edir. İnstitutda "Elektron məktəb üçün elektron müəllim" kursu Əməkdar müəllim, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilir.
“Məktəbimizin şagirdləri fənn olimpiadalarında və müsabiqələrdə daim fəal iştirak edirlər. Valideynlər də öz növbəsində övladlarının yaxşı oxumasında və onların milli ruhda formalaşmasında pedaqoji kollektivə yaxından köməklik göstərir. Doğrudan da, yeni təlim üsulları şagirdlərdə əyaniliyin təmin olunmasına şərait yaradır, mükəmməl bacarıqların əldə edilməsinə geniş imkanlar açır”
Kursun 2 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirilir, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində davam edir. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunur. Təhsil Problemləri İnstitutu nəzdində təşkil olunmuş kursun keçirilməsi zamanı aşağıdakı mövzulara toxunulub: "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. daxildir. Kurslarda sonda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır. Kursda Azərbaycan Respublikasının pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri iştirak edirlər. Belə kurslarda iştirak bu sahədə peşəkarlığın artmasına yardım edir.
- Məktəbinizin
şagirdlərinin ümumi savad səviyyəsi necədir?
- Bizim məktəbimizdə
şagirdlərin təhsilinə, dərsə davamiyyətinə,
nizam-intizamına, milli dəyərlər ruhunda tərbiyəsinə, vətənpərvər
vətəndaş kimi yetişməsinə
böyük diqqət yetirilir.
Müasir dövrdə uşaq
və yeniyetmələrin milli ruhda tərbiyəsi, fiziki-mənəvi
inkişafı çox aktualdır. Bu gün respublikamızda
milli-mənəvi dəyərlərin qorunması və təbliği
istiqamətində bir çox
işlər görülür. Qədim tarixə malik olan Azərbaycan xalqının çox
zəngin mədəni dəyərləri var
və bizim xalqın bütün
dövrlərdə milli kimliyini
qoruması məhz bu milli-mənəvi, mədəni
dəyərlərimiz sayəsində mümkün
olub. Bu gün həmin dəyərləri təbliğ
edib, gənc nəslə aşılamaq bəlkə
də, heç vaxt indiki qədər vacib və
aktual olmayıb. Bu məsələdə məktəblərin
üzərinə çox iş
düşür. Ölkəmizdə təhsilin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər
deməyə əsas verir ki,
Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.
Son illərdə
dövlət başçısının ölkədə məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı sərəncam və
tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası
tikilib və ya təmir
olunub. Təhsil ocaqlarının kompüter texnologiyaları ilə təchiz
olunması ilə bağlı sərəncam və
tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar bölgələrdə müəllim
çatışmazlığını aradan
qaldırmaqla bağlı hökumət müvafiq
proqram qəbul edib.
Heydər Əliyev Fondunun da
həyata keçirdiyi layihələr
dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verib.
Bizim məktəbimiz də bu məsələlərə çox
böyük önəm verir.
Məktəbimizin şagirdləri fənn olimpiadalarında və
müsabiqələrdə daim fəal iştirak edirlər. Valideynlər də öz növbəsində
övladlarının yaxşı oxumasında və
onların milli ruhda
formalaşmasında pedaqoji kollektivə
yaxından köməklik göstərir. Doğrudan
da, yeni təlim
üsulları şagirdlərdə əyaniliyin təmin
olunmasına şərait yaradır, mükəmməl
bacarıqların əldə edilməsinə geniş
imkanlar açır.
Anar Miriyev
Palitra.-2015.-19 iyun.-S.11.