Psixologiya ixtisası ilə bağlı boşluqlar
Təhsildə ixtisaslaşma
problemləri barəsində ötən saylarımızda
yazmışdıq və bu çərçivədə
psixologiya ixtisasına aid problemləri qeyd etmişdik. Amma
apardığımız müşahidələr onu deməyə əsas verir
ki, bu gün
həmin ixtisasla bağlı
boşluqları hiss edən bəzi işbazlar, müxtəlif peşə sahibləri,
hətta ali təhsili olmayan
insanlar özlərini psixoloq
kimi tanıtmaqdadırlar. Sosial şəbəkələrdə,
demək olar ki, hər
10-15 nəfərdən birinin öz adının önünə “psixoloq” sözünü əlavə
etməsi və səhifələr açaraq,
insanları öz “mərkəzlərinə”
dəvət etməsi də bu sahədə
problemlər olduğunu ortaya
qoyur. Bu
baxımdan, layihə çərçivəsində bir daha mövzuya
toxunmağı vacib bildik.
Qeyd etmək lazımdır ki, sosial-psixoloji məsələlərin gündəmdə əsas yeri tutduğu bir şəraitdə psixoloq ixtisası da yaman dəbə minib. İnsanlar gündəlik davranış, məişət problemləri ilə bağlı olaraq sözügedən sahə ilə məşğul olanlara daha çox müraciət etməyə və onların məsləhətlərinə qulaq asmağa başlayıblar. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərənlərin sayını yaman artırıb. Təsadüfi deyil ki, KİV-də, xüsusən də telekanallarda, həmçinin sosial şəbəkələrdə özlərini “peşəkar psixoloq” kimi tanıdan yeni-yeni simaların sayı durmadan artır. “Köhnə peşəkarlar” isə “psixologiya”nın daha dərinliklərinə nüfuz etməkdədirlər. Amma ciddi müşahidələr apardıqdan sonra bu cür şəxslərin, yumşaq desək, əslində yaxşı halda diletant olduqlarını yəqin etmək çətin deyil. Belə ki, həqiqətdə bu “peşəkar”ların ixtisasca başqa peşə yiyəsi olduqları, ya da sadəcə əllaməlik etdikləri danılmazdır. Məsələn, bu cür “psixoloq”lar ciddi psixoloji məsləhətlər vermək əvəzinə, insanları ekranlardan, ya da elə evlərindəcə qəbul etməklə, “magik” üsullarla yönləndirməyə çalışırlar. Onların “psixoloji” məsləhətlərində əslində heç bir elmilik, metodik yanaşma və sair ciddi peşəkar keyfiyyətlər yoxdur. Bu cür şəxslər onlara etimad göstərən vətəndaşları demək olar ki, “qeybdən xəbər vermə”, fala baxma və digər əllamə üsullarla, absurd ibarələrlə aldatmaqdadırlar. Bu halda, istər-istəməz düşünməli olursan ki, sadəcə olaraq falçılar zamanın tələbi və ya dəbi ilə “ayaqlaşaraq” qiyafələrini dəyişiblər və psixoloq cildinə giriblər. Amma onların insanları yönləndirmə üsulları isə olduğu kimi qalmaqdadır. Bir sözlə, belələri psixologiya sahəsini də monopoliyaya götürməyə çalışırlar. Onlar demək olar ki, ölkəmizdə buna hardasa nail olublar. Çünki bəzilərinin müstəqil şəkildə bu sahə ilə bağlı hansısa telekanalda verilişlər açması və öz “yaradıcılıq”larına xüsusi silsilə hazırlaması da bundan xəbər verir.
Əslində
isə belələrinin vətəndaşlarımızı hər
hansı vasitə ilə həyati yönləndirmələri,
ictimai şüura təsir
etmələri çoxdan
hamımızı ciddi
düşündürməli idi. Çünki onsuz da ixtisaslaşma ilə
bağlı bir sıra sahələrdə
problemlər yaşadığımız halda, sırf
insan həyatını öyrənən ixtisaslara qeyri-peşəkarların “yiyə”
durması qətiyyən arzuolunan deyil.
Son zamanlarda bəzi KİV qurumlarında özlərini psixoloq adlandıran insanların tanıdılması prosesi gedir. Bunu əslində reklam adlandırmaq daha düzgün olardı. Bu cür reklamlar isə ictimaiyyəti, psixoloji məsləhətlərə ehtiyacları olan insanlarımızı əhəmiyyətli mövzularda çaşdırmaqdadır. Çünki bir çox məsələlər var ki, onlarla bağlı ciddi, professional insanlar münasibət bildirməlidir. Amma özünü “psixoloq” və yaxud hansısa müvafiq sahə ilə bağlı sayan, əslində isə bu cür sahələrlə heç bir əlaqəsi olmayan insanlar bir neçə dəfə televiziya kanallarında göründükdən sonra onların həmin sahələrdə ekspert kimi qiymətləndirilməsi yolverilməzdir. Bu, artıq bir problem kimi gündəmə gətirilməli, müzakirə edilməli və həllini tapmalıdır. Müvafiq qurumlar bununla bağlı ölçü götürməli və müdaxilələr etməlidir. KİV bu məsələni ciddi diqqətə götürməlidir. Bu cür “peşəkarların” reklamının və onların cəmiyyətimizi psixoloji “məsləhətləri” ilə yönləndirməsinin qarşısı mütləq alınmalıdır. Əks halda, cəmiyyətimiz bu sahədə arzuolunmaz problemlərlə üzləşə bilər.
Çox hallarda cəmiyyətimizin əksər
nümayəndələri seçim
olmadığı üçün həmin
KİV-ləri izləyir və hər cür
fikir bildirən, “psixoloji”
məsləhətlər verən adamların dediklərini
mütləq həqiqət kimi qəbul etmiş olurlar. Halbuki həmin
“mütəxəssis”lərin böyük
əksəriyyəti həm elm-savad, həm
də xarakter cəhətdən bu cür məsələlərə
çox uzaq şəxslərdir”.
Görəsən, müxtəlif peşə sahələrinə aid insanların psixoloq kimi özlərini qələmə verməsinin kökündə nə durur? Qeyd etdiyimiz kimi, bəzi insanlar psixoloq adı altında əslində falçılıq fəaliyyəti ilə məşğuldur. Onların fəaliyyəti qeyri-elmi prinsiplərə əsaslanır. Bu insanlar yalnız öz şəxsi mənfəətləri üçün psixoloq cildinə girirlər. Məsələ, ümumiyyətlə, dünyada xeyli dərəcədə sosial-psixoloji problemlərin artması və bunun insanların sosial-psixoloji şüurunda əks olunması ilə bağlıdır. Hazırda cəmiyyətin bir çox üzvlərinin davranış mədəniyyətindən irəli gələn problemlər özünü büruzə verməkdədir. Aqressiv xarakterli insanların sayı getdikcə artır. Ona görə də cəmiyyətdə bu cür problemlərin müzakirəsi və həlli məsələlərinə maraq artır. Bu cür problemlərin müzakirəyə çıxarılması və qabardılması isə professional səviyyədə olmalıdır. Amma bu problemlər peşəkar səviyyədə həllini tapmadıqda, müəyyən işbazlar meydana çıxır və cəmiyyətin maraq dairəsini özlərinə yönləndirməyə çalışırlar. Bu insanlar davamlı olaraq müxtəlif verilişlərdə iştirak edirlər. Elə bircə verilişdən sonra onlar cəmiyyətdə “psixoloq” kimi özlərini tanıtmağa və bunun üzərində öz bizneslərini qurmağa cəhd edirlər. Bu adamları telekanallardan izləyən insanlarımız isə onları artıq “etiketli”, “brendli” “psixoloqlar” kimi qəbul etməyə meyilli olurlar. Halbuki bu “ekspert”lərin psixologiyaya aid bilik səviyyələri yoxdur, yaxud olsa da, çox səthidir. Bəzən onların açıqlamalarını eşidəndə adam dəhşətə gəlir. Əslində telekanal və ya proqram rəhbərlikləri də təhlil etməlidirlər ki, kimləri dəvət edirlər və bu “ekspert”lərin fikirləri ictimaiyyətə nə fayda verə bilər? Yaxud bu “psixoloq”ların mütəmadi olaraq KİV-dən tribuna kimi yararlanması, həmin KİV-lərin imicinə də mənfi təsir göstərir.
Məsələ ilə bağlı digər bir məqam isə hazırda psixoloq ixtisasının dəbdə olması ilə bağlı olaraq müvafiq qurumlar tərəfindən qısa psixoloq kurslarının açılmasıdır. Doğrudur, bu cür qısa ixtisasartırma kurslarında o nəzərdə tutulur ki, məktəblərdə hazırda psixoloqlara olan ciddi tələbat ödənsin və bu ixtisaslara aid vakansiyalar doldurulsun. Bu, bir qədər başqa mövzudur ki, birillik ixtisasartırma kurslarında məktəblər, şagirdlər üçün hansı səviyyədə psixoloqlar hazırlanır. Bu məsələ də əslində araşdırılmağa ehtiyac duyur. Amma o da istisna edilə bilməz ki, həmin birillik kurslarda məktəblər üçün psixoloq kimi hazırlanan şəxslər gələcəkdə bütün səviyyələrdə və universal, peşəkar psixoloq kimi özlərini təqdim etməyəcəklər. Birillik ixtisasartırma kurslarında psixologiya sahəsində yetkin bir kadr kimi formalaşmanın mümkün olması tamamilə yanlış yanaşmadır. Xüsusilə də indiki təhsil şəraitini nəzərə alanda bu, inandırıcı görünmür. Hətta beş il ərzində də hansısa ciddi psixoloji məsələlərlə düzgün ifadə olunan mövqe bildirmək çətin məsələdir. Çünki istər psixologiya, istərsə də bu cür digər ixtisaslar elə ciddi bir sahədir ki, həmin sahələrdə uzun müddət çalışmadan, təcrübələr toplamadan, sırf nəzəriyyələrdən çıxış etmək real effekt vermir. Belə olduqda, hər hansı ekspert yanaşması problemlə bağlı obyektivliyi əks etdirmir. Ona görə də qısa kurslarla və ya nəzəri material hazırlıqları ilə hər hansı sahə mütəxəssisinin tam formalaşdığını demək olmaz. Bu cür ixtisaslarla bağlı insanlar tək dörd və ya altı il peşəkar universitet təhsili ilə kifayətlənməməli, bir neçə il ciddi təcrübi sahələrdə çalışmalıdırlar. Psixologiya, sosiologiya və sair ixtisaslar insan məsələləri, taleyi ilə birbaşa bağlı olan sahələrdir, ona görə də bu cür sahələrdə hər hansı təxminlərə, “öncəgörmə”lərə yer yoxdur. İnsan taleyini təsadüfi şəxslərin aldadıcı fəaliyyətinin, fikirlərinin ümidinə buraxmaq olmaz. Bununla bağlı ciddi ictimai məsuliyyət hissi formalaşdırılmalıdır. Bu cür məsələləri heç cür öz təbii axarına, yəni başlı-başına buraxmaq olmaz.
Başqa bir düşündürücü məqam isə odur ki, cəmiyyətin geniş təbəqələri psixologiya məsələləri barədə ətraflı məlumatlı olmadığı üçün və standart psixoloji məsləhətlər qəbul etmək təcrübəsizliyindən, eləcə də məişət məsələlərini falçılıqla daha çox “həll” etməyə aludə olduğundan, psixoloqları hələ də daha çox falçı kimi görürlər. Deməli, cəmiyyətin bu sahədə ciddi maariflənməsi lazımdır. Amma bu məsələdə insanlarımızı da çox qınamaq olmaz - Burada müəyyən tərəflər öz vəzifələrinə və funksiyalarına məsuliyyətli yanaşmalıdırlar. Yəni hər yoldan keçəni bir ekspert olaraq qiymətləndirmək, sonra da onun fikirlərinə istinad edib cəmiyyəti yönləndirmək doğru deyil. Bu, ciddi fəsadlara səbəb ola bilər. Eyni zamanda, ciddi ekspertlər KİV-də çıxış edərək ictimaiyyəti məlumatlandırmalı, bu inandırmanı ciddi əsaslarla həyata keçirməlidirlər.
Bu məsələdə birinci növbədə qeyri-peşəkarların
ekspert kimi təqdim
olunmasına şərait yaradanlar
qınanmalıdır.
İlkin AĞAYEV
Palitra.-2015.-30 iyun.-S.11.