“Sənaye və aqroparklar
qeyri-neft sektorunda yeni iş yerləri yaradacaq”
İqtisad elmləri
doktoru Müslüm İbrahimov: “Bu parklar regionlarda iri istehsal
klasterlərinin, regional aqrosənaye komplekslərinin
yaranmasına imkan verəcək”
Ölkədə aqrar islahatlar nəticəsində
kənd təsərrüfatının dinamik
inkişafı üçün zəmin
yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər
baş verib, yeni iqtisadi və
mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi
haqqında ölkə başçısının sərəncamında
da göstərilir ki,
kənd təsərrüfatının
inkişafına dövlət dəstəyinin gücləndirilməsi,
yeni çağırışlara uyğun sahə üzrə strateji
hədəflərin və institusional dəyişikliklərin
müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini
qoyub. Qeyd edilir ki, əhalinin ərzaq
təhlükəsizliyinin təmin edilməsi, aqrar
sahədə ixrac potensialının
artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları
təşkil edilir. Bu
sahədə mövcud vəziyyət və
həlli vacib məsələlərlə
bağlı müsahibimiz İqtisad
Universitetini dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimovdur:
-Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi qədər
önəmlidir. Daxili bazarların daxili resurslar hesabına təmin
edilməsi üçün hansı
addımlar atıla bilər?
- Ərzaq təhlükəsizliyi
problemi çoxşaxəli problemdir və əsasən iki
aspektdə baxılır: istehsal və istehlak baxımından. Enerji təhlükəsizliyi
ilə müqayisədə daha əhəmiyyətli
yerə malikdir. İnsan
istənilən vaxt aktiv
və sağlam həyat tərzi sürmək
üçün optimal
olaraq sutkada 1800-2500 kalori qəbul etməlidir ki,
gündəlik həyat tərzi sürə bilsin,
yəni insan gün ərzində
sərf edəcəyi enerjini məhz
istehlak etdiyi qidadan alır. Bu da onun kifayət qədər
keyfiyyətli qida məhsullarına fiziki və iqtisadi
çıxış imkanlarına malik
olması deməkdir. Aqroərzaq məhsullarına olan gündəlik tələbat qida sənayesinin və kənd təsərrüfatı
sahəsinin strateji olduğunu
sübut edir.
Ümumilikdə milli təhlükəsizlik
sisteminin ayrılmaz elementinə çevrilir. Tarix göstərir
ki, ərzaq qıtlığı və ya ərzaq məhsulları qiymətlərinin
artması səbəbindən ölkələrdə siyasi kataklizmlərin və sosial
münaqişələrin yaranmasına şərait
yaradır. Bütün bunlar
hər hansısa bir ölkənin bu problemin həllində əhəmiyyətli
addımların atmasına vadar edir.
“Ərzaq təhlükəsizliyi
probleminin daxili
resursların hesabına həlli ərzaq
asılılığı probleminin həllinə
kömək edir”
Ərzaq təhlükəsizliyi
probleminin daxili
resursların hesabına həlli digər bir
problemin ərzaq
asılılığının həll edilməsinə
kömək edir. Ona görə də ölkələr
strateji kənd təsərrüfatı məhsulları
sayılan taxıl, meyvə-tərəvəz, ət-süd məhsulları
istehsalının mövcud daxili resursların hesabına ödənilməsində
müxtəlif istiqamətdə işlər aparırlar.
Müasir şəraitdə genetik və transgenetik və
digər biotexnoloji metodlardan
istifadə yolu ilə əhalinin
artımı və iqlim dəyişikliyi,
dünya aqroərzaq qiymətlərin
artması və digər problemlərin həlli mümkündür. Baxmayaraq
ki, son vaxtlar
GMO ərzaq məhsullarına qarşı mənfi yanaşmalar mövcuddur, bu məsələ çox
aktualdır ona görə ki,
optimal istehlakı problemini
həll edir. Biz də
bu sahədə müəyyən işlər
aparmalıyıq. Təbii ki, yenidən Amerika açmağa ehtiyac yoxdur. Söhbət mövcud biotexnoloji və
digər üsullarla daha
məhsuldar kənd təsərrüfatı bitkiləri
sortların ölkəmizin aqro-iqlim şəraitinə
adaptasiya işlərin aparılmasından
gedir. Bildiyimiz kimi hələ Sovet
İttifaqı vaxtında Azərbaycanın şəraitinə
uyğunlaşma üzrə elmi-tədqiqat
təcrübələrin aparılması nəticəsində
bir neçə kənd təsərrüfatı
bitkilərinin istehsalı başlayıb. Onların arasında
pambıq, qarğıdalı, çay, düyü və sair. Belə yanaşma aqrar sahəsində dərin
ixtisaslaşmanın aparılmasına şərait yaratdı.
Təbii ki, əhalinin normal
həyat səviyyəsini təmin etmək və gələcək
nəsillər üçün gen mutasiyalar riskini minimuma endirmək
şərtilə birinci növbədə
qidanın qiymət, kəmiyyət və keyfiyyət arasında optimal balansı saxlamaqla Azərbaycan şəraitinə uyğun bu kimi
işlərin davam etməsinə ehtiyac var. İqtisadi
təhlükəsizlik baxımından, yəni əsas ərzaq
malları üzrə ixracdan asılı
olmamasını, mövsüm, hava və digər amillərlə bağlı
risklərdən qorunması məsələlərinin həlli
daxili istehsalı yaratmaqla
ərzaq bazarının diversifikasiyanı təmin etmək olar. Bugünkü devalvasiya şəraitində aqrar
sektorunda idxaləvəzedici tədbirlərin
aparılması çox aktual
məsələyə çevrilib və ərzaq
asılılığı probleminin
aşağı enməsinə birbaşa
təsir edə bilər.
- Ölkə başçısı bildirib ki, qeyri-neft
sektoru gələcəkdə
iqtisadiyyatın inkişafını daha böyük həcmdə təmin edəcək.
Burada aqrar sahənin rolunu necə görürsünüz?
- Aqrar
sahə dedikdə aqrar sənaye kompleksi desək daha düz olar. Bildiyimiz kimi, Prezidentin tapşırığı ilə Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən
“Aqrar-sənaye kompleksinin inkişafı
strategiyası” işlənib hazırlanıb. Bu
strategiyanın əsasında kənd təsərrüfatı
sahəsi ilə birgə ASK-nın digər sahələrin
inkişafı məsələləri öz
əksini tapıb. Bildiyimiz kimi, ASK daxilində aqrar sektorunda birbaşa və dolayı milli
iqtisadiyyatın müxtəlif sahələri cəmləşib
və bu sahələrin arasında birbaşa və əks-istehsal-ticarət əlaqələrin
olması bütünlükdə real
iqtisadiyyatın inkişafına kömək edəcək.
Burada bir problemin həlli çox vacibdir. Məsələn, kənd
təsərrüfatı istehsalçılarının texnoloji-istehsal zəncirinin başında
durmasına baxmayaraq, maliyyə zəncirində
ən axırıncı yerdə qalıblar, başqa
sözlə mənfəətin bölüşdürülməsində
ən çox pay qeyri-istehsal sahələrinə düşür. Bu məsələ
öz həllini tapmalıdır. Belə ki, istehsal xərclərinin
çoxalması əsasən maddi xərclərin
artması hesabına baş verib. Maddi xərclər strukturunun təhlili, yem, toxum və əkin xammalının
alınmasına təxminən 26 faiz həcmində
müvafiq surətdə yüksək xərcləri
aşkara çıxarır. Ancaq ən çox xərclər
xidmət sferası müəssisələri tərəfindən
xidmətlərin alınmasının payına düşür.
Xidmət
sferası müəssisələrinin payının artması
transaksion sahələrinin istehsal
sahələrinə təsirinin yüksək səviyyəsini
göstərir ki, bu da kənd təsərrüfatı müəssisələrinin
məhsullarının rəqabət qabiliyyətinə mənfi
təsir göstərən
zərərli transaksion xərclərinin
artmasına səbəb olur.
Aqroistehsalçılar
arasında qarşılıqlı münasibətlərin
pozulmasına səbəb olan təsərrüfatlararası
münasibətlərin real tənzimləmə
vasitələrinin olmaması kimi çoxlu sayda struktur problemlərinin varlığı ilə
çətinləşir. Bu, xüsusən də, maddi-texniki
ehtiyatlardan istifadə sferasında, son məhsul istehsalında iştirak
dərəcəsinin müəyyənləşdirilməsində,
istehsal-maddi xərclərin
bölüşdürülməsində və əldə
edilən qazancın yenidən bölüşdürülməsində
disbalansın olmasında özünü
göstərir. Texnoloji tsiklin qısalması həmçinin istehsal prosesinin aralıq
pillələrində təsərrüfat münasibətlərinin
deformasiyasına gətirib çıxarır.
Gördüyünüz kimi, kənd təsərrüfatı
sahəsi nəinki aqrar sektora,
bütünlükdə qeyri-neft sektoruna təsiredici potensiala
malikdir. Kənd təsərrüfatı xam məhsulları bazası kimi
birbaşa qida və yüngül sənayeyə təsir edərək
ölkənin ÜDM-in sahə strukturunda keyfiyyətcə artımını
təmin edir. Bundan başqa biz həmişə
unuduruq ki, kənd təsərrüfatı
təkcə iqtisadi yox,
həm də sosial, mədəni və mental məsələdir.
Başqa sözlə, aqrar sektorun spesifik xüsusiyyəti
yalnız kənd təsərrüfatı istehsalı ilə
bağlı deyil, kənd yerlərində
kənd sosial mühitinin
çoxsaylı dixotomiyaların çoxfunksional
münasibətlərin mövcud olduğu mürəkkəb və ziddiyyətli
xüsusiyyətləri var. Aqrar sektorda
bazar xarakterli sistemin digər mühitə keçməsi və
onun “qeyri-bazar
meyarına” tabeliyi halları baş verir ki, bu da
çoxsaylı iqtisadi münasibətlərin
kənd həyat tərzinin qeyri-monetar normalarla tənzimlənməsi zərurəti
ilə ifadə olunur. Nəzərə alsaq ki, ölkənin 40
faizdən çox əhalisi kənd ərazilərində
yaşayır, bu problem
daha da
aktuallaşır.
- Prezdent bildirib ki, hər bir rayonda sənaye
zonaları yaradılmalıdır. Bu
istiqamətdə hansı təkliflər irəli sürərdiniz?
-
Keçən 2014-ci il “Sənaye ili” elan olunub
və il ərzində sənaye sahəsinin
inkişafı üçün
çoxsaylı işlər görülüb,
o cümlədən də sənaye
parklarının yaradılması məsələsi də
aktuallaşıb. 2015-ci ilin “Kənd təsərrüfatı
ili” elan olunması ilə
əlaqədar Prezidentin təşəbbüsü ilə
Aqroparkların yaradılmasına da start verilib. Hər iki növ istehsal
parkları sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun
davamlı inkişafını təmin etmək və əhalinin
istehsal sahəsində məşğulluğunu
artırmaq imkanına sahibdir. Belə istehsal zonaların yaradılması heç də təsadüfi deyil.
Dövlətin ardıcıl siyasəti nəticəsində
mərhələ-mərhələ bu səviyyəyə
çata bildik.
2004-2008-ci və 2008-2015-ci illərdə reallaşmış iki irimiqyaslı Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramların əsasında belə
parkların yaradılmasına zəmin yaranıb.
Sənaye və
aqroparkların arasında sinergetik
asılılığın olması ümumilikdə regionlarda iri istehsal klasterlərin yaradılmasına imkan verəcək. Bu o deməkdir ki, əslində
regionlarda bu
parkların vasitəsilə iri regional aqrosənaye komplekslərin
yaranmasına imkanlar yaranır. Bu cür istehsal
strukturları bütün
istehsalçıların ahəngdar
uyğunlaşdırılmasına nail olmağa imkan verəcək.
Bu cür strukturlarda maliyyə
və maddi-əmək ehtiyatlarını birləşdirməklə
fərdi təsərrüfatlar 1-ci səviyyə kənd təsərrüfatı
istehsal kooperativləri yaradırlar, fərdi
təsərrüfatların və kənd təsərrüfatı
müəssisələrinin ixtisaslaşması əsasında
isə istehlak kooperativləri (Kənd təsərrüfatları istehlak
kooperativləri) bazasında fəaliyyət göstərən
2-ci səviyyə kənd təsərrüfatı kooperativlərinin
formalaşmasına səbəb olacaq.
Bundan əlavə, real
iqtisadi və təsərrüfat vasitələrinə
malik olmaqla dövlət
kənd təsərrüfatı və ya
sənaye müəssisəsi şəklində inteqrator rolunu yerinə
yetirmək imkanına malikdir. Maddi-texniki və maliyyə şərtlərinin
yaradılması ilə sadə inteqrasiya
formalarından mürəkkəb formalara keçid mümkündür
(üfüqi strukturlardan
şaquli strukturlara, istehsaldan istehsal-ticarət formalarına keçid).
Bundan əlavə, bu
parkların əsasında maliyyə-sənaye qrupları formalaşdırıla
bilər. Diversifikasiya etmiş
və konqlomerat inteqrasiya
zamanı MSQ-də tamamilə fərqli sahə və komplekslərə
aid olan və öz aralarında texnoloji
orientasiyalarla bağlanmayan
müəssisə və təşkilatlar iştirak
edə bilərlər.
Nigar Abdullayeva
Palitra.-2015.-3 mart.-S.5.