Gənclərin Vətən məsuliyyəti

 

Hər bir gənc öncə şəxsi mənini, yəni özünü, daha sonra milli mənliyini tanımalıdır. Çünki özünü bir MƏN, şəxsiyyət kimi tanımayan insanda milli mənlik heç zaman ola bilməz. Hesab edirəm ki, gənclərin fərdi olaraq intellekutal və mənəvi inkişafı bu yöndə aparılmalıdır. Əgər hər hansı gəncdə bu keyfiyyətlər olarsa, onda ictimai düşüncə daha tez formalaşacaq. İctimai düşüncə gənclərin milli mənlik şüurunun hərəkətverici qüvvəsidir. Bu, eyni zamanda gənclərin vətənpərvərlik hislərinin yüskəlməsinə gətirib çıxarır. Ümumiyyətlə, istənilən gəncin ictimai fəallığı varsa, bu elə vətənpərvəlik nümunəsidir. Çünki bunlar bir- birinə bağlı olan missiya və hislərdir. Bu bağlılıq çərçivəsində hər hansı gənc ildən-ilə artırdığı təcrübəsi ilə milli mənlik şüurunu daha da inkişaf etdirir.

Milli mənlik şüurunun dayaqları azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır. Həmçinin vətənpərvərliyin yüksəldilməsində vacıb əhəmiyyət kəsb edir. Yəni azərbaycançılıq ideologiyası milli mənliyin mayasını təşkil edir. Hər bir gənc də bu ideologiyaya əsaslanaraq öz milli mənliyini inkişaf etdirməlidir.

Əlbəttə ki, əvvəlki illərlə müqayisədə gənclərdə daha çox ictimai aktivlik müşahidə olunur. Bu da dövlətin gənclər siyasətinin düzgün yürüdülməsindən irəli gəlir. Bununla yanaşı dövlət tərəfindən gənclərlə bağlı həyata keçirilən proqram və layihələr gənclərdə ictimai sevgi yaradıb. Prezident yanında Gənclər Fondunun yaradılması gənclərin ictimai fəaliyyətinə təkan verib. Bura bir növ ictimai fəal gənclər üçün gələcəyə açılan bir qapı, ümid yolu oldu. Fond tərəfindən gənclərin istənilən mövzuda layihəsinə dəstək göstərilir.

Xüsusən bu il Prezident tərəfindən təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi gənclər üçün daha da yeni imkanlara yol açacaq. Strategiyadan əsas gözlənilən nəticələrdən biri də gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir. Öz gələcəyini düşünən, karyerası uğrunda mübarizə aparan gənclərə dövlət meydan verib. Yəni dövlət öz gəncinin qayğısına qalır. İndi məsuliyyət gənclərin öz üzərinə düşür.

 

“Hər bir gənc sözdə deyil, əməldə vətənpərvər olmalıdır”

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev də bizimlə söhbətində dövlətimizin gənc vətəndaşlarının vətənpərvər, dövlətçi, savadlı, sağlam, fəal vətəndaş olması, gənclərin cəmiyyətimizin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatına biganə qalmaması istiqamətində fəal siyasət apardığını dedi: “Bu siyasətin reallaşması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, qəbul edilir, həyata keçirilir. Azərbaycan dövlətinin apardığı gənclər siyasəti dünyanın müxtəlif çağırışlarına cavab verə biləcək müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib. Bu siyasət dünyanın müxtəlif ölkələrinə örnək ola biləcək siyasətdir”.

Onun sözlərinə görə, Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda gənc nəslin milli mənlik şüurunun və vətənpərvərliyin inkişaf etdirilməsi xüsusilə aktuallıq kəsb edir: “Gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət və mərdlik, təmizlik, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə edilməsi, onlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hislərinin gücləndirilməsi mənəvi inkişafın vacib istiqamətləridir. Azərbaycan gənci öz tarixinə hörmətlə yanaşmalı, öz vətəninə, xalqına, dövlətinə, dövlətçilik tarixinə, bayrağına, himninə, gerbinə, milli dəyərlərinə, adət-ənənələrinə, dövlət rəhbərinə ehtiramla yanaşmalı, milli dəyərlərini, milli maraqlarımızı hər şeydən uca tutmalıdır. Bir sözlə, hər bir gənc sözdə deyil, əməldə vətənpərvər olmalıdır. Burada ən vacib amil təhsildir. Bu mənəvi keyfiyyətlər strateji cəhətdən düşünülmüş təhsil siyasəti ilə gənclərimizə aşılana bilər. Yəni bu işə məktəblərdən başlamaq lazımdır. Gənclərimizə yalnız tarixi ənənələrimizə uyğun mənəvi keyfiyyətlər aşılanmalıdır. Bu ruhu həmişə yüksək tutmaq lazımdır”.

N.Mehdiyevə görə, Azərbaycan gəncinin vətənpərvər ruhunun yüksəlməsində Azərbaycan rəhbərliyinin apardığı siyasət çox əhəmiyyətli rol oynayır: “Cənab Prezidentin müxtəlif xarici ölkələrə səfərləri zamanı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar zamanı nümayiş etdirdiyi prinsipial mövqe cəmiyyətimizə və gənclərimizə mənəvi ruh verir. Fikrimcə, bu, gənclərimiz üçün ən mükəmməl nümunədir”.

Hazırda vətəndaş cəmiyyətində də gənclərin inkişafı üçün geniş imkanlar var. Bu gün gənclər sektorunda olan QHT-lər öz aktivliyi ilə seçilirlər. Bu QHT-lərdə özünü sınayıb uğur əldə edən saysız gənclər var.

Bütün bu fəaliyyətlər gənclərin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hislərinin tərbiyəsində əhəmiyyətli rol oynayır. Amma etiraf etməliyik ki, bu yetərli deyil. Ona görə hər bir yeniyetmə şagird ikən cəmiyyətə ictimai fəaliyyət üçün hazırlanmalıdır. Belə olmadıqda orta məktəbi bitirən yeniyetmələr bir çox hallarda xoşagəlməyən yollara yönəlmiş olur. Nəzərə almaq lazımdır ki, insanların qlobal dünyaya çıxışı çox asanlaşıb. Virtual imkanlar qlobal aləmi insanların sanki ovucunun içinə kimi gətirib. Burada insanlara saysız çeşidli “təkliflər” təqdim edilir. Bu “təkliflər”in də hamısı cəmiyyətə faydalı deyil. Gənclərinsə nəyin faydalı, nəyin faydasız olduğunu bilməsi üçün yetərli təcrübəsi yoxdur. Eyni zamanda gənclər kənardan, eləcə də daxildən kütləvi psixoloji təsirlərə məruz qalırlar. Belə olduqda gənclərin milli-mənəvi dəyərlərə sayğısız davranması təhlükəsi var. Hazırkı vəziyyətdə bəzən bu hallara rast gəlinir. Bu da gənclərin nə özlərinə, nə də cəmiyyətə xeyir verməz. Cəmiyyət öz daxilində sanki şər qüvvə yetişdirmiş olur. Sonradan bunun əzabını yenə də cəmiyyət çəkir. Çünki həmin insanların cəmiyyətə “bəxş etikləri” nöqsanlar yeni-yeni problemlərə yol açır.

 

Vətənpərvərliyin təbliği yolları

Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir. Azərbaycan ərazisinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işi daha da gücləndirilməli, hərbi hazırlıq işi müasir tələblərə uyğun təşkil edilməlidir. Vətənpərvərliyin təbliği ilə bağlı ilkindaha əsaslı təməl təhsil-tədris müəssisələrində yaradılmalıdır. Bu işdə hətta məktəbəqədər təlim-tərbiyə mərkəzlərinin rolu əhəmiyyətlidir. Həmçinin ailə, valideynlər də bu yöndə mühüm məsuliyyət daşıyıcısıdır. Bugünkü azyaşlı - sabahkı yeniyetmə, daha sonra Azərbaycan gəncidir. O, gələcəkdə xalq, millət, ölkə və dövlət həyatında mühüm yer tutacaq cəmiyyət üzvüdür. Bugünkü gənclərin sabahkı cəmiyyət həyatında daha layiqli yeri, mövqeyi vətənpərvərlik ruhundan birbaşa asılıdır. Milli mənafe-maraqlarla bağlı ruhun yüksəldilməsi bütün dövrlərdə yetkin cəmiyyət üzvlərinin əsas vəzifələri sırasındadır. Mənəvi dəyərlər, əxlaq, vətənpərvərlik hissişüurunun aşılanması ardıcıl, davamlı olmalıdır. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi mənəvi borc işimizdir. Vətənpərvər gənclərin cəmiyyətdə və həyatdakı addımları daha mütərəqqidir. Vətənpərvərlik missiyası nüfuz və mövqedən asılı olmayaraq hamının işidir. Hər bir yetkin cəmiyyət üzvünün əhatəsində xeyli yeniyetmə və gənclər vardır. Kreativ, yüksək intellektli və bacarıqlı Azərbaycan gənclərinin vətənpərvər ruhda inkişafı milli qazancımızdır.

Ümumiyyətlə, gənclər hər zaman nəzarətdə olmalıdır. Çünki gənclərin kontroldan çıxması nə valideyn, nə də cəmiyyət üçün istənilən perspektivi verməyə bilər. Gənclərin Vətənə, millətə, milli-mənəvi dəyərlərə sevgisi olmalıdır. Hər bir gənc bunu özü şüurlu sürətdə dərk etməlidir. Gənclərin Vətən məsuliyyəti onların amalı olmalıdır. Bunun üçün də gənclər arasında daimi maariflənmə aparılmalıdır. KİV-lərdə milli-mənəvi dəyərləri, vətənpərvərliyi təbliğ edən materiallar daha çox yer almalıdır. Xüsusən tarixi şəxsiyyətlərin, ictimai xadimlərin, milli qəhrəmanların kimliyi, həyat yolu gənclər arasında mütəmadi təbliğ olunmalıdır. Bu təblğat o qədər çox olmalıdır ki, hər bir gənc öz içində qəhrəmanlıq modelini yaratmalıdır. Yəni hər bir gəncin içində bir idealı, qəhrəmanı olmalıdır. Hər bir gəncin daxilində bir qəhrəman yaşamalıdır.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-3 mart.-S.13.