“Şagirdlərə sərbəst
düşüncə vərdişləri
aşılanmalıdır”
Kamalə İsmayilzadə: “Müəllim
təkcə yeni materialı öyrədəcəyi metodu
seçməklə kifayətlənməməli, həm də
dərsdə şagirdlərin fəallığını təmin
edən yeni texnologiyalar haqqında düşünməlidir”
Layihə çərçivəsində
müsahibimiz Lənkəran şəhər
Azər Məhərrəmov adına 7 saylı tam
orta məktəbin ibtidai
sinif müəlliməsi Kamalə
İsmayilzadədir. O, müsahibəyə məktəblərdə
tədrisin təşkili ilə məsələyə
münasibət bildirməklə başladı:
- Təhsil ölkədə həyat səviyyəsinin başlıca göstəricisidir. Təhsıl sistemi inkişaf etmiş ölkənin elmi, iqtisadiyyatı da inkişaf etmiş olur. Təhsil inkişafı təmin edən vasitələrdən biridir. Ona dəyərli yeniliklər gətirmək, onda uğurlu islahatlar keçirmək, təhsillə əlaqədar islahatda müstəqil düşünməyi bacaran, yaradıcılıqla işləyə bilən, öz xalqına, vətəninə sadiq, əsl vətəndaş yetişdirmək bir vəzifə kimi qarşıya qoyulur. Müəllimlərimizin borcu bu vəzifələri dərindən dərk edib mənimsəmək, təlim prosesində bu keyfiyyətlərə malik vətəndaş yetişdirmək üçün məktəblərimizin işini tamamilə yenidən qurmaqdır. Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməlidir. Məhz bütün bunları nəzərə alaraq qeyd edilən məsələlərin səmərəli həlli üçün ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə tərzi lazımdır. Məktəb əksər vətəndaşların genış əlaqə saxladığı əsas ictimai institutdur. Müvafiq hazırlığı olsa da, olmasa da, müəllimlər şagirdləri cəmiyyətdə məhsuldar, əməkdaşlıq və sülh şəraitində yaşamağa hazırlamalıdırlar. Hətta bu cəmiyyətlər sürətlə dəyişsələr belə. Müəllim üçün qaranlıq qalan bir yer şagird üçün zülmətdir. Bunun üçün də müəllim öz üzərində daim işləməli, dərslərinin tədrisində böyük dönüş yaratmalıdır. Bu isə şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir. Onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdır. Amma vətəndaşın formalaşması üçün təkcə bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər var ki, bunlar şagirdləri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirir.
-Bunun
üçün nə etmək
lazımdır?
- Əgər biz istəyiriksə uşaqlar dediyimizi etsinlər, ancaq onlara özləri bildiyi kimi hərəkət etməyə və fikirləşməyə imkan vermiriksə, deməli, özümüz özümüzə maneələr yaradırıq. Şagirdlərdə özünə inam hissi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri müzakirəyə səbəb olur. Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bu gün müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur. Müasir məktəb, müasir tədris prosesi dövrün tələblərinə cavab verməlidir. Bu baxımdan müəllimlərin rolu ön plana çıxır. Müəllim oyrədənlərin öyrədənləridir. Lipsker deyir ki, ”Biz uşaqlara insaniyyətliliyi, məhəbbəti öyrətməliyik, uşaqlarda mərhəmət, başqasının dərdinə şərik olmaq kimi hisləri oyatmalıyıq. Ən başlıca vəzifəmiz isə uşaqlara həyat tərzini öyrətməkdir”. Bütün bu keyfiyyətlərin daşıyıcısını yetişdirmək isə bugünkü müəllimin müasir təlim prosesini bilməsindən, dərsi müasir metodlar əsasında qurmasından çox asılıdır. Hər bir təlim metodu bir sıra öyrətmə və öyrənmə üsullarını özündə birləşdirir. Müəllim təkcə yeni materialı öyrədəcəyi metodu seçməklə kifayətlənməməli, həm də dərsdə şagirdlərin fəallığını təmin edən yeni texnologiyalar haqqında düşünməlidir. Müasir dərs axtarıcılığa yönəldilmiş metodlardan, tədqiqatçılıq, məşğələ, diskussiya, debat və s. metodlardan və yeni texnologiyalardan istifadə olunmasını tələb edir. Hər bir müəllim, diqqətlə və ağılla, həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tətbiq edə bilər.
-Deməli, müasir təlim metodlarının tətbiqi vacibdir?
- Bəli. Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcək. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir. Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Dərs həm də düşünməyi öyrətdiyinə görə faydalıdır. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmayacaq, həm də şagirdlərə bütün ömürləri boyu onlar üçün faydalı olacaq sərbəst düşüncə vərdişləri aşılayacaq. Mətn oxunuşu əvəzinə şagirdlərə fotoşəkil və ya rəsm əsəri təqdim etsək, təqdimat keçirsək, bilgisayar və proyektordan istifadə etməyə üstünlük versək, onda dərsi daha rəngarəng etmiş olarıq. Dərsin planlaşdırılması prosesini üç mərhələyə ayırıram: dərsə qədər, dərsin özü ( İKT-nin tətbiqi ilə aparılır) və dərsdən sonra. Dərsin məzmununa keçməzdən əvvəl şagirdlərə bu və ya digər mövzunun əhəmiyyəti, eləcə də onun şagirdlər qarşısında qoyduğu məqsəd və vəzifələr haqqında suallar verirəm. Suallar xüsusu kompüter proqramında hazırlanmış oyun test şəklində verilir. Sualların səviyyəsi və tipləri ilə bağlı sagirdlərlə aparılan söhbət zamanı bilik, anlama, tətbiq, analiz və qiymətləndirməyə diqqət yetirilir. Dərsin düşünmə mərhələsində şagirdlər özləri üçün müəyyən nəticələr çıxarmalıdır. Bu mərhələdə qabaqcadan hazırlanmış suallar şagirdlərə verilir. Hamı bu müzakirədə aktiv iştirak edir. Şagirdlərin bilikləri bu suallar ətrafında müzakirədən sonra, sonda dərsdə alınan yeni məlumatlarla tamamlanır. Müasir təlim metodları üstəgəl İKT-nin yerində və səmərəli tətbiqi şagirdlərin bilik və bacarıqlarının səviyyəsinin yüksəlməsinə əsaslı şəkildə müsbət təsir edir.
- "Elektron məktəb üçün
elektron müəllim" kursunda
iştirak sizə nə verdi?
- Öncə qeyd edim ki, həyatımızın bütün sahələrində gedən dəyişikliklər təhsildən də yan keçmir. Təhsil sistemində aparılan islahatlar sayəsində məktəblərdə daim canlama var. Müəllimlər öz peşəkarlığını yüksəltmək, müasir tələblərə cavab verən kadr olmaq üçün kurslara yazılır, mətbuatda dərc edilmiş elmi- metodik yazıları oxuyur və müzakirə edir, qabaqcıl müəllimlərlə təcrübə mübadiləsi aparırlar. Artıq bir neçə ildir ki, sinif müəllimi olaraq müvafiq təlim kurslarında iştirak etdikdən sonra onun tətbiqi ilə məşğul oluram. Bu məsuliyyətli, çox maraqlı və yaradıcı fəaliyyət olub müəllimi daim öz üzərində işləməyə, inkişaf etməyə təhrik edən bir prosesdir. Pedaqoji təcrübəsi olan bir müəllim kimi onu tam aydın görürəm ki, uzun illər əldə etdiyim təcrübə müasir tələblərə cavab verən müəllim olmağım üçün bəs etmir. Bu günün müəllimi öz işini yeni müstəvidə qurmalı, şagırdlərlə, valideynlərlə, həmkarları ilə yeni tərzdə qarşılıqlı fəaliyyətdə olmalı, dərsləri yeni üslubda təşkil etməli, müasir elm və texnikanın nailiyyətlərindən tam şəkildə bəhrələnməyi bacarmalıdır. Bunlar ona görə lazımdır ki, dərs maraqlı, şagirdlər razı, valideynlər əmin olsunlar. Daim internetdə axtarışda olaraq təhsildə olan yenilikləri öyrənməyə çalışıram .Keçirilən kurslarla maraqlanır, vaxt olan kimi iştirak edirəm. 2014-cü ilin noyabrında internetdə belə bir yazı ilə qarşılaşdım- "Elektron məktəb üçün elektron müəllim" kursu. Əlaqə saxlayaraq bu kurs üçün qeydiyyatdan keçdim. Kurs "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd olunan məsələləri əsas götürülməklə Təhsil Problemləri İnstitutunda keçirildi. 29-30 dekabr 2014-cü il tarixlərindən 2015-ci il yanvar ayının 30-na qədər keçirilən növbəti kurslara start verildi. Yeni ilin ilk həftəsində biz Azərbaycan müəllimləri məsafədən təhsil (distant) kursuna qatıldıq. "Elektron məktəb üçün elektron müəllim" kursu bizə Əməkdar müəllim, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirildi. Kursun 2 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirildi, digər günlər isə məsafədən olaraq 1 ay müddətində davam etdirildi. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunmaq öyrədildi. "Elektron məktəb üçün elektron müəllim" təlim kursunu uğurla başa vurandan sonra biz - müdavimlərə 2015-ci ilin yanvar ayının sonunda sertifikatlar təqdim olundu. Biz - müəllimlər buna görə Almaz xanıma təşəkkürümüzü bildiririk. Kursda öyrəndiyim yenilikləri bu gün dərslərimdə istifadə edirəm.
Anar Miriyev
Palitra.-2015.-4mart.-S.11.