“Bakı MetropoliteniAvropa Oyunlarının xidmətində

 

“Bakı-2015” birinci Avropa Oyunlarının keçirildiyi günlərdə idman yarışlarının tamaşaçıları əksər hallarda yeraltı nəqliyyatın xidmətindən istifadə edirlər. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, “Bakı Metropolitenigünün 19 saatı ərzində - səhər saat 6-dan gecə 01-ə kimi qapılarını sərnişinlərin üzünə açıq saxlayır.

Oyunların açılış günü isə qatarlar saat 02-yə kimi işləyib və bağlanış günüOlimpiya stadionunun sonuncu tamaşaçısı qatara minənə kimi işləyəcək. Oyunların açılış gününün nəqliyyat təminatı sarıdan ən ağır yükü metronun üzərinə düşüb. Olimpiya Stadionundakı açılış mərasiminə tamaşaçıların yarıdan çoxunu metro qatarları aparıb-gətirib. Həmin gün xüsusi rejimdə işləyən yeraltı sərnişin konveyerinin bütün xidmətləri səfərbər olunub, tam təhlükəsizlik tədbirləri görülüb. Metropolitençilər həmin günə ötən ilin əvvəlindən hazırlaşmağa başlayıb. Bu müddət ərzində stansiyalarda, piyada keçidlərində təmir işləri aparılıb, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə yeni sərnişin məlumat sistemləri tətbiq edilib. Stansiyalarda yarışların keçirildiyi idman obyektləri, təhlükəsizlik tədbirləri barədə Azərbaycan və ingilis dillərində məlumatlar səsləndirilir, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün sərnişin axınının bütün istiqamətlərində və vaqonlarda videomüşahidə kameralarının funksionallığı genişləndirilib, xidmət heyəti, xüsusən də sərnişinlərlə birbaşa təmasda olan işçilər uniformalarla təmin edilib, oyunların təşkilatçılarına dəstək olacaq könüllülərlə treninqlər keçirilib. Mühafizə şöbəsinin işçiləri Fövqəladə Hallar Nazirliyi əməkdaşları ilə təlim-məşqlərdə xüsusi hazırlıq keçiblər. Açılış günü sərnişin axını “Koroğlu” stansiyasında müşahidə olunurdu ki, metropolitençilərin yüksək peşəkarlığı sayəsində hər kəs mənzil başına rahat və təhlükəsiz çatdırıb. Sərnişinləri “Koroğlu” stansiyasının “Alov meydanı” tərəfdəki keçidinin əvvəlindən vaqonlara kimi metropolitenin mühafizəsi üzrə polis bölməsinin, metropolitenin mühafizə şöbəsinin, stansiyada isə hərəkət və digər xidmətlərin işçiləri tərəfindən yaradılmış “canlı divar” müşayiət edib. Sərnişinlərin platforma üzərində sıxlıq yaratmaması üçün onların qatarlara minməsini sürətləndirən çağırışlar edilib və lazımi məlumatlar verilib. Platformaya hər iki dəqiqədən bir yaxınlaşan qatarlar sərnişinləri mənzil başına daşıyıb. “Alov meydanı”nı “Koroğlu” stansiyası ilə birləşdirən keçidin buraxıcılıq imkanı 12 min sərnişindən çox deyil. Bir saat ərzində bu stansiyaya 12 mindən artıq sərnişin daxil ola bilməz. Stansiya isə həmin günün daşıma əməliyyat planı ilə 90 min sərnişini bir saat ərzində hər iki istiqamətdə (həm mərkəzə, həm də Əhmədliyə) rahat daşıya bilərdi.

Rasim

Palitra.-2015.-24 iyun.-S.12.