“Məktəblərdə təlim prosesinin təkmilləşməsinə ehtiyac var”
Aysel Əliyeva: “Təhsildə gedən
dəyişikliklər yalnız şagirdləri deyil, həmçinin müəllimləri də
öz üzərlərində işləməyə
vadar edir”
Layihə çərçivəsində
müsahibimiz təhsil işçisi
Aysel Əliyevadır.
-Öncə özünüzü təqdim edərdiniz və fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Əliyeva Aysel İsmayıl qızı 1989-cu ildə İsmayıllı şəhərində dünyaya gəlmişəm. Bakı şəhərində 135 saylı tam orta məktəbi 2006-cı ildə bitirmişəm. Elə həmin ildə elm və təhsil mərkəzi olan Təfəkkür Universitetinə daxil olmuşam və 2010-cu ildə oranı uğurla bitirmişəm. Əmək fəaliyyətinə 2010-cu ildə 135 saylı tam orta məktəbdə başlamışam. Pedaqoji fəaliyyətə isə 2011-ci ildən həmin məktəbdə “Uşaq Birliyi Təşkilatının rəhbəri” olaraq başlamışam. 2011-ci ildə tutduğum vəzifə ilə bağlı təhsil nazirinin əmri ilə Uşaq Birlikləri məktəbində təhsilə başlamışam. 2012-ci ildə həmin məktəbi bitirmişəm. Artıq 4-cü ildir ki, bu vəzifədə fəaliyyət göstərirəm. 2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2014-cü ildə bələdiyyə seçkilərində uğur qazanaraq bələdiyyə üzvü seçilmişəm. Bələdiyyənin ilk 30 yanvar tarixli iclasının qərarı ilə “Yerli Büdcə məsələləri üzrə daimi komisiya”nın sədr müavini seçilmişəm. Yəni müəllim kimi peşə fəaliyyətimdən əlavə, ictimai-siyasi proseslərdə də bir vətəndaş və gənc ziyalı kimi aktiv olmağa çalışıram və buna müəyyən dərəcədə nail oluramsa, bu, Azərbaycan gəncliyinin uğurudur.
-Təhsil sahəsində
gedən prosesləri necə qiymətləndirirsiniz?
-Təhsil sahəsində gedən prosesləri müsbət qiymətləndirməmək mümkün deyil. Son on ildən artıq müddətdə Azərbaycan təhsilinin bütün pillələrinin inkişafı üçün çox işlər görülüb. Buraya maddi-texniki bazanın yenilənməsindən tutmuş, təhsil-tədris prosesinin və proqramlarının təkmilləşdirilməsinə qədər, çoxlu sayda nüansları əlavə etmək olar. Bu isə istər müəllimlərdən, istərsə də şagirdlərdən təkmilləşmə tələb edir. Çünki təhsildə gedən dəyişikliklər yalnız şagirdləri deyil, həmçinin müəllimləri də öz üzərlərində işləməyə vadar edir. Məsələn, kurikulum orta məktəbdə təhsilin inkişafına böyük təkan verdi. Təlimin yeni metodları daha savadlı və bacarıqlı şəxslərin yetişməsinə xidmət edir. Artıq müəllimlər dərslərini ağıllı (elektron) lövhələrdə keçməyə başlayıblar. Bu isə təhsilin inkişafı deməkdir.
-Dediyiniz kimi, orta məktəb təhsilinin də yüksəldilməsi ilə bağlı son zamanlar bir sıra islahatlar aparılıb. Bu barədə fikirlərinizi bilmək istərdik…
- Konkret olaraq, orta məktəblərin 12 illik təhsil sisteminə keçməsinə yanaşmam mənfi deyil. Bu sahədə dərs proqramı daha dolğun mənimsəniləcək. Azərbaycan Respublikasının təhsil sistemi Avropa standartlarına uyğunlaşdırılır. Bizdə təhsillə bağlı qabaqcıl dünya təcrübəsinin bir çox müsbət yenilikləri çox uğurla tətbiq edilir. Bu da təhsildə mütərəqqi üsullardan istifadədə uğurlara imza atmaq deməkdir. Bu baxımdan sınanmış yeni təlim metodlarının tətbiqini məqsədəuyğun hesab edirəm.
-Azərbaycanda təhsilin-maddi-texniki
bazasının yaxşılaşdırılması,yeni-yeni məktəblərin
tikintisi gedir. Bu baxımdan modern məktəblərin
və dərs şəraitinin yaradılmasının şahidi oluruq. Bəs dərs
prosesi və proqramlarının inkişaf səviyyəsi bununla
uzlaşırmı?
- Məktəblərin madd-texniki bazası yerində olsa da, təlim prosesinin təkmilləşməsinə ehtiyac var. Bəllidir ki, son dövrlərdə Azərbaycanın orta məktəbləri,eləcə də digər səviyyəli təhsil müəssisələri ən yeni standartlara uyğunlaşdırılır, onlar İKT vasitələri ilə təchiz olunur. Bu, özlüyündə çox yaxşıdır. Eyni zamanda, təlim-tədrisin kompüter sisteminə keçməsi də vacibdir.
-Müəllimlərin maaşlarının artırılması ilə bağlı qərara necə yanaşırsınız?
- Müəllimin əməyinin daha məhsuldar olması üçün əmək haqlarının artırılması mühüm şərtlərdən biridir. Son dövrlərdə müəllimlərin əməkhaqlarının xeyli dərəcədə artırılması ilə bağlı Prezident tərəfindən verilən qərarı yalnız ürəkdən alqışlamaq olar. Hesab edirəm ki, bu, müəllimlərin həyat şəraitinin daha da yaxşılaşdırılması və müəllimlik peşəsinə diqqətin artırılması üçün çox gözəl bir stimul oldu. Bu cür tədbirlərin gələcəkdə də davam edəcəyinə və həmişə olduğu kimi, gələcəkdə də müəllimlərin həyat səviyyəsinin daha da yüksəldiləcəyinə əminəm. Bu barədə həyata keçirilən digər tədbirlər - “Ən yaxşı müəllim”lərin, “Ən yaxşı məktəb”lərin müəyyənləşdirilməsi də əlavə motivasiya qazandırır.
-Azərbaycan
dili-ədəbiyyat müəllimisiniz. Bu
fənnin tədrisilə bağlı sizin
hansıtəklifləriniz ola bilər?
- Fənnin tədrisinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin daxil edilməsi təklifini irəli sürə bilərəm. Xüsusilə ziyalı xanımlarımızı. Bundan başqa bədii ədəbiyyata marağın artması üçün tez-tez sinifdənxaric oxuların keçirilməsi məqsədəuyğun olardı…
- Rayonlarda dərs deməklə bağlı müəllimlərin həvəsləndirilməsi məsələsinə necə yanaşırsınız?
-Rayonların ucqar kəndlərinə müəllimlərin könüllü getmələri üçün onları həm maddi, həm də mənəvi həvəsləndirmək lazımdır. Onlara rayon bələdiyyələri və müvafiq qurumları tərəfindən yaşamaq üçün şərait yaradılmalıdır. Məlumdur ki, kənd əhalisi qız uşaqlarını oxutmağa meyilli deyil. Heç kim də onları “Qızlarını şəhərə göndər oxusun” deyib məcbur edə bilməz. Bu səbəbdən bölgələrdə ali təhsil və orta ixtisas müəssisələrinin açılması məqsədəuyğun olardı. Bundan həm rayon camaatı, kənd əhalisi razı qalardı, həm rayon yerlərində müəllim çatışmazlığına son qoyulardı, həm də rayonların ictimai-siyasi həyatlarında fəallıq başlayardı.
-Təhsil prosesinin inkişafı ilə bağlı sizin ümumilikdə hansı təklifləriniz
ola bilər?
- Təhsil prosesinin yaxşılaşdırılması üçün dərsliklərin keyfiyyətinə fikir verilməli, şagirdlər həddən artıq yüklənilməməli, müəllimlərin təhsil səviyyələri artırılmalıdır.
- Müəllim,şagird
və valideynlərə hansı tövsiyələriniz var?
- Son zamanlar gənc valideynlərin övladlarına diqqəti azaltdıqlarını müşahidə edirəm. Onlara tövsiyə deyil, xahiş edərdim ki, övladlarının dərslərinə qarşı münasibətdə ciddi olsunlar. Çünki bu gün onların təhsilə olan soyuq yanaşmaları səhəri gün övladlarının peşmançılığına səbəb ola bilər. Düzdür, oxumaq heç vaxt gec deyil, amma hər şeyin də öz vaxtı var. Valideynlərə övladları ilə bağlı hər məsələdə övladlarının da fikrini soruşmağı tövsiyə edirəm. Şagirdlərə isə dərsdən sonra müxtəlif dərnək məşğələlərinə, idmana, musiqiyə yazılmağı məsləhət görürəm.
-Azərbaycan təhsilində
qadınların çoxluq təşkil etdiyi ilə bağlı fikirlər var. Bu barədə gender balansının pozulması kimi fikirlər də hallandırılır. Bu barədə nə deyərdiniz?
- Mən təhsildə gender problemi görmürəm.Hər kəs bacardığı işin arxasınca gedir. Müəllimlərin çoxluğunu qadınların təşkil etməsi kişilər üçün problem deyil. Onların bunu gender bərabərliyinin pozulması hesab etdiklərini də indi sizdən eşitmiş oldum. Bundan başqa ümumtəhsil məktəblərində kişi müəllimlər az olsa da, ali təhsil müəssisələrində yetərincə kişi müəllimlər var.
Məncə, artıq Azərbaycanda
heç bir sahədə
gender bərabərsizliyinə rast gəlmək mümkün
deyil. Çünki Prezidentimiz İlham
Əliyevin yürütdüyü siyasətin
nəticəsində qadınlarımız əvvəlki illərə
nisbətən daha da
fəallaşıblar və kişilərdən heç də geri qalmırlar.
Bundan sonra da Azərbaycan qadınları yalnız təhsil
sahəsində deyil, hər sahədə
qazandıqları uğurlarla seçiləcəklər.
İlkin AĞAYEV
Palitra.-2015.-3 mart.-S.11.